Qurani Kərimin
tərcümə qüsurları...
Müstəqilliyimizin
əldə etdiyi ən qiymətli dəyərlərdən
biri də ayrı-ayrı xalqlara yox, bütün bəşərə
nazil olan müqəddəs Qurani-Kərimin azərbaycanlı
alimlər tərəfindən ədəbi tərcüməsidir.
Səməvi möcüzənin məna və ləfz
(hərf) məalini - anlamını çoxmilyonlu Azərbaycan
oxucusuna Azərbaycan dilində təqdim edən akademiklər
Ziya Bünyadov (Allah rəhmət eləsin!) və Vasim Məmmədəliyev
bu çətin və məsuliyyətli missiyanın öhdəsindən
layiqincə gəliblər. Belə saleh işlərin həm
də bir ibadət kimi fəzilətinə toxunan Peyğəmbər(ə)
buyurub: "Biliyilə xalqı faydalandıran alim yetmiş il
ibadət edən adamdan xeyirlidir".
Məlumdur ki, Rəbb
kəlamları məcmuəsi
olan Qurani-Kərimin
nazil olduğu
dildən hər
hansı dilə dəqiq
tərcüməsi
bəndə idrakı
xaricindədir. Bunu nəzərə
alan ərəblər digər dillərə çevrilmiş
müqəddəs Kitabı "tərcəmətul-Quran"
(Quranın tərcüməsi) yox, "tərcəmətu məanil-Quran"
(Quran mənalarının tərcüməsi)
adlandırırlar. Həmin səbəbdən Rəbb
kəlamlarının hər hansı dilə, o cümlədən
Azərbaycan dilinə daha dolğun, mükəmməl -
orijinala yaxın tərcüməsi bəzən müəyyən
şərh və izahların verilməsini zəruri edir.
Bu baxımdan ayələrin tərcüməsilə
yanaşı, mütərcimlərin həm də ehtiyac duyulan
yerlərdə onlara mötərəzə daxilində qısa
açıqlamalar verməsi təqdirəlayiqdir və oxucu
marağındadır. Qeyd edək ki, Quranın sözügedən
tərcüməsinin 1992-ci ildən bu günə kimi
işıq üzü görən yeni nəşrləri də
bu amala xidmət edir.
Quranın
həm də
bütün
nəşrlərinin
"On söz"ünə
müəlliflik edən
hörmətli
Vasim müəllim
yazır: "Biz
Qurani-Kərimin tərcüməsinin
nə qədər
çətin və məsuliyyətli
bir iş olduğunu
yaxşı başa
düşür, tərcümənin
nöqsan və
xətalardan xali
olmadığını yəqin
bilirik. Bu barədə öz qeyd və
mülahizələrini bildirəcək oxuculara əvvəlcədən
təşəkkür edirik". Oxucuya verilən bu dəyərə
görə, biz də Vasim müəllimə
şükranlığımızı bildiririk və bəzi
ayələrin mənalarının tərcüməsi barədə
fikirlərimizi dəyərli oxucularla bölüşdürmək
istəyirik.
"(Cihad
vaxtı əsir alaraq)
sahib olduğunuz
(cariyələr) müstəsna
olmaqla, ərli qadınları
almaq Allahın
yazısı (hökmü)
ilə sizə haram
edildi. Bunlardan başqaları isə namusla (iffətlə),
zinakarlığa yol vermədən, mallarınızı sərf
edərək evlənmək üçün sizə halal
edildi. İstifadə (yaxınlıq) etdiyiniz qadınların
mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən
sonra aranızda razılaşdığınız işdən
ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən,
Allah hər şeyi biləndir və hikmət sahibidir"
(Z.Bünyadov, V.Məmmədəliyev, Quran, Azərnəşr,
1992; Nisə 24). Müəllifləri eyni olan digər tərcümədə
isə ayənin 3-cü cümləsi belə təqdim edilib:
"... Mütə etdiyiniz
(faydalandığınız, ləzzzət
aldığınız) qadınların mehrlərini lazımi
qaydada verin!... (bax: Qurani-Kərim Məali,
Bakı, 2007). Ərəb dilində nazil olan bu kəlamın
latın qrafikası ilə əslə daha yaxın ifadəsi
belədir: "Fəməstəmtətum bihi minhunnə
fəətu hunnə ucurahunnə fəriyzatən".
