"Qaradağ rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və
perspektivlər"
Qaradağ - qocaman,
müdrik Bakının, yosun saçlı Xəzərin
yaşı əsrlərlə ölçülən
övladı, qədim insanların ruhu dolaşan, xatirələri
yaşayan yaşayış məkanı. Qaradağ-sinəsində
tariximizin şanlı-şöhrətli
çağlarının ahəngini, dodağında nəğməsini,
ürəyində naləsini, gözlərində göz
yaşını daşıyan yurd. Göylərindən
karvan-karvan ulduzlar axıb, qucağından neçə-neçə
dəvə karvanları keçib, hələ də
onların zınqırovunun səsi dağlarının qulağından
getməyib. Hələ də o nəğmənin sədası
ilə yatıb-durur qayaların, əsən yelin, uçan
quşun...
Qaradağ rayonu
Bakının ən iri yaşayış məntəqələrindən
biridir. Belə demək mümkündürsə, bu rayonun ərazisində
yerləşən, təbiət tərəfindən
yaradılan maddi-mədəniyyət abidələrinə
başqa rayonların ərazisində rast gəlinmir. Bu rayonun
adı əvvəlcə Molotov olsa da, sonradan, yəni XX əsrin
50-ci illərindən Qaradağ adlandırılıb.
Qaradağ daha çox sənaye rayonu kimi məşhurdur.
Burada bir çox sənaye əhəmiyyətli zavod və
müəssisələr yerləşir. Bununla yanaşı,
Qaradağ rayonu öz mədəniyyət ocaqları, pir və
və ziyarətgahları ilə də tanınır. Rayon ərazisində
1 muzey, 10 kitabxana, 10 mədəniyyət və istirahət
parkı, 1 dövlət qoruğu, 15 mədəniyyət və
tarixi abidə mövcuddur. Onlardan 10-u yerli, 4-ü respublika, 1-i
isə dünya əhəmiyyətlidir. Rayonda 10 məscid və
3 pir-ziyarətgah fəaliyyət göstərir. Qaradağ
rayonunun mərkəzində - Lökbatanda Ə.C.Əmirov
adına Mədəniyyət evi, Nizami adına kütləvi
kitabxana fəaliyyət göstərir. Sahil qəsəbəsində
qəsəbə kütləvi kitabxanası, Puta qəsəbəsində
kütləvi kitabxana, Korgöz qəsəbəsində Mədəniyyət
evi, Korgöz qəsəbəsi kütləvi kitabxana, Səngəçalda
Mədəniyyət evi, Səngəçal qəsəbəsi
kütləvi kitabxanası, Çeyildağ klubu,
Çeyildağ qəsəbəsi kütləvi kitabxanası,
Qobustan qəsəbəsində Dövlət Tarixi Bədii
Qoruğu, Aşıq Rza adına Mədəniyyət evi,
Qobustan qəsəbəsi kütləvi kitabxanası, Ələt
qəsəbəsi kütləvi kitabxanası, Ələt qəsəbəsi
uşaq kütləvi kitabxanası, Müşfiqabad Mədəniyyət
evi, Müşfiqabad qəsəbəsi kütləvi kitabxanası
Qaradağın qaynayan mədəni həyatından xəbər
verir. Ana torpağın dili olsaydı, insanlar kimi
danışmağı bacarsaydı tariximizdən nələr
danışmazdı, nələr. Bəşəriyyətin
ilk beşiklərindən biri olan qədim insan məskənidir
Azərbaycan torpağı. İlk insanların izlərini
saxlayıb yaddaşında dağlarımız,
qayalarımız, daşlarımız. Qobustanda yurd salıb
ocaq çatan babalarımız öz həyatını, məişətini,
ovçuluq və musiqi-rəqs mədəniyyətini
daşların canına hopdurub, həkk edib. Bəlkə də
bəşər sivilizasiyası bərqərar olanda həyat
elə Odlar yurdu Azərbaycandan-Qobustandan başlayıb? Kim
bilir? Zəngin, tükənməz daş xəzinəmiz yerləşir
Qobustanda. Yer kürəsində bənzəri yoxdur onun.
