Bakıda ingilis zabitinin oğurluq etdiyi məşhur
tarixi abidə...
Yayın qızmarında çox
adam evdən bayıra çıxmayıb, ta axşam sərin
düşənə qədər içəridə oturur.
Özünü günə yandırmaqdansa, kondisionerin
altında dincəlir. Bu adamlardan fərqli olaraq, mən istirahət
günümü Odlar yurdunun atəş qaynağı, od mənbəyi
Suraxanı səfərinə həsr etdim. Fikirləşdim
ki, evdə oturmaqdansa, 200 əsr yaşı olan Müsəlləhə
və Suraxanı "Atəşgah-məbəd"
qoruğuna baş çəkim. Yolda bələdçim
qoruğun direktoru Fuad Nuriyev oldu. Məbədə çatana qədər
yolboyu Fuad müəllim mənə Suraxanının yaranma
tarixindən danışdı.
Dedi
ki, Suraxanı sözünün etimiologiyasını Azərbaycan
türklərindən başqa heç bir xalqla bağlamaq
düzgün deyil. İxtisasca şərqşünas olan
F.Nuriyevin sözlərinə görə, Suraxanı ərazisindən
təbii yolla çıxan neft və qazdan başqa, burada qədim
əhəng yataqları da olub. Yerli əhali tacirlərə əhəng
satmaqla da öz dolanışığını təmin edib.
Odur ki, Suraxanı sözünün kökü əhənglə
bağlıdır, mənası "ağ kənd" deməkdir.
Yəni əhəng çıxan kənd.
Yeri
gəlmişkən...
Bəzi Sovet və fars tədqiqatçıları
Suraxanı sözünün mənşəyini türk mədəniyyətindən
qopararaq onu fars və onlardan törəyən tatların
adlarına bağlamağa cəhd edir. Məsələn, bəzi
tarixçilər yazır ki, Suraxanı adı tat (İran)
leksikasına mənsubdur. Burada qədimdən irandilli
tatların məskunlaşdığı qeyd edilir. Bildirilir
ki, Suraxanı toponimi iki komponentdən ibarətdir: surax - fars və
tat dillərində çala, çuxur, oyuq, deşik; xanı
isə mənbə, qaynaq, çeşmə, fəvvarə deməkdir.
Tarixçi alim Sara Aşurbəyli də, nədənsə,
sözün milli mənşəyini axtarmaq əvəzinə,
qeyri-azərbaycanlı alimlərin məntiqinə etibar edir. O,
"Suraxanı oyuqdan, deşikdən qaynayıb daşan, fəvvarə
vuran deməkdir" deyə yazır. Şərq tarixçisi
Əl-Məsudi isə Suraxanıdan od püskürən mənbə
kimi bəhs edib.
6
hücrənin daş lövhəsini ingilis zabiti
oğurlayıb...
"Atəşgah-məbəd"
qoruğuna çatar-çatmaz, ərazidə böyük
qazıntı işlərinin şahidi olduq. Fuad müəllim
dedi ki, indiyə qədər bu ərazidə kanalizasiya xətti
olmayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
sərəncamı ilə qoruq ərazisində geniş bərpa
işlərinə başlanıb. Mədəniyyət və
Turizm Nazirliyinin xəttilə aparılan bərpa işləri
haqda məlumat verən qoruq rəhbəri bərpa işlərinin
dəqiqliklə yerinə yetirilməsi üçün işə
ciddi nəzarət etdiyini bildirdi. Kənardan baxanda qoruq ərazisində
görülən işlər elə də diqqəti cəlb
etməsə də, məbədin qapısından içəri
daxil olanda burada qızğın iş getdiyinin şahidi oldum.
Həyətdə həm də qoruğun zəhmətkeş,
fədakar, gülərüz əməkdaşları ilə
qarşılaşdım. "Atəşgah-məbəd"də
alov yanırdı. Alovun dilləri göyə ucaldıqca sanki
yüz illər boyu Od Tanrıya səcdə edən kahinlərin,
inanc adamlarının ruhu ilə salamlaşırdı. Alov
sönmək bilmirdi. İşçilər dedilər ki, məbəddə
yanan odu seyr etməkdən doymurlar. Hətta bəziləri
öz əsəb gərginliyini, stressini oda baxmaqla atır. Məbəddə
göylərə əl uzadan alov dilimlərinin əsəblərə
sığal çəkdiyini deyir burada işləyən
qızlar. Mən qızlarla söhbət etdim, direktor isə
"Atəşgah"ın qala divarlarının üstü
ilə elektrik və telefon xətlərini nizamlayan ustaların
yanına getdi. O qayıdana qədər "Atəşgah"la
bağlı bilmədiklərimizi qızlardan öyrəndim.
