Milli seriallar gənclərin milli şüurunun
formalaşmasında nə kimi rol oynayacaq?
Hər bir
xalqın qədimliyini şərtləndirən bir sıra
amillər var. Onlardan biri də xalqın minillərdən bəri
formalaşan adət-ənənəsi, mədəniyyəti, mənəviyyatıdır.
Azərbaycan xalqı bəşər
sivilizasiyasına möhtəşəm bir mədəniyyət
xəzinəsi bəxş edib. Xalqımızın
elə dəyərləri, elə keyfiyyətləri var ki,
onlar nəinki qonşu xalqlar, hətta coğrafi baxımdan
bizdən xeyli uzaqlarda yaşayan toplumlar üçün də
nümunədir.
Sovetlər
Birliyi dönəmində illər boyu qiymətli bir xəzinə
kimi dünyadan gizlədilən Azərbaycan mədəniyyəti,
maddi-mənəvi dəyərləri, ədəbiyyatı,
musiqisi artıq dünyaya təqdim edilir. Müstəqil
Azərbaycanın əski və müasir siması
dünyanın bir çox xalqlarını özünə cəlb
edir. Milli təsviri-incəsənət,
milli ədəbiyyat, milli tətbiqi sənət, milli musiqi,
milli memarlıq, milli teatr, milli kino artıq inkişaf yoluna
çıxıb. Yeganə inkişaf etməyən
milli serial sahəsi idi ki, artıq bu problemin aradan
qaldırılmasına dövlət dəstək verir. Belə ki, 2011-ci ildə Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin sərəncamı
ilə televiziyalar tərəfindən milli seriallar çəkməsi
üçün 5 milyon manat vəsait ayrıldı. Bildiyimiz kimi, artıq bəzi televiziyalarda milli
serialların çəkilişlərinə start verilib.
Qeyd edək
ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) milli
teleserialların çəkilməsi ilə bağlı
telekanalların hər birinə 500 min manat vəsait
ayıracaq. Ötən ilin sonunda 6 televiziya
kanalının-İTV, "Space," ANS, "Xəzər",
ATV və "Lider" telekanallarının hər birinin
hesabına ilkin mərhələdə 300 min manat
köçürülüb.
Azərbaycan
televiziyalarının milli serial çəkməsinə
münasibət bildirən kino və teatr mütəxəssisləri
bildirir ki, Azərbaycan müstəqillik əldə etdikdən
sonra milli serialların çəkilməsinə başlanmalı
idi. Mütəxəssislərin sözlərinə
görə, bizdə milli serial çəkmə təcrübəsi
yoxdur. Son illər respublika televiziyaları
və özəl prodakşnlar tərəfindən çəkilən
azsaylı serialların heç bir effekt vermədiyini deyən
mütəxəssislər hesab edir ki, yeni çəkiləcək
milli serialların uğur qazanacağı gözləniləndir.
Bir neçə il əvvəl milli
serialların çəkilməsi ideyasını qəzetimizdə
müzakirəyə çıxarmışdıq.
Kinoşünaslar, aktyor və aktrisalar təklif edirdilər
ki, bu serialların mövzusu bayağı "sevgi"
oyunlarına, məişət məsələlərinə
deyil, bizi ağrıdan, narahat edən problemlərə, o
cümlədən də tarixi şəxsiyyətlərimizin həyat
və yaradıcılığına, tariximizdə iz qoyan
hadisələrə həsr edilsin. Yəni milli
serial özündə xalqımızın həyat tərzini,
mədəniyyətini, dünyagörüşünü ifadə
etməlidir. Milli serialların çəkilməsini
xüsusi qiymətləndirən xalq artisti, aktrisa Həmidə
Ömərova bizimlə söhbətində bildirdi ki, bu
gün gənclərin öz mədəniyyətinə, adət-ənənəsinə
möhkəm bağlarla bağlanmasına böyük ehtiyac
var. Milli seriallar gənclərin milli vətənpərvərlik
tərbiyəsinin formalaşmasını, onların milli
şüura sahib olmasını özündə ehtiva edən
mövzularda olmalıdır: "Bu gün Türkiyədə
çox gözəl seriallar çəkilir. Onlar
tarixi şəxsiyyətlərin həyatına müraciət
edirlər. Klassik romanları, əsərləri
müasir kinoya gətirirlər. Seriallar o
şəkildə şəkilir ki, istər-istəməz gənclər
ondan böyük nümunə götürür. Azərbaycanda çəkiləcək serilların
da əsas mövzuları tariximizlə, Qarabağ problemilə,
mədəniyyətimizlə, mənəviyyatımızla
bağlı olmalıdır. Hesab edirəm
ki, milli seriallarımız gənclərimizin milli vətənpərvərlik
tərbiyəsində, onların milli-mənəvi dəyərlərə
bağlı olmasında böyük rol oynayacaq. Bizim o qədər gözəl tarixi
romanlarımız, görkəmli şəxsiyyətlərimiz,
tarixdə baş verən o qədər əhəmiyyətli
hadisələr var ki. Onlar adımızla
bağlıdır. Elə götürək,
Mirzə Fətəli Axundovun (Axundzadə də oxuna bilər-İ.S),
Hüseyn Cavidin, İlyas Əfəndiyevin, Üzeyir Hacıbəyovun
və başqa görkəmli şəxsiyyətlərimizin əsərlərini.
