Türkdilli xalqların Novruz ənənələri: oxşarlıqlar və fərqli cəhətlər

 

"Qara" qış yurdumuza tufanla, boz-bulanlıq çovğunla, qar-boranla gəldi, yellərin, sellərin ağuşunda da geriyə, gəldiyi dağlara qayıtdı. Yazın həlim nəfəsi qışı didərgin saldı təbiətdən. Torpağa, havaya, suya yeni ruh gətirdi bahar. Qırıldı durna gözlü bulaqların buzu, açıldı gözü çeşmələrin.

   Yazın gəlişi yalnız torpağı, daşı canlandırmır, insanların ümidlərini də göyərdir. Kiçik çillə çıxar-çıxmaz, insanlar Yeni Günü-Novruzu qarşılamağa hazırlaşır. Baharın gəlişi təbiətə can verir, torpaq əkinə hazırlaşır, toxum torpağa qovuşacağı günün həsrətini çəkir...

   Azərbaycan türkləri hələ əski zamanlardan yazın gəlişini böyük təntənə ilə qarşılayıb, baharın qədəmlərinə gül-çiçək, şirniyyat, noğul-nabat səpiblər. Elliklə tonqallar yandırıblar. Lopalara od vurub yollarını işıqlandırıblar bu əziz günün. Deyərdik ki, xalqımız Novruz bayramı qədər heç bir bayramı belə coşğu ilə qeyd etmir. Bu da onunla bağlıdır ki, Novruz bayramı biz türklərə aiddir. Tarixi mənbələrdə fikrimizi təsdiq edən yüzlərlə fakt öz əksini tapıb...

   Sovet dövrünün qadağalarına baxmayaraq, Azərbaycan türkləri Novruzu həmişə keçirib. Respublikamız ikinci dəfə müstəqillik əldə etdikdən sonra isə milli bayramımız rəsmi dövlət səviyyəsində keçirilir. Bu bayrama xas olan bütün ayinlər, adətlər icra olunur.

   Qayıdaq Novruz ənənələrinə. Novruza qədər dörd çərşənbə qeyd edilir. Əslində, "Novruz çərşənbələri" adlanan çərşənbələrin sayı dörd yox, yeddidir. Sadəcə olaraq, onların dörd sonuncusu əsas çərşənbələr sayılır. Əsas çərşənbələrə qədərki üç çərşənbə el arasında "oğru çərşənbələr"("oğru üskülər") adlanır və kiçik çilləyə düşür. İnama görə, oğru çərşənbələrdə yazın nəfəsi oğrunca yer üzünə, suya, torpağa, ağaclara toxunub geri qayıdır, bu minvalla, yaxın zamanlarda gəlib çıxacağına işarə etmiş olur. Oğru çərşənbələrdən sonra başlayan əsas çərşənbələr "doğru çərşənbələr" adı ilə tanınır.

   Doğru çərşənbələrin el arasında çeşidli adları var. Bu sıradan olan birinci çərşənbə "Əzəl çərşənbə"dir. "Əzəl çərşənbə"yə Azərbaycanın müxtəlif bölgələrində "Sular novruzu" və "Yalan çərşənbə" də deyilir. İkinci çərşənbə "Müjdəverən", "Muştuluqçu", "Külə", "Kul", "Xəbərçi" adları ilə tanınır. Üçüncü "Gül çərşənbə"dir. Bu çərşənbədə rəhmətə gedənlərin ruhu xatırlanıb qəbir üstünə gedildiyindən ona "Ölü çərşənbəsi" və ya "Ata-baba günü" də deyilir. Sonuncu ən təmtəraqlı, təntənəli qeyd olunan "Axır çərşənbə"dir. Azərbaycan xalqı ilə yanaşı, digər türkdilli xalqlar da müxtəlif adlar altında Novruz bayramını təntənə ilə keçirir. Bu bayramın tarixinə nəzər salsaq görərik ki, türk xalqları Novruzu Zərdüştlükdən də əvvəl qeyd edib. Sonrakı mərhələdə bura atəşpərəstliyin müəyyən elementləri daxil edilib. Tanınmış folklorşünas, professor Məhərrəm Qasımlının tədqiqatlarında yer alan məlumatlara görə, oda Novruz mərasimindəki yanaşma ilə atəşpərəstlik dini - Zərdüşt sisteminin yanaşması arasında kəskin fərq var: " Atəşpərəstlər öz nəfəslərinin belə od-atəşə toxunmasını yasaq saydığı halda, Novruz mərasimində od-tonqal üstündən atılan mərasim iştirakçıları: "ağrım-acım tökülsün, bu odda yansın" - mövqeyindən çıxış edir, öz çillələrini, ağırlıqlarını, dərd-bəlalarını odun üstünə töküb orada yandırmaq istəyirlər. Deməli, Novruz mərasimindəki od ünsürü "Avesta" və atəşpərəstliklə bağlı deyil. Bu, odu - atəşi - işığı - günəşi xilaskar sayan, onun həyatı, yaşayışı ağrı-acıdan, müşküldən, sıxıntıdan qurtaran bir magik qüvvə olduğunu qəbul edən əski türk mifoloji inancıdır".

