Azərbaycan aşıqlarının vahid səhnə geyimi
forması müsabiqəyə çıxarıldı
Azərbaycanda
aşıq sənətinin inkişafı, bu sənətə
dövlət tərəfindən göstərilən
qayğı, bu sahədə həyata keçirilən tədbirlər
bu sənətin daşıyıcılarından çox
şey tələb edir. Tarixən aşıq elin
yaraşığı, güzgüsü olub. Yəni xalq
özü aşığı bu yüksək mərtəbəyə
layiq bilib. Aşıq yalnız ifaçılığı,
dastan danışmağı, məclis aparmağı, mədəniyyətilə
deyil, həm də geyimilə örnək olub.
Sovetlər Birliyi
dönəmində aşıqlarla raykom katiblərinin, kolxoz sədrlərinin
geyimi arasında çox az fərq olub. Stalindən miras qalan
kitel, qəlife şalvar, uzunboğaz çəkmə, enli kəmər.
Sonra bəzi aşıqlar kümüş işləməli
kəmərlər taxdı. Bu gün də taxanlar var. Bir də
aşıqların papağı fərqli idi. Quzu dərisindən
buxara papaq qoyurdular. Bu baş geyimindən indi də bəzi
aşıqlar istifadə edir.
Azərbaycan
aşıqlarının geyimi hansı formada olmalıdır
ki, bütün göstəriciləri ilə aşıq sənətinə
layiq olsun, aşıqlar onu geyəndə özünü əsl
aşıq kimi hiss etsin?
"Bakı-Xəbər"
olaraq iki-üç il əvvəl kişi aşıqların
geyim məsələsini gündəmə gətirib onu
müzakirə etdik. O vaxt alimlərin böyük əksəriyyəti
təklif edirdi ki, "Stalinski" geyimdən birdəfəlik
imtina edilməli, milli ornamentləri, çalarları
özündə birləşdirən geyimlər tikilməlidir.
Bəzi alimlər isə bildirirdi ki, bu geyim Stalindən miras
qalmayıb, türk kişiləri ayağı dar, dizi torbavari
şalvarlardan qədimdən bəri istifadə edib. Alimlərin
sözündən belə çıxır ki, Stalin
dövrünün dizayner-dərziləri türk kişi
geyimini bir qədər dəyişdirərək onu o dövrə
uyğunlaşdırıb. Dövlət xadimlərilə
yanaşı, aşıqlar da bu geyimdən vahid forma kimi
istifadə edib.
Aşıqlar Birliyinin
sədri, xalq şairi Zəlimxan Yaqub bir müddət əvvəl
mətbuata verdiyi açıqlamada bildirib ki, aşıqlar
hazırda istifadə etdiyi geyimi birdəfəlik əynindən
çıxarmalı və əsl aşıq geyimi geyməlidir:
"Bu məsələ bizim qarşımızda duran ən
böyük işlərdən biridir. Biz rəssamları dəvət
edib müasir aşıq geyim formasını
hazırlayacağıq. Elə bir aşıq forması tapmaq
lazımdır ki, tarixi ənənə ilə müasirlik
orada vəhdət tapsın. Biz vahid aşıq geyim
formasını təsdiq edəndən sonra bütün
televiziya kanallarının rəhbərləri ilə
danışıqlar aparacağıq ki, heç bir
aşığı həmin geyim forması olmadan efirə
buraxmasınlar. İndi aşıqlar efirə mütrüb
görkəmində çıxır, xalq da fikirləşir
ki, aşıq belə olur".
Aşıqlar Birliyi hələlik
konkret olaraq bu sahədə hər hansı bir addım
atmayıb. Ancaq Mədəniyyət və Turizm Nazirliyi aprelin əvvəllərində
Azərbaycan aşıqlarının vahid formasının
eskiz layihəsinin hazırlanması üçün rəssamlar,
alimlər, aşıqşünaslar arasında müsabiqə
elan edib. Bu geyimin əsasən səhnədə geyinilməsi
nəzərdə tutulur.
Nazirliyin mətbuat
katibi Zöhrə Əliyeva APA-ya bildirib ki, beynəlxalq və
ölkə səviyyəli tədbirlərə Azərbaycan
aşıqlarının bir sıra hallarda aşıq sənətinin
yüksək səviyyəsinə uyğun olmayan geyimlərdə
çıxması bu sahədə mövcud olan pərakəndəliyin
aradan qaldırılması zərurəti yaradır.
Təqdim olunacaq layihələr
Azərbaycan aşıq sənətinin qorunub saxlanmasına, təbliğ
olunmasına və gələcək nəsillərə
çatdırılmasına xidmət etməlidir. Müsabiqədə
iştirak edəcək şəxslərə tövsiyə
olunur ki, layihənin hazırlanmasına bu sahədə
müvafiq bilik və təcrübəyə malik
folklorşünasları, tarixçiləri, ədəbiyyatçıları
və digər mütəxəssisləri cəlb etsinlər.