Bilirsiz necə məzmunlu seriallar çəkmək
olar? Bu yazarların əsərlərinin məqsədi
gəncliyi milli məfkurəyə bağlı yetişdirməkdir.
Düşünürəm ki, serialların
ssenarisini yazanlar, onlara quruluş verənlər bu məqama
xüsusi diqqət yetirəcək".
H.Ömərova
həmçinin bildirdi ki, vətənpərvərlik ruhu
daşıyan seriallarda gənclərin rol alması onları
milli təfəkkürə daha da yaxın edəcək.
Aktrisanın sözlərinə görə, gənclər
görəndə ki, bir yaşıdı millət, xalq
sevgisindən, vətəndən, vətəndaşlıqdan
danışır, bu hissi o da öz içində
formalaşdıracaq.
"Babək", "Nəsimi",
"Dəli Kür", "Axırıncı
aşırım" kimi filmlərin mövzularına yenidən
müraciət etməyin əhəmiyyətli olduğunu deyən
gənc rejissorlardan birinin sözlərinə görə, bu
mövzular əsasında seriallar çəkmək tam
mümkündür. "Milli serialların
çəkilməsilə bağlı sərəncam biz gənclərin
ürəyincə oldu. Çox sevindik.
Yeni mövzular da çoxdur, tarixi mövzular da.
Yenidən "Nəsimi", "Babək", "Dədə
Qorqud", "Axırıncı aşırım",
"Dəli Kür" filmlərinin mövzusuna qayıtmaq
olar. O mövzulara baxırsan, hərəsindən 15-20, 30-40
seriyalı film çıxarmaq olar. Çünki
çox əhatəli, bir sıra tarixi hadisələrlə əlaqəli,
başlıcası isə xalqımızın tarixilə
bağlıdır. Attila, Babək, Cavanşir, Atabəy
Eldəgiz, Şirvanşah hökmdarları, Nizami Gəncəvi,
Əfzələddin Xaqani, Əmir Teymur, Şah İsmayıl
Xətai, Nəsimi, Məhəmməd Füzuli, Nadir Şah, Təhmasib
Şah, Ağa Məhəmməd Şah Qacar, Qarabağın
tarixi, İbrahim Xan, Cavad Xan, Qubalı Fətəli Xan,
Bakı xanlığı və s. mövzularda çox
maraqlı seriallar çəkmək olar. Bu bizim
qəhrəmanlıq tariximizdir. Onun hər
səhifəsində gənclər üçün böyük
məktəb olan hadisələr yer alıb"-deyə bildirən
gənc rejissorun sözlərinə görə, televiziyalar bu
mövzulara deyil, yüngül eşq-sevgi macəralarına,
şit-bayağı əyləncə səhnələrinə,
mənasız məsələlərə yer ayıracaqsa onda
bundan gənclər heç bir müsbət nümunə
götürə bilməyəcək.
Milli Mədəniyyəti
Təbliğ Mərkəzinin sədri, dramaturq Arif Mədətov
isə hesab edir ki, ümumiyyətlə mədəniyyət gənclərin
milli vətənpərvərlik tərbiyəsinin
formalaşdırılmasına xidmət etməlidir. Şərqdə dramaturgiyanın banisi, dahi şəxsiyyət,
mütəfəkkir Mirzə Fətəli Axundovun 200 illiyi ilə
bağlı çox maraqlı, əhəmiyyətli serial
çəkmək olar. A.Mədətovun
sözlərinə görə, onun həyatı, fəaliyyəti,
gördüyü işlər, banisi olduğu məsələlər
gənclər üçün nümunədir.
Vətənpərvərlik
mövzusunda yazdığı şeirlərlə gənclərin
qəlbində vətənə, xalqa, milli soy-kökə
bağlılıq hissi oyadan tanınmış
şair-jurnalist Yusif Məhəmmədoğlu bizimlə
söhbətində Prezident İlham Əliyevin 2011-ci ildə
milli serialların çəkilməsinə vəsait
ayrılması ilə bağlı imzaladığı sərəncamı
yüksək qiymətləndirdiyini bildirdi. Y.Məhəmmədoğlunun
sözlərinə görə, milli müstəqil dövlətin
öz seriallarının çəkilməsi olduqca vacibdir:
"Cənab prezident İlham Əliyevin keçən il
verdiyi sərəncam xalqını sevən bütün
ziyalılar, qələm adamları kimi mənim də ürəyimcə
oldu. Bu sərəncamı təqdir edirəm.
