Qaytarılmayan borc-övlad borcu

 

  Dişi və erkək quşlar Allah sevgisilə sevişməzdən öncə həmin sevginin nəticəsinin - balalarının taleyi barədə tədbir görürlər. Belə ki, yumurta qoymazdan öncə min bir zəhmətlə "ev tikən" (yuva quran), sonra yumurtalarını ora qoyan və nəhayət yumurtadan çıxan balalarını yedizdirmək, öz canları bahasına onları qorumaq, pərvazlandırmaq həmin valideynlərin ağlagəlməz fədakarlığının nəticəsidir.

   Lakin bu fədakarlıq heç də həmin quşların öz xoşuna gördüyü iş deyil. Burada əsas məsələ həmin sevgi və ondan alınan cismani ləzzətin sonrakı məsuliyyətinin, cavabdehliyin ilahi bir diqtə ilə icra edilməsidir. Bu ilahi durum və məsuliyyət hissi heyvanlar aləmi üçün də belədir... Hal belə ikən, heyvan və quşlardan fərqli olan ağıl sahibi insan başqa cür hərəkət edə bilərmi? Əsla yox! Çünki sevmək, izdivacda olmaq və nəticədə öz təsdiqini (övladlarını) dünyaya gətirmək bəndə yaratması yox, Allah istəyi və Allah yaratmasıdır. O ki qaldı Məbuddan (Allahdan) sonra itaət ediləsi ikinci varlıq olan valideynə, fəqət o, Allah ilə dünyaya gələn övladlar arasında bir vasitə, vəsilə və səbəbkardan başqa bir şey deyil.

 

   Verilmədən istənilmir

 

   "Əvvəl verilir, sonra istənilir" ilahi bir düsturdur. Bu postulata əsasən, valideynə fitratdan verilən şəhvət və onunla bağlı müqəddəs hisslər ülvi ləzzətlərlə müşahidə olunur. Və izdivaca girənlər də çox gözəl dərk edirlər ki, qısamüddətli bu ləzzət və keflərin arxasında ananın hamiləliyi və yuxusuz gecələri, atanın isə "mən bu gün çörəyi necə qazanacam" problemi durur. Başqa sözlə, izdivaca səbəb şəhvət hissidirsə, həmin izdivacdan əmələ gələn övlad da nəticədir. Və Rəbb də məhz bundan sonra verdiyinin nəticəsini (övladı) boya-başa çatdırıb ərsəyə yetirməyi valideyndən bir borc kimi tələb edir. Və bəndə Rəbb iradəsilə bu keçici, ani ləzzətin "fəsadını" başa düşsə də, fəqət o, nəinki bu "əzaba" məmuniyyətlə qatlaşır, hətta həmin "əzab" uğrunda canını belə fəda verməyə hazır olur. Çünki o, Rəbbinin dəlili olan vicdanı ilə bilir ki, "Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur" (V.Hüqo, v.e.1885).

   Göründüyü kimi, Adəm(ə)-dən sonrakı bəşər övladını palçıqdan yox, atanın belindən, ananın rəhmindən yaratmaqla məhəbbət və sevgini həm də konkret bioloji varlıq (qohumluq) müstəvisinə çevirmək, Rəbb hikmətinin bariz nümunələrindən biridir. Elə Rəbb ilə doğulan körpə arasında vasitəçi rolunu daşıyan valideynin öz ətindən, qanından dünyaya gələn övladına məhəbbəti də, bununla izah edilir. Necə deyərlər, övladın səndən yaradılmış sən özünsən.

 

   Valideynin övlad üzərində haqqı

 

