Dünyanın qulağına çatan Xocalı harayı...

 

Azərbaycan xalqına qarşı XX əsrin əvvəllərindən vüsət alan erməni təcavüzü ötən yüzilliyin müxtəlif dönəmlərində daha da şiddətlənərək, bəşər tarixinin faciələr zəncirində yeni bəndlərin yaranması ilə nəticələndi. Öncə çar Rusiyası, daha sonra isə Sovet dövründə mərkəzi hakimiyyətin birbaşa dəstəyi ilə ermənilərin azərbaycanlılara yönəlik aqressiyası "şər imperiyası"nın çökməsi ilə yeni mərhələyə adladı.

   Artıq Rusiya ilə yanaşı, digər beynəlxalq güclərin də davamlı olaraq stimullaşdırdığı Ermənistan Azərbaycan ərazilərinə iddialarını hərbi təcavüz siyasətinə çevirərək, işğalçılıq niyyətlərini açıq formada ortaya qoydu. Bu siyasət nəticəsində SSRİ-nin dağılmasından sonrakı ilk aylarda (1991-ci ilin sonları - 1992-ci ilin əvvəlləri) Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların əsrlər boyu yaşadığı onlarla yaşayış məntəqəsi işğal edildi, sakinlərinin bir hissəsi vəhşicəsinə öldürüldü və didərgin salındı. O ərəfədə getdikcə güclənən erməni təcavüzünün, eyni zamanda, vəhşiliyinin zirvəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yaşandı. Bununla da XX əsrin ən dəhşətli faciələri sırasına ermənilərin azərbaycanlılara qarşı törətdiyi, tarixə Xocalı soyqırımı kimi düşən növbəti qanlı qırğın da əlavə olundu.

   Xocalı soyqırımının ağır nəticələri ermənilərin dünya sivilizasiyası üçün gerçəkdən böyük qara ləkə olduğunu bir daha təsdiqlədi. Ermənilərin o zaman Xankəndində yerləşən Sovet Ordusuna məxsus 366-cı motoatıcı alayın iştirakı ilə həyata keçirdiyi Xocalı soyqırımı nəticəsində 613 nəfər (106 qadın, 70 qoca, 63 uşaq) dinc sakin ən qəddar üsullarla qətlə yetirildi. Amma soyqırımının ağır sonucu bu statistika ilə məhdudlaşmır. Faciə zamanı Xocalı sakinlərindən 487 nəfər yaralanıb, 1275 nəfər əsir, 150 nəfər isə itkin düşüb. Rəsmi məlumata görə, Xocalının işğal olunması ilə Azərbaycan dövlətinə və şəhər əhalisinə dəyən maddi ziyanın həcmi 1992-ci ilin qiymətləri ilə 5 milyard rubl təşkil edib.

   Nə qədər acınacaqlı olsa da, Azərbaycan xalqı dünya sivilizasiyasının yüksək inkişaf mərhələsində olduğu 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hamilərinin dəstək verdiyi erməni vəhşiləri tərəfindən Xocalı soyqırımına uğradı. Beləliklə, həmin faciədən 2 il əvvəl - 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıda törətdiyi qırğınlarla öz təqviminə "Qara Yanvar" anlayışını daxil edən Azərbaycan Xocalı soyqırımından sonra fevral ayını da eyni rənglə fərqləndirmək məcburiyyətində qaldı. Artıq 20 ildir, fevral ayı Azərbaycanda Xocalı soyqırımı ilə assosiasiya olunur... 20 il...Tarix üçün bir an, Azərbaycan üçünsə uzandıqca dəhşət yükü və xatırlatmaları da artan sanballı müddət... Azərbaycan Qarabağ müharibəsinin gedişində ciddi itkilərə (insan, ərazi, maddi) məruz qalıb. Amma bu itkilər fonunda Xocalı soyqırımı xüsusi seçilir... Mühasirədə olan, düşmən hücumları qarşısında müqavimətsiz vəziyyətə salınmış şəhər müdafiəsiz və köməksiz dinc sakinləri ilə birgə yandırılıb... Xocalıdakı azyaşlı uşaqlar, qadınlar və qocalar da Türk qanına susamış erməni vandallarının gözünə böyük təhlükə kimi göründüklərindən, kimsəyə rəhm edilməyib... Odur ki, Xocalının yeri tam başqadır... İstər xatirəmizdə, istərsə də qisas yaddaşımızda...