Nəhayət ki, qonşu ölkələrdə
olduğu kimi bizdə də milli seriallar çəkiləcək.
Bildiyim qədər, artıq bir neçə
televiziya serial çəkilişlərinə başlayıb.
İllər idi ki, televiziyalarımız bizə
yabançı seriallar təqdim edirdi. Bu
serialların məzmunu bizim uşaq və gəncləri milli
məfkurədən, dəyərlərimizdən, vətənpərvərlikdən
uzaqlaşdırırdı. Bütün
günü əcnəbi serialların təsirində olan gəncdə
bu hisslərin korşalması, yaxud ümumiyyətlə
mövcud olmaması bizi narahat edirdi. Şükürlər
olsun ki, əcnəbi seriallar efirlərdən
yığışdırılacaq. Bu
serialların mövzusu bir neçə yüngül həyat
tərzinə meylli ailənin taleyindən bəhs edir. Çox istərdim ki, televiziyalar o pulları əcnəbi
seriallarda olduğu kimi bir neçə ailənin probleminə
həsr olunan seriallar çəkməyə xərcləməsin.
Onları "kopya"layacaqlarsa, onda hansı vətənpərvərlikdən
danışa bilərik? Yox, televiziyalar
milli serialların məzmununu milli məsələlərə,
vətənpərvərlik aşılayan məsələlərə
həsr edəcəksə, bu seriallar gənclərin milli mənlik
şüuruna müsbət təsir göstərəcək".
Y.Məhəmmədin
sözlərinə görə, telekanallar bu seriallara ssenarilər
yazılması işini qeyri peşəkarlara deyil, Azərbaycanın
tanınmış kinodramaturqlarına həvalə etməlidir:
"Serialda güclü ssenarinin olması vacibdir. Telekanallar bu serialların ssenarisini öz əməkdaşlarına
yox, peşəkar kinodramaturqlara yazdırsa daha böyük
nailiyyət əldə edər. Yəni
çəkilən seriallar baxımlı olar,
tamaşaçıları özünə cəlb edər.
Serialların məzmunu isə, təbii ki, əsasən
tariximizlə, mədəniyyətimizlə əlaqəli
olmalıdır. Sevgi mövzusuna da, sosial
ağrılara da toxunmaq olar. Amma
hamısının kökündə milli birlik, vətənpərvərlik,
milli şüura sahiblik anlayışı durmalıdır.
Kifayət qədər milli məfkurəyə
bağlı rejissor və kinodramaturqlarımız var. Mənə
belə gəlir ki, bu serialların çəkilişlərinə,
ustadlarla yanaşı, gənc nəslin nümayəndələri
də cəlb edilməlidir. Gənclər
bu seriallarda iştirak etməklə həm peşəkarlaşacaq,
həm milli vətənpərvərliyi təbliğ edəcək,
həm də qonarar qazanacaq. Bunun nəyi pisdir
ki? Yeri gəlsə, bu serialları lap
xaricdə də göstərə bilərik".
Hazırda Xocalı
soyqırımı, Qarabağ müharibəsi, burada faciəli
surətdə şəhid olan vətəndaşlarımız,
qəhrəman oğul və qızlarımız haqda
serialların çəkilməsinin önəmini
vurğulayan Y.Məhəmməd onların gənclərə əsl
nümunə olacağı qənaətindədir: "Milli Qəhrəmanlarımızdan
bir neçəsinin şəxsi həyatı,
döyüş yolu haqda ssenari yazıb serial çəkmək
olar. Qarabağda əzizlərini itirənlərin
faciəli, erməni vandallığını öz üzərində
hiss edən insanların acınacaqlı taleləri
serialların mövzusu olmalıdır. Amma
tərbiyəsilə, həyat tərzilə heç kəsə
nümunə olmayanlar serial qəhrəmanları olmalı
deyil. Müstəqil Azərbaycanın
çox məzmunlu, tarixini, mədəniyyətini, tarixi şəxsiyyətlərini
özündə əks etdirmək səviyyəsində olan
serialları olmalıdır. Prezident buna
şərait yaradıb. Dövlət bu məsələyə
dəstək verir. Gərək televiziyalar
bu işə ciddi yanaşıb ortaya dəyərli seriallar
çıxarsın".
İradə
SARIYEVA
Bakı xəbər.-
2012.- 18 aprel.- S.15.