Gənclərin problemləri ilə bağlı aparılan elmi təhlillər və vətənpərvərlik tərbiyəsi...

 

   Son illər müasir gənclər, onların problemləri və nailiyyətləri haqqında müxtəlif fikirlər, mülahizələr səslənir ki, onların da hər biri özünəməxsus arqumentlərə əsaslanır. Azərbaycan gənclərinin problemləri əsasən sosial yönümlü problemlərdir ki, bu da dünyanın bir sıra ölkələrində mövcuddur. Məsələ ondadır ki, gənclərin əsas problemi məşğulluğun təmin olunmasıdır.

   Ancaq o da var ki, gənclərin məşğulluğ problemi hökumətin nəzər-diqqətində olan əsas məsələlərdən biridir. Zaman-zaman həmin problemlər dilə gətirilib. Sözügedən problemin həlli ilə bağlı bir sıra dövlət proqramları mövcuddur ki, bunlara da "Yoxsulluğun səviyyəsinin aşağı salınması üzrə dövlət proqramı", "Azərbaycan gənclərinin inkişafı üzrə dövlət proqramı" və "Regionların inkişafı üzrə dövlət proqramı" daxildir. Məlum olduğu kimi, yuxarıda sadalanan proqramlar çərçivəsində kənd təsərrüfatı və fermerlərə dəstək, yeni iqtisadi infrastrukturların yaradılması və digər regional layihələr həyata keçirilir. Qeyd olunduğu kimi, müasir dövrümüzdə gənclər bir sıra sosial problemlərlə qarşılaşır ki, bunlardan ən öndə duranı işsizlik problemidir. Yaşadığımız dövrdə bir çox gənclər ali məktəbi bitirdikdən sonra iş tapmaq problemi ilə üzləşir. Gənclər 4 il əziyyət çəkib universitet oxuyur, ixtisaslı kadr kimi yetişir, amma bəzən bu da onların işlə təmin olunmasına kömək edə bilmir. Məsələn, iş tapmaq üçün bəzi ünvanlara üz tutur, amma müəyyən çətinliklər onların işlə təmin olunmasını əngəlləyir. Bu zaman ali təhsilli gənclər, məcburiyyət qarşısında qalıb, tikintidə ağır işlərlə məşğul olur. Elələri də var ki, bazarlarda çalışır. Bu da alınmayanda, əlacı başqa dövlətlərdə axtarırlar. Məsələ ondadır ki, işsizlik ucbatından ali təhsilli gənclər qonşu dövlətlərə uz tutur. Orada da ixtisaslarına uyğun olmayan işlərlə - ticarətlə, xırda bizneslə və s. məşğul olurlar. Onu da qeyd etməyə dəyər ki, gənclərin işsizlik problemi bir sıra hallarda onların gələcək həyatına da təsirsiz ötüşmür. Gənclər ailə qurduqdan sonra işsizlik ucbatından ailəsini saxlaya bilmir. Bu da ailənin dağılmasına, boşanmalara və digər sosial fəsadların yaranmasına gətirib çıxarır. Ümumilikdə işsizliyin səbəbləri müxtəlifdir. Onlardan biri də texniki peşə məktəblərinin lazimi səviyyədə olmaması, gəncləri lazımlı peşələrlə təmin edə bilməməsidir.

   Gənclərin üzləşdiyi problemlərdən biri də maariflənmə ilə bağlıdır. Məsələn, tələbə gənclər təhsil aldıqları müddətdə dərs vəsaitlərini tapmaqda çətinlik çəkir. Kitabxanalara üz tutur, amma lazımlı kitabları tapa bilmirlər. Nəticədə tələbə gənclər dərsə və istirahətə vaxtını düzgün bölüşdürə bilmir. İstirahətlərini səmərəli şəkildə təşkil edə bilmirlər. Çünki gənclərin istirahətlərini səmərəli keçirmələri üçün hələ tam şərait formalaşmayıb. Ümumilikdə istirahət, əyləncə və fiziki sağlamlığın inkişafı gənclər üçün önəmlidir. Bunların təmin olunması onlara vətənpərvərlik hisslərinin aşılanmasında da mühüm rol oynayır. Gənclər tərəfindən asudə vaxtın rasional istifadəsi və müvafiq istirahət infrastrukturunun yaradılması onların davranışına da müsbət təsir göstərir. Bununla gənclər təhsil, əmək fəaliyyəti zamanı itirdikləri enerjini qısa müddətdə bərpa edir. Bu problem həm də istedadlı gənclərin aşkara çıxarılması prosesi ilə və gənclərin mədəni, intellektual və idman potensialının aşkarlanması ilə sıx bağlıdır. Gənclər arasında müşahidə olunan problemlərdən biri də mənəvi xarakterlidir. Bu kateqoriyaya əsasən gənclərin mənəvi tərbiyəsi problemi, narkomaniya, AIDS və bir sıra gənclərin pozğun həyat tərzinə qarşı mübarizə metodları aiddir. Hər bir sadalanan problemin həlli məqsədi ilə xüsusi dövlət proqramları həyata keçirilir. Bu məqsədlə müvafiq nazirliklərdə, idarə və müəssisələrdə konkret qurumlar təsis edilib, xüsusi dövlət komissiyası formalaşdırılıb.

