Müasir biznes qaydaları və şəraiti gənclərin
vətənpərvərlik hisslərinə necə təsir
göstərir?
Gənclər dövlətin əsas aparıcı təbəqəsi
olmaqla yanaşı, eyni zamanda əmək qabiliyyətli əhalinin
əsas hissəsini təşkil edir. Onların sahib olduğu
enerjini, potensialı doğru istiqamətə yönəltmək
və bundan səmərəli şəkildə istifadə etmək
lazımdır. Azad bazar iqtisadiyyatı yolunu seçən
dövlətlərdə gənclərin seçim
imkanlarını təmin etmək üçün imkanlar daha
geniş və çoxşaxəli olur.
İqtisadiyyayatın
liberallaşdırılması işgüzar biznes mühitinin
yaranmasına birbaşa rəvac verir ki, bu zaman gənclərin
öz potensialını reallaşdırmaları
üçün geniş imkanlar yaranır. Bunu həm də
günbəgün dəyişən dünya reallıqları
tələb edir. Müasir dünya ilə
ayaqlaşmağın bir sıra yolları var ki, onlardan biri gəncliyin
təhsil səviyyəsinin yüksəldilməsidirsə, digər
vacib olanı isə onların məşğulluğunun təmin
olunmasıdır. Məşğulluğun təmin
olunmasında da biznes fəaliyyətinin özünəməxsus
müstəsna rolu var. Gənclərin mükəmməl səviyyədə
formalaşmasında bu iki faktor bir-biri ilə sıx
bağlıdır. Məşğulluğun təmin
olunması həm də ölkənin dinamik olaraq inkişaf
etməsini şərtləndirir. Bu işdə gənclərin
işlə təmin olunması önəmli rola malikdir.
Dünyəvi əsaslara söykənən ölkələrdə
məşğulluğun təmin olunması iqtisadiyyatın
müxtəlif sahələrinin inkişaf etdirilməsinə əsaslanır.
Məlum olduğu kimi,
bazar iqtisadiyyatı sistemini seçmiş ölkələrdə
iqtisadiyyatın əsas çəkisini özəl sektor təşkil
edir. Azərbaycan da müstəqillik əldə etdikdən
sonra bazar iqtisadiyyatı yolunu seçib. Əmək fəaliyyəti
ilə məşğul olanların böyük hissəsi məhz
özəl sektorda çalışır. Son illərin təcrübəsi
göstərir ki, məşğulluğun ən çox təmin
olduğu sfera ticarət və xidmət sektoru hesab olunur. Azərbaycanda
bu gün əmək qabiliyyətli gənclərin
böyük hissəsi məhz sözügedən sahələrdə
- ticarət, turizm, iaşə, tikinti, buna bənzər
sektorlarda çalışır. İlbəil özəl
sektorda çalışan gənclərin sayı artır. Gənclərin
biznes fəaliyyəti ilə məşğul olmalarına daha
çox şərait yaradılır ki, bu da aparılan siyasətin
parlaq göstəricisidir. İqtisadiyyatda bir pəncərə
sistemi yaradılıb. Sözügedən sistemin
yaradılması gənc biznesmenlərin imkanlarını bir
az da genişləndirib. Çünki həmin sistem proseduru
xeyli sadələşdirir. Bu da gənc iş adamlarına
imkan verir ki, öz potensiallarından daha geniş səviyyədə
ifadə etsinlər. Yaradılan şərait nəticəsində
bizneslə məşğul olan gənc iş
adamlarının sayı xeyli artıb. Bütövlükdə
son bir neçə ildə hökumət gənclərin məşğulluq
və təhsil probleminin həlli istiqamətində bir sıra
işlər görüb. Aparılan dövlət siyasətinə
uyğun olaraq gənclərin bilik və
bacarıqlarının düzgün qiymətləndirilməsi
və məşğulluq imkanlarının
artırılması istiqamətində atılan addımlar
onlara göstərilən diqqətin nəticəsidir. Azərbaycanın
müstəqillik əldə etdiyi 20 ilə baxsaq görərik
ki, son bir neçə ildə dövlət səviyyəsində
gənclərin məşğulluğunun təmin