   Övladın valideyn üzərində haqqını önə çəkən İslam, valideynin övlad üzərində haqqını da Allahdan sonra ikinci fərz hesab edir. Hələ İslamın çətin Məkkə dövründə nazil olan ayədə buyrulur: "(Ya Rəsulum!) De ki: "Gəlin Allahın sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın, ata-anaya yaxşılıq edin, kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk... Yetimin malına... yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz heç kəsi gücü çatdığından artıq bir işə vadar etmərik. Ədalətli olun. Allah qarşısında əhdi (dini vəzifə və andlarınızı) yerinə yetirin" (Ənam 151-152). Ayədən göründüyü kimi, Allah övladın valideynə yaxşı münasibətini Özündən sonra ən vacib əməl hesab edir. Bu baxımdan, Quranda övladın dini vəzifələrinin, o cümlədən, hətta bəndənin meracı və dinin sütunu sayılan namazın valideynə yaxşılıqdan sonra təsbit edilməsi heç də təsadüfi deyil. "Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Biz insana buyurduq): "Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir! Atan-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl davran" (Loğman 14-15). Bu ayədə övladın valideynə hansı müstəsna halda itaət etməməsinin sərhədi göstərilib. Kəlamdakı "Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə" ifadəsi, heç də o demək deyil ki, övlad belə valideynə etinasız olmalıdır. Bunu növbəti ayə sübut edir: "O zaman ki, o (İbrahim), öz atasına və tayfasına demişdi: "Nəyə ibadət edirsiniz?" Onlar: "Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!"-deyə cavab vermişdilər... İbrahim demişdi: "Aləmlərin Rəbbi istisna olmaqla, onlar (bütlər) mənim düşmənimdir. Ey Rəbbim! Atamı bağışla! Şübhəsiz ki, o, (Haqq yolu) azanlardan oldu!" (Ənbiya 70, 71, 75, 77, 86).

   Göründüyü kimi, atasının bütlərə sitayişini görən İbrahim(ə) - Allahın seçib bəyəndiyi Peyğəmbər-ondan üz döndərmədi. Əksinə, Allahdan atası üçün əfv dilədi və oğulluq borcunu yerinə yetirdi. Qiyamətə qədər öz aktuallığını itirməyən həmişəcavan Quran, bu ayənin nazil olmasından 1400 il keçməsinə baxmayaraq, İslam düşmənlərinə cavab verir ki, o, humanist, tolerant bir dindir. Zorakılığı, zülmü rədd edən İslam təbil vurub bəyan edir ki, hətta ailə daxilində müxtəlif inanclı insanların qarşılıqlı hörmət və sayğı ilə yaşaması mümkündür.

 

   "Ailədə hər kəs öz yerini bilsə, darısqallıq olmaz"

 

   (B.Vahabzadə)

 

   Ailə Rəbb istəyilə yaranan mükəmməl bir əsərdir. Bu əsərin gözəlliyi onun mənəvi təmizliyindədir. İslam ailəsinin mehriban və firavan yaşamasının təməlini isə ailə üzvlərinin bir-birinə olan məhəbbəti müəyyənləşdirir. Atanın başçı, ananın isə idarəçilik məqamını gözlədiyi ailələrdə bir qayda olaraq, cəmiyyətin saf üzvləri yetişdirilir. Adətən belə ailələrdə hər kəs öz yerini çox gözəl bilir. Valideyn-övlad münasibətlərinə həsr olunan "Qəvaid" kitabında müəllif (mərhum Şəhidi Əvvəl) yazır: "Valideynlərin hüquq və ixtiyarlarının ən mühümləri aşağıdakılardır:

   1. Onlara tabe olmaq övladlara hər bir işdə, hətta (vacib olub-olmaması) şübhəli olduqda belə vacibdir. Çünki belə hallarda ehtiyat etmək müstəhəb, valideynə itaət etmək isə vacibdir.

   2. Valideyn namazın fəzilətli vaxtlarında övladından bir şey istəsə, övlad namazı təxirə salaraq, onun əmrinə itaət etməlidir. Çünki namazı ilk vaxtda qılmaq müstəhəb, valideynə itaət etmək isə vacibdir və vacib hər bir müstəhəb işdən müqəddəmdir (əvvəldir).

   3. Övladın camaat namazında iştirak etməsi, bu namazın bütün qeyd olunan savabları ilə belə, valideynin narazılığına səbəb olarsa, övlad namazı camaatla qılmamalıdır.

   4. Övlad müstəhəb namaz qılarkən valideyn onu çağırarsa, övlad namazı pozub ona cavab verməlidir".

   Əlbəttə, valideyn-övlad münasibətlərinin bəzi məqamlarına toxunan bu müddəalar övladını atan məsuliyyətsiz valideynlərin hüququ ola bilməz. Bu ixtiyar və tələblər bir körpənin göz yaşını dünyaya dəyişməyən valideynlər üçündür.

