Xaricdəki diaspor təşkilatlarımız
Azərbaycanı necə tanıdır
Azərbaycan diyarı
dünyanın hər bir nöqtəsində yaşayan azərbaycanlıların
ana Vətənidir, ata evidir. Tarixən azərbaycanlılar
müxtəlif məqsədlərlə xarici məmləkətlərə
üz tutub, orada özünə həyat qurub, gün-güzəran
düzəldib. Bu gün Avropada 100-150 il əvvəl ölkəmizdən
gedən soydaşlarımızın ailə
davamçıları, nəvə-nəticələri
yaşayır. XX əsrin ilk illərində yüzlərlə
azərbaycanlı təhsil dalınca, iş qurmaq məqsədilə
yad ölkələrə gedib.
Bəziləri geri dönsə
də, həmin ölkələri özünə
yaşayış ünvanı seçənlər də
çox olub. Xaricdə yaşayan həmvətənlərimiz,
harada olmasından asılı olmayaraq, öz həyat tərzlərində
bütövlükdə Azərbaycanı, ona xas olan dəyərləri
qoruyub saxlamağa çalışıb. Azərbaycan mədəniyyətinin
dünyada təbliğində çox zaman
soydaşlarımız önəmli rol oynayıb. Azərbaycan
Respublikasının ikinci dəfə müstəqil olması
xaricdə yaşayan soydaşlarımızı birliyə-bərabərliyə
qovuşdurdu. Müxtəlif yönümlü təşkilatlar
yaranmağa başladı. Hansı təşkilatın
hansı adla fəaliyyət göstərməsindən
asılı olmayaraq onlar öz məqsədlərinin Azərbaycanı,
onun dövlət siyasətini, mədəniyyətini,
başlıcası isə Qarabağ problemini və s.
dünyada təbliğ etmək olduğunu
açıqlayıblar.
Xaricdəki diaspor təşkilatlarımızın
sayı getdikcə artmaqdadır. Bu gün dünyanın
çox az ölkəsi tapılar ki, orada diaspor təşkilatımız
fəaliyyət göstərməsin. Almaniya, Böyük
Britaniya, Fransa, Hollandiya, İsveç, Avstriya, Niderland
Krallığı, Amerika Birləşmiş Ştatları,
Kanada, Avstraliya və Yeni Zelandiya, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Rusiya Federasiyası, Ukrayna
Respublikası, Türkiyə Cumhuriyyəti və başqa
ölkələrdə Azərbaycan diasporu öz işini
qurub. Hazırda bu qurumların işində diqqət çəkən
uğurlar sezilməkdədir. Onların gördüyü
işlər barədə mətbuatda kifayət qədər
yazılar yer alır. Bu yazıların bir qismində xaricdəki
diaspor təşkilatlarının fəaliyyəti kəskin tənqid
edilsə də, bu qurumların ölkəmizi yüksək səviyyədə
tanıtdığını düşünənlər də
çoxdur. Diaspor cəmiyyətlərinin gördüyü
işlərə nəzər salarkən ilk tanışlıq
təbliğatının milli bayramlarımızla
bağlı olduğunu görürük.
Soydaşlarımızın bildirdiyinə görə, Novruz
Bayramının sırf milli müstəvidə təqdimatı
xariciləri hədsiz dərəcədə
maraqlandırır.
Burada milli bayram
personajlarımız meydanda olur, bayram bişmişləri
qonaqlara paylanır. Bu bayramın timsalında Azərbaycan ətri
yayılır bütün dünyaya. Rusiya
Federasiyasının Ulyanovsk şəhərində fəaliyyət
göstərən Rusiyanın nüfuzlu Ulyanovsk Dövlət
Tibb Universitetinin IV kurs tələbəsi Elduzar İbrahimovun
verdiyi məlumata görə, orada azərbaycanlı tələbələrin
kiçik bir birliyi var. Onlar həmin birliyin xətti ilə hər
il Xocalı soyqırımı ilə bağlı tədbirlər
keçirir. Bu mərasimlərdə ermənilərin Azərbaycan
xalqının başına açdığı bəlalar,
Dağlıq Qarabağın işğal edilməsi və. s
haqda geniş söhbətlər aparıldığını
deyən azərbaycanlı tələbənin sözlərinə
görə, bütün yığıncaqda zala üç rəngli
bayrağımız gətirilir. Gənclər
Xocalıya-Qarabağa aid şeirlər söyləyir,
çıxışlar edirlər. Milli bayramımız olan
Novruzun da tələbələr tərəfindən xüsusi
qeyd edildiyini bildirən E.İbrahimovun dediyinə görə,
tələbələr bu mərasimlərdə Azərbaycanla
bağlı broşürlar, kitablar, məlumat vərəqələri
də paylayır.