Cümlənin hərfi tərcüməsi bu anlamı verir:
"Faydalandığınıza görə onlardan, verin
onlara ücrətlərini (mükafatlarını, mehrlərini)
lazım olan qaydada". Kəlamın məalinin ədəbi
tərcüməsi aşağıda bir neçə variantda
təqdim edilir: 1) "İstifadə (yaxınlıq) etdiyiniz
qadınların mehrlərini lazımi qaydada verin".
(Z.Bünyadov, V.Məmmədəliyev, Quran, Azərnəşr,
1992). Bu tərcümə heç bir dəyişikliyə
uğramadan, olduğu kimi Ayətullah Kaşifül-Fimanın
"Cəfəri məzhəbi və əsasları"
kitabında da verilib (bax: adıçəkilən əsər
və müəllif, İran İslam Cümhuriyyəti "Əlhuda"
Beynəlxalq Nəşriyyatının Bakı şöbəsi-1993);
2) "Sizə verdikləri faydaya görə verin onlara kəsilən
mükafatları" (N.Qasımzadə, Qurani Kərim,
Bakı, 1993); 3) Qurani Kərimin türkcə bütün
anlamlarında bu ifadə belə tərcümə olunub: "Onlardan faydalandığınıza müqabil, qərarlaşdırılmış
olan mehrlərini verin" (məs., bax: "Kurani
Kerim və Türkçe anlamı (meal)", Ankara-1990) və
s.
Göründüyü
kimi, Rəbbimizin
"fəməstəmtətum
bihi minhunnə fəətu
hunnə ucurahunnə fəriyzatən"
kəlamında
"mütə" sözü
yoxdur. "Ayələrin tərcüməsilə
yanaşı, lazım gələn yerlərdə onlara mötərəzə
daxilində qısa izah verilmişdir" tezisini rəhbər
tutan Vasim müəllim təəssüf ki, burada öz
prinsipinə əks gedərək: 1) nazil olan sözün
anlamını mötərəzədə verib; 2)
"Mütə" sözünü isə nazil olan kəlimə
kimi mötərəzəsiz təqdim edib.
Yuxarıda qeyd olunduğu kimi, Qurani Kərimin Azərbaycan
dilinə tərcüməsi çətin və məsuliyyətli
elmi iş olduğu üçün, Kitabın tərcüməsi
qusurlardan da xali deyil. Və bu, qəbul ediləndir.
Çünki mütləq həqiqət yalnız Ona məxsusdur.
Bu baxımdan Quranın 1992-ci ildəki nəşrində
"istifadə etdiyiniz" kəlamının 2007-ci il nəşrində
"mütə" etdiyiniz" sözü ilə əvəz
olunması diqqətsizlik, gözdən qaçma və ya mətbəə
xətası kimi də hesab edilə bilərdi. Lakin müqəddəs
Kitabın digər nəşrləri gözləntilərimizi
doğrutmadı. Belə ki, Quran tərcüməsinin 2004-ci
il nəşrində sözügedən kəlam oxucuya belə
təqdim olunub: "İstifadə (mütə)
etdiyiniz..." Yəni lüğəti mənası: 1)
müvəqqəti nigah; 2) aşna (qadın) olan "mütə"
izah tələb edən söz kimi mötərəzədə
verilib. Səməvi Kitabın 2007-ci il nəşrində isə
əksinə, "mütə" sözü artıq mötərəzədə
yox, nazil olan kəlimə kimi mötərəzə xaricində
verilib. Mötərəzəyə isə nazil olan kəlimənin
anlamını verən "faydalandığınız, ləzzət
aldığınız" sözü salınıb. Maraqlıdır, Quranın həm tərcüməçilərindən
biri, həm də vəfatına qədər işıq
üzü görən nəşrlərin qeyd və şərhlərinə
şəriksiz müəlliflik edən rəhmətlik akademik
Ziya Bunyadov sağ olsaydı, "mütə"ni nazil olan kəlimə
kimi tədricən-metodik şəkildə önə
çəkərdimi?! Və məlum sözün bu cür
"mükəmməlləşdirilməsinə"
razılıq verərdimi?!
Qeyd
edək ki, mütərcimləri
Z.Bünyadov və
V.Məmmədəliyev
olan "Qurani-Kərim
məali"nin bütün
nəşrləri
təfsir yox,
ədəbi tərcümədir.
