"Səbail
rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və
perspektivlər"
El arasında onu Bakının giriş qapısı adlandırırlar. Gələnə "xoş gəldin", gedənə isə "yaxşı yol" deyir Səbail. Qonaq-qaraya, müsafirə qucaq açıb həmişə. Neft qoxulu, mavi gözlü, mehriban Xəzərin qonaqpərvər övladı Səbail. Tarixi çox qədimdir bu rayonun. Neft məskəni kimi tanınmazdan əvvəl də bu ərazi məşhur olub. Onun adı tarixi mənbələrdə, səyyahların, şairlərin əsərlərində xatırlanır.
Səbail rayon sakini olan yaşlı insanlarla söhbətimiz zamanı onlar bildirdi ki, Səbail ərazisində yaşayan insanların əsas məşğuliyyəti balıqçılıq olub.
Bu rayonun Bakının giriş qapısı olduğunu deyən ağsaqqallar bildirir ki, əsrlər əvvəl burada çoxlu sayda müdafiə məqsədilə tikilən qalalar olub. Bu qalaların qapısı dost üzünə açılıb, düşmən üzünə isə bağlanıb. Səbaillilər düşmən qabağından qaçmayıb heç vaxt. İstər dənizdən, istərsə də qurudan gözlənilən düşmən həmləsindən müdafiə olunmaq üçün tədbirli olublar. Yaşlı insanların verdiyi bilgiyə görə, bu rayon ərazisində bizim eradan əvvələ aid çoxlu abidələr olub, buradan tarixi-maddi qalıqlar tapılıb. Xəzər dənizinin qoynunda yerləşən Səbailin tarixdə müxtəlif adlarla tanıdıldığını bildirən ağsaqqallar dedilər ki, Səbailin simvollarından biri "Bayıl qala"sıdır. Xalq arasında bu qala "Sualtı şəhər", "Bayıl daşları", "Şəhri-i Yunan", "Karvansara", "Bayıl qəsri" və s. adlanıb. Səbail qalası təqribən XIII əsrin əvvəllərində tikilib, XIV əsrin əvvəllərində isə tektonik dəyişikliklər nəticəsində Xəzərin suları altında qalıb. Elə "Sualtı şəhər" titulunu da onda qazanıb. Sonralar suyun səviyyəsi tədricən aşağı enib və 1723-cü ildə abidə yenidən görünməyə başlayıb. Səbail qalasının hansı məqsədlə tikilməsi hələ də alimlər tərəfindən dəqiq öyrənilməyib. Bəzi alimlər hesab edir ki, o müdafiə qalası və gömrükxana olub, bəzi alimlərin fikrincə isə, qaladan ibadətxana kimi istifadə olunub. Onu da bildirək ki, Bayıl qalası Bakının Bayıl burnu yaxınlığında yerləşən və hazırda dəniz sularının altında qalan tarixi memarlıq abidəsidir. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan bu qala XIII əsrdə inşa edilib. Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Nə bilmək olar, bəlkə də nə vaxtsa Bayıl qalası da suların qoynundan birdəfəlik qopacaq. Belə olduqda isə, qalada dövlət tərəfindən əsaslı təmir-bərpa işləri aparıla bilər. Başqa abidələrdə olduğu kimi, bu abidə də restavrasiya olunduqdan sonra xalqın ziyarət məkanına çevrilər.
Qədim
sivilizasiyaların sakinlərinin tikib bizə miras qoyduğu
tarixi abidələr özlərində çox böyük həqiqətlər
gizlədir. Demək olar
ki, Bakıda ən çox abidəsi olan rayon Səbaildir.
