"Aveydağ" və "Damcılı" -
Azərbaycançılığın ən qədim nümunələrindən
biri kimi...
Ailəmlə birlikdə Qazax rayonunun Kəmərli kəndinə-ermənilərin hər gün atəşə tutduğu o ulu obaya istirahətə getdik. İncə Dərəsinin qoynunda yerləşən və Azərbaycan mədəniyyətinə, elminə, ictimai fikrinə, siyasətinə saysız-hesabsız şəxsiyyətlər verən İncə Dərəsi və Kəmərli qonaqlarını özünəməxsus ovqatla qarşıladı.
Orada olduğumuz müddətdə gah hava həddindən artıq soyudu, gah da ilik donduran soyuqluğun nəfəsini kəsən günəş canımızı qızdırdı. Dağ havasıdır Kəmərlinin havası. Dağların arxasında öz doğmalarından ayrı düşən Qərbi Azərbaycan kəndləri əzizlərinin yolunu gözləyir hər gün. Ermənistan əsgərləri hər gün Kəmərlini elə bu kəndlərdən atəşə tuturdu. Meşələrimiz, bulaqlarımız, tarixi abidələrimiz ermənilərin əlində əsir-yesir vəziyyətdədir. Onların çoxunu Kəmərlidən müşahidə etmək olur, amma onlara əlimiz yetmir. Göz görür, amma ora gedib gəlmək mümkünsüzdür. İstirahətdə olduğumuz müddətdə fikirləşdik ki, Qazaxa gəlib Avey dağı, Damcılı mağarasını ziyarət etməsək böyük günaha batarıq. Nə gizlədim, elə mənim dincəlmək üçün Qazaxın Kəmərli kəndini seçməyim Avey və Damcılı möcüzəsini öz gözümlə görmək, onları seyr etmək istəyindən irəli gəldi. Səfərimizin ikinci günündə Aveyin və Damcılının görüşünə tələsdim. Həyəcanlı idim. Ömrümdə görmədiyim, lakin barəsində çoxlu məlumatım olan bu qeyri-adi gözəlliyi görmək nəhayət ki, qismətim oldu. Avey və Damcılı həqiqətən də möcüzədir, amma bu sehrkar aləmi lazımi qədər tədqiq və təbliğ etməməyimiz də faktdır.
Toz-torpaqlı uzun bir yol gedib Avey dağın ətəyinə çatdıq. Vəhşi təbiətin qoynunda böyük, boz bir dağ silsiləsi yolumuzu kəsdi. Bu, səsi bizim eradan çox-çox əvvəllərdən eşidilən Avey idi. Daş Salahlı kəndi ərazisində yerləşən Avey dağı çox əzəmətlidir. Qıraqdan baxanda görürsən ki, Aveydə çoxlu mağara, tikili yerləşir.
Dağın qarşısında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Aveydağ" Dövlət Tarix-Mədəniyyət Qoruğuna giriş qiymətləri yazılan iri bir lövhə vurulub. Təqdim olunan siyahıda giriş haqqı həm yerli, həm də xarici vətəndaşlar üçün 2 manat göstərilib. Damcılının bir addımlığında, əncir ağaclarının (Damcılı ətrafında çoxlu əncir ağacı var. Deyirlər ki, bu ağaclar əsrlərdən bəridir ki, bu ərazidə bitir. Özü də ağsaqqallar söyləyir ki, əncir ağacı daha çox müqəddəs yerlərdə bitir-İ.S) kölgəliyində dahi Azərbaycan şairi Səməd Vurğuna idi kiçik bir guşə qurulub.
Damcılının göz yaşları...
Biz əfsanəvi Damcılı mağarasına gəlib çatanda mağaranın açıqlıqda qalan tavanından yerə su damdığını görəndə bu səhnəni çox maraqla seyr etdik. Sanki Damcılı ağlayır, su da damcı-damcı onun gözlərindən axır. Bu bulağın suyu mağaranın çaxmaqdaşlaşmış tavanından, dar qaya çatlarının arasından süzülür. Tavandan qopub yağış tək yağan şəffaf damlaların səsi sehrli pıçıltıya bənzəyir Su damlaları tökülən yerlərdə hündürdən daş camlar qurulub. Su həmin camlara, qablara axır. Kim istəsə həmin qabdan götürüb su içir, əl-üzünü yuyur.