Olsaydı, yəqin ki, dünyanın diqqətini çoxdan
özünə cəlb etmişdi. Qaradağ rayonunun
qucağından dünyaya günəş kimi saçan
Qobustan öz gözəlliyi, qədimliyi, ruhunda,
köksündə ulularımızın nişanələrini
saxlayan bir ata ocağıdır. Tarixçi-arxeoloqların
bildirdiyinə görə, Qobustan Azərbaycan rəsm mədəniyyətinin
ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs
və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdən
biridir. Qobustandakı şəkillər içərisində
rəqs mərasimi təsvirləri xüsusi yer tutur. Kollektiv
ifa olunan bu rəqslər indiki Azərbaycan türklərinin
oynadığı "Yallı" rəqsini
xatırladır. Bu rəqs, vaxtilə qəbilənin estetik
zövqünü təmin etməklə yanaşı, həm
də birgə ov zamanı hədəfə hamılıqla bir
anda zərbə endirmək və bununla da ovu sarsıtmaq vərdişlərinin
yaranmasına kömək edirdi... Alimlərin qənaətinə
görə, Böyükdaş və Cingirdağda olan və
"Qavaldaş" adlanan daş musiqi qurğuları qədim
qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir.
Alimlərə görə, oxun icad olunması qəbilə
adamlarının maddi güzəranı üçün nə
qədər lazım idisə, zərb musiqi qurğusu -
"Qavaldaş"ın yaradılması da musiqi zövqlərini
təmin etmək, rəqs və mahnı mərasimləri
düzəltmək üçün olduqca əhəmiyyətli
idi.
Zaman-zaman insanlara
öz qoynunda sığınacaq verən, onların taleyinə
şahidlik edən Qobustan elm aləminə bəlli olmazdan əvvəl
köçəri baba-nənələrimizin
mal-davarını saxlamaq üçün istifadə etdiyi
qışlaq yeri olub. Bu yer keçən əsrin 30-cu illərinin
sonlarına qədər yalnız sadə camaata məlum idi.
Amma arxeoloqlarımız, geniş ictimaiyyət dünyada
analoqu olmayan Qobustan qayaüstü rəsmlərindən,
buradakı çoxsaylı mağaralardan, qədim insan məskənindən,
başlıcası isə əfsanəvi
"Qavaldaş"dan xəbərsiz idi.
Araşdırmamız zamanı məlum oldu ki, oradakı
maddi-mədəniyyət qalıqları və qayaüstü
təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından
professor İshaq Cəfərzadə 1940-cı illərdə
aşkara çıxarıb. Professor Cəfərzadənin
burada unikal bir xəzinə yatdığını müəyyən
etməsi nəinki Azərbaycanda, hətta bütün SSRİ
məkanında böyük elmi hadisə kimi
qarşılandı. Lakin 1941-ci ildə İkinci Dünya
Müharibəsinin başlanması İ.Cəfərzadə və
onun rəhbərliyi altında Qobustanda arxeoloji
qazıntılar aparan tədqiqatçıların işini
yarımçıq qoyub. Altı illik fasilədən sonra
1947-ci ildə ərazidə arxeoloji qazıntılar davam
etdirilib. İ.Cəfərzadə illər boyu
apardığı çətin elmi axtarışların və
tədqiqatların nəticəsi olaraq 750 qaya üzərində
döymə, qazma və sürtmə üsulu ilə çəkilmiş
3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif
işarə yazılar - petroqliflər qeydə almağa
müvəffəq olub. 20 qayaaltı sığınacaq
aşkarlayıb. Qoruğun fondunda 105 000-dən çox
müxtəlif təyinatlı arxeoloji materiallar saxlanır.
Bunlar ov və əmək alətləri, məişət əşyaları
və digərləridir. Daş dövrünün əmək
alətləri əsasən çay daşı, çaxmaq və
sümükdən hazırlanıb. "Firuz" düşərgəsində
aparılan qazıntılar zamanı 11 insan skeleti aşkar
edilib. Qobustanın abidələr məcmusu nadir rəsmlər
kolleksiyası kimi, arxeoloji materiallar və ibtidai insanların
yaşayış tərzini əks etdirən bir material kimi
dünya miqyasına malikdir. Azərbaycan xalqının teatr
incəsənəti və incəsənətin başqa
növləri öz başlanğıcını məhz
Qobustan abidələr kolleksiyasından götürür.
