Milli teleseriallar - gəncliyin
mənəviyyatını yad
serialların təsirindən qorumaqda mühüm vasitə ola
bilər
Xarici seriallara baxanda hər
birimizin qəlbindən "görəsən bizim respublikada nə
zaman seriallar çəkiləcək" sualı
keçirdi. Amma tamaşaçıların diqqətini
özünə cəlb edə biləcək bir serial ortada yox
idi. Artıq bir çoxları peşəkar səviyyədə
çəkilmiş milli serialın nə zamansa
olacağına ümid etmirdi... Buda indiyə qədər
çəkilən çoxseriyalı filmlərin heç
birinin tamaşaçılar tərəfindən maraqla
qarşılanmaması ilə bağlı idi. Amma rəsmi səviyyədə
verilən qərar tamaşaçıların milli serialla
bağlı xəyallarını gerçəkləşdirməkdədir.
Milli Televiziya və
Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli
2012-ci ilin may ayının 1-dən yerli televiziyalarda
nümayiş olunan xarici teleserialların
dayandırılacağını bildirib. MTRŞ rəhbəri
deyib ki, onların yerinə tamaşaçılara
televiziyalarımızın istehsal etdiyi milli seriallar təqdim
ediləcək. Milli serialların çəkilməsi xəbəri
çoxlarımızın ürəyindən xəbər
verdi. Tamaşaçıya nə qədər ona yad həyat tərzi,
insan taleləri, yabançı dünyagörüş təlqin
etmək olar? Məna və məzmunca bir-birini təkrar edən
bu seriallar cəmiyyətimizə, xüsusən də gələcəyimizi
əmanət edəcəyimiz gənc nəslin tərbiyəsinə
mənfi təsir göstərir. Ola bilsin, bu fikirlə
razılaşmayanlar da tapılacaq. Fakt budur ki, gənclərin
bir qisminin vətənpərvərlik tərbiyəsinə
malik olmaması, onlarda milli şüurun cücərtilərinin
görünməməsi dediklərimizi təsdiqləyir. Bəziləri
deyir ki, milli mənlik şüuruna sahib olmayan, içində
vətənpərvərlik sevgisi gəzdirməyən gənci
heç bir zaman incəsənət, ədəbiyyat nümunələrilə
tərbiyələndirmək olmaz. Amma həqiqət bundan ibarətdir
ki, istər kino, istər ədəbiyyat, istər rəsm əsərləri,
istər bəstəkarlıq əsərləri Gənclərin
milli ruhda yetişməsinə müsbət təsir edə bilər.
Artıq milli
serialların ilk qaranquşları yavaş-yavaş ekranlara yol
açır. Onlar arasında xoşa gələnləri də
var, tamaşaçı tələbatını lazımı
səviyyədə ödəməyənləri də.
Bütövlükdə isə, milli serialların çəkilməsi
faktı Azərbaycan kino sənətini yüksəkdə
görmək istəyən, milli serial ənənəsinin
yaranmasını arzulayan hər bir vətəndaşın
arzusundan xəbər verir.
Milli seriallar Azərbaycan
gənclərinin vətənpərvərlik tərbiyəsində
nə kimi rol oynayacaq? Milli serialların gənclərin milli mənlik
şüurunun formalaşmasına təsiri olacaqmı?
Bu mövzuya qəzetimizin
ötən saylarından birində yer
ayırmışdıq. O zaman məsələyə
münasibətini öyrəndiyimiz mütəxəssis və
ziyalılar milli serialların çəkilməsini önəmli
hadisə sayırdı. Eyni zamanda da bildirirdilər ki,
serialların mövzusu xalqımızın tarixi, tarixi şəxsiyyətləri,
milli ədəbiyyatımızla bağlı olsa bundan gənclər
çox şey götürəcək. Əks halda bu
serialların gəncliyə heç bir faydası dəyməyəcək.