1966-cı
ildə "Şirvanşahlar" (o vaxt bu qoruq da muzey
adlanıb-İ.S) qoruğunun filialı kimi fəaliyyətə
başlayıb. Amma bu dövrə qədər "Atəşgah-məbəd"
ərazisi, demək olar ki, baxımsız qalıb. Burada
eramızın ikinci-üçüncü əsrində məbəd
olduğunu deyən işçilərin sözlərinə
görə, hazırda gördüyümüz mərkəzi
ibadətgah XVI əsrin sonu, XVII əsrin əvvəlində atəşpərəstlər
tərəfindən tikilib. Öz dini ayinlərini icra etmək
üçün bura gələn atəşpərəstlər
məbəddə yanan odun ətrafında saat əqrəbinin əks
istiqamətinə dörd dəfə fırlanaraq müxtəlif
dualar oxuyub. 26 hücrədən ibarət olan kompleksin hər
hücrəsini bir zəvvar tikdirib. İpək yolunun
üstündə yerləşən Azərbaycana ticarət məqsədilə
gələn atəşpərəst tacirlər ziyarət məqsədilə
yolüstü bura gəlib. Həm məbədi ziyarət edib,
həm də dincəlib. 26 hücrədən 20-nin
üstündə bu hücrələrin kim tərəfindən
tikilməsinə dair məlumatlar var. Lövhənin 19-u qədim
hind dili olan sanskrit dilində, biri isə fars dilindədir.
Lövhənin 6-nın isə ingilis zabiti tərəfindən
oğurlanaraq öz məmləkətinə
aparıldığı bildirilir.
Söhbətimizin
bu yerində bir neçə turist "Atəşgah"ın
həyətinə daxil olur, onlar hücrələri gəzir,
məbəd qarşısında şəkil çəkdirir,
öz ana dillərində nə isə
danışırdılar. Belə başa düşdüm ki,
onlar məbədin füsunkarlığından, qeyri-adiliyindən
danışır. Baxmayaraq ki, məbədin ətrafı
qarışıqlıqdır, dəmir qalaqları
üst-üstə yığılıb, ortadan paslı boru xətti
uzanır. Amma turistləri bu qətiyyən narahat etmir, onlar
öz işindədir.
Atropatenadan
Azərbaycana çatan həqiqətlər
Qoruq direktoru qayıtdıqdan sonra
"Mərkəzi İbadətgah"la üzbəüz
daşın üstündə oturub qızlarla
yarımçıq qalan söhbətimizi onunla davam etdiririk.
Fuad Nuriyev bu məbədin hindlilər tərəfindən
salındığını etirazla
qarşıladığını bildirdi. Dedi ki, atəşpərəstliyin
vətəni, ana qucağı Azərbaycandırsa, burada
hindlilər necə ilk atəşpərəstlik məbədi
tikə bilər?
Xatırladaq
ki, Bizans diplomatı Prisk yazırdı ki, Midiyaya basqın edən
hunlar geri qayıdarkən başqa yolla döndülər və
dənizdəki qayadan yüksələn alovun yanından
ötərək vətənlərinə qayıtdılar. Məlumdur
ki, erkən orta əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti
atəşpərəstlik, yəni zərdüşt dininə
sitayiş edirdi. Hətta qədim Azərbaycan dövləti
olan Atropatenanın dövlət dini zərdüşt dini olub.
Bu baxımdan atəşpərəstlərin qədim abidələrindən
bir neçəsi bu günə qədər də Azərbaycanda
qalır. Atəşgah adlanan tarixi abidələrdən biri də
Suraxanıdakı barəsində bəhs etdiyimiz məbəddir.
Bura hələ qədimdən öz odu-alovu ilə atəşpərəstlərin
ən müqəddəs ziyarətgahı hesab edilirdi. Onlar
dünyanın ən müxtəlif ölkələrindən
ocağa ziyarətə gəlirdilər. Məbədin kahinləri
müqəddəs alovu gün ərzində tez-tez yoxlayıb,
onu sönməyə qoymurdu. Bu ənənə ərəb
istilasına qədər davam edib. Ərəblərin Azərbaycanı
istilasından, əhalinin İslamı qəbul etməsindən
sonra zərdüştlərin ibadətgahı unuduldu. Zərdüşt
dinindən dönmək istəməyənlər isə təqib
edildiyindən ölkəni tərk etdi. Nəticədə ibadətgah
baxımsızlıqdan uçub dağıldı, bu gün
isə dövlət səviyyəsində məbədə
ciddi qayğı göstərilir.