Hazırlanacaq səhnə geyiminin eskizində milli ornamentlər
öz əksini tapmalı və geyimin Azərbaycana məxsusluğu
bilinməlidir. İşlər 2012-ci il iyunun 1-dək Mədəniyyət
və Turizm Nazirliyinə təqdim edilməlidir. Müsabiqənin
qalibləri üçün hər biri müvafiq olaraq 1000,
750 və 500 manat məbləğində 1-ci, 2-ci və
3-cü dərəcəli mükafatlar təsis ediləcək.
Qalib elan ediləcək işlər, dövlət mülkiyyəti
sayılmaqla, Mədəniyyət və Turizm Nazirliyinin istifadəsinə
veriləcək.
Azərbaycan aşıqlarının müasir geyimi, səhnə
libası necə olmalıdır?
Alim və rəssamların
təklifi nədir? Onların müsabiqəyə münasibəti
necədir? Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ədəbiyyat
İnstitutunun direktor müavini, görkəmli
aşıqşünas, professor Məhərrəm
Qasımlı "Bakı-Xəbər"ə bildirdi ki, köhnə
geyimin təkmilləşdirilərək saxlanmasının tərəfdarıdır:
"Aşıqlar uzun illərdir ki, hazırkı geyimdən
istifadə edir. Bütün ustad aşıqların
danışığından, indiki aşıqların
sözlərindən belə qənaətə gəlmək
olar ki, onlar bu formada özlərini daha rahat hiss edir. Hətta bəziləri
deyir ki, kostyumda səhnəyə çıxanda yox, bu geyimdə
özümü əsl aşıq sayıram. Mənim fikrim
belədir ki, köhnə geyim saxlansın, sadəcə qəlife
şalvarın yerinə düz şalvar olsun. O vaxt dizi
torbalı şalvarları ona görə geyirdilər ki, at
üstündə rahat olsunlar. Yəni o at minmək
üçün bu formaya salınmışdı. Kitel, papaq,
gümüş kəmər qalmalıdır, yalnız çəkmənin
boğazı bir az qısaldılmalıdır. O geyimə də
milli ornamentlər əlavə etmək olar. Dəyişməyin
o qədər də əhəmiyyəti olmayacaq.
Aşığa ona doğma olan geyimi geydirmək
lazımdır".
M.Qasımlının
sözlərinə görə, konkret təklifinin olmasına
baxmayaraq, müsabiqənin elan edilməsinə də normal
baxır: "Müsabiqə elan ediblər, bu onların öz
işidir. Buna normal baxıram...Amma yenə də deyirəm,
köhnə formanı təkmilləşdirmək
lazımdır".
Aşıq sənətinə
xüsusi münasibətilə seçilən rəssam Vaqif
Ucatay (Hüseynov) bizimlə söhbətində dedi ki,
aşıq geyimlərilə bağlı çoxlu maraqlı
ideyalara malikdir, amma müsabiqəyə qatılmayacaq:
"İnanmıram ki, o müsabiqə tam obyektivlik şəraitində
keçiriləcək. Buna görə də ora
qatılmayacağam. Onsuz da maraqlı işlər kənarda
qalacaq, yenə də qalib kiminsə adamı olacaq.
Aşıqların libası milli olmalıdır,
hazırkı geyimin dəyişməsinə böyük
ehtiyac var. Fikirləşirəm ki, aşıqlar milli
aşıq geyimində səhnəyə
çıxmalıdır. Aşıq sənətini bilən
bir rəssam kimi aşıq libasının hazırlanması
üçün mənə müraciət etsələr,
canımı qoyub çox gözəl, milli, aşığa
layiq bir formanın eskizini hazırlayaram. Amma ideyamla
bağlı heç bir söz demək istəmirəm".
Tanınmış sazbənd-aşıq Murad Kövrək ənənəvi
aşıq geyiminin tərəfdarıdır. Onun sözlərinə
görə, aşıqların vahid geyimi lap qədimlərdən
olub: "Stalin 1924-cü ildən sonra hakimiyyətə gəlib,
aşıq geyimi isə lap keçmişdən geyinilib. Dədə-babalarımız,
ağa-bəylərimiz elə geyiniblər. Mən hesab edirəm
ki, köhnə aşıqlarımız necə geyinibsə,
biz də elə geyinməliyik. Xanım
aşıqlarımız da örpəklə məclisə
çıxmalıdır".
Aşıq Murad
Kövrək dedi ki, geyim məsələsi
aşıqların həssas yeridir, yaxşı olardı ki,
bu məsələdə ustad aşıqların da təklifi
nəzərə alınsın.
İradə
SARIYEVA
Bakı
xəbər.- 2012.- 27-29 aprel.- S.14.