Damcılı qoruq tərkibində olsa da, demək olar ki, ona qayğı göstərilmir. Baxımsızlıqla, biganəliklə üzləşib Damcılı. Damcılıdan Avey dağına qalxan pilləkən uçuq-sökük vəziyyətdədir, yuxarı hissədə qırıq-çürük qabaq stolları qoyulub, ətrafda natəmizlik hökm sürür. Dünyada analoqu olmayan Damcılı abidə statusu daşısa da, ona abidə münasibəti göstərilmir. Burada demək olar ki, abidənin təbliği üçün heç bir iş görülmür. Mən və yaxınlarım axşamüstü təxminən saat 4-də Damcılıya çatsaq da, ətrafda bir nəfər də olsun qoruq əməkdaşı tapılmadı ki, müşahidə etdiyim vəziyyətlə əlaqədar bir kəlmə söz soruşam, ya da ki, mağara haqda məni maraqlandıran suallara cavab alam. Mağara ətrafında yerləşən istirahət yerində ağaclıqda bir neçə ailə istirahət edirdi. Yeyib-içib şənlənən insanlardan qoruq əməkdaşlarının harada olması ilə maraqlandım. Dedilər ki, səhər tezdən buradadırlar, qoruq işçiləri isə saat 2-yə qədər burada olub, sonra isə evlərinə gedib. Damcılı mağarasının indi əyləncə yeri olduğunu deyən təbiətdə dincələn qonaqlardan biri bildirdi ki, Aveydağ və Damcılı Azərbaycanın ən qədim yaşayış düşərgələrindən biri olduğu üçün onlar bura üz tutub.
Azərbaycançılığın
ilk ünvanları...
Özünü Allahverdi müəllim kimi təqdim edən orta yaşlı kişi bildirdi ki, Sovet dövründə Avey və Damcılı möcüzələrinin təbliğinə elə də geniş yer verilməyib. Allahverdi müəllimin sözlərinə görə, Qazaxın yaşlı kişiləri-ağsaqqalları həmişə cavan nəslə Damcılının Azərbaycan üçün böyük əhməyyətə malik olduğunu deyib. Allahverdi müəllimin bildirdiyinə görə, gənc nəslin milli ruhda tərbiyə olunmasında "Aveydağ" Dövlət Tarix Mədəniyyət Qoruğunun, onun əfsanələr məskəni olan mağaralarının da rolu böyükdür. Azərbaycançılığın ilk ünvanlarından olan Avey və Damcılının daim məktəblilərin, gənclərin ziyarət yeri olmalı olduğunu deyən Allahverdi müəllim hesab edir ki, Damcılı ətrafında böyük təmir-bərpa işləri aparılmalıdır. Allahverdi müəllim dedi ki, Damcılının ətrafı sementlə asfaltlanıb nə vaxtsa, həmin asfalt örtüyü də artıq ovulub dağıldığından yerin təzədən bərpa edilməsi tələb olunur. Allahverdi müəllim təklif etdi ki, Bakı ətrafında yerləşən abidələr kimi Damcılı da restovrasiya edilməlidir: "Restovrasiya deyəndə söhbət onun ətrafının yenidən qurulmasından gedir. Aveyin o üzü bizim işğal altında olan, vaxtilə Qazağa aid olan torpaqlardır. Bu üzü isə bizim dayandığımız yerdir. Bura qoruğa aid edilsə də, görürsüz ki, ətraf Damcılının adına layiq deyil. Yer büsbütün təbii daşlarla örtülməlidir, mağaranın üstünə qalxan pilləkənlər də bu dağın öz daşları ilə yenidən hörülməlidir. Burada bərpa işləri aparılarkən Aveyin, Damcılının tarixinə aid böyük lövhələr, guşələr qurulmalıdır. Görürsüz ki, ancaq giriş qiymətlərini əks etdirən lövhə var yalnız. Amma onun tarixilə bağlı bir kəlmə də olsa söz yoxdur. Heç işçilər də yoxdur ki, söhbətləşəsən. Sizə bu mağara haqda bəzi fikirlər bildirmək istəyirəm ki, Bakıdakı oxucular, gənclər bilsin ki, azərbaycançılığın ilk rüşeymləri cücərən bu yerlərin tarixi çox qədimdir. Mən uzun illərdir ki, hər yay Aveyə, Damcılıya gəlirəm. Onun tarixini əzbər bilirəm. Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir Damcılı. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar ilk dəfə 1953-cü ildə keçirilıb. Bu arxeoloji, Azərbaycan əhəmiyyətli abidənin tapılmasında da və burada geniş arxeoloji iş aparılmasında Azıx mağarasını tapan arxeoloq alim Məmmədəli Hüseyovun çox böyük əməyi olub. 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunub. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edib. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə edib. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub, təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilib. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən irisi və önəmlisi sizinlə yanında dayandığımız Damcılı mağara düşərgəsidir. Məmmədəli müəllimin rəhbərliyilə üç il ərzində aparılan arxeoloji qazıntılar zamanı Damcılı mağarasında ibtidai insanların hazırladıqları müxtəlif çeşidli daş alətlər və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları aşkar edilib".
Allahverdi müəllimin dediyinə görə, Azərbaycanın qədim abidələri keçmişin ən böyük yadigarı olmaqla yanaşı, həm də xalqımızın tarixidir: "Bu abidələrin hamısı tarixdir. Damcılı da, qoynunda yerləşdiyi Avey də tarixin ən böyük carçısıdır. Zaman içində burada yaşayan icma və qəbilələr də xalqımızın, onun ictimai-milli şüurunun formalaşmasında iştirak edib. Qəbilələr, tayfalar xalqa çevrilib. Azərbaycançılığın ilk təmsilçiləri də bu tikililərdən çıxıb. Bu şüuraltı məsələdir. Bütün ideyalar şüuraltında, daxildə yaranır, sonra isə üzə çıxarılıb təbliğ olunur. Avey, Damcılı ilk insan düşərgələrindən biri olduğu üçün onun azərbaycançılığa bağlılığa daha çox haqqı çatır. Şagirdlər, tələbələr burada azərbaycançılıq dərsləri keçməlidir. Damcılının qarşısında azərbaycançılığın alovlu təbliğatçılarından olan Səməd Vurğunun şəkli olan lövhə vurulub. "El bilir ki, sən mənimsən" misrası ilə başlanan "Azərbaycan" şeirindən bir bənd verilib burada. Bu, Aveyin, Damcılının azərbaycançılığın beşiklərindən biri olduğunu təsdiq edən amil deyilmi? Mən qəzetinizin mənə yaratdığı imkandan istifadə edib Azərbaycan dövlətinə, hörmətli prezidentimiz İlham Əliyevə müraciət etmək istəyirəm. Ondan xahiş edirəm ki, "Aveydağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Damcılı mağarası ətrafının əsaslı restovrasiya, bərpa edilməsi üçün bir sərəncam versin. Yoxsa məmurlar burada iş görmək istəmir. Avey-Damcılı dünya turistlərinin ziyarət yeri olmalıdır. Ermənilər Aveyə də göz dikib. Onların sözünü ağızlarında qoymaq lazımdır". Allahverdi müəllimin fəxrlə danışdığı Damcılı əfsanəsi ürəklərimizdə böyük qürur yaratsa da, onun baxımsız vəziyyətdə olması, Azərbaycanı seyr etməyə gələn turistlərin gəzinti marşrutu siyahısında yer tutmaması məni çox narahat etdi. Bakıda əlaqə saxladığımız arxeoloqlar isə bildirdi ki, mağaradan tapılan bu daş alətlər öz forma və hazırlanma texnikasına görə orta paleolitə - Mustye dövrünə (Mustye - 70 min il öncə yaranmış və təxminən 35 min il əvvəl sona çatmış arxeoloji mədəniyyətdir) - yuxarı