   Novruzun ümumtürk törəni olması bəzi mənbələrdə açıq şəkildə göstərilib. Tədqiqatçıların verdiyi bilgiyə görə, Novruz şumerlərdə, qutti və lullibilərdə, mannamadlarda, zərdüştilikdə, oğuzlarda, hunlarda, altaylarda, göytürklərdə, uyğurlarda, həmçinin onların bugünkü varisləri olan Azərbaycan, Kərkük, Türkiyə, Orta Asiya, Doğu Türkistan, Sibir, Altay, Batı Trakya, Balkan türklərinin min illərdən bəri keçirdiyi bahar bayramıdır. Bu bayramın adlarını xatırlatdığımız türkdilli xalqlar tərəfindən eyni tarixdə keçirilməsi onun həqiqətən də bir türk milli bayramı olduğunu təsdiqləməkdədir.

   Mərhum şərqşünas alimimiz Aida İmanquliyeva türk xalqlarının keçirdiyi Novruz bayramını məzmun baxımından şərti olaraq Mərkəzi Asiya, Ön Asiya və Şərqi Avropa olmaqla üç qismə bölür.

   Mərkəzi Asiyaya Qazaxıstan, Sibir, Altay və Şimal-Qərbi Çin türkləri - uyğurlar daxildir. Bu ərazidə əhali sözügedən bayramda kənd-kənd, oba-oba göy çəmənliklərdə, çay kənarında toplaşır, çalıb-oynayır. Qaranlıq düşdükdən sonra tonqallar qalanır və üzərindən hoppanırlar. Bu günlərdə aşıqlar xalq qarşısında çıxışlar edir, Novruz mahnıları, "Ərgənəkon", "Manas" və başqa dastanlardan parçalar oxuyurlar.

   Ön Asiya dedikdə isə, alim ora şərti olaraq Şərqi Anadolunu, Zaqafqaziyanı, cənubi Azərbaycanı və Özbəkistanı daxil edib.

   Ön Asiya və Şərqi Avropa ərazisinə daxil olan türklər - qaqauzlar, Krım, Bolqarıstan, Yuqoslaviya, Kipr türkləri və başqaları Bahar bayramını müxtəlif şənliklər keçirməklə qarşılayır.

   Azərbaycan xalqı hər il bu bayramı martın 21-i ilə 23-ü arası müxtəlif mərasimlərlə keçirir. Süfrənin bəzəyi olan səməni yazın simvolu kimi əvvəlcədən göyərdilir. Hər evdə şəkərbura, paxlava, qoğal, fəsəli, qatlama kimi şirniyyatlar bişirilir, şirni xonçası bəzədilir. Yeri gəlmişkən, lap qədim çağlarda qız-gəlin xonçaya aid tapmacalar da deyərmiş. Onlardan birini xatırlatmaq yerinə düşərdi.

   Dolu olar yelini,

   Bəzəyərlər gəlini...

   Noğul-nabata batıb

   Yana edin telini

   Bəzəyərlər gəlini...

   Bu bayramda küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir. Bu gün məxsusi olaraq qulaq falına çıxan hər kəs sevindirici xəbər eşitmək arzusunda olur. "Kosa-kosa" oyunu, keçəlin məzəli əhvalatları bayrama xüsusi rəng qatır. Başqa türkdilli xalqların da bu bayramı hansı formada keçirməsinə nəzər salmaq istəyirik. Görək, oxşar fərqli cəhətlərimiz hansılardır?

   Əvvəlcədən onu bildirək ki, bizdən başqa müasir türk xalqlarının heç birinin Novruz adətində, üç oğru, dörd doğru çərşənbə mövcud deyil. Araşdırmalarımız zamanı biz onlara heç bir formada rast gəlmədik. Bəlkə , bu çərşənbələr başqa adlarla da olsa, vaxtsa onlarda da olub. Sadəcə, müxtəlif təsirlərə məruz qalaraq sıradan çıxıb. Məlumdur ki, müəyyən ictimai-siyasi, dini təsirlər milli bayramlara adət-ənənələrə sirayət edə bilir. Bu da hansısa vacib atributun, adətin qopması ilə nəticələnir. Bu təbiidir.

