Moskvada erməni həkimin qəsdlə öldürdüyü məşhur
generalımızın izi ilə...
BAKININ
XİLASKARI Məmməd Bağır Hadı oğlu
Bağırov (1901 - 1946)
Azərbaycanın
üç min ildən artıq dövlətçilik tarixində
adları fəxrlə çəkilən görkəmli şəxsiyyətlər
çox olmuşdur. Sovet hakimiyyəti illərində yeridilən
ayrı-seçkilik siyasətinə baxmayaraq, öz
bacarığı, savadı və qətiyyəti sayəsində
general rütbəsinə yüksəlmiş Azərbaycanın
qeyrətli oğulları da belə şəxsiyyətlərdəndir.
Bu görkəmli şəxsiyyətlərin bəziləri
haqqında bir sıra kitab və məqalələr, bədii əsərlər
yazılmış, hətta filmlər çəkilmişdir.
Lakin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri
olmuş bir çox şəxsiyyətlər diqqətdən
kənarda qalmış, onlar haqqında tədqiqiat işləri
aparılmamışdır ki, bu da ciddi narahatlıq doğurmaya
bilməz. Belə şəxsiyyətlərdən biri
general-mayor Məmməd Bağır Hadı oğlu
Bağırovdur.
Azərbaycan Sovet Ensiklopediyasında verilmiş
qısa yazıdan başqa general-mayor
Məmməd Bağır Bağırov haqqında elmi ədəbiyyatda heç
bir məlumata rast gəlmək
mümkün deyil. Bu qısa məlumatda deyilir:
"Bağırov Məmmədbağır
Hadı oğlu (1901, Bakı - 26.12.1946,
Bakı) mühəndis - texniki xidmət general - mayoru (1944). 1929-cu
ildə hərbi məktəbi bitirdikdən sonra
Azərbaycan atıcı diviziyasında vzvod
komandiri olmuşdur...
1926-cı ildə Leninqradda təkmilləşmə
kurslarını bitirmiş, bölmə komandiri vəzifəsində
çalışmış və yüksək
ixtisaslı mühəndis qoşunları zabiti
kimi yüksəlmişdir. Bağırov
1940-cı ildə Bakı şəhər Yerli
Hava Hücumundan
Müdafiə rəisi təyin olundu və
Bakı şəhər Soveti sədrini müavini seçildi. "Lenin ordeni,
Qırmızı Bayraq, Qırmızı
Əmək Bayrağı, Qırmızı Ulduz
ordenləri və medallarla, 1930-cu ildə
Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən Mauzerlə, 1938-ci
SSRİ Mərkəzi İcraiyyə Komitəsi tərəfindən
yubiley medalı, 1940-cı ildə Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdu.
Böyük Vətən Müharibəsinə aid
bəzi yazılarda və veb saytlarda müharibədə qəhrəmanlıqlar
göstərmiş digər generallarla
yanaşı, Məmməd Bağır Bağırovun barəsində
yalnız aşağıdakı abzas verilmişdir: "1944-cü ilin
iyul ayından Pribaltikada
və digər cəbhələrdə fəal
iştirak edən 77-ci diviziyanın
yüzlərlə əsgər və zabiti
orden və medallarla təltif
edildi, 8 döyüşçü
Sovet İttifaqı Qəhrəmanı
adını aldı. Döyüş əməliyyatlarına
Krımdan başlamış 77-ci Simferopol
dağ-atıcı Azərbaycan milli
diviziyası 11000 kilometrə yaxın məsafəni qət
edərək Berlinə qədər getdi. Diviziyanın döyüş
yollarında Heybət Heybətov, Tərlan Əliyarbəyov, Mahmud Əbilov, Məmmədbağır
Bağırov, Hacıbaba Zeynalov, Hüseyn Məmmədov kimi
generallar yetişmiş
və onların hər biri böyük sərkərdəlik məharəti
göstərmişlər".
Rusiya Federasiyasının saytında
Məmməd Bağır Bağırova 9 fevral
1944-cü ildə mühəndis-texniki xidmət general-mayoru fəxri adının verilməsi
haqqında bir neçə cümləlik
informasiya verilmişdir.
