Azərbaycan diasporunun tarixi: təşəkkülü
və formalaşması
Ölkəmiz müstəqillik qazandıqdan sonra dövlətin
ən ümdə vəzifələrindən biri də xaricdə
yaşayan həmvətənlərimizin təşkilatlanması,
onların vətənmizin ümumi maraqlarının müdafiəsi
işinə cəlb edilməsi olub.
Bu məqsədlə
dünyanın müxtəlif ölkələrində məskunlaşmış
azərbaycanlıların mütəşəkkil diaspor kimi
formalaşması, lobbiçiliyin təşkili məsələsi
Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrildi.
Xaricdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmasının səbəbi
Əsası Heydər Əliyev
tərəfindən qoyulan bu siyasətin məqsədi
dünya azərbaycanlılarının tarixi Vətənlə
əlaqələrini inkişaf etdirmək,
soydaşlarımızın milli özünəməxsusluğunu
qorumaq, diasporun potensialından milli maraqlarımızın daha
etibarlı şəkildə qorunması istiqamətində
faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək,
onların mədəni-siyasi hüquqlrını müdafiə
etməkdən ibarətdir. Milli birliyin ideoloji əsası olan
azərbaycançılıq ideya və məfkurəsi Heydər
Əliyevin "Yeni 2001-ci il, yeni əsr və
üçüncü minillik münasibətilə Azərbycan
xalqına müraciət"ində öz konseptual ifadəsini
tapdı. Onun 2001-ci il mayın 23-də dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızın müstəqil Azərbaycan
Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi,
dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin
təmin olunması, Azərbaycan icma, cəmiyyət və
birliklərin fəaliyyətinin gücləndirilməsi və
əlaqələndirilməsilə bağlı məsələlərin
müzakirə edilməsi zərurətini nəzərə
alaraq, Dünya Azərbaycanlılarının I
Qurultayının keçirilməsi haqqında fərmanı
bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə
xidmət etdi. Elə həmin ilin noyabrın 9 və
10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının
I Qurultayı ölkə tarixinə böyük bir
ictimai-siyasi prosesin başlanğıcı kimi daxil oldu. Qurultayda 36 xarici ölkədə yaşayan həmvətənlərimizin
200-dən artıq təşkilatının 406 nümayəndəsi
və 63 qonağı iştirak etdi. Azərbaycan
Respublikası isə 130-dan çox dövlət və QHT-dən,
elm, təhsil, mədəniyyət və digər
yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702
nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdu.
Qurultayda Heydər Əliyev dünya azərbaycanlılarının
təşkilatlanması və fəaliyyətinin koordinasiya
edilməsi üçün xüsusi bir dövlət orqanının
yaradılması ideysını irəli sürdü. Və
çox keçmədən Prezident 2002-ci il
5 iyul tarixli "Xaricdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin
yaradılması haqqında" fərmanı imzaladı.
2002-ci il dekabrın 27-də "Xaricdə Yaşayan Azərbaycanlılarla
bağlı Dövlət siyasəti haqında" Qanun isə,
Azərbaycan diasporunun inkişafına dövlət
qayğısının daha da artırılması və bu
sahədə ciddi nailiyyətlər əldə olunması məqsədilə
vahid strategiyanın hazırlanması kimi mühüm məsələlərin
həllinə imkan yaradan hüquqi prinsipləri müəyyən
etdi.
Komitənin gördüyü
işlər
Qurum "Xaricdə
Yaşayan Azərbaycanlarla İş üzrə Dövlət
Komitəsi" kimi fəaliyyət göstərdiyi 7 il ərzində xarici ölkələrdə
yaşayan Azərbaycanlıların təşkilatlanması,
soydaşlarımız arasında milli-mənəvi dəyərlərin
qorunub saxlanması, yaşadığı ölkələrdə
onların hüquq və azadlıqlarının qorunması
istiqamətində bir sıra mühüm tədbirlər həyata
keçirmiş, ayrı-ayrı qurumların bir təşkilatda
birləşməsinə nail olmuşdur. Komitə bu dövr ərzində:
1) Berlin şəhərində Avropa Azərbaycanlıları
Konqresinin təsis konfransını keçirmiş (17 aprel
2004-ci il), Konqresin nizamnaməsi qəbul edilib və rəhbər
orqanlar seçilmişdir; 2) Türkiyə
Respublikasının İskəndərun şəhərində
bu ölkədə fəaliyyət göstərən 18 Azərbaycan
icma və birliklərini birləşdirən Türkiyə-Azərbaycan
Dərnəkləri Federasiyasının təsis
konfransını keçirmiş (28 may 2004-ci il); 3)
Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları
Federasiyasının təsis konfransını keçirib
(aprel 2005-ci il); 4) 2004-ci il oktyabr ayında Azərbaycan və
Rusiya prezidentlərinin iştirakı ilə Ümumrusiya Azərbaycan
Konqresinin II Qurultayını keçirib; 5) 2005-ci ildə YAK
idarə Heyəti Dnepropetrovskda toplantısını
keçirib.