Ədəbi tərcümədə isə təfsirdəki
imkanlar yoxdur. Mütərcim anlamı tam açılmayan hər
hansı sözün orijinala daha yaxın variantını,
"Allah və Onun Rəsulu(ə) daha yaxşı bilir"
deyib, mötərəzədə verə bilər və ehtiyac
duyulan məqamda bu, təqdir olunur. Mütərcim tərcümə
etdiyi kəlamı hətta başa düşdüyü kimi qəbul
edib, oxuya da bilər. Lakin həmin sözü, ifadəni nazil
olan vəhy kimi təqdim edə bilməz. Bu həssas
məqama toxunan Ayətullah Kaşifül-Fima yazır: "Əbdullah
ibni Əbbas, Cabir ibni Əbdullahi Ənsari, İmran ibni
Hüseyn, İbni Məsud, Übeyy ibni Kəb kimi səhabələr
hətta yuxarıdakı ayəni "Qadınlardan biri ilə
müəyyən bir müddətədək evlənərək
faydalandığınız təqdirdə..." kimi
oxumuşlar... Məqsədləri ayəni təfsir etmək
olmuşdur. Məsələn, İbni Cərir
"Təfsiri-kəbir"ində İbni Əbbasın ayəni
bu cür oxduğunu söyləyirsə də, rəvayət
doğrudursa, Hibrül-Ümmənin məqsədi, ayənin
bu cür nazil olduğunu bildirmək deyil, Təfsirini izah etməkdir"
(bax: adıçəkilən əsər, s. 82,83)
Göründüyü
kimi, Peyğəmbər(ə)-ni
görən, ondan
öyrənən
səhabə və
onların ardıcılları
Quran təfsirlərində
ayələrin
təfsirdə göstərilən
kimi nazil olması
fikrində olmayıblar.
Quranın başqa dillərə tərcüməsində isə,
əksər mütərcimlər tərcümənin orijinala
daha yaxın olması üçün mötərəzə
daxilində qısa şərh və izahlardan istifadə ediblər.
Bununla yanaşı bəzi izahlarını vəhy kimi də
təqdim edən mütərcimlər də var. Məs., Ayətullah
Mirzə Əli Meşkini Ərdəbilinin ərəbcədən
tərcüməsinin Azərbaycan türkcəsinə
çevrilmiş nüsxəsində məlum kəlam oxucuya
belə təqdim edilib: "... Müvəqqəti evləndiyiniz
qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin..."
(bax: adıçəkilən müəllif, Qurani-Kərim,
Bakı, 2009). Sual olunur: "Yerdəki
bütün ağaclar qələm, dərya isə mürəkkəb
olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə
də Rəbbimin sözləri (yazılıb) təkənməzdi"
(Loğman 27) buyuran Rəbbimiz üçün "siğə,
mütə etdiyiniz, müvəqqəti evləndiyiniz" kimi
sözləri nazil etmək çətin idi (haşə!)?
Bu baxımdan
hörmətli
Vasim müəllimin
"mütə" sözünü
ayə kimi təqdim
etməsi başadüşülən
olmadığı üçün
təəssüf
və təəccüb
doğurur. Bu: 1) məzhəb
təəssübkeşliyindən doğubmı?
2) "Qurani-Kərim"in nəşrlərindən birinin "işıq üzü görməsində bizə (tərcümənin yaradıcı heyətinə - V.C.) hər cür gömək göstərmiş... ayətullahul - üzma Əli Meşkini"nin (V.Məmmədəliyev) müdaxiləsindən qaynaqlanıbmı?
Mütə tarix kontekstində
Cəfəri
məzhəbini digər məzhəblərdən fərqləndirən
cəhətlərdən biri də mütə məsələsidir.
Məxəslərə görə, bu ayrılıq ümmət
arasında səhabə dövründən başlayıb.
Mütənin Peyğəmbər(ə) tərəfindən
qanuniləşdirilməsini söyləyən səhabənin
bir qismi bu işi mübah (dinə görə sonunda nə
savab, nə də günah olan işlər) saymışlar.