Burada tarixin istənilən dövrünə aid abidəyə
rast gəlmək mümkündür. Bu rayon ərazisində əsrlər
əvvəlin də, dünənin də, bu günün də
simasını, ovqatını, tarixini ayna kimi göstərən
abidələr var. Keçmişlə dünən, dünənlə
bu gün yanaşı addımlayır Səbaildə. Səbail
rayonu ərazisində tarixi memarlıq abidələrinin digər
rayonlarla müqayisədə çoxluq təşkil etdiyini
bildirdik. Təbii ki, bu abidələrin hamısını bu
günlərdə və daha əvvəllər ziyarət
etmişik. Bakının bu hissəsində aparılan
tikinti-quruculuq işləri, abidələrin, qədim və əhəmiyyətli
abidə və binaların yenidən qurulması prosesi gözlərimiz
qarşısında baş verib. Bakı Dənizkənarı
parkın (bulvar), "İçəri şəhər"in,
"Şirvanşahlar" saray Kompleksinin, "Səadət"
sarayının, "Bibiheybət" məscidinin, daha
neçə-neçə tarixi yerlərin, bağların,
abidə tipli məkanların əsaslı bərpası nəzərdən
qaçmayıb.
Bir
neçə il əvvələ qədər "Bibiheybət"
məscidinin ətrafı əsl natəmizlik yuvası idi. Gecəqonduların
məskəni olan bu ərazidə yastı-yapalaq evlər,
uçub-dağılmaq təhlükəsində olan daxmalar
vardı. Elə təpənin üstündə yerləşən
tarixi "Bibiheybət" qəbiristanlığı da bərbad
vəziyyətdə idi. Uzun müddət baxımsız
qaldığından burada ölü sahiblərin narahat edən
bir sıra məsələlər vardı. Lakin sonradan
Bakı-Salyan yolunun çəkilməsilə əlaqədar həm
gecəqondularda yaşayan sakinlər
köçürüldü, həm də qəbiristanlıqda
əsaslı təmir işi aparıldı. Beş-altı il əvvələ
baxanda bu gün məzarlıq orada uyuyanların ruhuna layiq
şəkildədir desək yanılmarıq. Çünki bu
qəbiristanlıqdakı vəziyyətlə əlaqədar
bir neçə dəfə qəzetimizdə məsələ
də qaldırdıq. Bu keçmişdə baş verib.
"Bibiheybət" məscid
kompleksi Bakının möhtəşəm abidələrindən
biri kimi bütün Şərq aləmində məşhurdur.
150 ildən artıqdır ki, insanların ziyarət yerinə
çevrilən "Bibiheybət"in yaranma tarixi haqda rəvayətə
istinad edək: "VII İmam Museyi-Kazımın(ə)
oğlu İmam Rza(ə) Bağdad xəlifəsi Harun ər-Rəşidin
oğlu xəlifə Məmun tərəfindən Xorasan şəhərində
zəhərləndirilir. Bu hadisədən sonra İmamın
övladları müqəddəs Mədinə şəhərinə
buraxılmır. Bu hadisədən sonra İmamın 3 nəvəsi
ilə birgə Həzrəti Həkimə xanım
İranın Ənzəli şəhərinə yollanır.
Burada Baba Sucəd adlı mömin bir şəxsin vasitəsilə
Bakı limanına gəlir. Baba Sucəd Bakını onlar
üçün təhlükəsiz hesab edir və
xanımı Hacı Bədir Heybət adlı varlı bir
dostuna tapşırır. Hacı Bədir ədəbli, sadiq
bir insan olduğundan, bütün ömrü boyu Həzrəti
Həkimə xanıma xidmət edir. Həzrəti Həkimə
xanımın vəfatından sonra bu yer pir kimi şöhrət
qazanır" Şəfa diləyənlərə şəfa,
övlad payı istəyənlərə körpə,
müşküllərə nicat verir "Bibiheybət".
Bolşevizm terroru bir çox müqəddəs yerlər kimi
bu məsciddən də yan ötmür, qapısı uzun illər
inanc adamlarının üzünə bağlı olan məscid
1934-cü ildə dinamitlə partladılıb. Məscid və
minarə yerlə-yeksan olunaraq üzərindən yol çəkilib.