2006-ci il
martın 16-da isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı
ilə Bakıda Dünya Azərbaycanlılarının II
qurultayı keçirildi. 2007-ci il
noyabrın 17-19-da yenə də dövlət
başçısının təşəbbüsü ilə
ilk dəfə Türkiyədə yox, Bakıda təşkil
olunan Türk Dövlət və Cəmiyyətlərinin XI
Dostluq, Qardaşlıq və Əməkdaşlıq
Qurultayı keçirildi. Qurultayda Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev, Türkiyə
Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan,
Şimali Kipr Cumhurbaşqanı Mehmet Əli Tələb və
Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin
iştirakı sözsüz ki, tədbirin mötəbərliyini
daha da artırdı. 2008-ci il martın 27-də Dünya Azərbaycan
və Türk Diaspor Təşkilatları Koordinasiya
Şurasının Berlində keçirilən iclasında
Komitə sədri Nazim İbrahimovun "Türkdilli dövlətlər
arasında münasibətlərin inkişafında
diasporların rolu" mövzusunda məruzəsi böyük
marağa səbəb oldu. İclas qərara
aldı ki, Koordinasiya şurasının 9 nəfərdən
ibarət idarə heyəti, katibliyi yaradılsın və bu
struktur Avropa dövlətlərinin birində fəaliyyət göstərsin.
Diasporla İş üzrə
Dövlət Komitəsi
hansı zərurətdən
yaradıldı?
Ölkə prezidentinin
2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla
İş üzrə Dövlət Komitəsinin əsasında
Diasporla İş üzrə Dövlət Komitəsinin
yaradılması isə, respublikanın ictimai-siyasi-mədəni
həyatında mühüm hadisə oldu. Çünki
qloballaşan dünyanın reallıqları, xalqlar
arasında gedən inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının
beynəlxalq siyasətdə artan rolu bu sahədə daha
genişmiqyaslı fəaliyyət göstərilməsini
tarixi zərurətə çevirmişdi. Diasporla İş üzrə Dövlət Komitəsinin
yaradılması məhz bu zərurətdən irəli gəlmişdi.
Beləliklə, Azərbaycan Respublikası Prezidenti tərəfindən
əsasnamə və strukturu 2009-cu ilin may ayında təsdiqlənən
Diasporla İş üzrə Dövlət Komitəsi daha
geniş statuslu - xaricdə yaşayan azərbaycanlılarla
iş sahəsində dövlət siyasətinin həyata
keçirilməsi, onlarla əlaqələrin genişləndirilməsi
və inkişaf etdirilməsini, dövlət
orqanlarının və qeyri-hökumət təşkilatlarının
bu sahə ilə bağlı fəaliyyətinin
koordinasiyasını təmin
edən mərkəzi icra hakimiyyət
orqanına çevrildi.
