"Bakı-ən yeni
tarix" Müəllif Musiqisi
Festivalı ölkənin musiqi həyatında
maraqla qarşılanıb
Mədəniyyətlər
xalqları, toplumları birləşdirən çox
etibarlı bir körpüdür. Siyasətin aça bilmədiyi
bir çox qapıları mədəniyyət açıb
tarix boyu. Təsadüfi deyil ki, istənilən dövrdən,
ictimai formasiyadan danışanda ilk növbədə orada
yaranan mədəniyyət incilərinin adını çəkirik.
Bu da mədəniyyət-mənəviyyat amilinin çox
şeydən üstün olduğunu göstərir. Bakı
zaman-zaman müxtəlif mədəniyyətlərin
qovuşduğu, çulğalaşdığı bir şəhər
kimi tarixə düşüb.
Bakı yalnız bizim əziz
şəhərimiz deyil, ona mənən vurğun olan yüzlərlə
turistin, musiqiçinin, mədəniyyət-incəsənət
təmsilçisinin doğma şəhəridir. Bakını
bir dəfə görən yenidən görmək istəyir.
Elə buna görə də, başqa şəhərlərdən
fərqli olaraq, Bakıda keçirilən bütün mədəniyyət
tədbirlərinə, konsertlərə, festivallara qatılmaq
istəyənlərin sayı ilbəil artır.
Axır vaxtlar,
ümumiyyətlə, nəinki Bakı, hətta Qəbələ,
Quba, Gəncə, Naxçıvan və digər şəhərlərimiz
beynəlxalq səviyyəli mədəniyyət tədbirlərinə
ev sahibliyi edir. Qəbələdə keçirilən klassik
musiqi festivalı isə artıq ənənəvilik statusu
qazanıb.
"Eurovision-2012"
mahnı yarışmasının Azərbaycanın
paytaxtında keçirilməsi isə bir daha
paytaxtımızın dünyada seçilən şəhərlərdən,
mədəniyyət ünvanlarından biri olduğunu təsdiqlədi.
Bütün dünyanın nəzərləri Bakıya
çevrildi... "Eurovision"dan sonra Bakı daha bir musiqi
yarışmasına qucaq açdı. Düzdür, barəsində
danışacağımız festival nə mahiyyətinə,
nə miqyasına, nə də populyarlığına görə
"Eurovision"la müqayisə oluna bilər. Amma beynəlxalq
status daşıdığına görə bu festival bir
çox respublikaların diqqətində olub.
Mədəniyyət
və Turizm Nazirliyilə Gənclər və
İdman Nazirliyi tərəfindən
təşkil olunan VI Beynəlxalq Bakı
Müəllif Mahnıları Festivalı bir
neçə ölkənin tamaşaçıları tərəfindən
maraqla qarşılandı. Festivalın Təşkilat
Komitəsinin mətbuat xidmətindən mətbuata verilən
məlumatda
bildirilib ki, festivalda həm həvəskarlar, həm də
peşəkarlar iştirak edib.
Onun qonaqları arasında Rusiyanın dünya şöhrətli bardları - Vadim Yeqorov, Aleksandr və Dmitri
Baryudinlər, Yelena Qurfinkel,
Eldar Əsədov, Andrey
Sobolev, Robert Avadyayev (Bakı-Tbilisi), Lyudmila
Oraqvelidze (Tbilisi), İrina Paroşina (Tbilisi) və başqaları olub.
Rəşid Behbudov adına Mahnı
Teatrında Mədəniyyət və Turizm
Nazirliyinin təşkilati dəstəyilə
keçirilən VI Bakı Beynəlxalq Müəllif
Mahnısı festivalının sponsoru
qismində, ənənəyə görə, Gənclər və
İdman Nazirliyi
çıxış edib. Festivalda
Azərbaycandan, Rusiyadan, Gürcüstandan
və başqa respublikalardan
çoxlu sayda müəllif
iştirak edib.
