Azərbaycana çoxlu sayda turist gəlib-gedirsə...

 

   "Bu sektorda çalışan kadrların hazırlıq səviyyəsindən çox şey asılıdır"

 

   Vaqif Cəliloğlu: "Azərbaycançılıq ideyasının təbliğində turizm sektorunun da özünəməxsus rolu var"

 

  Azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması bu gün ən mühüm məsələlərdən biridir. Çünki dövlətin oturuşmasında, möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək inkişaf etməsində bu ideologiya əsaslı rol oynayır. Təsadüfi deyil ki, azərbaycançılıq ideologiyası həm də birləşdirici bir məfhum hesab olunur.

   Bu da ondan irəli gəlir ki, azərbaycançılıq ideyası ətrafında, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkədəki bütün insanlar birləşib. Azərbaycanda yaşayan bütün xalqlar azarbaycançılıq ideyasını birləşdirici, vəhdət yaradıcı bir ideya kimi qəbul etməklə yanaşı, həm də bu ideologiya cəmiyyətdə oturuşub. Azərbaycançılıq ideyasının fundamental əsaslarından birini də məhz bu faktor təşkil edir. Bu baxımdan azərbaycançılıq ideyası, demək olar ki, əhalinin bütün spektrini əhatə edir. Ümumiyyətlə, Azərbaycanda xalqların tarixi, adət-ənənələri, dil və mədəniyyətləri də qorunub inkişaf etdirilir. O da məlumdur ki, ölkə müstəqillik əldə etdikdən sonra Azərbaycanda turizm sektoru formalaşmağa başladı. Düzdür, bir sıra obyektiv-subyektiv səbəblər üzündən turizm sektorunda ciddi inkişaf son 5 ildə daha qabarıq şəkildə özünü göstərir. Bir-birindən kamfortlu turizm obyektləri inşa edilərək istifadəyə verilir. Ancaq hər halda, daxili turizmin inkişafı fonunda, azərbaycançılıq ideyasını təbliğ etmək üçün nəzəri və praktiki imkanlar yetərincə böyükdür. O üzdən sürətlə inkişaf edən turizm sektorundan faydalanıb, sözügedən ideyanı cəmiyyətə çatdırmaq üçün turizmdən bir vasitə kimi istifadə etmək mümkündür. Fikrimizcə, bu yöndə perspektiv imkanlar yetərincə böyükdür.

   Qəzetimizin redaktoru Vaqif Cəliloğlunun sözlərinə görə, bu sahədə olan imkanlardan istifadə etməyin vaxtı çoxdan çatıb: "Son zamanlar Azərbaycanda yay və qış turizminin inkişafı fonunda bir sıra istirahət mərkəzlərinin açılması fərəhləndirici haldır. Hər mənada, istər sosial-iqtisadi, istərsə də milli-mənəvi dəyərlərimizin cavan nəslə təbliği baxımından bu obyektlər vacib əhəmiyyət kəsb edir. Çünki azərbaycançılıq ideyasının təbliğində turizm sektorunun da özünəməxsus rolu var. Qalır bundan nə dərəcədə səmərəli şəkildə istifadə olunmasına. Ancaq mənə elə gəlir ki, potensial imkanlar çox olsa da, görüləsi işlər də yetərincədir. Azərbaycançılıq ideyasının təbliği üçün o sahələr elə bir səviyyədə inkişaf etdirilməlidir ki, beynəlxalq standartlara tam cavab versin. Təəssüf doğuran odur ki, arzu olunan standartların hamısı turizm sektorunda oturuşmayıb. Ancaq görünən odur ki, bu yöndə iş gedir. Daxili turizm nə qədər çox inkişaf etsə, yerli insanlar daxili istirahət mərkəzlərinə nə qədər çox üz tutsalar, bu zaman onlara azərbaycançılığın daha geniş anlamda aşılanması üçün imkanlar yaranır. Digər tərəfdən, azərbaycançılığın ölkə xaricinə çıxması, ölkəyə gələn turistlərin bu ideyanı anlaması üçün turizm sahəsində çalışan kadrların hazırlıq səviyyəsindən də çox şey asılıdır. Bu kimi məqamlara da xüsusi diqqət yetirilməsinə ehtiyac var".

    

 

   Vidadi ORDAHALLI

 

    Bakı xəbər.- 2011.- 31 yanvar.- S. 12.