Azərbaycan Respublikası dövlət müstəqilliyini
bərpa etdikdən sonra da
Azərbaycan generalları haqqında nəşr olunan kitablarda
M.B.Bağırov haqqında məlumatların olmaması təəccüblüdür.
General Məmməd Bağır
Bağırov haqqında bu günə qədər
heç bir tədqiqat
işinin aparılmaması, bu görkəmli şəxsiyyətin fəaliyyətinə
biganə yanaşılması acı təəssüf doğurmaya bilməz. Fikrimizcə,
generalın fəaliyyəti haqqında obyektiv
tədqiqat işlərinin aparılması çağdaş
Azərbaycan tarixinin ağ
ləkələrdən təmizlənməsinə, bu görkəmli şəxsiyyətin tarixdə
layiq olduğu qiyməti
almasına kömək edə bilər.
Generalın həyat və fəaliyyətinin tədqiqində
onun özü tərəfindən
yazdığı tərcümeyi-halı mühüm
əhəmiyyət kəsb edir. Həmin sənədə görə Məmməd
Bağır Hadı oğlu Bağırov
1901- ci ildə Bakı şəhərində
qulluqçu ailəsində anadan olub. 1910-1915-ci illərdə
ikinci rus-tatar məktəbində
oxumuş, məktəbi bitirdikdən sonra Bakı Ali Məktəbinin
birinci kursuna daxil olmuş və 1918-ci
ilə qədər orada təhsil
almışdır. Maddi imkanları
olmadığına görə 1918-ci ildə üçüncü
kursdan təhsilini yarımçıq qoymuş, çalışaraq ailəsinə
kömək etmişdir.
Azərbaycan Xalq
Cumhuriyyəti dövründə müxtəlif vəzifələrdə
çalışmışdır. 1918-1919-cu illərdə
Bakı şəhəri Evlər İdarəsinin katibi, daha sonra
sədri olmuşdur. 1919-cu ildə Səhiyyə
Nazirliyində kargüzar kimi
fəaliyyət göstərmişdir.
M.B.Bağırov 1920-ci ilin sentyabr ayının 12-də Bakı Hərbi Məktəbinə
daxil olmuş,
istedadlı və cəsur müdavim kimi qısa müddətdə hərbi məktəb
kollektivinin hörmətini
qazanmışdır. Bakı Hərbi Məktəbini yüksək
göstəricilərlə bitirdiyinə görə 07 noyabr 1921-ci il tarixində
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi tərəfindən
şəxsi saatla təltif olunmuşdur.
Bakı Hərbi Məktəbini bitirdikdən sonra I Atıcı alayına vzvod
komandiri təyin olunmuş
və 1921-1925-ci illərdə I Atıcı alayın müxtəlif
hissələrində vzvod komandiri,
rota komandirinin köməkçisi
vəzifələrində işləmişdir.
1925-1926-cı illərdə Leninqrada
Mühəndis Qoşunları Komandirləri Məktəbinin təkminləşdirmə
kursuna ezam olunmuş və bu kursu müvəffəqiyyətlə başa vurduqdan sonra I Atıcı alayının VII
rotasına komandir təyin olunmuşdur.
1926-1929-cu illərdə Azərbaycan Milli
Diviziyasının mina axtaran
rotasında vzvod komandiri
kimi fəaliyyət göstərmiş, bu dövrdə müxtəlif hərbi hissələr
üçün mina
axtaranların hazırlanmasına rəhbərlik etmişdir.
1929-cu ildə Mina Axtaran
Rota Məktəbinin rəisi təyin olunmuş və 1932-ci ilə kimi
bu vəzifədə
çalışmışdır. Böyük istedad
və bacarığına görə 1932-ci ildə Azərbaycan
Diviziyasının ayrıca mina axtaran rotasının komandiri
vəzifəsinə irəli çəkilmiş və 1937-ci
ilə kimi bu vəzifədə
çalışmışdır. 1937-ci ilin
avqustunda Zaqafqaziya Hərbi
Dairəsi komandanın əmri ilə 77 Azərbaycan Milli Dviziyasının Mühəndis Xidmətinin
rəisi olmuşdur.