olunmasına, işsizlik probleminin həllinə yönəlik
bir sıra işlər görülüb. Dövlətin gənclər
siyasəti bu yöndə bir sıra problemlərin həllinə
hesablanıb. Yeni nəslin inkişafının əsas vasitəsi
onların dövlətin və cəmiyyətin sosial-iqtisadi,
ictimai-siyasi və mədəni həyatında
iştirakının təmin edilməsidir. Dövlət gənclər
siyasəti bu məqsəd və prinsiplərin
reallaşdırılması üçün müvafiq
hüquqi sənədlərdə öz əksini taparaq
hökumət qurumları tərəfindən həyata
keçirilir. Ötən dövrdə gerçəkləşdirilən
"Gənc ailə", "Gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin yüksəldilməsi",
"Bədən tərbiyəsi və idmanın
inkişafı", "Ordudan tərxis olunmuş gənclərin
məşğulluğu ilə bağlı" və digər
dövlət proqramları deyilənlərə əyani
sübutdur. 2002-ci ildə isə Milli Məclis "Dövlət
Gənclər Siyasəti Haqqında" Qanunu qəbul edib. Bu
sənədlər gənc nəslin mütəşəkkil
qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən
tam yetkinləşməsinə, sosial problemlərinin həllinə
əsaslı təsir göstərib. Belə ki, gənclərin
məşğulluğunun təmin olunmasına yönəlik
addımlar sistemli xarakter daşıyıb. Məsələn,
Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Gəncliyi
Dövlət Proqramı (2005-2009-cu illər)" gənclərə
dövlət qayğısının artırılması məqsədinə
xidmət edib. Gənclər siyasətinin həyata
keçirilməsinə cavabdeh dövlət qurumu olan Gənclər
və İdman Nazirliyinin 2006-cı ildə yenidən
formalaşdırılması gənclər siyasətinin daha
dolğun həyata keçirilməsinə yol açıb. 2007-ci
ilin "Gənclər ili" elan edilməsi isə gənclərə
dövlət qayğısının ən böyük təcəssümü
idi. Gənclər siyasətinin mühüm tərəflərindən
biri də gənclərin elmi biliklərinin
artırılmasıdır. Qeyd olunduğu kimi, müasir
dövrdə təhsilin səviyyəsi məşğulluğun
təmin olunması ilə bu və ya digər dərəcədə
sıx bağlıdır. Mənzil almaq üçün
ipoteka kreditlərinin verilməsi də gənclərə və
xüsusən gənc ailələrə qayğıdan irəli
gəlir. Gənclərin təhsili, məşğulluğunun
artırılması, bir sözlə, gənclərin mənafeyi
baxımından bir sıra layihələrə start verilməsi
bütövlükdə onların vətənə,
torpağa, dövlətə, millətə olan
bağlılığını daha da gücləndirir. Bu
istiqamətdə yeridilən siyasət onlara verilən önəmin
göstəricisidir. Ölkə başçısı tərəfindən
təsdiq olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı gənclərin menecment fəaliyyətinin
artırılmasına, gənc peşəkar kadrların
hazırlanmasına, gənclərin dövlətin idarə
edilməsində, ictimai həyatda daha aktiv
iştirakının gücləndirilməsinə xidmət
edir. Bütün bunlarla yanaşı, özəl sektorda
çalışan gənclərə də xüsusi diqqət
və qayğı olmalıdır ki, onların simasında vətənpərvərlik
hissləri aşınmaya məruz qalmasın. Bunun
üçün sistemli konseptual xarakterli proqramlar işlənib
hazırlanmalıdır. Elə bir işlək mexanizm
tapılmalıdır ki, görülən işlər gənclərin
böyük bir hissəsini əhatə edə bilsin.
Çünki biznes fəaliyyəti ilə məşğul
olan gənc iş adamlarının sayının artması bu
və ya digər dərəcədə gənclərə vətənpərvərlik
hisslərinin aşılanmasına xidmət edir.