Lakin müstəqillikdən sonra "Bibiheybət" məscidi
yenidən bərpa olunub. Mərhum Azərbaycan prezidenti Heydər
Əliyevin göstərişi ilə məscidin bərpasına
1998-ci ildən başlanılıb. 2008-ci ilin iyulun 12-də
yenidən qurulan "Bibiheybət" məscidinin
açılışı olub. "Bibiheybət" Səbailin
giriş qapısının açarıdır sanki.
Bakıya gələnlər də, gedənlər də bu ibadətgahı
ziyarət edir, ona nəzir verir. Bu gün məscid kompleksi də
daxil olmaqla abidənin özü və ətrafı
abadlaşdırılıb. Səbaildəki tarixi abidələr
bərpa edilərkən mütləq orijinal dəsti-xətt
saxlanır, bərpa işləri o üslubda həyata
keçirilir. Abidələr xəzinəsi olan Səbaildə
antik dövrə və orta əsrlərə aid abidələr
mövcuddur. "İçəri şəhər"in min
ildən çox yaşı var. Bünövrəsində
divarlarının qalınlığı 5 metr,
hündürlüyü 28 metr olan səkkiz yaruslu monumental
tikili - Qız qalası Səbail rayonunun rəmzidir. Qala dəfələrlə
- orta əsrlərdə, XIX əsrin ortalarında (rus hərbçiləri
tərəfindən), sonuncu dəfə 1960-cı illərdə
- bərpa olunub. Təəssüf ki, bərpa zamanı
tikilinin bəzi elementləri və onun ilkin
görünüşü dəyişdirilib. Məsələn,
əvvəllər qala içəridən örtülməmişdi,
mərtəbələrarası qübbələr isə son təmir
işləri zamanı tikilib. Eyni zamanda, bəzi oyuqlar və
qapılar hörülüb. 1964-cü ildə qala muzey elan
olunub, 2000-ci ildə YUNESKO-nun abidələri siyahısına
daxil edilib.
"İçəri
şəhər"in qucağından dünyanı mat qoyan
bu abidə də son illər bərpa edilib. Dünən miskin,
təmirsiz görünən abidələr indi peşəkar
memarlar tərəfindən bərpa edilir, yeni libasda təqdim
edilir. Tariximizi yaddaşına köçürən
"Şirvanşahlar" saray kompleksi də əsaslı
şəkildə bərpa edilib. Düzdür, sarayın bərpası
bəzi mütəxəssisləri qane etmir. Amma
bütövlükdə saray əvvəlki təmirsiz,
uçuq-dağınıq vəziyyətindən
çıxıb. "Şirvanşahlar" da olduğumuz
zaman muzey əməkdaşları bildirdi ki, dövlət tərəfindən
yenidən həyata qaytarılan sarayın bərpasına ilk dəfə
1932-1934- cü illərdə başlanılsa da, yalnız
müəyyən işlər görülüb, bu da abidənin
uçmasının qarşısını alıb. Həmin
dövrdə abidədən Azərbaycan Tarix Muzeyinin binası
kimi istifadə etmək nəzərdə tutulub. Saray
kompleksinin ardıcıl şəkildə öyrənilməsi
və tədqiq edilməsi işlərinə yalnız
Böyük Vətən Müharibəsindən sonra
başlanılıb. 1945- ci ildə
"Şirvanşahlar" saray kompleksinin ayrı - ayrı
abidələri elmi əsaslarla bərpa edilməyə
başlanılıb. Bərpa işlərinə AMEA-nın həqiqi
üzvü, professor Sadıq Dadaşov rəhbərlik edib. Əməkdaşların
verdiyi bilgiyə görə, 1946-cı ildə alimin vəfatı
"Şairvanşahlar" saray kompleksinin bərpasını
xeyli ləngidib. Yalnız 1950- ci ildə memarlıq işləri
idarəsində elmi-bərpa istehsalat emalatxanasının
yaradılması nəticəsində "Şirvanşahlar"
saray kompleksinin bərpası yekunlaşdırılıb. Sovet
dövrünün son illərində kompleksin yenidən bərpa
edilməsinə ehtiyac yaranır, amma onun təmirinə uzun
illər sonra nail olunur. Kompleks əməkdaşları bildirdi
ki, burada tez-tez mədəni-kütləvi tədbirlər
keçirilir, bir sıra layihələrin həyata keçməsində
Səbail Rayon İcra Hakimiyyəti onlara böyük
yardımlar edir.