Xaricdə yaşayan
soydaşlarımız milli mədəniyyətimizi, rəqslərimizi,
musiqimizi təbliğ etməklə də Azərbaycanı
tanıdır. Azərbaycan dilində musiqi səslənməsi,
ölkəmizlə əlaqədar rəsm və kitab sərgilərinin
təşkil edilməsi, dövlətimizlə bağlı məsələlərin
xaricilərə çatdırılması Azərbaycanı
tanıtmaq istiqamətində atılan addımlardır. Məlumatlara
görə, son illər xarici ölkələrdə fəaliyyət
göstərən diaspor təşkilatlarımız Azərbaycana
xas olan məqamları əcnəbilərə daha asanlıqla
çatdıra bilir. Bu da, bir çox hallarda, diaspor üzvlərinin
xarici dilləri bilməsi nəticəsində mümkün
olur. Axır illər Azərbaycanda müxtəlif dillərdə
nəşr edilən kitablar, vəsaitlər də təbliğat
sahəsində soydaşlarımıza yardımçı
olur. Diaspor təşkilatları ardıcıl olaraq hər il
bir neçə Avropa şəhərində Xocalı
soyqırımı ilə əlaqədar genişmiqyaslı tədbirlər
keçirir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə dünyanın bir çox ölkələrində
keçirilən "Xocalıya ədalət"
kampaniyası Azərbaycan həqiqətlərini
tanıtmağa, qəbul etdirməyə xidmət edir. Məlumdur
ki, Azərbaycan diasporunun ən geniş təmsil olunduğu
Avropa ölkələrindən biri Almaniyadır. 1988-ci ildən
bu ölkədə fasilələrlə onlarla cəmiyyət
fəaliyyət göstərib, bir çoxu bu gün də
işini davam etdirir. Bu sırada "Azərbaycan-Almaniya Cəmiyyəti"
1988-ci ildə Berlin şəhərində yaradılıb.
Berlində "Azərbaycan-Alman Akademiyası" (1986),
"Azərbaycan Kültür Ocağı" və onun nəzdində
"Savalan" jurnalı, "Ocaq" Cəmiyyəti (1988),
"Odlar Yurdu" Mədəniyyət və Təhsil Cəmiyyəti
və s.-nin adını çəkə bilərik. 2004-cü
ilin oktyabrında Berlin şəhərində "Nizami Gəncəvi
adına Mədəniyyət İnstitutu" fəaliyyətə
başlayıb. Eyni zamanda, alman və Azərbaycan dili
kursları açılıb, kompüter savadı və musiqi
dərsləri tədris olunmağa başlayıb. Almaniyada da,
başqa ölkələrdə də Azərbaycan dilinin təbliğatına
böyük önəm verilir. Bir məsələni qeyd etməliyik
ki, xaricdəki diaspor təşkilatlarının səyilə
xarici kitabxanalarda, muzeylərdə Azərbaycana məxsus bir
sıra maddi-mədəni sərvətlər, tarixi-coğrafi
materiallar, nəşrlər, xəritələr ermənilərə
aid bölmələrdən birdəfəlik
çıxarılıb. Araşdırmamız zamanı məlum
oldu ki, diaspor təşkilatları bu hala qarşı da ciddi
mübarizə aparır.
Əldə etdiyimiz məlumatlara
görə, Böyük Britaniyada azərbaycanlıların
ilk nümayəndələri XX əsrin ortalarından məskunlaşmağa
başlayıb. Hazırda Londonda xeyli sayda azərbaycanlı
yaşayır və güclü diaspor təşkilatları fəaliyyət
göstərir. Azərbaycan-İngiltərə Cəmiyyəti,
Avropa-Azərbaycan Cəmiyyəti və Azərbaycan Gənclər
Klubunun fəalları Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması, azərbaycanlıların
təşkilatlanması, Qarabağ probleminin həlli istiqamətində
atılan addımların geniş vüsət alması istiqamətində
işlər görür. Londonda azərbaycanlı
uşaqların öz dilini unutmaması üçün Azərbaycan
məktəbləri fəaliyyət göstərir. Bundan
başqa, Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə
ingilis dilində "Visions of Azerbaiyan" jurnalı dərc
olunur. Təşkilat mütəmadi olaraq Qarabağla,
Xocalı soyqırımı ilə bağlı tədbirlər
keçirir, problemlərin avropalılara
çatdırılması üçün səy göstərir.
Azərbaycanlıların
kütləvi yaşadığı İsveç təqribən
20 min azərbaycanlıya qucaq açıb. Onların
böyük əksəriyyəti 1980-85-ci illərdə
İran İslam Respublikasından mühacirət etmiş azərbaycanlılardır.