Məmməd Bağır
Bağırov 1940-cı ilin aprelində Hava Hücumundan Müdafiə
hissəsinin III Korpusunun Mühəndis
Xidmətinin rəisi, 1941-ci ilin aprelində
Bakı şəhəri Hava Hücumundan Müdafiə qoşununun
komandanı təyin olunmuşdur.
Dövlət Müdafiə Komitəsinin 05
aprel 1942-ci il qərarı
ilə Bakı Hava Hücumundan
Müdafiə Korpusunun bazası əsasında
1942-ci il mayın əvvəllərində
Bakı Hava Hücumundan
Müdafiə Ordusu yaradıldı. Alman kəşfiyyat təyyarələrinin
aramsız uçuşlar etdiyi
may-oktyabr 1942-ci il
tarixində onun tərkibinə 8
qırıcı aviasiya korpusu,
7 zenit artilleriya
alayı, 1 zenit pulemyot
alayı, 1 projektor alayı, aerostat maneə alayı və digər hərbi
hissələri daxil idi.
1941-1945-ci illərdə Azərbaycandan cəbhəyə
yüksək keyfiyyətli benzin, silah, döyüş
sursatı və ərzaqla dolu yük qatarları və gəmilər
yollanırdı. Bu illərdə Bakı
cəbhənin benzin və sürtkü
yağlarına olan tələbatının
75-90%-ni ödəyirdi. Müharibə illərində
Bakıda cəbhə üçün 130
növ silah və döyüş sürsatı da
istehsal olunub. 1941-ci
ildə neftçilərimizin fədakar əməyi nəticəsində
23,5 milyon ton neft istehsal olundu
ki, bu da
Azərbaycanın tarixində maksimum nəticə
idi ve SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edirdi.
Ümumiyyətlə, müharibə illərində Azərbaycan
neftçiləri ölkəyə 75 milyon
ton neft, 22 milyon ton benzin
və başqa neft məhsulları
vermişdilər. Faşizm üzərində
qələbənin qazanılmasında Bakı nefti
ən əsas amillərdən biri oldu. Təkcə bunu demək
kifayətdir ki, hər 5 təyyarənin,
hər 5 tankın, və hər 5 avtomobilin
4-ü Bakı benzini ilə işləyirdi.
Bu faktlar Bakı
neft rayonunun müdafiəsinə
rəhbərlik etmiş general
Məmməd Bağır Bağırovun necə strateji cəhətdən əhəmiyyətli
və gərgin işin öhdəsindən
şərəflə gəldiyini sübut
edir. Bu işin mürəkkəbliyi, gərginliyi
bir də onda idi ki, general
M.B.Bağırovun Bakının hava hücumundan müdafiəsinə rəhbərlik
etdiyi dövrdə neft
rayonu üçün
əvvəl Fransa, İngiltərə,
ABŞ, sonra Almaniya tərəfindən
ciddi təhlükə
yaranmışdır. Bundan başqa, Bakının faşist
Almaniyasının əlinə keçməməsi üçün sovet rəhbərliyi
tərəfindən Bakı neft rayonunun partladılması planı da var idi.
Bütün bunlar həmin
dövrdə Bakının müdafiəsinə rəhbərlik
etmiş şəxslərin necə böyük çətinliklərlə, təhlükələrlə
üz-üzə dayandığını göstərir.
Bakının müdafiəsi ilə bağlı sovet tarixşünaslığında bir sıra kitab və məqalələr
nəşr olunub. Uzun
illər sovet
tarixşünaslığında bəzi faktların öz əksini tapmaması, hadisələrin
birtərəfli işıqlandırılması Bakı neft rayonunun müdafiəçilərinin
qəhrəmanlıqlarının tam
şəkildə öyrənilməsinə imkan
verməmişdir.