paleolitə və neolitə aiddir. Bu da öz növbəsində həmin obyektdə bir neçə minillik ərzində davamlı yaşayış məskəninin olduğunu göstərir. Alimlərin sözlərinə görə, Mustye dövrünə aid olan əşyalar əsasən üçbucaq formalı iti uclu alətlər, iri dairəvi qaşovlar, disk şəkilli nukleuslar (nukleus-nüvə mənasını verərək, daş alətin hazırlanması prosesində xam daşdan hissələrin döyəclənməsi yolu ilə əmələ gələn formaya deyilir) və alət üçün qoparılmış materiallardan ibarətdir. Ümumiyyətlə, qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən 8 mindən artıq daş məmulatı tapılıb. Onlardan 600-ə qədəri müxtəlif təyinatlı alətlərdir. Bu alətlərin təyinat çeşidliyi və müxtəlif dövrlərə aid olması Damcılı mağarasında həyat və insan fəaliyyətinin arası kəsilmədən uzun müddət mövcud olmasını əyani şəkildə sübut edir. Burada yaşayan insanlar minilliklərlə öz bacarıq və ustalığını təkmilləşdirərək ibtidai vəziyyətdən müəyyən inkişaf mərhələsinə yüksələ bilib. Məhz Damcılıda aşkar olunan arxeoloji material əsasında həmin inkişaf prosesinin mərhələlərini ardıcıl olaraq izləmək mümkündür. Damcılı mağarasının yerləşdiyi Avey dağda həmçinin 8 məbəd, 2 qədim yaşayış yeri, ilk orta əsrlərə aid edilən qəbiristanlıq, müdafiə divarları və bürcləri olan 2 qala qalığı, 30-a qədər mağara, yel dəyirmanı, müxtəlif quruluşlu su anbarları və s. qeydə alınıb, şəhər mədəniyyətinə xas olan bitki yağı istehsalı üçün 1,4 m diametrli sıxıcı daş çarx tapılıb. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Soveti 1989 il 22 fevral tarixli, 99 saylı qərarı ilə Avey dağı, Göyəzən dağı və Əskipara kəndinin ərazilərini "Avey dövlət tarix-mədəniyyət qoruğu" elan edib. Bunu da arxeoloq alimlər bildirdi. Alimlər dedilər ki, qoruğun müxtəlif tarixi mərhələlərə aid olan və müxtəlif çeşidli abidələrinin sırasında Damcılı mağara düşərgəsi müstəsna yer tutmaqdadır. Damcılı mağarasının önəmli cəhətlərindən biri də Damcılı bulağıdır.
Qeyd edək ki, dahi Azərbaycan şairi Səməd Vurğun Damcılıya belə tərif verib: "Qoruğun müxtəlif tarixi mərhələlərə aid olan və müxtəlif çeşidli abidələrinin sırasında Damcılı mağara düşərgəsi müstəsna yer tutmaqdadır".
"Aveydağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisi çox genişdir. Biz ancaq onun bir hissəsindən Damcılı mağarasında gördüklərimizdən, bu mağaranın tarixindən, xalqımız dövlətimiz üçün qiymətindən, dünya üçün əhəmiyyətindən danışdıq. Güman edirik ki, tezliklə bu abidənin ətrafında arxeoloji ekspedisiya öz işinə başlayacaq və burada müşahidə etdiyimiz nöqsanlar aradan qaldırılacaq.
Qoynunda bir neçə saatlıq qonaq olduğumuz Aveyin ətəyindən-Damcılıdan ayrılırıq. Damcılıdan bir qədər su da götürdük ki, ciyərimiz yananda içək.
Salamat qal, Avey dağı, hələlik, Damcılı, sizin dünyanın diqqət mərkəzində olacağınız günü görmək ümidilə ayrılıram...Aveyin başında bir qartal süzürdü. Dağlar zirvəsindən torpağı seyr edirdi o. Qartalların dolaşdığı zirvəyə üçrəngli bayrağımız da çox yaraşardı. Aveyin başında bayrağımız da dalğalansaydı çox yaxşı olardı...
İradə
SARIYEVA
Bakı
xəbər.- 2012.- 30 avqust.- S. 15.