"Narkotiklərə
yox deyək" gənclərin mənəvi formalaşma
kampaniyasına çevrilir
İki böyük nazirliyin
başlatdığı kampaniyanın nəticələrinə
yanaşmalar müsbətdir
"Diqqətlə aparılan kampaniya
çərçivəsində narkotiklərin qorxusu, törədə
biləcəyi fəsadlar barədə şagirdlərə
geniş bilgi verilməlidir"
"Sağlam bədəndə sağlam
ruh olar" deyilib. Bədənin
sağlamlığını qorumaq üçün isə
insan bu prosesə gənc yaşlarından start verməlidir. Ölkə əhalisinin sayında gənclərin
xüsusi çəkisini nəzərə alsaq fərdi təşəbbüslərin
gənclərin ümumi sağlamlığındakı roluna
təsirini məqbul saymaq olmaz. Yəni hansısa gəncin
fərdi idmanla məşğul olması bəyəniləndir,
ancaq bunun daha çox fərd kimi onun özünə xeyiri ola bilər.
Gənclərin fiziki inkişafına nail olmaq
bütün dövlətlərin yürütdüyü siyasətdə
prioritet faktor olaraq qalır. Fiziki inkişaf
sağlamlaşmayla yanaşı, həm də gənclərin
mənəvi formalaşmasına xidmət edir. Milli gəncliyimizin həm sağlam böyüməsi,
həm də mənəvi inkişafı cəmiyyətin
bütün təbəqələrini ciddi
düşündürməlidir. Bu sahəyə
dövlət qayğısının nə dərəcədə
olduğunun araşdırdıqda məlum olur ki, Azərbaycan
dövləti gənclərin fiziki inkişafına nail olmaqla
onların mənəvi formalaşması ilə bağlı
mühüm dövlət tədbirləri həyata
keçirir.
Şübhəsiz ki, dövlətin bu
siyasəti həyata keçirməsi üçün
bütün zərərli vərdişlərdən uzaq olan gənc
nəslə ehtiyacı var. Zərərli vərdişlərin
sırası çox olduğundan hamısını sadalamaq
istəmirik. Gənclər arasında son vaxtlar daha çox
yayılan və istər dövləti, istərsə də cəmiyyətin
bütün spektrini ciddi düşündürən yeni bir bəla
var. Bəli, son vaxtların sağalmaz bəlalar
sırasına narkotiklər əlavə olunub. Bəzən bunu "ağ ölüm" də
adlandırırlar. Verilən statistik məlumatlara
görə, dünyada narkotiklərdən istifadə edənlərin
sayı durmadan artır. Bu da narkotik ticarətinin
artmasına səbəb olur. Hazırda
narkotik ticarəti ən gəlirli kriminal biznes növü
sayılır. Narkoticarətlə məşğul
olan mafiya, qrupların illik dövriyəsi milyardlarla dollarla
ölçülür. Belə gəlirdən
əl çəkmək istəməyən işbazlar
narkotiklərin geniş yayılmasında çox
maraqlıdır. Narkotiklərdən əldə
edilən gəlirlərin artırılması
üçün onun potensial istifadəçilərinin
sayı çox olmalıdır. Bazara
çıxarılan "məhsulun" realizə edilməsi
üçün bəzən narkoticarətçilər hədəf
kimi gəncləri, hətta məktəbli uşaqları da seçir.
Təəssüflər olsun ki, verilən
statistik məlumatlardan sayı milyonlarla ölçülən
gənclərin narkoticarətin tilovuna düşdüyü bəlli
olur. Artıq bu bəla dünyanı
narahat edən ən böyük və həlli çətin
olan problemlərin sırasındadır.
Azərbaycan narkoticarətçilərin
tranzit ölkə kimi istifadə etdiyi dövlətlərdəndir. Ölkənin xüsusi xidmət
orqanları ildə yüzlərlə böyük narkotik əməliyyatları
keçirmək istəyən mütəşəkkil dəstələr
zərərsizləşdirsə də bu bəlanın
kökünü kəsmək mümkün olmur. Son vaxtların rəsmi statistikasından məlum olur
ki, ölkədə narkotik istifadəçilərinin
sayında artım dinamikası müşahidə olunur. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, narkotiklərdən
istifadə halına görə, cinayət məsuliyyətinə
cəlb olunanların arasında gənclərin sayı xeyli
artıb. Adıcəkilən cinayət əməli
ilə təqsirli bilinərək məsuliyyətə cəlb
olunan 2341 nəfərdən 561 nəfərini gənclər təşkil
edir.
