Azərbaycançılıq
ideologiyasına xidmət etməyən sənət adamları
da var
Nurəddin Mehdixanlı:
"Dünyanın hər yerində Azərbaycanı sevənlər
yaratmalıyıq"
Bütün
zamanlarda mədəniyyətimizin, ədəbiyyatımızın,
musiqimizin, incəsənətimizin, ictimai fikrimizin içində
böyük bir Azərbaycançılıq ideologiyası
yaşayıb. Bu ideologiyanı yaradıb təbliğ edənlər
məfkurə adamları olub. Ona həyatı boyu sadiq qalan
böyük AZƏRBAYCANLILAR bunu daim var eləməkdən
ötrü oddan-alovdan keçib.
Çar
Rusiyası dövründə də, sovet dönəmində də
Azərbaycançılıq ideyasını yayan ziyalılar,
fikir adamları təqib edilib, həbs düşərgələrinə
atılıb. Bu müqəddəs hissi bizə
yadlaşdırmağa çalışıblar, lakin
yaddaşdan-yaddaşa ötürülən Azərbaycançılıq
ideologiyası bütün qadağaları adlayaraq
günümüzə gəlib çıxıb.
Azərbaycançılıq
ideologiyası mədəniyyət və incəsənətimizdə
öz əksini necə tapır, onun təbliğatı həyata
keçirilirmi?
Müasir
mədəniyyət və incəsənətimiz, ədəbiyyatımız
tamamilə Azərbaycançılıq ideologiyasının
formalaşmasına yönəldilməsə də, sənət
adamları arasında bu hissi öz əsərlərində təbliğ
edənlər az deyil. Tez-tez deyirlər ki, çağdaş
Azərbaycançılıq ideologiyası fundamental şəkildə
işlənilib cəmiyyətə təqdim edilməlidir. Nədənsə,
belə məsələlərdə mütləq qələm-kağızdan
yapışırıq. Əslində isə belə məsələlərin
beyinlərdə, şüurlarda yaradılması
lazımdır. XIX əsrin ortaları, XX əsrin əvvəllərində
yaşayıb fəaliyyət göstərən görkəmli
azərbaycanlıların Azərbaycançılıq məktəbi
geniş şəkildə təbliğ olunmalıdır. Bu
ideya müxtəlif yazıçı-şair, ədəbiyyatşünas,
ictimai-siyasi xadimlərin əsərlərində geniş
şəkildə əks olunub. Teatrın, təsviri incəsənətin,
musiqinin, ədəbiyyatın və.s boynuna çox
böyük yük düşür, hər sənətkar
öz sahəsində nə qədər böyük təbliğat
aparsa, Azərbaycançılıq ideyası bir o qədər
şüurlarda özünə yer tutar.
Bəzi
ədəbiyyat, mədəniyyət adamları iddia edir ki, bu
sahələr Azərbaycançılıq
ideologiyasını lazımi səviyyədə təbliğ
edir, yayır. Bir çoxları isə əksini deyir. Sənətkarların
çoxunun bildirdiyinə görə, ədəbiyyat, teatr,
kino, musiqi, təsviri incəsənət öz üzərinə
düşən işi yerinə yetirə bilmir. Bir məsələ
də var ki, müasir sənətkarlar özlərindən
50-100 il əvvəl yaşamış ustadların
yazdıqlarına "aktualdır" deyib ondan
yapışır, yenilərini yaratmaq barədə
düşünmürlər.
Milli
Akademik Dram Teatrının aktyoru, xalq artisti Nurəddin
Mehdixanlının fikrincə isə, hələ
sözügedən sahələrdə Azərbaycançılıq
ideologiyasının təbliği elə də yüksək səviyyədə
deyil: "Gəlin, kino və teatr sahəsini götürək.
Bu gün teatrda Azərbaycan dramaturgiyasının müasir
örnəklərini tamaşaya qoymaqla yanaşı, klassik
nümunələrimizi, tarixi əsərləri səhnəyə
gətirməklə bərabər dünyanı da öyrənməliyik.
