Ana yurdum, yuva qurdum - Azərbaycan,
Türkiyə...
Bir qartalın iki qanadı - Azərbaycan-Türkiyə. Bir ananın iki
gözü-Azərbaycan-Türkiyə. Anamızın əkiz
balası-Azərbaycan-Türkiyə! Azərbaycanla Türkiyə
arasında mövcud olan
münasibətlər sadəcə dostluqla
məhdudlaşmır. Bu əlaqə
qardaşlıqdan, mərhəmlikdən doğan
bir doğmalıqdır. Qərinələr
boyu bir-birindən məcburən ayrı
salınıb bu doğma
qardaşlar. Amma
qardaşın qardaşa, bacının
bacıya alovlu qovuşmaq
istəyi bütün şər qüvvələri
yandırıb məhv edib.
Bir vaxtlar
tikanlı məftillərə qonub nisgilli, ağrılı nəğmələr
oxuyan quşlar kimiydik. Səsimizi küləklərə, göz yaşımızı sərhəd dirəklərinin
kölgəsində bitən çiçəklərə əmanət
edirdik ki, qardaş Türkiyə ellərinə
çatdırsınlar. Uzun illər yasaq edildi
görüşlər, gediş-gəlişlər, zənglər,
məktublar. Yasaqlar sərtləşdikcə
insanların bir-birini soraqlamaq
ehtirası daha da
güclənirdi. Təşnə könüllər bir içim suya möhtac olan təki bizlər də bir-birimizə təşnə
idik. Həsrət, ayrılıq dolu aylar, illər başa çatdı. Göz
yaşları qurudu nənələrin,
anaların. Bir vaxtlar
gedənlərin özü qayıtmasa da yanan ürəklərə
su çiləyən, təsəlli verən
xəbərləri qayıdır. Kiminin
balası gəldi, kiminin məktubu.
Türkiyə azərbaycanlılar üçün
tarixən vətən rolunu oynayıb. Təsadüfi
deyil ki, mühacirətə
getmək məcburiyyətində qalan
soydaşlarımızın müəyyən bir
qismi ömrünü
qürbətdə başa vurmaq
istəməyib Türkiyəyə üz tutub. Onu doğma
ana bilib
qucağında haqq dünyasına qovuşmaq istəyiblər. Yalnız azərbaycanlılar
Türkiyəyə ana vətənin bir parçası kimi
baxmayıb, Türkiyə vətəndaşlarının da Azərbaycana münasibəti o cür olub.
Azərbaycan torpağında nə qədər türkiyəli
şəhid uyuyur. Onlar Azərbyacanın
müstəqilliyi, Bakının və bölgələrimizin
rus-daşnak birləşmələrindən
xilas edilməsi uğrunda
qəhrəmancasına döyüşərək şəhidlik
mərtəbəsinə yüksəlib. Şamaxıda bir tənha qəbir var.
1918-ci ildə Qafqaz İslam
Ordusunun şəhid düşən bu igidinin məzarı
şamaxılıların daim ziyarət yeridir. El arasında gəzən
söhbətlərə görə, övladı müharibədə
həlak olan yaşlı insanlar
indinin özündə də o məzar öz
balasının qəbri kimi ziyarət edir. Sanki onlara
elə gəlir ki, bu
onların şəhid olan
övladlarıdır. Bu da
doğmalıqdan irəli gələn bir
məsələdir. O şəhid Türkiyədə
doğulub, Azərbaycanda şəhid olub. Çanaqqala
savaşında yüzlərlə azərbaycanlı
şücaətlə vuruşaraq qəhrəmanlıq
göstərib, onlardan şəhid
düşənlər də, salamat
qalıb həyatını Türkiyədə davam
etdirənlər də çoxdur. Bir neçə
il əvvəl Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi təmsilçilərinin
apardığı araşdırma nəticəsində məlum
oldu ki, Çanaqqala savaşında onlarla
könüllü Azərbaycan türkü öz doğma qardaşının harayına
yetişmək üçün Türkiyəyə
yollanıb. Tarix boyu
bu yardımlaşma, Azərbaycan və
Türkiyənin bir-birinə dəstək olması davamlı xarakter daşıyıb. Hər zaman Azərbaycan və Türkiyə bir-birinə
arxa-dayaq, həyan olub.
Şad gündə də, hüznlü
anlarda da
çağırılmadan bir-birinin
dadına yetişib məmləkətlərimiz.
Hətta Sovetlər Birliyinin ilk illərində Azərbaycan və Türkiyə
qardaşlığı böyük bir tarixi sınaqdan üzü ağ
çıxa bildi. Kiçik, lakin
əhəmiyyətli bir hadisəni
xatırlatmaq istərdik. Çox az adama məlumdur ki, Azərbaycan sosialist lideri, maarifçi və
yazıçı Nəriman Nərimanov Türkiyə Cumhuriyyətinin
qurucusu Mustafa Kamal Atatürkə bəzi məqamlarda böyük dəstək nümayiş
etdirib. Zaman-zaman
Türkiyə mətbuatında işıq üzü
görən bəzi faktlar Azərbaycan
oxucuları üçün də böyük maraq kəsb
etməkdədir.