1985-ci ilin avqustunda AFR-in Ştutqart şəhərində keçirilmiş tarix elmlərinin
XVI Beynəlxalq Konqresində SSRİ-nin dünya əleyhinə faşist
Almaniyası ilə sövdələşməkdə ittiham olunması problemə münasibətin
kökündən dəyişməsinə, müharibəyə
aid yeni faktların
üzə çıxmasına səbəb oldu.
Bakı neft rayonu üçün İkinci Dünya
müharibəsinin əvvəllərində Fransa
və İngiltərə tərəfindən yaranan
təhlükəni aydın dərk etmək üçün
"Hücum etməmək
haqqında" (23 avqust 1939-cu il) və "Dostluq və
sərhədlər haqqında" (28 sentyabr
1939-cu il) sovet-alman
müqavilələrinə xüsusi
diqqət verilməsinə ehtiyac var. SSRİ ilə faşist Almaniyası arasında 23 avqust 1939-cu il ildə
bağlanmış sazişin uzun müddət gizli
saxlanmış maddələrinə görə Bakı neftinin faşist
Almaniyasına verilməsi nəzərdə tutulurdu
ki, bu da
Fransa və İngiltərənin mənafelərinə
uyğun deyildi.
Son
dövrlər mətbuatda sovet
tarixşünaslığında öz əksini
tapmayan, yuxarıda adı çəkilən
sovet-alman müqavilələri vasitəsilə
iki dövlətin
yaxınlaşmasından Bakı neft rayonu üçün
yaranmış təhlükə haqqında son
illər bir sıra məqalələr
yazılıb. Bu məqalələrdə
generalın adı çəkilməsə də, faktlar Bakının müdafiəsinə rəhbərlik
etmiş Məmməd Bağır
Bağırovun necə mürəkkəb və çətin
şəraitdə işlədiyini bir daha sübut edir.
Faktlar sübut edir ki, sovet-alman
müqavilələrinə əsasən Bakıdan faşist Almaniyasına neft
ixracı nəzərdə tutulurdu. Bunun
qarşısını almaq üçün faşist
Almaniyası ilə müharibə vəziyyətində olan Fransa və İngiltərə
Bakını bombalamaq planı
hazırlanmışdı. Bu vəzifəni
Fransanın Suriyada yerləşən hərbi-hava
qüvvələrinin həyata keçirməsi nəzərdə
tutulurdu. Lakin 10 iyun 1940-cı ildə Fransanın faşist Almaniyası tərəfindən
işğalı bu dəhşətli
planın həyata keçməsinə imkan
verməyib.
Faşist Almaniyası rəhbərliyi SSRİ-yə
qarşı müharibəni başladığı ilk günlərdə hesab
edirdi ki, Bakı neftini tezliklə zəbt edəcək və buna görə də qərara gəlmişdi ki, Bakıya bomba zərbəsi
endirmək lazım deyil. Lakin sonradan SSRİ-yə qarşı
ildırımsürətli müharibə baş
tutmadığından almanların planı dəyişdi.
1942-ci ilin 4 mayında gündüz
Bakı üzərində Almaniyanın kəşfiyyatçı
təyyarəsinin görünməsi vəziyyəti daha da gərginləşdirdi.
Əldə olunmuş yeni
faktlar sübut edir ki, Bakı üzərində
ilk alman kəşfiyyat
təyyarəsi 30 yanvar 1942-ci ildə uçuş həyata keçirmiş
və həmin təyyarə Bakının Hava
hücumundan Müdafiə qüvvələri
tərəfindən vurulmuşdur. Bakı
üzərinə uçuşları Almanların IV Lyuftvaffe aviasiya flotu həyata keçirirdi.
Həmin flotun 5 təyyarəsi Bakı
üzərində kəşfiyyat uçuşlar,
həyata keçirmiş və əksəriyyəti
vurulmuşdur. Daha sonra 10 mart 1942-ci il tarixində ober-leytenant Tişendorfun rəhbərliyi ilə T5+NK
nişanlı alman təyyarəsi
Soçi-Suxumi-Poti-Batumi-Bakı marşututu
üzrə kəşfiyyat uçuşları həyata keçirmişdir. Bakı
üzərində kəşfiyyat uçuşları həyata
keçirən bu təyyarələrin bəziləri
Bakının strateji obyektlərinin şəklini
çəkməyə nail olmuşdur ki, həmin
şəkillər üzün müddət
əvvəl Almaniya, sonra
isə ABŞ tərəfindən məxfi sənədlər kimi saxlanmışdır. Lakin XX əsrin 60-cı illərində yerin süni peyklərinin
orbitə çıxarılması ilə həmin şəkillər
hərbi əhəmiyyətini itirmişdir.