Dənizkənarı
Milli Parkda may ayının 29-da açılışı olan
"Kiçik Venesiya şəhərciyi"nə də
baş çəkdik. Su üzərində salınan bu
"şəhərciy"in əvvəlki vəziyyətilə
indiki görünüşü arasında böyük fərq
var. Tamamilə yenidən qurulan "Venesiya" öz
memarlığı və gözəlliyilə göz
oxşayır. "Kiçik Venesiya şəhərciyi"nin
açılışında Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı həm milli ənənələrimizə
hörmətin nümunəsidir, həm də Səbail sakinlərinə
hörmətin ifadəsidir. "Kiçik Venesiya şəhərciyi"
Səbaildə yerləşdiyindən burada aparılan tikinti-bərpa
işlərinin yüksək səviyyədə keçirilməsində
rayon rəhbərliyinin də əməyi az olmayıb.
"Venesiya"da işləyənlər deyir bunu. Qeyd edək
ki, "Kiçik Venesiya şəhərciyi" 1960-cı ildə
istifadəyə verilib. 2011-ci il martın 30-da dövlət
başçısı Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyində aparılan
tikinti işlərinin gedişi ilə tanış olarkən
"Kiçik Venesiya şəhərciyi"nin yenidən
qurulması ilə bağlı göstəriş verib. Əsaslı
yenidənqurma işləri zamanı şəhərciyin
ümumi strukturu saxlanılmaqla, mövcud kanallar genişləndirilib,
yeni qayıqlar gətirilib, əlavə körpülər və
iki restoran inşa edilib. Restoranlardan biri Qərb, digəri isə
Şərq mətbəxinin ləziz nümunələrini
müştərilərə təqdim edir.
Səbail
rayonu ərazisi turistlərin ən çox maraq göstərdiyi
yerdir. Onlar bu rayonu seçəndə heç vaxt
yanılmır, çünki onları burada böyük bir mədəniyyət-arxeoloji
xəzinə gözləyir. Bu xəzinənin içindəki
bənzərsiz abidələr qonaqları heyran qoyur.
Azərbaycan müstəqillik
qazandıqdan sonra tarixi abidələr sisteminə yeni bir
baxış yarandı. Hər bir abidənin
xalqımızın şərəfli tarixinin yadigarı
olduğu rəsmi səviyyədə elan edildi. Səbaildə
elə əhəmiyyətli, maraqlı tarixçəsi olan
binalar var ki, onların siması miskin, görkəmsiz olanda istər-istəməz
bir qədər diqqətdən kənarda qalır. Bu binalardan
biri də Murtuza Muxtarov küçəsində yerləşən,
XX əsrin əvvəllərinin - sürətlə inkişaf
edən neft Bakısının ən gözəl tikilisi, bu
gün isə insanları səadətə qovuşduran "Səadət
sarayı"nın uzun illər təmirsiz qalması, ona aid
otaqların müxtəlif qurumlara icarəyə verilməsi kənardan
baxanda ürəyimizi ağrıdırdı. Bu sarayın
tarixini araşdıranların yazdığına görə,
"Səadət sarayı" adlandırılan bu tikilini məşhur
Bakı milyonçusu Murtuza Muxtarov öz sevimli xanımı
Liza Tuqanovanın şərəfinə inşa etdirib.