Professor Vaqif Arzumanlının sözlərinə
görə, Azərbaycan müstəqilliyini əldə edəndən
üzübəri ölkə iqtisadiyyatında gənc iş
adamlarının oynadığı rol get-gedə
özünü daha qabarıq formada göstərir: "Nəzərə
alsaq ki, bugünkü ölkə iqtisadiyyatının gələcəyi
gənc iş adamlarından, kadrlardan asılıdır, o
zaman bunun önəmini başa düşmək olar. Bu mənada,
xüsusən də biznes sahəsində gənclərin
sayının çoxalması, bacarıqlı iş
adamlarının üzə çıxması ölkənin
dinamik inkişaf etməsindən xəbər verir. Bu həm də
gənclərdə vətənpərvərlik hisslərinin
yüksəlməsinə təkan verir. Aydın məsələdir
ki, gənc kadrda birinci növbədə öz dövlətinə
rəğbət, dövlətin mənafeyini güdmək,
ölkənin yararına hesablanmış uğurlu addımlar
atmaq və s. hiss olunar. Eyni zamanda, onun öz dövlətinin
beynəlxalq münasibətlər sistemində, iqtisadiyyatda
yerinin daha aydın və parlaq şəkildə görməsidir.
Təbii ki, vətənpərvərlik hissi olan gənclər
bu istiqamətdə daha çox iş görür. Məsələn,
bu gün Rusiyada, Almaniyada, Türkiyədə, ABŞ-da Azərbaycanda
olduğu kimi bir sıra gənc biznesmenlər fəaliyyət
göstərir. Azərbaycanda fəaliyyət göstərən
gənc iş adamlarının ayrı-ayrı xarici ölkələrlə
biznes əlaqəsinə girməsi, gənclərin o ölkələrlə
əlaqələri, təbii ki, bu və ya başqa formada vətənə
bağlılıq hissinə təkan verir. Bir sıra gənclərimiz
var ki, onlar Azərbaycanda yaşayır, amma bizneslə,
iqtisadiyyatın digər sahələri ilə məşğul
olur. Onların xarici dövlətlərdə, Böyük
Britaniyada, İtaliyada, Rusiyada, Ukraynada bir sıra ictimai-iqtisadi
təşkilatları mövcuddur. Bu mənada həmin gənclər
oradakı təşkilatların fəaliyyətini gücləndirməklə,
eyni zamanda Azərbaycanın mövqeyini gücləndirir.
Ölkəmizin gələcəyi üçün müəyyən
uğurlu bazalar, məxrəclər hazırlayırlar".
V.Arzumanlının açıqlamasından o da məlum
oldu ki, "Azərbaycanlı gənc iş adamları bu
gün imkanları daxilində bir sıra ölkələrin
intisadiyyatına sərmayə qoyur. O cümlədən,
ayrı-ayrı banklarla əlaqə saxlayırlarsa, bunun
özü də ölkəmizin xeyrinədir. Bu gün hər
bir azərbaycanlı gəncin həm ölkədə, həm
də ölkədən kənarda fəaliyyətinin ən
başlıca istiqamətlərindən biri öz dövlətinə
bağlılığı ilə ölçülür. Bir
sıra xalqların, millətlərin gənclərindən fərqli
olaraq, Azərbaycan gəncinin çox qiymətli cəhəti
özünü büruzə verir. Məsələ ondadır
ki, ölkənin ayrı-ayrı rayonlarından, kəndlərindən
gələn gənclər Bakıda əmək fəaliyyəti
ilə məşğul olur. Həmçinin, işlədikləri
müqabilində qazanclarını rayonlarda yaşayan valideynlərinə
göndərirlər. Bizim də bir sıra gənclərimiz
var ki, onlar xaricdə bizneslə, ticarətlə, digər
iqtisadi əlaqələrlə məşğul olur. Onlar da əldə
etdikləri vəsaitləri Azərbaycana göndərirlər.
Göndərdiklərin vəsaitləri Azərbaycandaki ailələrinə,
ordakı təşkilatların fəaliyyətinə sərf
edirlər. Bunun özü də elə vətənpərvərlik
hissi ilə bağlıdır ki, azərbaycanlı gənc
xarici dövlətdə yaşayır, amma öz gəlirlərini
doğma respublikasına göndərir. Bunun özü də
bir maraqlı cəhətdir. Bütövlükdə biznesin,
ticarətin inkişafı hər bir ölkənin
inkişafının əsas aparıcı xətlərindən
biridir. Çünki iqtisadi inkişaf bütün qalan
inkişafların maddi bazasını təşkil edir. Ona
görə də bu sahədə gəncliyin göstərdiyi
fəaliyyət elə Azərbaycan xalqının mənafeyi
üçün görülən işlər deməkdir".
Vidadi ORDAHALLI
Bakı xəbər.-
2012.- 13-15 aprel.- S.15.