Özümüzü dünyaya tanıtmağımız
vacibdir. Bu işləri təkbaşına görmək
çətindir. Ona görə də Azərbaycançılıq
ideologiyasını tərənnüm eləmək və təbliğatını
sənət vasitəsilə həyata keçirmək
üçün biz müştərək filmlər çəkməli,
tamaşalar qoymalıyıq. Bizdən öndə olanlarla birgə
layihələr işləməyə
çalışmalıyıq. Bu iş yalnız bədii-sənət
mahiyyəti daşımalı deyil. Onun içində həm
bir az siyasət, həm bir az özümüzü tanıtmaq
olmalıdır. Mədəniyyət, ədəbiyyat, musiqi,
kino sahəsində gördüyümüz bütün
işlərlə özümüzü təqdim eləməyi
bacarmalıyıq. İnsan həyatda, məişətdə nə
qədər Azərbaycançıdırsa,
yaradıcılıq sahəsində də bir o qədər Azərbaycançı
olmalıdır. Yanvarın 21-də Heydər Əliyev
Sarayında "Müqəddəs Bahar" adlı bir
balet-tamaşa göstərildi. Baletin müəllifləri
ruslar, icraçılar isə azərbaycanlılar idi. Bu
balet-tamaşa Azərbaycanın azadlığı və
müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin
xatirəsinə həsr edilmişdi. Burada rus bəstəkarı
ilə şərik işləmişdik. Bu işdə
iştirak edən qeyri millətlərin nümayəndələri
də bu işi görməklə bir növ Azərbaycançı
olmuşdular. Yəni onlar Azərbaycanın yanında olub onun
dərdlərini, ağrılarını göstərirdi. Bu
balet-tamaşa yanvarın 21-də Bakıda göstərildisə,
sabah başqa ölkələrdə təqdim ediləcək".
Xalq
artistinin dediyinə görə, o bütün sənət
adamlarının Azərbaycançı olduğunu, Azərbaycançılıq
ideologiyasına xidmət etdiyini iddia edə bilməz:
"İddia edə bilmərəm ki, Azərbaycanda yaşayan
insanların, eləcə də sənətçilərin
hamısı Azərbaycan ideologiyasına xidmət edir. O qədər
Azərbaycanda yaşayıb onun inkişafını
gözü götürməyən, həm hərbi, həm
iqtisadi, həm siyasi sahədə atdığı uğurlu
addımlardan narahat olan adamlar var".
N.Mehdixanlının
sözlərinə görə, hər şeydən əvvəl
bu ideologiyanın nə olduğu, hansı mahiyyət
daşıdığı dərk edilməlidir: "Bu, cəmiyyətimizin
müəyyən hissəsinə aşılansa da, onların
bu barədə bilgisi olsa da, insanların böyük əksəriyyətinin
bu haqda anlayışı yoxdur. Bu hamı tərəfindən
dərk edilməyən bir ideyadır, fikirdir. O
özünün bütün parametrlərilə ortalıqda
olmadığı üçün hər kəs bunu öz
düşüncəsinin süzgəcindən keçirir və
anladığı səviyyədə onu həyata
keçirir, işini də bu yöndə qurur. Azərbaycançılıq
ideologiyasının, fikrinin Azərbaycan vətəndaşları
və bütün azərbaycanlılar arasında
yayılması, oturuşması üçün hələ
çox işlər görülməlidir. Əslində, Azərbaycançılıq
ideologiyası, Azərbaycançılıq ideyası
adlandırılan bir fikri Azərbaycan məfhumunun
bütöv bir anlayış kimi var olması
üçün kifayət qədər səmərəli və
faydalı etmək olar. Şəxsən mənim
üçün bu ideologiya mənsub olduğum bu xalqı,
doğulduğum bu torpağı sevməkdir, onun milli-mənəvi
dəyərlərini yaşatmaq və təbliğ etməkdir.
Azərbaycanlı kimdir? Bu suala kənardakıların müsbət
şəkildə yanaşması üçün sənin
davranışın, sənin əxlaqın,
dünyagörüşün, intellektin, başqa xalqlara,
dünyaya münasibətin gözəl olmalıdır.
Düşünürəm ki, Azərbaycançılıq
ideologiyası bir fəlsəfi yanaşma,
dünyagörüşü, tərz kimi ortalıqda bərqərar
olmalıdır. Azərbaycan sözünü sevmək onun
tarixini, dilini, torpağını sevib təbliğ etməkdir,
küll halında azərbaycançı olmaqdır. Hesab edirəm
ki, Azərbaycanlı olmaq və Azərbaycançı
olmağın arasında böyük fərq var. Hər bir
şəxsin Azərbaycançı olmağı təbiidir,
hər kəs buna çalışmalıdır".