Mövzunun maraqlı olduğunu nəzərə alaraq onu yenidən
gündəmə gətirdik. Bu elə bir məsələdir
ki, buna hər bir Azərbaycan tamaşaçısının
münasibət bildirməsi vacibdir.
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar Teatrının rejissoru, bir
sıra səhnə əsərlərinə nəfəs verən,
milli məfkurəyə, adət-ənənələrimizə,
tariximizə bağlı olan sənətkar-dramaturq Ağalar
İdrisoğlu (Mehdiyev) milli serialların çəkilməsini
alqışlayanlar sırasında dayanır. A.İdrisoğlu
"Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycanda
milli serialların çəkilməsini hər zaman
arzulayıb. A.İdrisoğlunun sözlərinə görə,
milli serialların çəkilişlərinə indi deyil,
Sovetlər birliyi dağılandan sonra başlanmalı idi:
"Mən milli serialların çəkilməsi təşəbbüsünü
təqdir edirəm. Bu iş çoxdan olmalıydı. 1991-ci
ildə Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini
qazanandan sonra o zamankı prezidentlər hökmən bu haqda fərman
verməli idi. Həmin fərman verilsəydi və kinofilmlər
çəkilsəydi, yəqin ki, Qarabağda vətənpərvər
kimi döyüşər, törpaqlarımızın bir
qarışını da ermənilərə verməzdik. Azərbaycan
Prezidenti İlham Əliyevin milli serialların istehsalı ilə
əlaqədar verdiyi qərar çox lazımlı bir qərardır.
Gəlin etiraf edək ki, hazırda bizdə vətənpərvərlik
başqa millətlərdən aşağı səviyyədədir.
Bu baxımdan milli serialların çəkilməsi işin
xeyrinə olacaq. O seriallar gənclərin milli vətənpərvərlik
tərbiyəsində önəmli rol oynamalıdır. Amma
qorxuram ki, serial çəkənlər hansısa bir məişət
mövzusunu götürüb seriallar çəksin. Yenə də
Azərbaycan gənclərinin vətənpərvərliyi, Azərbaycan
tarixi, Qarabağla, tarixi qəhrəmanlarla və qəhrəmanlıqlarımızla
bağlı seriallar çəkilməyəcək. Babək,
ondan sonra gələn qəhrəmanlar serial qəhrəmanı
olmayacaq. Məni bu çox narahat edir. Birdən bu məsələnin
əvəzinə məişət mövzusunda yüngül, əyləncəli
seriallar çəkilər. Belə olmasını istəmirəm.
Həqiqətən də yüksək vətənpərvərlik
mövzusunda seriallar çəkiləcəksə bu Azərbaycan
gənclərinə çox böyük xeyir verə bilər".
A.İdrisoğlu hesab
edir ki, milli serialların ssenarisi,
ekranlaşdırılması təsadüfi adamlara həvalə
edilməli deyil. Müsahibimiz hesab edir ki, gəncləri
düzgün yola, məsləkə istiqamətləndirən
serialların mövzusu, onların kimlər tərəfindən
çəkilməsi bu işlə bağlı
yaradılmalı olan bədii şurada həllini
tapmalıdır: "Düşünürəm ki, peşəkarlardan
ibarət bədii şura yaradılmalıdır. Ssenarilər
tanışlıqla qəbul edilməməlidir. Təqdim edilən
hər bir ssenari münsiflər tərəfindən qiymətləndirilməlidir.
Ssenarilərin altından müəllifin adı
yazılmamalıdır. Bu üsuldan istifadə edilməlidir".