Fuad
müəllimin yada saldığı bu tarixi proseslər bu
gün "Atəşgah" məbədinin xeyrinə
inkişaf etməkdədir. Bu həm də ona xidmət edir ki,
"Atəşgah"a iddialı olanlar bu abidənin bizim
adımızla və tarixi taleyimizlə bağlı
olduğunu anlayıb iddialarından əl çəksin.
"Məqsədimiz
məbədi YUNESKO-ya salmaqdır"
Fuad Nuriyevin sözlərinə
görə, qoruqda bərpa işləri başa
çatdıqdan sonra onu YUNESKO-nun qorunan maddi-mədəni irs
siyahısına salmağı düşünürlər. Bu
məsələdə israrlı olduqlarını deyən
F.Nuriyev " fikrimiz "Atəşgah-məbəd"i
YUNESKO-ya salmaqdır. Məbəd YUNESKO-ya salınsa, bu qurum tərəfindən
bizə müəyyən köməkliklər olacaq.
Maraqlıyıq ki, YUNESKO siyahısına Azərbaycana aid
tarixi-mədəniyyət abidələri daha çox
salınsın, nəinki üzdəniraq
qonşularımızın bizdən oğurladıqları.
Ermənistandan üç obyekt düşüb ora, bizdən
isə yalnız İçəri Şəhər və
Qobustan daxil edilib. İstəyirik ki, özümüzü
tanıdıb tariximizin qədimliyini göstərək.
"Atəşgah"ın bu ibadətgahı hardasa on
altıncı əsrin sonu, on yeddinci əsrin əvvəlində
tikilib. Amma ehtimallara görə, tarixi daha qədimlərə
gedib çıxır. Azərbaycan Respublikası Prezidentinin
Ehtiyat Fondundan vəsait ayrılıb. "Atəşgah"ın
daxilində və çöl divarlarında iş Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən aparılır. Amma ətrafdakı
işlər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən
aparılacaq. Birinci, həyətdə qoruq üçün
inzibati bina tikiləcək. İndiyə qədər məcburiyyət
qarşısında qalıb hücrələri işçilərə
otaq kimi ayırmışıq. Halbuki, o hücrələrdə
ekspozisiya yaratmalı idik. Bundan başqa, burada
Suraxanının Tarix Muzeyi yaradılacaq. Bilirsiz ki,
Suraxanının tarixi çox qədimdir. Əlimizdə atəşpərəstliklə,
neftlə və.s ilə bağlı materiallar çoxdur. Sonra
nəzərdə tutulub ki, turistlərin vaxtını
maraqlı keçirməsi üçün məbədin
çölündə açıq estrada ifa etsin, kafe fəaliyyət
göstərsin. Ola bilsin ki, ərazidə kiçik bir
mehmanxana da tikilsin. Düşünülüb ki, stansiya tərəfdə
antikvar əşyalar dükanları açılsın.
Görüləcək işlərin həcmi çox
böyükdür. Bütün bu işlərin iki ilə
başa çatması nəzərdə tutulub" - deyə
bildirdi.
Məbəd
ərazisində həyata keçirilən əsaslı bərpa
işlərini yerli memarların gördüyünü deyən
direktor hesab edir ki, bu da effektiv işlərin üzə
çıxmasına şərait yaradır.
Quyular...
Həyətdə diqqətimizi bir
neçə quyu da cəlb etdi. Məbəddə bu qədər
quyunun olması doğrudan da maraqlıdır. Fuad müəllim
bildirdi ki, oturduğumuz yerlə üzbəüz quyu, ehtimala
görə, qurbanlıq quyusudur. Yəni məbədə qurban
gətirənlər qurbanın qanını bu quyuya
axıdıb: "O biri quyu isə qaz yığmaq məqsədilə
istifadə olunub. Qaz çıxan yeri bir az dərinləşdirib
üstünü gillə bağlayırdılar ki, ora qaz
yığılsın, təzyiq olsun, sonra qaz gil borularla məbədin
od yerinə, o cümlədən də hücrələrə
verilirdi. Burada su quyusu da tapılıb. Həmişə fikirləşirdik
ki, onlar suyu haradan alırdı? Sonra qazıntı zamanı bu
quyu aşkarlandı, onun üstünü
örtmüşdülər. 60-cı illərin ortalarına qədər
bura Neft-Qaz Çıxarma İdarəsinin anbarı olub. Su quyusunu
kislota bankalarının qalıqları ilə zəhərləyiblər.