N.Mehdixanlının
sözlərinə görə, Azərbaycan vətəndaşı
olan digər toplumlar, xalqlar arasında kifayət qədər
Azərbaycançılıq ideologiyasına sadiq adamlar tapmaq
olar. Xalq artistinin fikrincə, biz öz ideologiyamızı elə
şəkildə təbliğ edə bilərik ki, bir alman da,
fransız da, amerikalı da, rus da, hindli də Azərbaycançı
ola bilər. Bu təbliğatın mədəniyyətin, incəsənətin,
ədəbiyyatın köməyilə həyata keçirməyin
uyğun olduğunu deyən N.Mehdixanlı bildirdi ki, əcnəbilər
bizim mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza,
sənət adamlarımıza vurğun olub Azərbaycanı
sevə və onun haqq işini müdafiə edə bilər:
"Onlar təmsil olunduqları ölkələrdə Azərbaycanı
təbliğ edə, onun haqqlarını qoruya bilərlər.
Yəni bu mənada ortada olan faydalı fikri ətrafımıza
aşılayanda milliyyətcə azərbaycanlılardan yox, ətrafımızda
yaşayan cəmiyyətlərdən, toplumlardan, xalqlardan da
istifadə etməliyik. Biz Azərbaycançılıq
ideologiyasını onlara da tanıtmalıyıq.
Yanımızda Azərbaycanı sevən, onu öz dövləti
kimi müdafiə edən insanlar olmalıdır. Yalnız bu
halda qarşımıza qoyduğumuz bir sıra məqsədlərə
nail ola bilərik. Bu gün, etnik mənsubiyyətindən
asılı olmayaraq, Azərbaycanda yaşayanların
hamısı azərbaycanlıdır. Bizdə heç zaman
ayrı-seçkilik qoyulmayıb. Bu ölkə həm
talışın, həm kürdün, həm ləzginin, həm
avarın, həm də burada yaşayan digər azsaylı
xalqlarındır. Sadəcə, burada böyük bir türk
çoxluğu var. Biz bu ölkənin var olmasını, bu mədəniyyətin
yaşamasını istəyiriksə, hamımız birmənalı
şəkildə Azərbaycançılıq
ideyasının, ideologiyasının yanında
olmalıyıq. Təbii ki, şüarlarla deyil, işimizlə,
əməlimizlə, davranışımızla, millətimizə,
dövlətimizə xidmətimizlə. Bu gün bizim müxtəlif
xarici ölkələrində gənclərimiz var ki, onlar
dünyanın ən nüfuzlu universitetlərində təhsil
alır. Yaxud buradan gedib xaricdə yaşayan insanlar var.
Onların heç də hamısı milliyyətcə azərbaycanlı
deyil, amma hər birinin içində böyük bir Azərbaycan
sevgisi yaşayır. Dünya dəyərlərinə
qovuşmaq istəyiriksə, Avropa mədəniyyəti deyilən
bir anlayışın sahiblərindən biri olmaq niyyətindəyiksə,
eyni zamanda böyük mədəniyyəti, incəsənəti,
ədəbiyyatı olan bir xalq kimi özümüzün də
əbədi var olmağımızı bir məqsəd kimi
qarşımıza qoyuruqsa, Azərbaycançılıq
ideologiyasına sadiq qalıb Azərbaycançı
olacağıq. Bəziləri Avropa mədəniyyəti deyəndə,
yanlış olaraq Avropada yaşamağı, onun hansısa bir
ölkəsinin vətəndaşı olmağı nəzərdə
tutur. Yox, belə deyil. Avropa mədəniyyəti bir
yaşayış və dünyaya baxış tərzidir. Bu mənada
hesab edirəm ki, dünyanı əhatə edən bu
böyük mədəniyyət(lər)in içində
varlığımızı qorumaq, bəşər mədəniyyəti
mərkəzində qalmaq istəyiriksə özümüz
olmalıyıq. Nə qədər çox Azərbaycanlı
və Azərbaycançı olsaq, bizi bir o qədər
çox qəbul edəcəklər. Kimlərinsə
"kopyası" olmağa çalışmamalıyıq.