Lakin bu nigahın mübah ikən Həz.Peyğəmbər tərəfindən
haram edildiyini söyləyənlər çoxluq təşkil
edib. Buxari (v.e.870) və Müslim (v.e.875) mütənin Həz.Peyğəmbər
tərəfindən Məkkənin fəth edildiyi gün (630),
yaxud Xeybərin fəthində (628) və ya Əvtas
döyüşündə (630) Nəhy (qadağan) edildiyini
bildirib. Bəziləri bu qadağanın Vida Həcci vaxtına
da (632) şamil edirlər. Bu rəvayətlərə istinadən
ehtimal etmək olar ki, mütə 5-6 dəfə mübah, sonra
ləğv edilib. Bu fikri Nəvəvi (v.ə.1277) də
müdafiə edib. "Səhihi-Buxaridə" Cabirin dilindən
rəvayət olunub: "Rəsullulahın və Əbubəkrin
zamanında bir ovuc xurma, unla mütə edirdik. Ömər onu
nəhy etdi. Biz bir daha bu işi görmədik". "Səhihi-Müslim"də
isə "Cuhani deyir: "Rəsulllah(ə) bizə Məkkənin
fəthi ilində mütəni buyurdu. Bu, Məkkəyə girərkən
oldu. Oradan çıxar-çıxmaz onu bizə qadağan
etdi". Rəvayətlərin birində deyilir: "Həz.Əli
buyurub: "Mütəni Ömər nəhy etməcəydi,
çox pis kişilər zina edərdi". Təbəri
(v.e.923) bu rəvayəti belə ifadə edib: "Həzrət
Əli buyurub ki, Ömər insanları mütədən nəhy
etməsəydi, ancaq çox pis və öz ölümünə
razı olan kişilər zina edərdi". (bax: Ayətullah
Fima, (adıçəkilən əsər)
Ayətullah
Fima yazır:
"Ömər öz
xəlifəliyi
dövründə
mütənin
bəzi qarışıqlara
səbəb
olduğunu görmüş
və bunu zamanın
tələbinə
uyğun olaraq
öz rəyi
əsasında
ləğv etmişdi. Onun:
"Mən bunları
haram etdim, işləyənə
cəza verəcəm"-deməsi
sənədlərlə
rəvayət
olunmuşdur...
Buradan anlaşılır
ki, Ömərin
məqsədi
o dövrə
aid bir şey
imiş. Mütəni haram
sayması isə şərait və zamana görə imiş.
Fəqət müasirlərinin bir qismi və ondan sonra gələnlər
bu nöqtəni anlamadılar və mütənin Həzrət
Peyğəmbər tərəfindən nəsh edildiyini iddia
etməyə başladılar" (həmin əsər).
"Səhihi
Müslim"i
tədqiq edən
İbni Mace (v.e.903)
isə yazıb:
"Peyğəmbər
buyurub: "Ey müsəlmanlar!
Qadınlar ilə mütə nigahı
bağlamağınıza icazə vermişdim. Lakin indi onu
Allah haram etdi".
Göründüyü
kimi, məxəzlərin
biri qadağanın
Peyğəmbər(ə), digəri
isə Həz.Ömər
tərəfindən
qoyulduğunu bildirir.
Sonu və nəticəsi olmayan bu fikir
ayrılığının tarixi 1370 ildən də
çoxdur. Həmin səbəbdən müfəssirlərin
(təfsir edənlərin) ayəni ikili təfsir etməsini təbii
qəbul etmək lazımdır. Çünki hər müfəssir
ayənin açılışını qəbul etdiyi məxəz
və məzhəbə görə təfsir edir. Ayənin
məalinin tərcüməsində isə nazil olan
sözün anlamı orijinala daha yaxın olmalıdır. Bu,
mütərcimə çətinlik törədərsə, o,
mötərəzədə(!) şərh və ya izahdan
istifadə edə bilər. Bir sözlə, nazil olan ayənin
tərcüməsi mötərəzədə
olmamalıdır.
P.S. 1.
"Qeyri-daimi əqd odur ki, onda evlənmənin müddəti
müəyyən olunsun. Məs., qadını bir
saatlığa, bir günlüyə, bir aylığa və s.
müddətə olmaq olar. Siğə olunan qadın hətta
hamilə olsa da, xərcliyi ərindən almaq haqqı yoxdur.
Siğə olunan qadının əri ilə bir yerdə yatmaq
(yaşamaq) haqqı yoxdur. O ərindən, əri də ondan
irs aparmır" (bax: Şiə Mərcəi-Təqlidi F.Lənkərani,
"Tovzihul -Məsail", Qum, 1998, səh. 442; məsələ
2492, 2493). P.S. 2. "Nəbiğə Əmrin anasının
adıdır. Bu qadın bir gecədə Əbu Ləhəb,
Üməyyə, Əbu Süfyan və As bin Vaidlə
görüşmüş, nəticədə bir oğlan
doğmuşdu. Uşaq doğularkən adları çəkilənlərin
hər biri: "Bu mənim oğlumdur" iddiasında olub.
Axırda Nəbiğə: "As yardım
etdi"-deyib, uşağın Asdan olduğunun etiraf etdi"
(bax: Həz.Əli, "Nəhcül-bəlağa",
Tehran-1995).
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2011.- 31 yanvar.- S.14.