 

   Valideynə yaxşılıq etməyin faydaları

 

   Valideynlərə yaxşılıq etmək, onların fədakarlığı müqabilində maddi-mənəvi ehsanlarda bulunmaq İslamın əsas şərtlərindən biridir. İslama görə, Allahın razılığı və qəzəbi valideynin razılığı və qəzəbilə bağlıdır. Valideyn övladından razı qalarsa, Allah da həmin övladdan razı qalar. Quran və Peyğəmbər(ə) kəlamlarından aydın olur ki, valideynlərə ehsan və yaxşılıq etmək axirət savabı və Rəbb razılığı qazanmaqdan əlavə, övladı digər fəzilətlərə də qovuşdurur. Peyğəmbər(ə) buyurub: "Başında behişt sevdası varsa, ata-anana yaxşılıq et; Cəhənnəm oduna nifrət edir və oraya girmək istəmirsənsə, valideynə əzab-əziyyət verməkdən uzaq ol". Valideynə yaxşılıq etməyin xeyirli nəticələrindən biri də, canvermənin asan olmasıdır. Deməli, övladlıq borcunu layiqincə yerinə yetirənlər, hamının dadacağı ölüm şərbətini yüngül içəcəklər. Valideynə hörmət və itaət, həm də günahların bağışlanmasına səbəb olur. Bir nəfər həz.Peyğəmbərə dedi: "Elə bir günah yoxdur ki, onu etməyim. Mənim üçün bir yol, tövbə qapısı varmı ki, bu günahlar yox olsun?" Peyğəmbər(ə) soruşdu: "Atan-anan sağdırmı?" O dedi: "Atam sağdır". Həzrət buyurdu: "Get atana yaxşılıq et". Həmin kişi gedərkən Peyğəmbər(ə) dedi: "Kaş onun anası da sağ olaydı!" Kəlamın hikmətinə görə, həmin şəxsin anası da sağ olsaydı, onun günahları daha tez və asan bağışlanardı... İslam hesab edir ki, övladın valideynin qulluğunda durması, onun həm ömrünün uzun, həm də ruzisinin bol olmasına bir vəsilədir. Bu barədə bəşəriyyətin iftixar Tablosu buyurub: "Hər kəs ömrünün uzun, ruzisinin bol olmasını istəyirsə, ata-anasına yaxşılıq etsin. Çünki, valideynə yaxşılıq və xidmət, Allaha ibadət etmək və Ona tabe olmaq deməkdir".

 

   "Uf!"-deməyək

 

   "(Ya Peyğəmbərim!) Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurub. Onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!" - belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış. Onların hər ikisinə acıyaraq, mərhəmət qanadının altına alıb: "Pərvərdigara! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de" (İsra 23,24). Bu ayə əsrin gətirdiyi şübhə və tərəddütlər içərisində "atalar-oğullar" probleminin həllini göstərən ilahi bir kəlamdır. Ayə həm də, vətənpərvərlik hissini itirərək öz vətəninin, xalqının mənafeyi ilə maraqlanmayan, milli kökə və İslami dəyərlərə yad olan, milli mədəniyyətə xor baxan cavanlar - kosmopolitlər üçün bir tövsiyyədir.

   Çağdaş dünyada qocalar evlərinin mövcudluğu bu problemin varlığından xəbər vermirmi?!. Çox təəssüflə qeyd edilməlidir ki, həmin qocalar evində əksərən "biz də Allahı sevirik"-deyən imkanlı övladların valideynləri yaşayır. Təbii ki, həmin övladlar öz övladlarını valideynləri onları sevdiyi qədər sevirlər. Lakin "biz də Allahı sevirik" - deyənlər unudurlar ki, onlar tərəfindən qoyulan bu "ənənə" çox keçmədən elə onların özünə tətbiq ediləcəkdir və edilir də. Məsələyə İncil hikmətindən baxılarsa, belə "övladlar" əslində həm də riyakardırlar. Çünki o kəs ki, mən Allahı sevirəm deyir, lakin valideynlərinə ehtiram göstərmir, bilin ki, o, riyakarın biridir. Zira gördüyü valideynini sevməyən, görmədiyi Allahı sevə bilməz.

   Elə isə, Allahı riyakarcasına yox, həqiqi sevmək üçün ailə və millətimizin diriliyi və dirriyi, nuru və bərəkəti olan valideynlərimizə "Uf!" - deməmək arzusu ilə.

   Unutmayaq ki, övlad üçün ən böyük dövlət ata və ananın sağlığında hörmətini saxlamaq, onların vəfatından sonra isə saleh əməllə ruhlarını şad etməkdir.

 

 

   Vaqif Cəliloğlu

 

   Bakı xəbər.- 2012.- 23 aprel.- S. 15.