   Gəncləri narahat edən problemlərdən biri də evsizlikdir. Bu isə ən aktual problem olaraq bir çox sosial göstəricilərə də təsir edir. Xüsusilə nikaha daxil olmanın orta yaşına və doğum faktoruna bu problemin təsiri kifayət qədər böyükdür. Dövlət proqramı çərçivəsində sosial ipoteka proqramı cəmiyyətin aztəminatlı təbəqəsinin nümayəndələri və istedadlı gənclər üçün realizə olunur. Dövlət gələcəkdə gənclər şəhərciklərinin salınması və gənclər üçün imtiyazlı şərtlərlə mənzil verilməsini planlaşdırır. Bu məqsədlə Gənclər və İdman Nazirliyi şəhərciklərin tikilməsi üçün dövlətdən ərazi alıb və hazırda problemin maliyyələşdirilməsi və kreditləşdirilməsi istiqamətində öz axtarışlarını davam etdirir. Ən nəhayət təhsil problemi, onun keyfiyyəti, onun akademik və maddi-texniki bazası artıq 15 ildir ki, müzakirə predmetidir. Xüsusilə yeni "Təhsil haqqında" Qanunun ətrafında müxtəlif fikirlər səslənir. Adıçəkilən qanun artıq 2 ildən çoxdur parlamentdə və ictimai səviyyədə müzakirə edilir. Bununla yanaşı, dövlət proqramları çərçivəsində, təhsil sferasında problemlərin həllində keyfiyyətli dəyişikliklərə cəhdlər edilir ki, bu da öz müsbət nəticələrini verməkdədir. Müsbət addımlar kimi təhsil ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılmasını, yeni orta məktəblərin bərpası və tikintisini, orta təhsil prosesinə informasiya texnologiyalarının tətbiqini sadalamaq mümkündür. Lakin eyni zamanda, orta təhsilin keyfiyyəti ilə bağlı bəzi problemləri də qeyd etmək lazımdır. Həmçinin, bəzi məktəblərin texniki bazasının zəifliyini, yüksək ixtisaslı müəllimlərin çatışmamasını və digər mənfi halları da qeyd etmək zəruridir. Çünki bütün bunların gündəmə gətirilməsi, nəticə etibarilə, onların həllini sürətləndirir. Bütün bu deyilənlərin fonunda, gənclərin problemləri ilə bağlı elmi araşdırmaların mövcud vəziyyəti nə yerdədir? Eyni zamanda, sözügedən araşdırmalar onların milli mənlik şüurunun inkişafında və vətənpərvərlik hisslərinin güclənməsində nə kimi rol oynayır?

   Sözügedən mövzu ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən tanınmış sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bu sahədə vəziyyət ürəkaçan səviyyədə deyil. Onun fikrincə, gənclərin üzləşdiyi problemlərin öyrənilməsi və bunun elmi şəkildə təhlil olunmasına böyük ehtiyac var: "Təəssüf ki, indiki vaxtda gənclərin problemləri ilə bağlı aparılan bəzi təhlillər formal xarakter daşıyır. Yaxud da aparılan araşdırmalar lazımi şəkildə həyata keçirilmir. Ona görə də ortada ciddi bir nəticə yoxdur. Təbii ki, bizim ölkədə indiki vaxtda xalqımızın gələcəyi olan yeni nəslin nə düşündüyü, dəyərlər yönümü, iqtisadi vəziyyəti, aldığı informasiya, davranışı və s. təhlil olunmalıdır. Deməyim odur ki, bütün bunlar normal bir şeydir. Ona görə ki, indiki dövr elmi idarəetmə dövrüdür. O üzdən, gənclərin qarşılaşdığı problemlər elmi yolla araşdırılıb təhlil olunmalıdır. Mən özüm Bakı Dövlət Universitetində dərs deyirəm. Yeri gəlmişkən qeyd edim ki, 3-cü kurs tələbələri ilə birgə elmi qrup yaradırıq. Artıq sözügedən məsələ ilə bağlı tədqiqatlara başlamışıq. Eyni zamanda, tədqiqatlar çərçivəsində dərin təhlillər aparılması ilə bağlı bir neçə addım atmışıq. Sosialogiya fakültəsi tələbələrinin köməyi ilə çox ciddi bir təhlil aparacağıq. Bu barədə Gənclər və İdman Nazirliyinin də xəbəri var. Orada bununla bağlı söhbətlərimiz olub. Yəni onların da müəyyən dəstəyi olacaq. Ancaq hələlik sözügedən məsələ ilə bağlı sanballı, ortaya qoyulası və istifadə olunası bir elmi təhlil yoxdur".