"Bakı-ən yeni tarix"
devizi altında keçirilən festivalda, peşəkar müğənnilərlə
yanaşı, həvəskarlar da öz qabiliyyətini, istedadını nümayiş etdirə bilib.
Builki festivalda ilk dəfə olaraq
müsabiqə keçirilib və
müsabiqədə yer bölgüsü
(I, II, III yerlər) olmasa da,
müsabiqənin qaliblərinə qala-konsertdə mükafatlar və diplomlar
təqdim edilib. Qeyd edək
ki, qala-konsert bu festivalın ilk
laureatları Çingiz Bahadov
və Aleksandr Vaninin
çıxışları ilə başlanıb.
Bakıda keçirilən bu
festivalın bir neçə ildir, keçirildiyini deyən
Bəstəkarlar İttifaqı katibliyində
çalışan musiqişünaslardan birinin dediyinə görə, bir
müddət sonra bu festival daha geniş
miqyas ala bilər. Onun fikrincə, bu gün Azərbaycanda beynəlxalq səviyyəli
mədəniyyət, musiqi
festivallarının, müsabiqələrinin keçirilməsi
üçün geniş
şərait var. Musiqişünas
hesab edir ki, Müəllif Mahnıları
Festivalının son illər
ardıcıl olaraq təşkil edilməsi
yüzlərlə istedadın üzə çıxmasına
şərait yaradır. Müsahibimizin
sözlərinə görə, tarix boyu musiqi bəstələyən,
o musiqiyə mətn yazan,
eyni zamanda da onu oxuyan
istedadlar olub. Sovet dövründə də Azərbaycanda və
başqa respublikalarda
belələrinin çox olduğunu
deyən musiqişünas o
vaxt həvəskar musiqiçilərə
auditoriya verilmədiyini xatırlatdı:
"Hər dövrün öz
istedadları olub. Elə insanlar
var ki, heç
bir musiqi təhsili yoxdur, amma çox
maraqlı, ürəyə yatımlı mahnılar bəstələyir.
Bu adamlar adətən
musiqini də, sözləri də özü yazır, ifanı da
özü edir. Sovet dövründə nə qədər həvəskar
müəllif öz mahnılarını
üzə çıxara bilmədi. O mahnılar onlarla da son
mənzilə getdi. Müəllif
mahnılarının meydanını genişləndirmək
lazımdır. Yadınızdadırsa, vaxtilə bizim görkəmli tarzənlərin, xanəndələrin
bəziləri mahnı bəstələyirdi, o
mahnılara söz yazırdı, sonra isə ifa etmək istəyirdi.
Amma onlara imkan verilmirdi. Rəhmətlik
Bəhram Nəsibovun nə qədər mahnısı xalq mahnısı adı ilə ifa edilirdi. Halbuki,
bu mahnıların konkret
müəllifi vardı. Müəlliflərə imkan verilmirdi ki, konsert proqramlarında öz mahnıları ilə
çıxış etsin. Onlar gözəl mahnılar yaradırdı. Əlibaba
Məmmədovun, Məmmədbağır Bağırzadənin
bir çox səviyyəli
müəllif mahnıları vardı. Onların özləri
bu mahnıları sonrakı dövrlərdə
ifa edə bildi. Bu sahədə olan məhdudiyyətlər
artıq rəsmi səviyyədə aradan
qaldırılıb. Dövlətin iki nazirliyi bu işə maddi və mənəvi dəstək verir. Bakıda Müəllif Mahnıları
Festivalı keçirilir. Bizimlə
müqayisədə Rusiyada qeyri-peşəkar
müəlliflərin, həvəskarların
yaratdığı musiqi nümunələri
daha yüksək səviyyədədir. Çünki onlarda bu uzun bir
yol keçərək inkişaf
edib. Onlar həvəskar
bəstəçilərin, müəlliflərin
yaradıcılığına "küçə musiqisi" damğası vurub
onu küçələrə
atmayıblar. Onu ali mərtəbəyə
qaldırmayıblarsa da, heç
inkişafına da mane
olmayıblar. Orada şanson
musiqisi geniş
vüsət alıb. Bunu yaradanlar
xalqın içindən çıxan həvəskarlardır.