Burada əslində 7 quyu olub, amma hələlik 5-i
tapılıb. Bəzi quyularda əhəng saxlayıb, sonra onu
satmaq üçün aparırdılar. Suraxanıda əhəng
çıxıb tarixən. Ona görə Suraxanıya Ağ
kənd deyirlər. Məbədin üst yanından keçən
iri paslı borunun çəkilməsinin maraqlı tarixçəsi
var. O vaxtlar burada qazıntı aparıldı, laylar
qarışdı və qaz yoxa çıxdı. Burada Kokeryev
adlı bir nəfərin zavodu vardı, o ağ neft istehsal
edirdi. Söhbət on doqquzuncu əsrin axırlarından gedir.
1887-ci ildə 134 saylı məktəbin yanında Aleksandr
Nevski kilsəsi inşa edildi. Onu da deyim ki, bu kilsənin
tikintisinə müsəlmanlar daha çox vəsait verib.
Hacı Zeynalabdin Tağıyev bura 100 min gümüş pul
verib. Həmin kilsənin açılışına II
Aleksandr gələndə "Atəşgah"ı ziyarət
etmək istədiyini deyib. O vaxt burada qaz yox idi. Ona görə
də tələm-tələsik zavoddan bura həmin bu boru ilə
qaz çəkiblər..."
İndira
Qandini səcdəyə gətirən məbəd
Tarixi mənbələr yazır ki,
Azərbaycanda Oktyabr inqilabı qələbə
çaldıqdan (?) sonra Suraxanı ərazisi
yavaş-yavaş neft və digər sənaye məhsulları
istehsalçısına çevrilir. Suraxanı məbədi
isə kerosin zavoduna çevrilərək gümbəzindəki
od isə söndürülür. Yalnız keçən əsrin
70-ci illərinin əvvəllərində-Hindistanın o vaxtkı
dövlət başçısı, əfsanəvi İndira
Qandi müqəddəs yeri ziyarət etmək arzusunda
olduğunu bildirdikdən sonra yerli rəhbərlik əl-ayağa
düşdü. Məbədin ərazisi zir-zibildən təmizləndi,
ora gedən yol asfaltlandı, tikili təmir edildi. Ən əsası
isə məbəddə qaz yenidən yandırıldı.
İndira Qandi səfərindən çox razı qaldı.
Damarlarından
od-alov axan insanlar...
F.Nuriyev bildirdi ki, bura ibadət məqsədilə
gələnlər arasında Azərbaycan vətəndaşları
da var, Hindistandan gələnlər də. Onun sözlərinə
görə, illər əvvəl məbədə qurbanlıq
qismində heyvan gətirilsə də, indi gələnlər
meyvə gətirir. Onların əsasən avqust ayında gəldiyini
deyən F.Nuriyevin sözlərinə görə, bu şəxslər
dini rituallar həyata keçirir, gətirdikləri meyvələri
oda atıb dualar edir: "Mən onlardan soruşuram ki, Siz atəşpərəstsiniz?
Deyirlər ki, müsəlmanıq, sadəcə
gözümüzü açıb ailəmizdə
böyüklərimizi oda sitayiş edən
görmüşük, biz də ailə ənənəmizi
davam etdiririk. Bu genlə, qanla gələn bir keyfiyyətdir. Nə
qədər islamı qəbul etsək də, yenə insanlarımızın
gen kodunda atəşpərəstliyin izləri yaşayır.
Bu adamlar od-alovu sevir. Bəzən gəlib saatlarla oda baxıb
təskinlik tapanlar olur".
Ayaqüstü
söhbətdə direktor deyir ki, burada heç nə dəyişməyəcək,
hər şey öz yerində qalacaq, bərpa işləri
zamanı bütün xırdalıqlar nəzərə
alınacaq.
Doğrudan da "Atəşgah"ın
sehrindən ayrılmaq çətindir, amma getməliyəm.
"Atəşgah"ın dünyaya səs salacaq
gününü görmək ümidilə oradan
ayrılıram. Arxada özündə böyük sirlər
gizlədən, öz möhtəşəmliyi və tarixilə
aləmi heyran qoyan od məbədi qalır...
Bakı
xəbər.- 2012.- 1 avqust.- S. 15.