   Ə.Qəşəmoğlunun fikrincə, gənclərin problemləri sistemli şəkildə araşdırılmalıdır: "Yəni gənclik bir sistem kimi götürülməlidir. Artıq biz bu yolu seçmişik. Çünki gəncliyin özü bir sistemdir. Əvvəl bir yoxlamaq lazımdır ki, bu sistemin özünün davranışı necədir. Yəni bu gün gənclərimizin özündə olan onların davranışı nə haldadır. Bütün bunlarla bağlı sosiologiyanın, psixologiyanın metodlarından istifadə edərək faktın özünü araşdırmalıyıq. Sadalanan davranış bizi qane etmirsə, bu yöndə tədqiqatlar aparılmalıdır. Reallıq ondan ibarətdir ki, bu bizi qane etmir. Bu da ondan irəli gəlir ki, sistemin özündə bir-biri ilə təmasda olan komponentlərin qarşılıqlı əlaqəsində problemlər var. Ona görə də araşdırmaq lazımdır ki, gənclərimiz haradan ideya alır və hansı ideyalar bura daxil olur. Başlıca olaraq bu məsələlər təhlil olunmalıdır ki, gənclərin üzləşdiyi problemlərin kökünə çıxmaq mümkün olsun. Çünki hər hansı bir sosial sistemi hərəkətə gətirən müəyyən ideyalar olur. Bu ideyalar nədir, hardan gəlir və nə cürdür? Bu bir ayrı mövzunun söhbətidir və ciddi təhlil olunmalıdır. Qalan məsələlər isə davranışla və davranışa təsir göstərən komponentlərlə bağlıdır. Davranışa təsir göstərən komponentlər əsasən üç qismə ayrılır. Birinci qism sosial-iqtisadi problemlərdir. Bura mənzil şəraiti, maddi, demoqrafik vəziyyət və s. bu kimi məsələlər daxildir. Eyni zamanda, bunlar hamısı ayrıca araşdırılır. İkincisi, hansı ideyalar daxil olursa, onları araşdırıb təhlil etmək lazımdır. Ən nəhayət, üçüncü qrup məsələlərə diqqəti yönəltmək lazımdır. O da ondan ibarətdir ki, indiki vaxtda gənclərimizdə hansı dəyərlər formalaşır, hansılarına üstünlük verirlər, bu dəyərlərin milli tərəqqiyə nə dərəcədə dəxli var, uyğundur? Bütün bunlarla bir yerdə gənclərin davranışı təhlil olunmalıdır. Bizim üçün həmin o təhlillərin hamısında ən birinci meyar milli tərəqqi olmalıdır. Yəni gənclərimizin bu gün hər hansı bir sahədə - istehsalatda, yaradıcılıqda, hərbidə, təhsildə, elmdə davranışı təhlil olunmalıdır. Çünki bütün bunlar Azərbaycan xalqının və ölkəmizin tərəqqisinə müəyyən dərəcədə kömək edə bilən addımlardır. Yaxud da əksinə, mane olan addımlardır. Yəni bu prizmadan yanaşsaq, gənclərin problemlərini qruplaşdırmaq olar. Təbii ki, gənclərin üzləşdiyi problemlər elmi şəkildə araşdırılıb təhlil olunsa, bu, nəticə etibarilə, onlara vətənpərvərlik hisslərinin aşılanmasına öz müsbət təsirini göstərəcək. Gənclərlə bağlı problemlərin araşdırılması sistemli xarakter daşımaqla yanaşı, hesab edirəm ki, davamlı olmalıdır. Biz bu problemlərin üzərinə nə qədər arzuolunan səviyyədə gedə bilsək, bir o qədər bu sahədə müəyyən problemlərin həll edilməsinə daha tez nail olmaq mümkün olacaq".

 

 

   Vidadi ORDAHALLI

 

   Bakı xəbər.- 2012.- 19 aprel.- S.15.