2001-ci ildə "Azərbaycan - İsveç Komitəsi"
yaradılıb. Cəmiyyətin işində bir sıra
nüfuzlu İsveç vətəndaşı da iştirak
edir. Ölkədə Cənubi Azərbaycandan mühacirət
etmiş azərbaycanlılar 2000-ci ilin iyununda "Azərbaycan
- İsveç Federasiyası"nı təsis edib. Avstriyada
isə 2002-ci ilin oktyabrında "Azərbaycan akademik dərnəyi"
yaradılıb. Cəmiyyət Azərbaycan
Respublikasının dövlət strukturları, ictimai təşkilatları
ilə sıx əməkdaşlıq edir. Niderland
Krallığında fəaliyyət göstərən "Azərbaycan-Niderland
Cəmiyyəti" 2003-cü ilin avqustunda təsis edilib.
2004-cü ildən "Benilüks" qəzeti nəşr
olunur. Niderland Krallığının Den-Haaq şəhərində
1993-cü ildən "Azərbaycan Türk Kültür Dərnəyi"
fəaliyyət göstərir. Təşkilat Azərbaycan
Respublikasının ölkə ictimaiyyətinə
tanıdılması istiqamətində bir sıra konkret
işlər görüb.
Azərbaycan diaspor təşkilatlarının
geniş fəaliyyət göstərdiyi Amerika Birləşmiş
Ştatlarında yaşayan azərbaycanlıların sayı
haqqında dəqiq məlumatlar yoxdur. Müxtəlif mənbələrdə
onların sayı 400 mindən 1 milyona qədər göstərilir.
ABŞ-ın Los-Anceles şəhərində 1997-ci ildə
yaradılmış "Dünya Azərbaycanlıları
Konqresi" (DAK) yalnız Amerika ərazisində deyil,
dünyanın müxtəlif ölkələrindəki Azərbaycan
cəmiyyətlərinin fəaliyyətini əlaqələndirməyə
çalışır. 1970-ci ildə ABŞ-da yaranmış
"Amerika-Türk Assosiasiyalar Assambleyası"nın (ATAA)
Amerika və Kanadada 57 şöbəsi fəaliyyət göstərir.
ATAA bir sıra dövri nəşrlər, o cümlədən
"The Turkish World" jurnalını (1989) dərc etdirir.
ATAA Türkiyə və Türk-Amerika icmalarının
keçirdiyi forumlarda yaxından iştirak edir, digər
icmalarla sıx əlaqə yaradır.
Bir neçə təşkilatın
fəaliyyəti haqda təqdim etdiyimiz bu məlumatlarda
onların gördüyü işlər açıq-aydın
görünür. Sirr deyil ki, erməni lobbisi də öz
işindən qalmır. Onların təbliğatı nə qədər
güclü olsa da, Azərbaycan diaspor qurumlarının
ortalığa çıxardığı dəlillər,
tarixi faktlar onların geri çəkilməsinə səbəb
olur. Soydaşlarımız Azərbaycan xalqının və
dövlətinin həqiqətini dünyaya ən müxtəlif
formalarda çatdırır.
Qeyd edək ki, xaricdəki
diaspor təşkilatlarının öz vəzifəsini
layiqincə yerinə yetirdiyini Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev də təqdir edib. O, Dünya Azərbaycanlılarının
Həmrəylik Günü-31 dekabrla bağlı Dünya Azərbaycanləlarına
ünvanladığı təbrikdə bildirib: "Vətənimizin
hüdudlarından kənarda yaşayan soydaşlarımız
arasında azərbaycançılıq ideyalarının və
milli təəssübkeşlik duyğularının
günü-gündən güclənməsi olduqca fərəhləndirici
haldır. İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları
ölkələrin ictimai-siyasi, mədəni və
işgüzar həyatında getdikcə öz mövqelərini
genişləndirir, Azərbaycanın dünyada
tanıdılmasına, mədəniyyətimizin təbliğinə
sanballı töhfələr verirlər... Ümidvaram ki,
diaspor təşkilatlarımız bundan sonra da əldə edilən
nailiyyətlərlə kifayətlənməyəcək,
Diasporla İş üzrə Dövlət Komitəsi və
xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizlə
əməkdaşlığı gücləndirəcək,
yeni çağırışlara daha mütəşəkkil
və təsirli cavab verəcəklər".
Bu il xaricdəki diaspor
təşkilatlarımızın fəaliyyəti daha
qabarıq şəkildə görsəndi. Biz bunu daha
çox onların təşkilatçılığı ilə
Xocalı soyqırımının 20-ci ildönümü ilə
bağlı ayrı-ayrı ölkələrdə
keçirdikləri anım mərasimlərdə
gördük. İnanırıq ki, xaricdəki diaspor təşkilatlarımız
Azərbaycan naminə gördüyü işlərin
miqyasını daha da genişləndirəcək, Azərbaycanımızı
olduğu kimi dünyaya təqdim etməkdə davam edəcək.
Namiq
QULİYEV
Bakı
xəbər.- 2012.- 27 fevral.-S.11.