   Türkiyənin Cənub Şərqi Anadolu bölgəsində Qaziantep onun ətrafında 22 mart gününə "Sultan Novruz" adı verilib. Bu bölgədə, eləcə Qarsda, Azərbaycanda olduğu kimi, qapı pusma, "baca-baca" adətləri indiyə qədər yaşamaqdadır.

   Məlumatlara görə, Azərbaycandan fərqli olaraq, Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma ənənə sayır. Onlar "Alas-alas, hər bəladan xilas" - deməklə, öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Darı yarmasından "Nouruz köcö" adlı bayram yeməyi hazırlanır. Qırğız süfrəsində məxsusi olaraq Novruzda quzu ətindən əriştəyə oxşar nemətdən hazırlanmış beşbarmaq da olur. Bu şirniyyat əllə yeyildiyi üçün belə adlanır.

   Türkmənistanda isə Azərbaycandakı kimi bayrama bir neçə gün qalmış qadınlar təmizlik işinə başlayır. Türkmən çörəyi, plovu müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un şəkərdən səməni bişirir. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir. Bir sıra bayram atributlarına, o cümlədən səməniyə münasibətimiz fərqlənmir. Azərbaycanda da bayram bitdikdən sonra səməni halvası bişirilir.

   Qazaxıstanda Novruz adətləri bizdən xeyli fərqlənir. Məlumatlara görə, onlar, bir qayda olaraq, evlərin divarlarına, müxtəlif əşyalar üzərinə gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanır. "Novruz köcü", Novruz şorbası ya "lapa" adlı yeməklər bişirilib qonşulara paylanır. Deyərdik ki, bayram Azərbaycandakı kimi Özbəkistanda da bir neçə günlük şənlik keçirməklə qeyd edilir. Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdiyi xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa sümələkdir. S hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Bu da qədim türk inancı ilə bağlıdır. Azərbaycanda da bayram gecəsi süfrəyə "S" hərfilə başlanan 7 nemət düzülür. Təbii ki, bu sıraya soğan sarımsaq aid edilmir. Özbəklər bayramda güləş at yarışları da təşkil edir. Lakin onlarda diqqət çəkən bir məqam var ki, ona bizdə, başqa türk xalqlarının Novruz adətində rast gəlinir. Novruz günü bir-birini qucaqlamaq danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Mərasimşünasların bildirdiyinə görə, Altayda da martın 21-də Novruz keçirilir. Amma bu törənlə bizim qeyd etdiyimiz bayram arasında fərqlər az deyil. "Cılgayak" bayramı adı ilə qeyd edilən bu bayram baharın gəlişi, təbiətin canlanması, yeni bir ilə qədəm qoyulması üçün düzənlənir. Altay türklərinin Novruz - "Cılgayak" bayramları həm keçirilmə ənənəsi, həm süfrəyə gətirilən nemətlərin çeşidi baxımından digər türk xalqlarından seçilir. Belə ki, süfrəyə bal qatılmış qatıq, dondurulmuş qurudulmuş ət, qoyun mal dırnağından yeməklər təqdim edilir. Göy Tanrı dini ənənələrinin yaşadığı Saxa-Yakutiyada Saxa türkləri Isıah Bayramını yazın gəlişi ilin bərəkətli olması üçün Tanrıya şükranlıq bayramı kimi keçirir. Şənliyin keçiriləcəyi əraziyə yarım ay qabaqdan ağaclar əkilir. Şaman yerə qımız səpir, dualar edir. Bu, keçmiş ildə olan pisliklərin qovulması, yeni ildə isə ancaq gözəl günlərin olacağına inam anlamı daşıyır. Gənc qız oğlanlar ürəyində arzu tutur, əkilmiş ağaca bir parça əski-lent bağlayır. Zərdüşt Qeyridininin tam formalaşmasından Türk xalqlarının ana bayramı olan Novruz əbədi həyat mahiyyəti daşıyır. Dünyanın yaranış çağında biz türkləri qaranlıqdan işığa, çillədən çıxarıb günəşə, bahara qovuşdurub. Yaranış törəniş tariximizdən başlayır Novruzumuz-Yeni Günümüz!...

      

İradə SARIYEVA

 

Bakı xəbər.- 2012.- 22 fevral.- S.11.