A.İdrisoğlunun
sözlərinə görə, vacib deyil ki, milli seriallar təzə
əsərlər əsasında yazılsın. Serial
mövzusu olan kifayət qədər əsərin olduğunu
bildirən rejissorun sözlərinə görə, 70-80 il
bundan əvvəl yazılan, lakin günümüz
üçün aktual olan bir sıra əsərlərimiz var
ki, onların əsasında çox maraqlı, baxımlı
ssenarilər yazmaq mümkündür: "Bu gün bizim Azərbaycan
tarixilə bağlı çox maraqlı romanlarımız,
pyeslərimiz var. Onların əsasında ssenari yazıb
onları serial formasına salmaq olar. Dünya kino tarixində də
belədir. Ruslar da, avropalılar da, digərləri də
serial çəkəndə klassik əsərlərə
müraciət edir. Çox maraqlı seriallar çəkirlər.
Milli seriallara ssenari yazmaq işini kiminsə
"tanış"ına, kiminsə "qohum"una həvalə
etmək düzgün olmazdı".
Qeyd edək ki, bir
neçə il əvvəl tanınmış rejissor, aktyor
Şeyx Əbdül Mahmudbəyov qəzetimizə bildirib ki,
İctimai Televiziya ilə birgə Şah İsmayıl Xətai
və Ağa Məhəmməd Şah Qacar haqda seriallar
çəkməyi planlaşdırır. Lakin indiyə qədər
də sözügedən layihələr serial formasında
tamaşaçılara təqdim edilməyib. Hər iki serial
ssenarisi Ə.Mahmudbəyova məxsusdur. A.İdrisoğlunun,
rejissorluqla yanaşı, dramaturgiya ilə, məşğul
olduğu bəllidir. O bir dramaturq kimi "Şah
İsmayıl" adlı pyes yazıb. Həmin pyes Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xəttilə
Gəncə Dövlət Dram Teatrında tamaşaya
hazırlanır. A.İdrisoğlu Şeyx Əbdülün
"Şah İsmayıl"ı haqda hər hansı bir
fikir bildirməsə də, qələmə aldığı
"Şah İsmayıl" haqda danışdı: "Azərbaycan
televiziyalarından istənilən biri mənə müraciət
etsə "Şah İsmayıl" pyesimi serial şəklində
işləyə bilərəm. Təxminən 20-30 seriyadan
ibarət film çəkə bilərik. Mənim Şah
İsmayılın həyat və fəaliyyəti,
yaşadığı tarix, Qızılbaşlar barədə
çox maraqlı tədqiqat işlərim var. Yalnız mən
deyil, tanıdığım alimlər var ki, onlar da o dövrlə
bağlı çox maraqlı tədqiqat işi aparıb. Niyə
Şah İsmayılla bağlı serial çəkilməsin?
Qarabağ tarixilə bağlı çox maraqlı seriallar
çəkmək olar. Hazırda Məmməd Səid
Ordubadinin "Qanlı illər" (əsərin başqa
adı "Qanlı sənələr"-İ.S) əsərini
oxuyuram. 1905-07 illər hadisələrindən bəhs edir. Təəssüflər
olsun ki, bu kitab kiril əlifbası ilə çap olunduğu vəziyyətdədir.
O müstəqillik illərində yenidən çap edilməyib
ki, gənc nəsil onu oxuyub, burada əks olunan hadisələrdən
ibrət dərsi götürsün. 1905-07 illər hadisələrilə
tanış olduqca görürəm ki, ermənilər necə
də eyni ssenaridən istifadə edir. Daşnaksütyun
Partiyasının bizə qarşı apardığı məkrli
siyasət ermənilər tərəfindən tarixin müxtəlif
dövrlərində həyata keçirilib. Bütün
bunları ekrana gətirmək olar. Məmməd Səid
Ordubadinin "Qanlı illər" kitabına da müraciət
etmək olar. O qədər maraqlı şeylər var. Bu kimi əsərlərlə
erməni faşizmini, erməni hiyləsini, erməni məkrini
göstərmək olar. Gənclərin vətənpərvərliyi,
milli şüura sahiblənməsi üçün bu
mövzuların aktuallaşdırılması vacibdir. Gəncliyi
hansı istiqamətə yönəldərsən ora da maraq
göstərər".