SSRİ Xalq
Komissarları Sovetinin 05 may
1942-ci il tarixli gizli iclasında Alman təyyarəsinin
Bakıya uçuşu məsələsi
müzakirə edilmiş və qərar qəbul
olunmuşdu ki, şəhər
əhalisi hava hücumundan
müdafiə üçün
yaxşı hazırlanmamışdır. 1942-ci ilin 23 iyununda İ.Stalinin yanında Bakının müdafiəsi məsələsi müzakirə olundu və onun göstərişilə
58-ci ordu və Birləşmiş Süvari Korpusu İrandan və Orta Asiyadan (həmin ilin 28 avqustunda) bu regiona gətirildi. 1942-ci ilin
16 sentyabrında SSRİ Dövlət Müdafiə Komitəsi
Bakının müdafiəsi üçün
xüsusi qərar qəbul etdi. Sentyabrın 24-də Zaqafqaziyada
hərbi vəziyyət elan olundu. Qafqazın müdafiəsinə
yuxarıda göstərilən Şimali Qafqaz və Zaqafqaziya cəbhələrindən
əlavə Qara dəniz donanması, Xəzər
və Azov dənizləri hərbi
donanmaları da cəlb edilmişdi.
Qafqaz uğrunda 422 gün davam edən bu döyüşlər zamanı Almaniya faşist ordusunun təyyarələri Zaqafqaziya
istiqamətinə 7493 uçuş təşkil
etmişdi. Bu təyyarələrdən
74-ü Bakı istiqaməti üzərinə hücuma
keçmişdir ki, bunlardan da yalnız 7-si
Bakı səmasına çata bilmişdi. Bu kimi faktlar general
M.B.Bağırovun gərgin və şərəfli fəaliyyətinin
üzərinə işıq salır.
Gənc generalın müəmmalı
ölümü
Böyük Vətən
Müharibəsinin sonlarına yaxın və müharibə
qurtardıqdan sonra qələbənin qazanılmasında
böyük əməyi olmuş azərbaycanlı generallara,
görkəmli şəxsiyyətlərə münasibət dəyişməyə
başlamışdır. Faktlar sübut edir ki, azərbaycanlı
hərbiçilərin əksəriyyəti sovet rəhbərliyinə
müharibənin gərgin və çətin günlərində
lazım olsa da, sonradan onlara qarşı əvvəllər
yeridilmiş ənənəvi ayrı-seçkilik siyasəti
davam etmişdir. Müharibədən sonra isə onların bir
hissəsi repressiyaya məruz qalmış, bir hissəsi isə
müəmmalı şəkildə vəfat etmişdir.
General Həzi Aslanovun ölümü ilə bağlı yeni
faktlar, general-mayor Əbdülqasım Əziminin (1903-1947)
1947-ci ildə güllələnməsi, müharibə
zamanı üç dəfə ağır yaralanmış,
3 orden və medallarla təltif olunmuş Gəray Vəlibəyovun
1947-ci ilin iyul ayında M.V.Frunze adına Moskva Hərbi
Akademiyasını bitirməsi və polkovnik rütbəsi
alması ilə əlaqədar tədbirdən sonra məzunlarla
Moskva çayında çimərkən faciəli surətdə
həlak olması və digər hadisələr buna misal ola
bilər.
Müharibədən
sonra Məmməd Bağır Bağırovun səhhətində
ciddi problemlər olmasa da, Moskvada adi tibbi müayinədən
sonra vəziyyətinin ağırlaşmağa
başlaması, sonradan sağalmaz xəstəliyə
düçar olması ona qarşı sui-qəsd edilməsi
ehtimalını ortaya çıxarır.