Onların bəziləri türmə həyatını
yaşayıb, bəzilər başqa bir həyatı. Amma musiqi yaradıcılığı ilə məşğul
olub öz
düşüncə və fikirlərini, cəmiyyətin dərd
və bəlalarını mahnılara köçürüblər.
Onların musiqi yaratmasında və dinləyiciyə
çatdırılmasında elə də çox
musiqi alətləri iştirak
etmir. Bir gitaranın
müşayiətilə də tamaşaçını
razı salmaq mümkündür.
Bu mənada həvəskar müəlliflərin
mahnıları Rusiyada da
daha çox
tanınıb sevilir, nəinki bizdə. Həvəskar
musiqiçi deyəndə, bizdə
onların çoxu artıq özünü peşəkar sayır. Müəllif
mahnılarından danışarkən ilk
növbədə gözümüz
önünə Aydınçik, onun
müəllifi olduğu və yalnız özünün ifa etdiyi "Elnarə", "Starıy Baku", "Badəm şərabla dolu", "Dolya vorovskaya" və . s də
gəlir. Aydınçikin üslubu,
yaradıcılıq dəsti-xətti bir
qədər şanson musiqisinə
yaxındır. Bu da bir üslubdur. Onun mahnıları səviyyəli
mahnılardır. Cəmiyyətin bütün
təbəqələrinin problemləri müəllif
mahnılarında əsas xətti təşkil etməlidir. Bu gün Azərbaycanda həvəskar
və peşəkar müəlliflərin yüksək səviyyədə
inkişafına ehtiyac var.
Bu insanlar özləri
öz mahnılarını yüksək səviyyədə
ifa edir, nəinki
başqası. Bu festival
inkişafa dəstək olacaq.
Müəlliflər görəndə ki, musiqi ictimaiyyətinin diqqətindən kənar
yaratdıqları mahnılara diqqət var,
daha güclü yazacaqlar".
Xalq artisti Faiq Sücəddinov isə hesab
edir ki, həvəskar
müəlliflərin yaxşı mahnılarının təbliğatına
şərait olmalıdır. Səviyyəsi olmayan
mahnıların isə o festivala
buraxılmalı olmadığını deyən bəstəkar
bildirdi ki, istedadlı
şəxslərin üzə çıxmağında bu festivalların rolu böyükdür: "Bu
festivallar istedadların üzə
çıxarılmasına, səviyyəli musiqinin
qulaqlara yol
tapmasına şərait yaratmalıdır. Ümid
edirəm ki, bu belədir
də. Müəllif musiqisinin
inkişafı lazımdır. Mən özüm
öz mahnılarımı ifa edəndə onu daha mükəmməl şəkildə ortaya qoya bilirəm".
Bakı Musiqi Akademiyasının məzunu
Elvira Babaşovanın fikrincə də,
müəllif mahnılarının bu səviyyədə
təbliği, onlara festival
həsr edilməsi lazımi bir işdir: "Müəllif
mahnılarının festivallara
çıxarılması, bu istiqamətdə
festival keçirilməsi təqdirəlayiq
haldır. Bu festival həm
peşəkar və həvəskar müəlliflərə stimul verir. Həm də
onların müəllif hüquqlarının qorunmasına səbəb
olur. Müəllifin festivala
təqdim etdiyi mahnı əlaqədar qurum tərəfindən qeydə alınıb
rəsmiləşdirilir. Bu da o deməkdir ki, heç kəs o mahnılara yiyə çıxa bilməz".
VI Bakı Beynəlxalq Müəllif
Mahnısı Festivalı artıq üç
gündür ki, başa çatıb. İnsanlara
zövqlü musiqi, mənəvi
rahatlıq bəxş edən festivalın daha
geniş miqyas
almasını və gənc müəlliflərin
yaradıcılığını, ifasını təbliğ
etməsini istəyirik...
Leyla
QARAXANLI
Bakı xəbər.- 2012.- 23
iyul.- S.14.