Sarayın tikilməsinin çox maraqlı tarixçəsi
var. Bir dəfə Avropaya səyahət edən cütlük
İtaliyanın Florensiya şəhərində də olur. O
zaman Liza xanım italyan binalarının arxitekturasına,
xüsusilə də onlardan birinə dərindən valeh olur və
bu məftunluğunu həyat yoldaşına bildirir. Təxminən
bir il sonra Bakını gəzərkən Muxtarov Lizanı Fars
küçəsinə gətirir və birdən Lizanın
baxışları uzaq İtaliyada gördüyü saraya bənzər
bina ilə rastlaşır. Öz xanımının əllərindən
öpən Muxtarov onu yeni mülkləri münasibətilə
təbrik edir...
"Səadət
sarayı" adlanan bu mülkdə xoşbəxt
cütlük həyatlarının ən gözəl günlərini
keçirəcəkdi. Saray Polşa memarı İosif
Ploşko tərəfindən fransız qotik üslubunda,
1911-12-ci illərdə tikilib. Muxtarov Ploşkonu xüsusi olaraq
Moskvadan Bakıya dəvət edib və sonra da İtaliyaya
göndərib ki, sarayla yaxından tanış olsun.
Sarayın hər sütunu, tağları, buta və gülləri,
pəncərə və qapıları təkrarolunmaz sənət
əsəri, memarlıq incisidir və bu detallar binanın
yanından keçən və ya içəri daxil olan hər
kəsi valeh edir. Bu möhtəşəm tikilinin uzun illər
təmirsiz vəziyyətdə qaldığını qeyd
etdik. Gənclər və İdman Nazirliyinin sifarişi və
Rayon İcra Hakimiyyətinin yaxından dəstəyi ilə
"Səadət sarayı"ında əsaslı təmir-bərpa
işləri aparılıb və bu ilin iyul ayının 5-də
onun açılışı olub. Mərasimdə ölkə
başçısı İlham Əliyev və xanımı
Mehriban Əliyeva da iştirak edib. Uzun müddət təmirə
bağlanan "Səadət sarayı"nda bu gün xoşbəxt
cütlüklər arasında əbədi nikah, əhdnamə
bağlanır. Sevgi, ilahi eşq məbədi olan "Səadət
sarayı" gəncləri səadətə, ağ günə
qovuşdurur.
Səbail rayonunda yerləşən Muzey Mərkəzinin və onun içində yerləşən muzeylərin də hamısı əsaslı təmir-bərpa edilib. Teatr Muzeyi, İstiqlal Muzeyi, Hacı Zeynalabdin Tağıyevin muzeyi təmir edilib, muzey əməkdaşlarının işləməsi üçün şərait yaradılıb. Biz dedik ki, Səbaildə tarixi abidələr çoxdur. Belə baxanda Azərbaycanın ədəbiyyat, musiqi mədəniyyəti xadimlərinin, demək olar ki, hamısının mənzil muzeyi bu rayonda yerləşir. Tarixdə iz salan parklar, bağlar da Səbaildədir. Bir sözlə, bu rayon tarixi bir ərazidir. Xalqımızın şərəf tarixini yazan şəxsiyyətlərin uyuduğu Fəxri Xiyaban, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canını qurban edən şəhidlərin əbədi məkan tapdığı Şəhidlər Xiyabanı da Səbaildə yerləşir. Qədim Çəmbərəkənd qəbiristanlığının izləri, türk şəhidlərinin məzarları da buradadır. Səbail tariximizin bütün inkişaf, intibah və çiçəklənmə mərhələlərinin önündə gedib. Bunu onun sinəsinə həkk edilən daş kitabələr, qədim yazılar, mavi Xəzər, Bayıl qalası, bir də tarixi abidələr deyir. Sizcə bu azdır?!
İradə SARIYEVA
Bakı xəbər.- 2012.- 10-12
avqust.- S. 12.