1920-ci il may
ayının 3-də Mustafa Kamal Paşanın Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya
yazdığı məktub zaman-zaman tədqiqatçıların
diqqətini cəlb edib. Atatürk
məktubunda deyilirdi: "Dövlətdə
heç pul
qalmadı. Ölkə daxilində pul təmin
edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər Azərbaycan
Hökumətindən borc pul
alınmasını təşkil etmənizi istəyirəm".
Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini
Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan Sovet Sosialist Respublikası ilə Ankara
hökuməti arasındakı ilk rəsmi
təmas idi. Azərbaycandan Türkiyəyə
qardaş əli 1921-ci ildə, Nərimanovun
şəxsi əmrilə uzanıb.
Həmin ilin may
ayında Azərbaycan Türkiyəyə 62 sistern
neft göndərib və bundan
sonra savaş qurtarana qədər eyni dəyərdə
neft və üç
vaqon kerosin göndərmə
öhdəliyi götürüb. Mustafa Kamal Paşa
1921-ci ildə Nərimanova bir məktub yazaraq ondan borc
pul istəmişdi. Bu
məktub səfir vasitəsilə 1921-ci il
mart ayının 17-də Nərimanova
çatdırılıb, o isə dərhal
500 kq qızıl göndərib. Bunun 200 kq-ı dövlət büdcəsinə,
qalanı isə silah və sursat üçün
istifadə edilib. Daha sonra Nərimanov Rusiyadan
aldığı 10 milyon qızıl pulu Ankaraya göndərib.
Bu
yardımlar sayəsində döyüş
içində olan ölkənin vəziyyəti
xeyli düzəlib. 1921-ci il
mart ayının 23-də Azərbaycan
hökuməti könüllü şəkildə
Türkiyəyə Azərbaycan xalqının hədiyyəsi
olaraq 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağ göndərib. Bundan
əlavə, 1922-ci ildə Batumi yolu ilə Azərbaycan tərəfdən 9 min tondan çox
kerosin və 350 ton benzin yardımı edilib.
Nərimanov Mustafa Kamal
Paşaya yazdığı məktubunda əsl
qardaş münasibətini əks etdirən
fikir bildirir: "Paşam, bizdə qardaş
qardaşa borc verməz.
Qardaş hər zaman
qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman
əlinizdən tutacaq və tutmağa davam edəcəyik".
Azərbaycan Türkiyəyə qarşı bütün
xeyirxah addımları təmənnasız
atıb, Türkiyə Cumhuriyyətinin bizə sarı
atdığı bütün addımlar da eyni mahiyyət
daşıyıb. Azərbaycan xalqı olaraq,
1918-ci ildə rus-daşnak birləşmələrinin
bizə qarşı hücumlarını türkiyəli
qardaşlarımızın təmənnasız köməyilə
dəf edə bildik. Bakının Şəhidlər
Xiyabanının bir
addımlığında qəhrəman Türk
əsgərləri uyuyur. Azərbaycan
xalqı daimi olaraq
onların məzarlarını ziyarət edir,
ruhlarına dua oxuyur.
O şəhidlər bu torpaqda
rahat uyuyur, çünki canları qədər sevdikləri
analarının qucağında əbədiyyətə qovuşublar. Onlar Azərbaycanı
sevməsəydilər, onun uğrunda şəhid olmağı özlərinə
şərəf bilməzdilər ki? Türk dünyasının böyük
şairi Bəxtiyar Vahabzadə Azərbaycan-Türkiyə
vəhdətini öz şeirlərində
daha ali səviyyədə
böyük sevgi və
ilhamla ifadə edir.
Bir ananın
iki oğlu,
Bir amalın
iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum,
ata yurdum
Azərbaycan-Türkiyə!
Türkiyə və Azərbaycan qardaşlığı, onların
münasibətindən doğan
tərəfdaşlığı bundan gözəl, bundan məzmunlu ifadə etmək çətindir. Azərbaycan xalqının,
onun övladlarının
taleyində Türkiyə
Cumhuriyyəti çox
əhəmiyyətli rola
malik olub. Elə fəaliyyəti, işi, həyatı Azərbaycanla
bağlı olan türkiyəli qardaşlarımız
da Azərbaycanı öz taleyinə yazılan xoşbəxtlik
hesab edir. Bu yaxınlarda yerli
mətbuatda çox maraqlı bir fikrə rast gəldik. Türkiyə Cumhuriyyətinin Naxçıvan
Muxtar Respublikasındakı
keçmiş konsulu
"Mən Naxçıvanda
dəfn olunmağı
arzu edirəm" deyə bildirib. Naxçıvana sevgisini, hörmətini
ifadə edib konsul bununla. O həm də Azərbaycan-Naxçıvan torpağını
isti, laylalı bir ana qucağı
sandığı üçün
belə deyib.
Azərbaycan türkləri
də həmişə
özünü Türkiyədə
görmək istəyib.
Bu istəyi ifadə
edən yüzlərlə
bayatı, türkü
yaradıblar. Qızlarımızdan elələri də tapılıb ki, qismətinin, baxtının
qarslı oğlana tuş gəlməsini diləyib Tanrıdan.