Doğmalarının
bildirdiyinə görə, generalı Moskada müalicə edən
həkimin milliyyətcə erməni olması, geri
qayıtdıqdan sonra səhhətində ciddi problemlərin
baş verməsi və ağ ciyərində xərçəng
xəstəliyi diaqnozu ilə tezliklə vəfat etməsi
sübut edir ki, onun ölümü təsadüfi
olmamış, qabaqcadan təşkil olunmuşdur.
Qeyd etmək
lazımdır ki, Azərbaycanın görkəmli ictimai-siyasi
xadimi N.Nərimanov 1925-ci ildə Moskvada müəmmalı
şəkildə vəfat edərkən də ona eyni diaqnozu
qoymuşdular.
General Məmməd
Bağır Bağırovun bu cür münasibətin bir səbəbi
də, fikrimizcə, müharibədən sonra hərbi hissələrin,
o cümlədən Hava Hücumundan Müdafiə
qoşunlarında kəskin ixtisarların aparılması idi.
Məsələn, SSRİ Hava Hücumundan Müdafiə
qoşunlarında xidmət edənlərin sayı müharibənin
sonunda 637 min nəfər idisə, ixtisarlar nəticəsində
1946-cı ilin oktyabrında 147287 nəfərə qədər
azalmışdır.
General Məmməd
Bağır Bağırova müharibədən dərhal sonra münasibətin yüz
səksən dərəcə dəyişmiş, ona qarşı laqeydlik,
diqqətsizlik özünü büruzə
verməyə başlamışdır. Bunu
generalın öz dostu
Qəzənfərə yazdığı məktub da sübut edir.
Məktubda deyilir: "Mənim 44
yaşım var, onun
26 ilini fasiləsiz olaraq
hərbi qulluqda olmuşam.
Bu dövrdə Vətənə xidmət
edərkən öz xalqımı və vətənimi
qorumuşam... ...çoxları rahat oxumuş, həkim,
mühəndis, professor olmuşdur.
Mənə elə gəlir ki, hərbi qulluqçu olmasaydım mən də
onların biri olardım. Onu
demək istəyirəm ki, bu yoldaşların sakit həyat
sürməsində, oxumasında, təhsil almasında mənim
də müəyyən rolum var... Bakını möhkəmləndirmək
və xalqımın əməyini qorumaq üçün mən öz
qabiliyyətimi, təcrübəmi və əsəblərimi əsirgəmədən
bütün enerjimi sərf
etmişəm...1941-ci ili yadına sal, ya da
sənədləri qaldır bax, gör mənə qədər Bakı
şəhər yerli hava
hücumundan müdafiə nə vəziyyətdə
idi. Heç kəsə
sirr deyil ki, HHM bizim respublika
üçün ləkə idi. Bizdə çox
qısa zamanda Azərbaycan Mərkəzi
Komitəsi və Nazirlər Sovetinin
köməyilə çox yaxşı kollektiv yarandı. 2-3 ay ərzində
alçaq alman
faşistlərinin ölkəmizə hücumuna
qədər müasir elmin
və texnikanın tələblərinə cavab
verən Yerli Hava Hücumundan Müdafiə yenidən
yaradıldı... Bu da
bir çox
yoldaşların SSRİ tərəfindən
mükafatlandırılması ilə öz
nəticəsini göstərdi. Bakı şəhər Yerli Hava Hücumundan
Müdafiə ittifaqın başqa şəhərlərilə
müqayisədə nümunəvidir, hətta bu
sahənin akademiyasıdır."
Maraqlıdır ki,
Bakı Hava Hücumundan
Müdafiə qoşunlarına aid nəşr
olunmuş elmi ədəbiyyatda
komandan kimi artilleriya general-mayoru P.M.Beskrovonov (aprel
1942-fevral 1945), artilleriya
general-leytenantı N.V.Markovun (fevral 1945-müharibənin axırı) (27)
adı çəkilsə də general-mayor
Məmməd Bağır Hadı oğlu
Bağırovun adına rast gəlinmir.
