Şifahi xalq ədəbiyyatı tarixində Azərbaycançılıq ideologiyasının təkamülü...

 

 Azərbaycançılıq elə bir məfhumdur ki, onun yaşını, yaranma tarixini dəqiq demək, bu barədə konkret fikir bildirmək çətindir. Bir neçə il əvvələ qədər Azərbaycanşünaslar deyirdi ki, bu ideologiyanın yaranması orta əsrlərə, Səfəvilər dövrünə təsadüf edir. Yəni Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra bu ideologiyanın ilkin pillələri işlənib hazırlanır.

   Saray sənətkarları öz sənət əsərlərilə və öz fikirlərilə bu ideologiyanın qurulmasına cəlb edilib. Xətainin sarayında yaşayan sənətkarlar-təsviri incəsənət ustaları, xəttatlar, şairlər, aşıqlar, xanəndələr bu ideologiyanı inkişaf etdirib. Bu deyilənlərdə böyük həqiqət olsa da, araşdırmalar göstərir ki, azərbaycançılıq ideologiyasının yaranmaformalaşma dövrü bizim eradan əvvələ gedib çıxır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum professor Azad Nəbiyev öz tədqiqatları zamanı bunu müəyyən edib. Professor özünün "Azərbaycanda aşıq sənəti" kitabında yazır ki, azərbaycançılıq ideologiyasının ilk rüşeyimləri indiki müstəqil Azərbaycanın sələfi Atropatena dövlətində yaranıb. A.Nəbiyevin bildirdiyinə görə, qədim atropatenalılar yalnız öz yurdlarının sınırlarını qorumurdu, onlar həm də öz dövlətçilik ideologiyalarını şüurlarında yaşadır, mədəniyyətlərini, əxlaqi dəyərlərini formalaşdırırdı. Professor Nəbiyev yazırdı: "Azərbaycançılıq b.e.əvvəl IV əsrdə yaranıb". A.Nəbiyevə görə, bu dövlətin ərazisi Cənubi Azərbaycanın Şimali Azərbaycanı və başqa torpaqları əhatə edib və zəngin mədəniyyətə, iqtisadiyyata malik bir məmləkət olub: "Azərbaycanda ana dili, estetik düşüncə zaman-zaman inkişaf edib, yüksəlib, zəngin şifahi və yazılı mədəniyyət yaranıb. Bu mədəniyyətin kökündə bünövrə daşı b.e. əvvəl qoyulan ozan sənəti dayanıb. Bizim b.e.-nın sonuncu yüzilliyindən başlayaraq ozan institutu yaratmaqla III-VIII əsrlərdən "Kitabi-Dədə Qorqud" özünün yüksək inkişaf mərhələsinə qədəm qoyub". A.Nəbiyevin yazdığına görə, b.e.əvvəl Azərbaycan ərazisində yaranıb formalaşma mərhələləri keçən azərbaycançılıq ideologiyası sonrakı dövrlər üçün bir örnək rolunu oynayıb. Azərbaycan dilinin, mənəviyyatının, folklor ədəbiyyatının, xalqın duyğu və düşüncələrinin həmin dövrlərdə əsas təbliğatçılarından biri ozanlar olub. Ozanlar hər zaman xalq arasında olduğundan, elləri qarış-qarış gəzdiyindən bu ideologiyanın ondan yaxşı təbliğatçısı, tərənnümçüsü ola bilməzdi. "Kitabi-Dədə Qorqud"a nəzər salmaq dediyimizi sübut etməyə kifayət edərdi. Azərbaycan ozanlarının tarixdə ən böyük rolundan biri Azərbaycançılığa xidmət olub. Bunu tarixi mənbələr, əsrlər öncə yaşayan ozan və aşıqların yaradıcılığı, şeirləri deyir. Xalqımızın milli-mənəvi dəyərlər sisteminin başında duran azərbaycançılıq bir vacib xətt kimi həmişə ozan sənətinin içindən keçib.