Qarsa
yaz,
Bura gündür, Qars ayaz
Qələminə
qurban, Tanrı,
Qismətimi
Qarsa yaz...
Kim bilir
bu bayatının neçə yaşı
var. Neçə qız
oxuyub bu türkünü, neçə
oğlan bu bayatını ürəyində
zümzümə edib
pünhan-pünhan... Türkiyə
Azərbaycan, Azərbaycan
da Türkiyə üçün çox əzizdir. Təsadüfi deyil ki, Azərbaycan ziyalılarının,
aydınlarının, qələm
adamlarının bir çoxunun taleyində Türkiyə dərin iz buraxıb. Bəzilərinin təhsil alıb
dünyagörüşünün formalaşdığı, bəzilərinin
qürbət acısına
düçar olmamaq üçün üz tutduğu, bəzilərinin
isə son ünvanı
olan məmləkətdir
Türkiyə. Azərbaycan xalqının
neçə görkəmli
şəxsiyyəti Türkiyədə
özünə əbədi
həyat qazanıb.
Azərbaycan ədibi,
filosof və ədəbiyyat tənqidçisi
, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim,
jurnalist XX əsr Azərbaycan-türk ictimai
fikrinin ən görkəmli nümayəndələrindən
biri Əli Bəy Hüseynzadə (Əli Hüseyn Turan) gəncliyinin qaynar dövrünü yaşadığı, təhsil
aldığı, fəaliyyət
göstərdiyi Türkiyə
Cumhuriyyəti sonradan
1940-cı ildə dahi
Əli Bəy Hüseynzadənin vəfatına
şahidlik etdi. O, İstanbul məzarlıqlarından
birində böyük
hörmət və izzətlə dəfn edildi. Azərbaycan Xalq Cumhuriyətinin rəhbəri, yazıçı,
tədqiqatçı, jurnalist
Məhəmməd Əmin
Rəsulzadə 1955-ci il martın 6-da Türkiyədə vəfat
edib. M.Ə.Rəsulzadə
Ankarada, Əsri qəbiristanlığında dəfn
edilib. Uzun müddətdir ki,
M.Ə.Rəsulzadənin məzarının
Azərbaycana köçürülməsi
məsələsi aktuallaşıb.
Bütün Azərbaycan oğulları
kimi onun da Azərbaycanda uyumağa haqqı çatır. Amma məsələ
burasındadır ki,
o qürbətdə dəfn
edilməyib. İnanırıq ki, Rəsulzadə Əsri qəbiristanlığında
rahat uyuyur. Bundan onun ruhu narahat
deyil. O hər zaman Türkiyəni Azərbaycanın qardaşı
sayıb və Ankaranı da Bakı, Gəncə qədər özünə
doğma bilib. 1952-ci ildə Türkiyənin Elazığ şəhərində
dünyasını dəyişən
Almas İldırım,
publisist, tərcüməçi,
dramaturq, ictimai xadim 1959-cu il martın 8-də İstanbulda
qəflətən ürək
xəstəliyindən vəfat
edən və Qaraca Əhməd məzarlığında dəfn
olunan Mirzə Bala Məmmədzadə,
19 may 1939-cu ildə Türkiyədə
əbədi gözünü
yuman Əhməd Ağaoğlu, 1947-ci ildə
Türkiyənin Trabzon şəhərində
haqq dünyasına qovuşan Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri Xosrov bəy Sultanov, nəqşibəndi
təriqətinin banisi,
şair, təsəvvüf
alimi, 1866-ci ildə Amasiyada dünyasını
dəyişən Mir Həmzə
Seyid Nigari Türkiyə diyarını
özlərinə ana
qucağı saydıqları
üçün ölmək
üçün ora yön alıblar. Deyirlər ki, insan öləndə torpağa, vətənə
daha çox can atır. Harada olsa
ölmək üçün
ana qucağına gəlir. Onlar da qərib ellərdə
can verməməkdən ötrü
canlarını Türkiyədə
Allaha tapşırıblar.
Burda
sarı,
Nərgizim
burda sarı
Qürbət
vuran yaranı,
Vətəndir,
burda sarı...
Azərbaycan-Türkiyə,
bir savaşdan, bir qələbədən,
bir sevgidən, bir sevincdən, bir ürəkdən doğulan məmləkət...
İki qardaş, iki oğul, iki həmdəm.
Bir millətik, iki dövlət
Eyni arzu,
eyni niyyət.
Hər
ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.
Birdir
bizim hər halımız-
Sevincimiz-məlalımız.
Bayraqlarda
hilalımız
Azərbaycan-Türkiyə.
Məqalə Azərbaycan Mətbuat
Şurası və Türkiyə Cumhuriyyətinin
Azərbaycandakı Səfirliyinin
jurnalistlər arasında
"Azərbaycan-Türkiyə: qardaşlıqdan doğan
tərəfdaşlıq" mövzusunda keçirdiyi yazı müsabiqəsinə
təqdim edilir
Namiq QULİYEV
Bakı xəbər.- 2012.- 30 aprel.- S.
12.