Əsasnaməyə
görə, Komitənin əsas vəzifələri
bunlardır: 1) Xaricdə yaşayan soydaşlarımıza,
onların yaratdığı qurumlara, KİV-lərə beynəlxalq
hüquq normaları çərçivəsində öz
tarixi Vətənlərilə əlaqə yaratmaq, ana dilini,
milli-mənəvi dəyərləri mənimsəmək,
yaşatmaq və inkişaf etdirmək, habelə Azərbaycana
dost münasibət bəsləyən digər xalqların
diasporları ilə əlaqələr qurmaq, onların təcrübəsini
öyrənmək üçün hər cür təşkilatı,
informasiya, maddi-mənəvi yardım etmək; 2) Ölkəmizdə
demokratik cəmiyyət quruculuğu, sosial-iqtisadi və
ictimai-siyasi-mədəni inkişaf haqqında həmvətənlərimizi
və digər xalqları məlumatlandırmaq; 3) dünya azərbaycanlılarının
mənəvi birlik və həmrəyliyinə yönələn
ümummilli ideyaları, milli-mənəvi dəyərləri
sistemləşdirmək, onları vətəndaşlarımız
və xaricdə yaşayan soydaşlarımız arasında təbliğ
etmək; 4) Xaricdə yaşayan azərbaycanlıların mədəniyyət,
incəsənət mərkəzlərinə və s.
yaradıcı kollektivlərə dövlət orqanları ilə
birgə yardım göstərmək; 5) Xaricdəki həmvətənlərimizi
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar
prosesinə cəlb etmək; 6) Xarici ölkələrdə
diasporumuzun formalaşmasına yardım etmək və Azərbaycanın
haqq işini, o cümlədən Qarabağ probleminin mahiyyətini
dünyaya çatdırmaq; 7) Respublika və dünya əhəmiyyətli
tədbirlərdə xaricdə yaşayan azərbaycanlıların
və dost diasporların iştirakını təmin etmək,
nəticələri işıqlandırmaq və dövlətimizə,
milli birliyimizə, azərbaycançılıq məfkurəsinə
xidmət edən mühüm işlər görmək və
s. və i.
Görülən işlər
Yeni Komitə 2008-ci il
dekabrın 18-də Bakıda Dünya Azərbaycanlılarının
əlaqələndirmə Şurası üzvlərinin
iştirakı ilə "Azərbaycan-Şərqin dünyaya
açılan qapısı" mövzusunda Dünya Azərbaycanlılarının
Həmrəyliyi gününə həsr edilmiş tədbir
keçirmişdir. 2009-cu il martın 7-də
isə Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin
(BAK) II qurultayı oldu və 12 nəfərdən ibarət BAK
idarə heyətinin üzvləri seçildi. Diasporla
uğurlu işini davam etdirən Komitə 2009-cu il aprelin 14-də Frankfurtda Avropa Azərbaycanları
Konqresinin (AAK) III qurultayını keçirib. Quruma
11 diaspor təşkilatı üzv qəbul və AAK-nın
strukturunda dəyişikliklər edildi. 2009-cu il mayın 30-da Toronto şəhərində
keçirilmiş "Kanada Azərbaycan Təşkilatlar
Assambleyası"-nın I qurultayında 2 təşkilat
quruma üzv seçilmiş və Assambleyaya daxil olan diaspor təşkilatlarının
sayı 12 olmuşdur.
Bu gün mühacirlər
ölkəsi olan ABŞ-da artıq güclü diasporamız
var. Dövlət Komitəsinin gördüyü işlər nəticəsində
bu ölkədə Amerika-Azərbaycan Gənclər təşkilatı,
Nyu-Yorkdə bir neçə diaspor təşkilatı,
Koliforniyada Amerika-Azərbaycan Cəmiyyəti fəaliyyət
göstərir. Ümumiyyətlə, ABŞ və Kanadada bu
gün 50 diaspor təşkilatı azərbaycançılıq
ideyasını, dilimizi, dinimizi, mədəniyyətimizi
inkişaf etdirir, Azərbaycanın haqq işini
yaşadığı ştatlarda ictimaiyyətə
çatdırır. 2009-cu il iyun ayında
Almaniya Bundestağı bu ölkənin parlamentinin tarixində
ilk dəfə olaraq "Cənubi Qafqazda təhlükəsizlik,
sabitlik və demokratiyanın gücləndirilməsi"
adlı qətnamə qəbul etdi. 2009-cu ildə
baş verən mühüm hadisələrdən biri də
Ulyanovek şəhərindəki mərkəzi meydanlardan birinə
Heydər Əliyevin adının verilməsi oldu. Ulyanovskadakı 78 nömrəli orta məktəbdə
Azərbaycan tarixi və mədəniyyəti muzeyi
açıldı. Komitənin 2009-cu ildə
keçirmiş tədbirlərindən biri də, Frankfurt
şəhərində Avropa Azərbaycanlıları Konqresi və
Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya
Şurasının birgə toplantısıdır. Toplantıda diaspor təşkilatları birmənalı
şəkildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi həll edilmədən Türkiyə-Ermənistan
sərhədlərinin açılmasının yolverilməz
olduğunu və bu məsələdə Azərbaycanın
mövqeyini dəstəklədiklərini bəyan etdilər.