   Azərbaycançılıq ideologiyası və ozan sənəti arasındakı əlaqəni araşdıran fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov fikirlərini professor Camal Mustafayevin bu sahələr arasındakı əlaqə ilə bağlı fikirlərilə zənginləşdirir: "Professor Camal Mustafayev göstərir ki, bizim bədii varlığımızın tarixində kollektiv mahiyyətli el yaradıcılığını yaşatmaqda öncə ozanlıq şöhrətlənib, aşağı tarixi prototipi olan yüz illər elin istedadını özündə cəmləşdirib. Qopuz çalıb, dastan bağlayıb, söz qoşub, mahnı oxuyub, dinləyicilərinin qəlbini, zehnini işıqlandırıb. Ozanlıq özünün yetkin mərhələsini Dədə Qorqudun timsalında tapdı. Dədə Qorqud özündən əvvəl yaşamış ozanların bədii nailiyyətlərini, başlıcası isə, dastançılığı sistemləşdirdi. Qopuzçu, dastançı, şair el müdriki kimi tarixə düşdü. Dədə Qorqud ozanlığın yolunu yaxşını yamandan seçməkdə, həyatı təsdiqləməkdə, insanları sevdirməkdə gördü: "Qolça qopuz götürüb, eldən-elə, bəydən-bəyə ozan gəzər, ər comərdin, ər nakəsin ozan bilir elinizdə çalıbaydan ozan olsun, azıb gələn qazayı Tanrı sovsun...".

   V.Ömərov qeyd edir ki, aşıqlar həmişə, hər zaman xalq kütlələrinin ən sıx, ən gur yerlərində yaşayıb, xalqın həyat və mübarizəsi onların yaradıcılığı üçün bir mənbə olub: "Bu el sənətkarları əsrlər boyu xalqın kədəri ilə kədərlənib, sevinci ilə sevinib. Azərbaycan kəndlərində heç bir məclis toy, şadlıq məclisi aşıqsız keçməyib. Folklorşünas alimlər İ.Babayev və P.Əfəndiyev göstərir ki, aşıqlar xalq arasında yalnız qoşma, gəraylı deyən, dastan söyləyən el sənətkarları kimi deyil, həm də humanist, müdrik və zəki ustad, dar gündə yoxsulların dərdinə yanan, yol göstərən məsləhətçilər kimi də məşhur olub. Həm də aşıqlar ağlı, geniş dünyagörüşü, təcrübəsi, hazırcavablığı ilə də xalqın içərisində hörmət qazanıb. Aşıqlarımızın bir çox şeirləri xalqa ağıl, kamal, yaxşılıq və ədalət təlqin edən gözəl nümunələrdir".

   Akademik Feyzulla Qasımzadə isə "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi əsərində yazır: "Xalq aşığı əlində sazı kəndləri dolaşır, toylarda, bayram və ayinlərdə, elin qurduğu keyf və şadlıq məclislərində iştirak edir, saz çalır, nəğmə və dastan qoşur, oxuduğu lirik şeirlərlə xalqın ruhuna və əxlaqına nəcib duyğular aşılayır. Saz aşığı bütün varlığı ilə xalqa bağlıdır. O öz xalqı ilə bir yerdə qaynayıb-qarışır, onun sevinc və kədərinə şərik olur, onunla birgə nəfəs alır".