Hər bir ölkədə dövlətçiliyin,
müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin
etibarlı təminatı intellektual səviyyəli potensial
kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin
bütün sferalarında iştirakından, onların
aparıcı qüvvəyə çevrilməsindən
çox asılıdır. Bu gün Azərbaycan gəncləri
ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə
fəal iştirak edir. Gənclərlə iş sahəsində
görülən tədbirlər Azərbaycan gəncliyinin
inkişafına təkan verir, onların cəmiyyətdə
özlərini təsdiq etməsində böyük rol
oynayıb. Artıq respublikamızda fəaliyyət
göstərən gənclər təşkilatları, ictimai
birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin
qurulmasına töhfələrini verir. Ölkəmizdə
gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə,
onların sağlamlığının qorunmasına
xüsusi qayğı ilə yanaşılır. Son vaxtlar Azərbaycan dövləti gənclərə
malik olduqları qabiliyyət və intellektual imkanlar
müqabilində geniş meydan verməyin tərəfdarı
kimi bu təbəqəyə daim böyük diqqət və
qayğı göstərir. Ölkəmizin
qüdrətli dövlətə çevrilməsi naminə gənclərin
imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin,
bunun üçün əlverişli şəraitin
yaradılması gənclər siyasətinin əsasını
təşkil edir. Gənc nəslin fiziki,
sosial və mənəvi inkişafını təmin edən
fəaliyyət sahələrinin istiqamətləndirilməsi,
gənclərin sağlam böyüməsi və digər məsələlər
qarşıda duran əsas vəzifələrdəndir.
Gənclərin sağlam yetişməsi
istiqamətində dövlətin həyata keçirdiyi ən
mühüm tədbirlərdən biri də iki dövlət
nazirliyinin həyata keçirdiyi birgə layihədir.
Azərbaycan Səhiyyə və Təhsil
nazirliklərinin birgə dəstəyi ilə orta məktəblərdə
"Narkotiklərə Yox deyək" kampaniyası
keçirilir. Bildiyimiz kimi, hazırda 2007-2012-ci illəri əhatə
edən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
bağlı Dövlət Proqramı icra olunur. Qeyd edək ki, narkomaniya xərçəng kimi ciddi
bir problemdir. Narkomaniyanı insanların
özləri yaradır. Bu iyrənc biznesi
genişləndirmək istəyən işbazlar bəzən gəncləri
bilərəkdən bu işə vadar edir. Bu baxımdan da yeniyetmə məktəblilərin belə
məsələlərdə ayıq olmaları
üçün adıçəkilən kampaniyaya
böyük ehtiyac var.
Kampaniyanı təşkil edənlərin
dediyindən aydın olur ki, məqsəd şagirdlərə
narkotik maddələrin ziyanlı tərəflərini, onun fəsadları
barədə məlumat vermək, maarifləndirmə işləri
aparmaqdır. Kompaniyanın ilin sonunadək respublikanın
bütün rayon məktəblərində keçirilməsi
gözlənilir.
Belə bir gözəl kampaniyanın
keçirilməsi yalnız alqışlanıla bilər. Çünki insanın
formalaşmasında orta məktəbin böyük rolu var. Zərərli
vərdişlər barədə orta məktəbdə tam
maariflənən gənci gələcəkdə narkomaniyaya cəlb
etmək çətin olar. Narkoman gəncdən
yaxşı heç nə gözləmək olmaz və onu
yalnız nə yolla olursa-olsun narkotik əldə etmək
düşündürəcək. Sözsüz ki, belə
xəstə insanda nə milli şüur inkişaf edə bilər,
nə də vətənpərvərlik hissləri lazımi səviyyədə
ola bilər.
Təhsil və Səhiyyə nazirliklərinin orta məktəblərdə
"Narkotiklərə Yox deyək" kimi birgə
apardığı kampaniyanın gənclərin milli
şüurunun inkişafına və vətənpərvərlik
hisslərinin artmasına nə kimi təsiri ola
bilər?