Öz mədəniyyətimizlə, dilimizlə, tariximizlə,
əxlaqımızla, milli-mənəvi dəyərlərimizlə
o böyük dünya mədəniyyətinin bir hissəsinə
çevirilməyi bacarmalıyıq və işimizi bu istiqamətdə
qurmalıyıq. Hesab edirəm ki, bu gün Azərbaycanda bu
sahədə kifayət qədər işlər görülsə
də, bu hələ çox azdır".
N.Mehdixanlının bildirdiyinə görə, Azərbaycançılıq
ideologiyasının təməllərini nə qədər dərindən
öyrənsək uğurlarımız bir o qədər
çox olar. N.Mehdixanlı bildirdi ki, Azərbaycançılıq
ideologiyasını yaymaq məsələsi yalnız siyasətçilərə,
dövlət məmurlarına həvalə edilməli deyil, bu
məsələdə sənət adamları da fəallıq
göstərməlidir: "Bizlər də həm bir sənətçi,
həm də vətəndaş kimi bu məsələdə
iştirak etməliyik. Hər birimizin əsas vəzifəmiz,
işimiz Azərbaycançılıq ideologiyasına xidmət
etməkdən ibarət olmalıdır. Biz dövlət
müstəqilliyi gənc olan ölkəyik. Odur ki,
bütün dünyaya öz kimliyimizi bəyan eləməliyik. Bunun üçün də
bizə dünyanın hər yerində Azərbaycanı sevənlər
yaratmaq və onları formalaşdırmaq lazımdır. Hesab
edirəm ki, Azərbaycançı olmaq bir yaşam tərzinə
çevrilməlidir. Bu torpaqda doğulan, nəsli burada
inkişaf edən, Azərbaycanı sevənlər əməldə,
işdə Azərbaycançılıq ideologiyasının ətrafında
birləşməlidir. Fürsətdən istifadə edərək,
illərdən bəri cəmiyyətə təlqin edilən
yanlış bir fikrə aydınlıq gətirmək istəyirəm.
Azərbaycanlı olmaq, bu ideyanın və ideologiyanın ətrafında
birləşmək heç bir halda Azərbaycanın içərisində
yaşayan azsaylı və çoxsaylı xalqların bir ad
altında itirilməsi, əzilməsi demək deyil, bu niyyətə
xidmət etmir. Azərbaycançılıq fikri nə
türkçülüyü inkar edir, nə də etniklərin
varlığını. Azərbaycançılıq
ideyası Azərbaycanda yaşayan hər bir vətəndaşın
öz həyatını istədiyi şəkildə
yaşaması üçün şərait
yaratmalıdır . Hesab edirəm ki, bu fikir elə buna da xidmət
edir. Azərbaycan həmin o müxtəlifliklərilə zəngindir.
Amma bir şeyi də unutmaq lazım deyil ki, burada qurucu millət
türk çoxluğudur. Azərbaycançılıq
türkçülüyü inkar edən bir anlayış
kimi qəbul edilməli deyil. Bəzən bu məsələyə
yanlış yanaşmalar olur, bu da cəmiyyətimizdə
lazımsız qıcıqlar yaradır. Bu gün bütün
dünya Azərbaycanlılarının-dünya türklərinin
artıq şüarına çevrilən bir fikir var. Azərbaycanın
dövlət müstəqilliyinin qorunub saxlanmasında müstəsna
xidmətləri olan Heydər Əliyevin "Bir millət, iki
dövlət" fikri bütün türk xalqlarının
bütövlüyünü və birliyini nəzərdə
tutduğu kimi, eyni zamanda, azərbaycanlı və Azərbaycançı
olmağı inkar etmir. Bunu da bu şəkildə başa
düşmək, anlamaq lazımdır. Biz soykök etibarı
ilə böyük türk mədəniyyətinin,
xalqının bir əsaslı parçasıyıq .
Bütün
türk dünyası üçün ilhamverici, enerji verici
bir mərkəzik. Amma bu bizim azərbaycanlı
olmağımızı və Azərbaycançılıq
ideologiyasına xidmət etməyimizi inkar edən bir şey
deyil. Azərbaycanlı olmaqla fəxr etmək bizim
bütöv dünyamızın qurulmasına xidmət edər.
Millətini, dövlətini sevən hər bir kəs bu yolda
öz əməyini və fikrini əsirgəməməlidir".
İradə SARIYEVA
Bakı xəbər.-2011.- 26 yanvar.-S. 15.