   Yenə V.Ömərov yazır: "Aşıq poeziyasının bu xüsusiyyəti ilə əlaqədar böyük ədibimiz C.Cabbarlının hələ nəşr olunmamış məqalə-tezislərində verilən aşağıdakı maddələr xüsusilə diqqətəlayiqdir. Ədib göstərir ki, aşıq kənddə toydadır, el onu alqışlayır, sonra o, teatra gəlib çıxır. Burada konsert zamanı "Əsli və Kərəm" operasından bir ariyaya qulaq asır, bütün tamaşaçılar beynəlxalq nömrəni alqışladığı halda, aşıq hirslənir və musiqinin düz çalınmadığını söyləyir, dava edir ki, o, havanı mən yaratmışam, düz çalmırlar, özü də başqasının adına çıxırlar. Aşıqdan soruşanda ki, sən kimsən, o belə cavab verir: mən aşığam, mən xalqam! C.Cabbarlı aşığın dili ilə "mən aşığam, mən xalqam" deyir. Bu, çox diqqətəlayiqdir. Aşıq elin sənətkarıdır. Xalq içərisinə keçən hər bir aşıq şeiri, bayatı, dastan və melodiyası dildən-dilə düşüb, işlənib, təmizlənib, xalqın arzu və ideyalarının gözəl ifadəsinə çevrilib, beləliklə də, xalqın malı, xalqın yaradıcılığı kimi yaranmış və yaşayıb. "Koroğlu" dastanında aşıq sənətinə aşağıda daha böyük və hörmət bəslənir. Koroğlunun başçılığı altında xalqın müdafiəçiləri - qəhrəman dəlilər öz cəmiyyətini yaradıb. Burada onlar mərdlik, kişilik qanunları şəraitində yaşayır, bu cəmiyyətdə düzlük, həqiqət hökm sürür, yalana, ikiüzlülüyə, qorxaqlığa yer yoxdur. Burada yalnız fiziki deyil, mənəvi qüdrətin artırılmasına da qayğı göstərilir. Onların qəhrəmanlığı təbii istedadlarından ayrılmazdır. Onlar hər biri sinədən şeir deməyi, yaxşı mahnı oxumağı, sazda çalmağı bacarır. Xalq qəhrəmanı Koroğlunun özü, eyni zamanda, görkəmli şair və aşıqdır (o, bunlarla həmişə də çox öyünür). Təsadüfi deyil ki, məşhur türk tədqiqatçısı M.Fuad Körpülü özünün "Türk saz şairləri" əsərində yazır: "XVI əsrin sonlarında Koroğlu adlı bir saz şairi böyük şöhrət qazanıb. Şeirlərini dolduran səmimi əda, coşğun lirizm Cəlali dövrünün ümumi təmayüllərinə uyğun xüsusi bir qəhrəmanlıq ruhu onun əsərlərini əsrlərcə yaşadıb və tarixi şəxsiyyəti unudularaq dastani bir mahiyyət alıb".

   Alim bildirir ki, Koroğlunun aşıqlığının və şairliyinin məzənnəsinin onun qəhrəmanlığından heç də "yüngül" gəlmədiyinə görədir ki, bəzi tədqiqatçılar səhv olaraq şair Koroğlunu qəhrəman Koroğludan ayırmağa cəhd edir. Məsələn, türk tədqiqatçısı P.N.Boratavın fikrincə, XVI əsrdə biri Səlalilər hərəkatının iştirakçısı, digəri isə şair olan iki nəfər Koroğlu adını daşıyıb. Nizhət və Agah Sirri, Ləvənd Mithət Sədullah Səndərin kimi müəlliflər isə düzgün olaraq şair Koroğlunu yenilməz cəngavər Koroğludan ayırmayıb.

   Sözsüz ki, aşıq bu məclislərdə minillərin o tayında qalan həqiqətləri danışır, tariximizin şanlı səhifələrini vərəqləyir, xalqı keçmişdən halı edirdi. Vətənpərvərlik, comərdlik yayan, Azərbaycan düşüncə və məfkurəsinə bağlılıq yaradan xalq dastanlarımızın yaranmasında aşıqların müstəsna xidmətləri olub. Onlar xalqımızın qəhrəman övladlarının həyat tərzini, mənəvi dünyasını, sevib-sevilmək istəyini dastanlaşdıraraq indiki nəslə böyük bir xəzinə qoyub gedib. Vahid Ömərovun fikrincə, aşıq sənətinin azərbaycançılığın inkişafında rolunu xalq şairi Səməd Vurğun daha aydın təsvir edib":Xalq şairi Səməd Vurğun aşıqlıq sənətini bədii varlığımızda milli ruhu-azərbaycançılığı yaşadan sağlam köklərdən sayırdı. Səməd Vurğun aşıq poeziyasından, el yaradıcılığından müasir tələblər səviyyəsində bəhrələnməyi tövsiyə edirdi. Müasir mədəniyyətin nailiyyətlərini milli-mənəvi zəmində mənimsəməyi bəyənirdi. Gərək sənətkar öz əsərinin hadisələrini xalqın gözü ilə görsün, ürəyi ilə duysun, həyatından, mənəviyyatından, xalqın nəcib ideyalarından ayrı düşməsin. Gərək onun yaradıcılığında doğma torpağın nəfəsi yaşasın. Vurğun bu cür düşünür, bu cür yaşayır, yaradır və yüksək sənətinin müdrik sadəliyi üçün xalq yaradıcılığına, aşıq poeziyasına, aşıqlıq sənətinə borcluydu. Azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan aşıqlıq sənətinə Azərbaycanda dövlət səviyyəsində qayğı göstərilir. Ulu Öndər aşıqlıq sənətinə yüksək qiymət verdiyi kimi, onun layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva da onu yüksək dəyərləndirir. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti YUNESKO səviyyəsində bəşəriyyətin qiymətli mədəni irsini təşkil edir".