   Bəli, sanki dünən baş vermiş faciədən bizi artıq nə az, nə çox - düz 20 il ayırır. 20 ildir ki, Azərbaycan fevral ayını (əslində bu ağrı heç dayanmır) Xocalı soyqırımının sızıltıları ilə başlayıb - bitirir. Faciə qurbanlarının, bütün şəhidlərimizin xatirəsi hörmətlə yad olunur və Xocalı soyqırımını anım mərasimləri keçirilir... Və təşkil olunan hər belə mərasim içimizdəki mənəvi ağrını gücləndirir və yükü daha da böyüdür... Necə də böyütməsin? Hələ ki Xocalı soyqırımının ağrısını, azacıq da olsa, yüngülləşdirəcək bir görə bilməmişik...

   Faciənin yükünü ağırlaşdıran başqa səbəblər də var. Azərbaycan dünyanın gözü qarşısında məruz qaldığı Xocalı soyqırımının yükünü, ağırlığını təkbaşına çəkir. Faciənin baş verdiyi dönəmdə qardaş Türkiyəni və bir neçə müsəlman ölkəsini nəzərə almasaq, dünyanın mütləq hissəsi "Holokost" və "Xatın"la müqayisə olunan bir soyqırıma uğramış Azərbaycana quru başsağlığı vermək əziyyətinə də qatlaşmadı. Azərbaycanın dərdinə sözdə belə şərik olmaq istəmədilər... Çünki bu soyqırımı özlərinin bütün vasitələrlə stimullaşdırdığı ermənilər törətmişdi...

   Lakin o da qeyd olunmalıdır ki, Azərbaycan uzun müddət Xocalı soyqırımını beynəlxalq səviyyədə yetərincə tanıdıb qəbul etdirə bilmədi. Yuxarıda dünya ölkələrinin əksəriyyətinin Xocalı soyqırımına laqeyd münasibətini vurğuladıq. Bununla belə, o biganəliyin daha çox siyasi hakimiyyətlərin mahiyyətindən qaynaqlandığı da nəzərə alınmalıdır. Yəni konkret ölkələrin siyasi rejimləri ilə xalqın istənilən məsələyə, o cümlədən, Xocalı faciəsinə münasibətini eyniləşdirmək doğru olmazdı. Digər tərəfdən, xatırlatmaq yerinə düşər ki, ermənilər xislətlərinə sadiq qalaraq, Xocalıda törətdikləri qırğını azərbaycanlıların ayağına yazaraq, özlərini bu faciənin qurbanları kimi təqdim etmək rəzalətinə də qol qoyublar. Hətta erməni uydurmalarının ruporuna çevrilmiş bir sıra xarici nəşrlər Xocalıda vəhşiliklə qətlə yetirilmiş azərbaycanlı uşaq və qocaların fotolarına öz səhifələrində yer verərək, onları "əzabkeş erməni xalqının nümayəndələri" kimi təqdim etməkdən belə çəkinməyib. Əlbəttə, faciənin gerçək qurbanlarının susqunluğu şəraitində uydurulan erməni yalanlarının ayaq açıb yeriməsi çətin olmurdu. Bu səbəbdən də, Azərbaycanın məruz qaldığı soyqırımı tanıtması üçün vacib ölkələrin spesifikası nəzərə alınmaqla, effektli və davamlı kampaniyalar təşkil etməsinə ehtiyac vardı. Yalnız bu halda, tək Xocalı soyqırımının deyil, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını, beynəlxalq ictimai rəyə təsir göstərilməsini təmin etmək mümkün olardı.