Gənc nəslin vətənpərvərlik
tərbiyəsinin inkişafında bu səpkidə yaranan əsərlərin
rolunu önə çəkən rejissorun dediyinə görə,
o öz tamaşalarında rol alan gənclərin bu
tamaşalar vasitəsilə daxilən dəyişdiyinin
şahidi olur: "Gənc Tamaşaçılar Teatrında mənim
quruluşumda Vaqif Əlixanlının "Əcəl
atı" tamaşası oynanılır. Teatrda dedilər ki,
bu tamaşanı böyüklər üçün qoymaq
lazımdır. Mən onlara dedim ki, yox, məktəblilər
üçün olsa daha effektli olacaq. Belə də oldu.
Şagirdlər, gənclər tamaşaya çox böyük
maraqla baxır. Bunun timsalında gördüm ki, sənətlə
gənclərdə vətənpərvərlik hissi yaratmaq
mümkündür. Sadəcə, buna cəhd göstərmək
lazımdır. Televiziyalar bayağı verilişlərdən,
şoulardan əl çəkib vətənpərvərlik
ruhunda, gəncləri milli soy-kökümüzə
bağlamaq məqsədi güdən verilişlər, filmlər,
seriallar çəksələr daha böyük qazanc əldə
edə bilərlər. Bu qazanc mənəvi qazanc olar. İstəsələr
edərlər. Vətənpərvərlik, vətəndaşlıq
mövqeyini ifadə etmək istəyi televiziya işçilərinin
ürəyindən gəlməlidir. Biz ziyalılar gecəmizi
gündüzümüzə qatıb Qarabağ problemini
özümüz həll etməliyik. Onu gələcək nəslə
qoymamalıyıq. Hamı eyni məsləkə qulluq etsə,
hərə öz sahəsində bu problemlə bağlı
bir iş görsə qısa vaxt ərzində
torpaqlarımızı geri ala bilərik".
Mərhum
yazıçı Əyyub Abbasovun "Zəngəzur"
romanının serial şəklində ekran həllini görməyi
arzu edən rejissor bildirir ki, bu əsərin geniş
tamaşaçı kütləsinə təqdim edilməsi gənclərin
şüurunda müsbət istiqamətə böyük
dönüşə səbəb olar":Əyyub Abbasovun
"Zəngəzur" romanı serial mövzusu ola bilər.
Düzdür, mən teatrda bu mövzuda əsərlər səhnələşdirməyi
planlaşdırıram.
Teatrda
çalışan gənclər də, yaşlılar da istəyir
ki, Qarabağla bağlı əsərlər daha çox
yaransın. Serial çəkmək istəyənlər də,
teatrlar da bu mövzuya müraciət etsə gənclərin vətənpərvərlik
tərbiyəsinə daha böyük töhfə verə bilər.
Sovet dövründə, baxmayaraq ki, biz imperiya əsarətində
yaşayırdıq, amma vətənpərvərliklə
bağlı verilişlər, filmlər daha çox çəkilirdi
nəinki indi. Amma müstəqil dövlətimiz olmasına
baxmayaraq, indi bu mövzuya çox az müraciət edilir.
Hər birimizə məlumdur
ki, xalqımızın tarixində çox böyük şəxsiyyətlər,
sərkərdələr, dövlət xadimləri, qəhrəmanlar,
zəka sahibləri olub. Bu gün də var. Milli Qəhrəmanlarımızın
gəncliyə örnək olan həyat və döyüş
yolu serial mövzusu olarsa ortaya çox maraqlı iş
çıxar. Peşəkarlar bu işə cəlb edilərsə
buna nail olarıq. Gəncləri düzgün yola
çıxaran, onlara milli kimlik, milli vətənpərvərlik
məktəbi rolu oynayan seriallar təqdim edilməlidir. Hər
bir gənc o serialda özünü maraqlandıran suallara cavab
tapmalıdır".
İradə
SARIYEVA
Bakı xəbər.- 2012.- 24 aprel.-
S.12.