   Alimin irəli sürdüyü fikirlərdə böyük həqiqət var. Bu öz yerində. Ancaq tarixə nəzər salıb aşıq sənəti və azərbaycançılığın vəhdətini araşdırmağa ehtiyac böyükdür. Azərbaycanda yüzilliklər boyu aşıq xalq və dövlət amilinə sadiq olub, bu müqəddəs adlara munis bilib özünü. Aşıqların yaradıcılığında ictimai məzmun heçsevgi, lirika, qəhrəmanlıq motivlərindən zəif deyil. Bu özünü daha çox XX əsrdə yaşayıb-yaradan aşıqların timsalında göstərib. Bundan əvvəlki dövrdə yaşayan ozan və aşıqlar da öz poeziyalarında ictimai ruhu, Azərbaycan eşqini ehtiva edib. Azərbaycançılıq Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, aşıq Ələsgərin, Dədə Şəmşirin poetik söz aləmindən keçib. Azərbaycan sevgisini göylərə qalıdıran aşıq sənətindən qidalanan Səməd Vurğun, Hüseyn Arif, Osman Sarıvəlli və başqaları bu mənəvi ruhun əbədi daşıyıcıları kimi tarixə düşüb.

 

   El bilir ki, sən mənimsən,

   Yurdum-yuvam məskənimsən,

   Anam doğma vətənimsən,

   Ayrılarmı könül candan,

   Azərbaycan, Azərbaycan!

 

   Səməd Vurğunun saz üstə pərvazlanan bu poetik parçası azərbaycançılığın inkişafına bir ərmağan deyilmi? Aşıq poeziyasında, aşıq sənətinə azərbaycançılığın təməl prinsiplərinə xidmət edən yüzlərlə ifa var.

   Bir çox alimlər hesab edir ki, azərbaycançılıq özünü aşıq sənəti timsalında ona görə tam əks etdirib ki, aşıq ana dilini, söz mədəniyyətini yaşadır.

   Bəziləri hesab edir ki, Sovet ideologiyası aşığı öz arxasınca dartıb aşığı onu vəsf etməyə məcbur edib. Fikir sahibləri israr edir ki, aşıqlar qədər bolşevizm ideologiyasını tərənnüm edən ikinci bir sənət sahibi yoxdur. Bu bir iddiadır. Aşıqlarımız ideologiyaya xidmət edib-bu ideologiyanın adı azərbaycançılıqdır.

 

   Gövhərdir torpağın, gövhərdir daşın

   Bol-bol sərvətinlə ucalır başın.

   Ucadan-ucadır ulu yaddaşın,

   Xoş keçir növrağın, Azərbaycanım!

   Söyüdlər, sərvlər yollar boyunca

   Sərin sularından içdim doyunca,

   Düzlərin yamyaşıl dağların uca,

   Barlıdır torpağın, Azərbaycanım!

 

   Azərbaycanı aşıqlar belə tərənnüm edib. Aşıq Kamandar Əfəndiyev, aşıq Əkbər Cəfərov, aşıq Pənah başqaları Azərbaycanı dillər dastanı edib. Ola bilsin, hansısa şeir mətnində bolşevizm ideologiyasına xidmət edən hansısa bir fikir olsun, amma o deyim Azərbaycan azərbaycançılığın içində itib batıb. Bu, aşıqlarımızın böyüklüyüdür.

   Aşıqşünas alim, professor Məhərrəm Qasımlının bildirdiyinə görə, tarixən aşıq sənəti azərbaycançılıq ideologiyasına xidmət edib. Professorun sözlərinə görə, bəlkə aşıqların çoxu bu ideologiyaya yaxından bələd olmayıb, amma öz ifaları, daşıdıqları mənəvi yük baxımından ideologiyaya xidmət ediblər: "Sazımız-sözümüz qədər var, aşıqlarımız azərbaycançılığa xidmət edəcək, azərbaycançılıq məfkurəsini əbədi etiqad yeri biləcək. Aşıqlar həmişə bu ulu ruhu tərənnüm edib"

 

 

İradə SARIYEVA

 

Yazı Azərbaycfan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur

 

Bakı Xəbər.- 2012.- 28 avqust.- S.15.