   O baxımdan, son bir neçə ildə dünya ictimaiəyyətinin Xocalı soyqırımı haqqında sistemli şəkildə, müasir texnologiyaların tətbiqi əsasında məlumatlandırılması istiqamətində əhəmiyyətli addımların atıldığı etiraf edilməlidir. Bu mənada, təbii ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən, 2008-ci il mayın 8-də isə rəsmən elan olunan "Xocalıya ədalət- Qarabağa azadlıq" beynəlxalq kampaniyası çərçivəsində dünyanın bütün qitələrində həyata keçirilən tədbirlərin əhəmiyyəti mütləq qeyd olunmalıdır. Sözügedən kampaniyaya qoşulmağı özlərinə mənəvi borc bilən xarici ölkələrdəki diaspor təmsilçilərimiz, diplomatlarımız, xüsusilə intellektual gənclərimiz fəaliyyət göstərdikləri ölkələrdə yerli ictimaiyyətlərin Xocalı soyqırımı barəsində məlumatlandırılması istiqamətində mühüm işlər gördü. Bunun nəticəsində bir müddət əvvələ qədər Azərbaycanı təcavüzkar ölkə, xalqını isə aqressiv toplum kimi təsəvvür edən bir çox əcnəbilər artıq öz düşüncələrini dəyişməli oldular. Yaxın illərə qədər Azərbaycan və onun haqlı mövqeyi barəsində bir sətirlik cümlə belə dərc etmək istəməyən xarici nəşrlər də artıq ölkəmizə və onun həqiqətlərinə obyektiv prizamadan yanaşmağa başlayıb. Bütün bunlar, sözsüz ki, gecolsa, sürətlə gerçəkləşdirilən məqsədyönlü fəaliyyətin nəticəsidir. Beynəlxalq ictimaiyyətin konkret olaraq Xocalı soyqırımına obyektiv münasibətinin necə dərinləşdiyini göstərmək üçün bir məqamı qeyd etməyi lazım bilirik. Azərbaycanın son 20 ildə üzləşdiyi faciənin miqyasını və ağırlığını daha dolğun şəkildə dərk etməyə başlayan əcnəbilər artıq bu həqiqətlərin dünyaya çatdırılması işinə mənəvi dəstəyini də əsirgəmir. Bu sırada məşhur amerikalı repçi Toni Blekmənin davranışı təsirli və təqdirediləsidir. Amerikalı repçi özünün yazdığı və səsləndirdiyi "Xocalıya Ədalət" adlı kompozisiyanın təqdimatı üçün 2010-cu ilin yanvar ayında Bakıya gəldi və Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində xalqımızın yanında oldu. Qeyd edək ki, əsrlər boyu öz yalan və böhtanları ilə özləri üçün saxta "əzabkeş" obrazı yaratmış ermənilər T.Blekmənin bu hərəkətindən o dərəcədə qəzəbləndilər ki, ona qarşı uzun müddət davam edən qarayaxma kampaniyası apardılar. Bununla belə, gec, amma güc gələn həqiqətin qarşısında, doğrudan da, heçdayana bilməz. Ona görə də, Azərbaycna münüsibətdə T.Blekmən kimi kəskin dönüş edən əcnəbilərin sırası durmadan genişlənməkdədir. Çox əlamətdar haldır ki, dünya ölkələrinin Azərbaycan həqiqətlərinə, özəlliklə də azərbaycanlılara qarşı ermənilərin törətdiyi Xocalı soyqırımına münasibət artıq siyasi-hüquqi qərarlar səviyyəsində ifadə olunmaqdadır. Dəqiq desək, artıq müxtəlif ölkələrin parlamentləri Xocalı faciəsinin soyqırım olaraq tanınmasına dair qərarlar qəbul etməkdədir. Bu sırada ilk addımı atan Meksika parlamenti bu il yanvarın 30-da Xocalı soyqırımını rəsmən tanıyıb. Belə bir qərarın Latın Amerikasında, bütövlükdə katolik dünyasında xüsusi çəkisi olan Meksika tərəfindən qəbul edilməsi fakti yetərincə ciddi hadisə sayılmalıdır. Bunun ardınca - 2012-ci il fevralın 1-də Azərbaycana ən yaxın ölkələrdən biri olan Pakistan Senatı da Xocalı soyqırımının rəsmən tanınması haqda qərar qəbul edib. Bir neçə gün əvvəl isə Türkiyə parlamentinin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan Azərbaycan əsilli deputatı Sinan Oğan da ölkənin ali qanunvericilik orqanına Xocalı soyqırımının tanınmasına dair qərar layihəsi təqdim edib. Böyük ehtimalla, Türkiyə Böyük Millət Məclisində də analoji qərar qəbul olunacaq.

   Bütün bunlar dünyanın Azərbaycana münasibətinin tədricən və ardıcıllıqla dəyişdiyini təsdiqləyən mühüm gəlişmələrdir. Amma o da bəllidir ki, hər hansı qərar və yanaşma Azərbaycanı 20 ildir, sızladan Xocalı soyqırımının nəticələrini aradan qaldırmayacaq. Bu dərdi yüngülləşdirəcək tək addım Xocalı və erməni işğalı altındakı digər ərazilərimiz üzərində sahiblik haqqımızı yenidən təsdiqləməkdir...

 

   ...Allah köməyimiz olsun!

Seymur Verdizadə

 

Bakı xəbər.- 2012.- 13 fevral.-S.12.