Avropada yaşayan azərbaycanlı
xanımları daha da fəallaşdırmaq, qadın təşkilatları
arasında əməkdaşlığı inkişaf etdirmək
məqsədilə, Komitə 2009-cu ilin noyabrında
Avropadakı Azərbaycanlı Qadın Təşkilatı
Birliyinin təşəbbüs qrupunu yaratdı. Həmin ildə
Komitə yeni internet saytını istifadəyə verdi. 2010-cu ildə isə "Azərbaycan
diasporuna dövlət qayğısı" adlı Azərbaycan
dövlətinin diasporun inkişafına göstərdiyi
qayğıdan bəhs edən 3 kitab nəşr edildi.
2010-cu ilin
uğurları sırasında Çexiyanın Lidiçe
küçələrindən birinə Xocalı,
Xocalıdakı küçələrindən birinə isə
Lidiçe adının verilməsi, hər iki şəhərin
faciəsinin dünya ictimaiyyətinə
çatdırılması olub. Həmin
ildə İsrailin Təl-Əviv şəhərində
"KİV və regional münaqişələr"
mövzusunda beynəlxalq konfrans və Ukraynada yaşayan azərbaycanlı
gənclərin I forumu, Marneuli şəhərində isə
Gürcüstan azərbaycanlı gənclərinin I
qurultayı keçirilib. İsveçdə də azərbaycanlı
gənclər bir araya gələrək yeni təşkilatı
- "İsveçin gənc azərbaycanlıları"nı yaratmışlar. 2011-ci ildə
Bakı şəhərində Dünya Azərbaycanlı Gənclərin
I Qurultayının keçirilməsini isə Diasporla İş
üzrə Dövlət Komitəsinin perspektli kadr siyasətinin
davamı, diasporumuzun gələcək inkişafının
mühüm amili kimi qiymətləndirmək olar. Ümumiyyətlə, bu gün dünyanın əksər
ölkəsində 370-dən çox Azərbaycan icması fəaliyyət
göstərir və diasporumuzun təşkilatlanması prosesi
artan templə davam edir. Əslində bu
müqəddəs işin alternativi də yoxdur. Çünki, Azərbaycan dövlətinin uğurlu
diaspor siyasəti, milli maraqlarımız və dövlətçiliyimizə
sadiqliyimiz bəzi dövlət və qurumları hələ də
çox narahat edir. Artıq anti - Azərbaycan
kampaniyasının başında məkrli erməni lobbisinin
durması heç kimdə şübhə oyatmır.
Ermənistanın bir dövlət olaraq ölkəmizə təsir
imkanlarının zəif olmasını nəzərə alan bu lobbi həm real, həm də virtual məkanda
bütün çirkin vasitələrdən istifadə edir.
Ölkəmizə qarşı müxtəlif ideoloji təxribatlar
trans-milli blok, təşkilatlar, hətta bəzi
dövlətlər tərəfindən də törədilir.
Bunu son vaxtlar ABŞ və Almaniya KİV-lərində
çap olunan qərəzli məqalələr də sübut
edir. Qeyd edək ki, diasporla işin dövlət
siyasətinin prioritet istiqamətlərindən birinə
çevrilməsi həm də bu zərurətdən
doğub. Və aparılan qısa təhlillər də
göstərir ki, bu sahədə görülən iş
Dövlət Komitəsi tərəfindən uğurla davam
etdirilir. Şübhə etmirik ki, Azərbaycan
Respublikasının diaspor siyasətini həyata keçirən
bu mərkəzi icra hakimiyyəti orqanı keçən illərdə
olduğu kimi, "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının həyata
keçirilməsində də öz layiqli töhvələrini
verəcək.
Vaqif Cəliloğlu
Bakı xəbər.- 2012.- 25 aprel.- S. 12.