Onu da qeyd edək ki,
İ.Cəfərzadənin rəhbərliyi altında Cəfərqulu
Rüstəmov və onun həyat yoldaşı Firuzə
Muradovanın apardığı axtarışlar və arxeoloji
qazıntılar nəticəsində çoxlu rəsmlər,
yaşayış məskənləri və maddi-mədəniyyət
qalıqları aşkara çıxarılıb.
Böyükdaş dağındakı "Ana zağa"
yaşayış məskənində aşkara
çıxarılmış üç mədəni təbəqədən
iki alt təbəqə bilavasitə daş dövrünə
aiddir. Qobustan adının mənşəyi barədə
yekdil fikir yoxdur. Onun anlamı barədə müxtəlif tədqiqatçılar
fərqli fikirlər söyləyib. Lakin onlardan ən çox
işlədilən fikir toponimin coğrafi şəraitlə
bağlı yaranmasıdır. Bu qənaəti
bölüşən tədqiqatçıların fikirinə
görə, Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik,
saysız-hesabsız təpələr arasında torpaq
uçuntulardan əmələ gəlmiş yarğanlar və
dərələrdir: "Heç bir həndəsi şəklə
malik olmayan bu sistemsizliyin özündə suyun, havanın,
küləyin, zəlzələ və palçıq
püskürmələrinin yaratdığı böyük təbii
qarışıqlıq aləmi müşahidə olunur. Bu,
illərin, əsrlərin deyil, milyon illərin ardıcıl
olaraq yaratdığı dağıntıların nəticəsidir.
Qobustan adının da mənşəyini məhz bu təbii
şəraitlə izah etməyə çalışırlar.
Qobustanın adı "Qobu" sözündən
götürüldüyü üçün bura qobular və
yarğanlar diyarı sayılır. Ən hündür zirvə
1047 m-dir. Burada əsasən yarımsəhra landşaftı
hökm sürür. Qobustanın dağlarında ən qədim
rəsmlər mezozoy erasına aid olduğu sayılır, ancaq
burada bu eradan əvvəl də yaşayışın
olması istisna edilmir. Elə buna görə də Qobustan mədəniyyətin
beşiklərindən biri sayılır. Qobustan Dövlət
tarixi-bədii qoruğu - açıq səma altında
muzeydir". Bu fikirlər Qobustanla bağlı tədqiqat məqalələrindən
birində öz əksini tapıb.
Yaddaş
üçün bildirək ki, Qobustan qəsəbəsi
inzibati ərazi vahidliyi kimi 1951-ci ildə təşkil olunub və
1972-ci ildə qədim tayfa adından götürülən qəsəbənin
Duvannı adı dəyişdirilərək Qobustan qoyulub.
Qobustan qəsəbəsinin ərazisində isə
eramızdan əvvəl II minillikdə - "Daş
dövründə" məskunlaşan qədim insanların
qayaüstü rəsmlərini əks etdirən dünya əhəmiyyətli
Dövlət Tarixi Bədii Qoruğu yerləşir.
Qobustanın unikal, özünəməxsus
landşaftını nəzərə alaraq, Azərbaycan
Respublikası Nazirlər Sovetinin 503 saylı qərarı ilə
1966-cı ilin 9 sentyabrında Qobustanın Böyükdaş,
Kiçikdaş, Cingirdağ və Yazılıtəpə əraziləri
Qobustan Dövlət Tarixi Bədii Qoruğu elan edilib. 2007-ci
ildə isə Qoruq Azərbaycan miqyasından çıxaraq
bütün bəşəriyyətin mədəni irsinə
çevrilib. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı
Mehriban Əliyevanın təşəbbüsü və
müraciəti əsasında YUNESKO-nun Mədəni İrs
Siyahısına salınıb. Bu, mədəni irsimizin
dünyaya tanıdılmasında mühüm addım olub.