Bu barədə fikirlərini bizimlə bölüşən
tanınmış sosioloq Əhməd Qəşəmoğlu
hesab edir ki, bu doğrudan da çox pis bəladır və
mümkün vasitələrlə xəstəliyin gənclər
arasında yayılmaması istiqamətində mübarizə
aparmaq lazımdır: "Belə kampaniyanın təşkil
olunması gözəldir, ancaq gərək bu formal xarakter
daşımasın. Bəzən görürsən
ki, hansısa böyük adla keçirilən bir kampaniya
yalnız formallığa xidmət edir. Hesab
edirəm ki, belə kampaniyanın keçirilməsindən əvvəl
bir sıra zəruri addımlar atılmalıdır və
hazırlıq işləri görülməlidir. İlk əvvəl, bu təbliğatın mahiyyəti
psixoloqlar, sosioloqlar, pedaqoqlar tərəfindən təhlil
olunmalıdır və bunun əsasında bir fəaliyyət
proqramı hazırlanmalıdır. Bir
sözlə, belə işlər mütləq elmi əsaslara
söykənməlidir. İşin
yalnız televiziyada, qəzetdə reklam olunması yetərli
deyil. Yəni, kampaniya daha çox reklama
yox, məktəbdə olan şagirdlərə yönəlsə
böyük əhəmiyyəti olar. Yalnız belə
olacağı halda bunun gənclərin milli şüuruna və
vətənpərvərlik hisslərinə müsbət təsiri
ola bilər. Mən bu gözəl
kampaniyanın adını gedən reklamlardan eşitmişəm.
Bu istiqamətdə işlərin necə
aparıldığını bilmirəm".
Ümumilikdə narkomanlığın bir bəla
olduğunu vurğulayan Əhməd Qəşəmoğlu
qeyd etdi ki, hazırda ailə münasibətləri gərginləşdiyindən
bəzən valideynlər uşaqlarına istədikləri
kimi nəzarət edə bilmir: "Hazırda Azərbaycan ailələrində
ciddi gərginliklər yaşanır. İndiki ailə 30 il bundan qabaqkı ailə kimi deyil. Belə olan situasiyalarda çox vaxt uşaqlar nəzarətdən
çıxır. Uşaqların ailədən
sonra ikinci ən çox vaxt keçirdiyi yer məktəbdir.
Bu baxımdan da bir başa məktəbə
yönələn belə kampaniyanı yalnız
alqışlamaq olar. Bir daha xatırlatmaq
istəyirəm ki, belə məsələlər ciddi
olduğundan məsələnin elmi tərəfinə
üstünlük vermək lazımdır. Yoxsa biz qaş düzəltdiyimiz yerdə vurub
gözü tökərik. Sovetlər
vaxtında Qorbaçov alkoqolizmlə mübarizə barədə
göstəriş vermişdi. O vaxt Moskvadan gəlib bu
istiqamətdə təbliğat işi aparırdılar. Həmin vaxt mən komsomolda rəhbər işdə
çalışdığımdan bu təbliğatın
qarşısını ala bildim. Gördüm
ki, aparılan təbliğat daha çox alkoqolizmlə
mübarizəyə yox, onun təbliğinə xidmət edir.
Bəzi uşaqlar var ki, onların narkotik barədə
ümumiyyətlə anlayışı yoxdur. Düzgün aparılmayan təbliğat əksinə
onları narkotiklərə həvəsləndirə bilər.
Diqqətlə aparılan kampaniya çərçivəsində
narkotiklərin qorxusu, törədə biləcəyi fəsadlar
barədə şagirdələrə geniş bilgi verilməlidir.
Elə etmək lazımdır ki, hər bir şagird
başqalarının bu yola düşməsinə mane ola bilsin. Kampaniya aparılarkən
yalnız uşaqlarla işləmək lazım deyil, müəllimlər
və valideynlərlə də işləmək gərəkdir.
Yalnız sağlam kənclikdən bəzi
hissləri tələb etmək olar. Bu baxımdan da narkoman gənc xəstə
olacaq. Xəstəliyin əlamətlərinə
görə, belə şəxslərdə etinatsızlıq,
özünəqapılma, passivlik yaranır ki, belə
adamlardan vətəpərvərlik, milli şüura
bağlılıq gözləmək mümkün deyil.
Ancaq xəstəliyin fəsadları tez aradan
qaldırılırsa onda heç bir problem yoxdur həmin gənc
gözəl vətəndaş da ola bilər,
milli hisslərə bağlı bir vətənpərvərdə.
Bu istiqamətdə dövlətin görmək istədiyi
iş bir başa bizim gələcəyimizə yönəlib.
Milli genefondumuzun əsas seqmentini təşkil edən
gənclərin sağlamlığı bizim dövlətin
etibarlı əldə olması deməkdir. Yekun olaraq demək
istəyirəm ki, düşünülmüş şəkildə
aparılan bu cür kampaniyaların gənclərimizin milli
şüuruna və vətənpərvərlik hisslərinə
çox müsbət təsiri ola bilər".
Məhəmmədəli QƏRİBLİ
Bakı xəbər.- 2012.- 16 aprel.- S.12.