Sonrakı illərdə Bakı Hava
Hücumundan Müdafiə
qoşunlarına rəhbərlik etmiş
şəxslərin rus millətindən, konkret olaraq aviasiya marşalı K.A.Verşinin
(1954-1956), ordu generalı V.D.İvanov
(1956-1959), ordu generalı A.F.Şeqlov
(1959-1966), general-polkovnik F.A.Olifirov
(1966-1973), general-polkovnik A.U.Konstantinov
(1973-1980) olması müharibədən sonra
azərbaycanlı hərbçilərə qarşı yeridilən
ayrıseçkilik siyasətinin nəticəsi idi.
Bağırzadə Rafiq Məmmədbağır
oğlunun atası haqqında xatirələrindən:
"...anamın dediyinə görə, Moskvada
atamın birinci və sonrakı həkimi
də erməni olub. Anam
deyirdi ki, atamın birinci dəfə Moskvaya sağlam gedib orada xəstələnməsi, xəstəxanada
yatması və oradan qayıdandan bir müddət sonra vəziyyətinin
pisləşməsi çox müəmmalı
olub. Deyirdi xalq arasında belə bir söhbət gəzirmiş ki,
Sovet İttifaqını müharibədən
qələbə ilə çıxaran əsas şəxsiyyətlərin
siyahısında atamın da adı
varmış. Müharibə vaxtı Hitlerin
gizli kəşfiyyat əmrinə görə
bu insanlar aradan götürülməli imiş.
Anam həmişə şübhə içində
danışırdı ki, bəlkə də
erməni həkimin əli ilə Moskvada atama iynə vurublar...".
General-mayor Məmməd Bağır
Bağırov 1946-cı ilin dekabrın
26-da vəfat etmiş və bundan sonra demək olar ki, tamamilə unudulmuşdur. Yalnız ildə bir dəfə qələbə bayramı
münasibətilə, digər müharibə veteranlarına olduğu kimi, onun da ailəsinə təbrik
teleqramı göndərilirdi. Belə bir təbrik teleqramı 1975-ci ilin
may ayında Böyük
Vətən Müharibəsində qələbənin 30-cu ildönümü münasibətilə o vaxt Azərbaycan KP
MK-nın birinci katibi
H.Əliyev tərəfindən generalın həyat
yoldaşına göndərilmişdir.
General-mayor Məmməd Bağır
Bağırovun oğlu və nəvələri
hazırda Bakıda yaşayır. Generalın nəvəsi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Minaxanım Əsədli Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
dosentidir. Onun
qızı, Bakı Dövlət Universitetinin
İqtisadi Kibernetika
ixtisası üzrə təhsil alan tələbəsi
Mənsurə Əsədli generalın həyat yoldaşı
Mənsurə xanımın adını daşıyır. Oğlu Etibar Əsədli
Bakı Musiqi Akademiyasının bəstəkarlıq
şöbəsinin tələbəsidir. Digər nəvə
sənətşünaslıq üzrə fəlsələ doktoru, dosent Vüsal Bağırzadə Şimali
Kipr Türk Cumhuriyyətində
Beynəlxalq Kipr Universitetində dərs deyir. Onun oğlu,
generalın adını daşıyan Məmməd
Bağır Bağırzadə Şimali Kipr Türk
Respublikasında "20 Temmuz Fən
Lisesi"ndə təhsilini davam etdirir. Qızı Rasudana
Bağırzadə ingilisdilli "Türk Maarif Koleci"ndə
təhsilini davam etdirir.
General-mayor Məmməd Bağır
Bağırovun fəaliyyətinin tədqiqi aktual
olaraq qalır. Onun fəaliyyətinin
tədqiqi Bakının müdafiəsinə rəhbərlik etmiş bir şəxsiyyət
haqqında obyektiv məlumat əldə
etməklə yanaşı, Azərbaycan tarixinin
ağ ləkələrdən təmizlənməsinə
kömək edə bilər.
Məhərrəm Zülfüqarlı,
İctimai Problemlərin
Tədqiqi Assosiasiyasının sədri
Bakı xəbər.- 2012.- 23 aprel.-
S.10-11.