Maraqlıdır ki, Azərbaycanımızın dünya mədəniyyətinə
bəxş etdiyi Qobustan abidəsi hətta Dünya Mədəni
İrs Komitəsinin sədrini Qobustan möcüzəsilə
tanış olana qədər heç bir mədəniyyət
abidəsi barədə dilə gətirmədiyi bir həqiqəti
etiraf etməyə sövq edib: "Qobustan dünya mədəni
irs siyahısının incisidir". Qobustan Milli Tarixi Bədii
Qoruğuna mütamadi olaraq dövlət qayğısı
göstərilir. 2007-ci il iyunun 11-də Azərbaycan
respublikası prezidenti İlham Əliyev "Qobustan Milli
Tarixi-Bədii Qoruğu ərazisində yerləşən
tarixi və mədəni sərvətlərin qorunması
haqqında" Sərəncam imzalayıb. Digər bir sərəncamı
isə dövlət başçısı keçən ilin
mart ayında verib. Bu sərəncam "Qobustan Milli Tarix-Bədii
Qoruğu muzeyinin yeni binasının tikintisi ilə
bağlı tədbirlər haqqında" idi. Qobustan Milli
Tarix-Bədii Qoruğundakı unikal qayaüstü rəsmlərin
geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə
alaraq dövlət başçısı muzeyin yeni
binasının tikintisi üçün 2 milyon manat vəsait
ayırdı. Dövlətin qayğısı sayəsində
qoruq-muzeyin çox möhtəşəm inzibati binası
tikilərək istifadəyə verildi. 2011-ci ilin 26 dekabr
tarixində isə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan
muzeyinin açılışında iştirak edib.
Binanın
açılışında dövlət
başçısı və xanımı muzeyin tikintisini və
hazırkı vəziyyətini, Qobustan Tarix-Mədəniyyət
və Landşaft Qoruğunun şəhərsalma layihəsini,
eləcə də muzey və inzibati binanın ərazidə
yerləşmə planını əks etdirən fotostendlərlə
tanış olub. Mədəniyyət tariximiz, milli dəyərlərimizə,
milli irsimizə dövlət səviyyəsində
böyük hörmət və ehtiramın əlamətidir bu
hadisə. Məlumatlara görə, Mədəniyyət və
Turizm Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti də
Qobustan Milli Tarix-Bədii Qoruğuna böyük qayğı və
diqqət göstərir. Artıq bütün dünya bilir ki,
Azərbaycan deyilən məmləkətin Qaradağ adlı
bir rayonu var. Bu rayonun ərazisi isə bəşəriyyət
mövcud olandan var. Bu gün Qaradağ Qobustan Muzeyinin, eləcə
də digər görməli yerlərin məskəni kimi
xarici turistlərin diqqətini özünə cəlb edir. Azərbaycan
xalqı xoşbəxtdir-çünki onu dünyada layiqincə
təmsil edən Qobustanı var. Qobustan isə Qaradağın
bətnindən doğulan canlı bir tarixdir.
Xalqımızın qayım qədimliyini Yer kürəsinə
sübut edir bu tarix... Qarşıdan bu ilin may ayında
Bakıda keçiriləcək
"Eurovision-2012" mahnı müsabiqəsi gəlir. Bu yarışmada iştirakçı və
seyrçi kimi iştirak etmək üçün dünyanın
bir çox ölkələrindən paytaxtımıza
qonaqlar gələcək.
Təbii
ki, bu qonaqların
əksəriyyəti Bakı
və Bakıətrafı
qəsəbələri, tarix-mədəniyyət
abidələrini, gəzməli
görməli yerləri
gəzəcək. Onlar Qaradağ
rayonu ərazində yerləşən mədəniyyət
ocaqlarını da ziyarət edəcək.
Dünyada analoqu olmayan
Qobustanın da turistlərin böyük heyranlıqla və heyrət işində gəzib seyr etdiyi məkanlardan biri olacağına heç şübhəmiz
yoxdur.
İradə SARIYEVA
Bakı xəbər.-
2012.- 19 aprel.-S.12.