Tarixdə izi qalan general

 

  1978-1987-ci illərdə Respublika daxili işlər naziri işləmiş, daxili-xidmət general mayoru Cəfər Vəliyevin əziz xatirəsinə ithaf edirəm!

 

  1978-ci il iyunun 30-da respublika qəzetlərində dərc edilən bir məlumat dünyanı heyrətə gətirdi. "Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri general-leytenant Arif Nəzər oğlu Heydərov xidməti vəzifəsini yerinə yetirərkən faciəli şəkildə həlak olmuşdur!" Arif Heydərovla birgə kabinetdə olan müavini, general Səlahəddin Kazımov və köməkçisi-podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi. Sonda cinayətkar özünə də atəş açaraq hadisə yerində keçinmişdi. Bu nə terror idi, nə də dövlət çevrilişinə cəhd, bu, kommunist ideologiyasının haqsızlıqdan cücərən bir olayı idi.

   Uzun illər sonra Azərbaycan KP MK-nın 1985-ci ilin axırlarında keçirilmiş plenumu hüquq-mühafizə orqanlarının həmin illərdəki fəaliyyətini, xüsusilə də kadrların seçilməsində və yerləşdirilməsində yol verilmiş ciddi pozuntuları bolşevik xislətilə qiymətləndirdi. Sovet İKP MK Siyasi Bürosu üzvülüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi H.Əliyev həmin müşavirədə kadr işinin, nazirliyin bütün fəaliyyətinin daha da təkmilləşdirilməsinə partiya və dövlət nizamının və əsgəri intizamının daim möhkəmləndirilməsinə toxunaraq, "gerçəkliyə bəzək-düzək vurulmasına, əsl vəziyyəti ört-basdır etmək meyllərinə qarşı hər vasitə ilə mübarizə aparmaq, sovet milisi əməkdaşı kimi yüksək adı ləkələyən faktların və hərəkətlərin kökünü qətiyyətlə kəsmək lazımdır" - deyə çıxışına yekun vurmuşdu.

   Bu hadisədən sonra daxili işlər naziri vəzifəsinə o vaxt Mərkəzi Komitənin İnzibati Şöbəsinin müdiri işləmiş Cəfər Vəliyev irəli sürüldü və o, SSRİ daxili işlər naziri N.A.Şelokovun əmri ilə bu vəzifəyə təyin edildi. Hazırlıqlı, peşəkar hüquqşünas, siyasi xadim cavan ikən Respublika Prokurorluğunda baş prokurorun istintaqa nəzarət edən müavini vəzifəsində çalışmışdı. Əslində belə bir təcrübəli adam üçün DİN-ə rəhbərlik etmək o qədər də çətin deyildi. Səriştəli partiya işçisini DİN-ə səriştəli və uzaqgörən siyasətçi, dövlət xadimi Heydər Əliyev məsləhət bilmişdi. Sonra məlum oldu ki, partiya öz qərarında yanılmayıb. İlk aylarda cinayətkarlıqla mübarizə metodu və taktikası, kadr islahatları öz bəhrəsini verdi.

   Hər şeyin kökü və nəticəsi, bir başlanğıcı və bir sonu var. Amma biləndə ki, ən mühümü, ən birincisi və sonuncusu hansıdır, deməli həqiqətin izindəsən. Deyərdim ki, insan həyatının başlanğıcı da onun təkmilləşməsindən və qətiyyətindən keçir.

   Özünə yaxın adamı daha yaxşı tanımaq üçün onu şən və qəmli günlərində, qəzəblənəndə, istirahət vaxtında və qayğılı anlarda müşahidə etsən kifayətdir. Cəfər müəllim nadir hallarda qəzəblənərdi. Baxışlarından, hətta yerişindən belə onun ovqatını sezmək olurdu. Adətən idmandan (böyük tennislə məşğul olardı) sonra çox rahatlanardı. Bircə dəfə qəmlənməsinin şahidi oldum-övladının ailəsindən ayrılıb ata ocağına qayıtdığı gün. Qətiyyətli və sərt çekisti - naziri belə qəmli görməmişdim. Sakit səslə dedi: "Həyatdır da. Yaşamaq istəmədi, nə edə bilərdim!"

   Cəfər müəllim həyatda mənim üçün çətinlikləri rahat ram edə bilən, bacarıqlı və özünə inanan bir fenomen idi. Allah ona rəhmət eləsin!

   Həyatımızın haqq yolu vətənə, dövlətə və cəmiyyətə olan borcun ödənilməsindən başlayır. Vətən qarşısında vəzifəsini, borcunu anlamayanlar valideyn, övlad borcunu da anlamazlar. Cəfər müəllim çiyninə düşən böyük və şərəfli vəzifənin məsuliyyətini çox gözəl anlayardı.

   Cəfər Vəliyevdən sonra Ramil Usubova qədər çox nazir təyin olundu və istefaya göndərildi. Amma hamı Cəfər Vəliyev kimi işləyə bilmədi. Elə nazir oldu ki, mərhum Heydər Əliyevin yanındakı müşavirədə rüsvayçılıqla vəzifəsindən azad edildi. Belə bir vəziyyətdə kimin nazir vəzifəsinə təyin edilməsi də Heydər Əliyev üçün çətin olmadı. Naxçıvan Muxtar Respublikasının Dİ naziri vəzifəsində çalışan Ramil Usubov həmin vaxtdan bu vəzifədə inamla çalışır. Bu dəfə də Heydər Əliyevin uzaqgörənliyi, diplomat və dövlət təhlükəsizliyinin generalı kimi kadr siyasətinə çevik reaksiyası sərrast oldu.

   Mənə bəzən sual edirlər: indiki nazir Ramil Usubov necədir? Təbii ki, Ramil müəllim də Cəfər Vəliyevin şərəfli peşə sahibi kimi ərsəyə gətirdiyi və üstündə zəhməti olan general polkovnikdir. Bir dəfə Cəfər müəllim Dağlıq Qarabağ Daxili İşlər İdarəsində çalışan cavan Ramil müəllimlə bağlı köks ötürdü: "O (Ramil müəllimi nəzərdə tuturdu) orda - ermənilərin içində, rəhbərlikdə təmsil olunan yeganə azərbaycanlıdır. Onu qorumaq lazımdır..." Çətinliyə səbrlə dözdü, öyrəndi, bərkidi və kamilləşdi... Ramil müəllim!" Nəticəsi göz qabağındadır... Məsəl var - daş da bir yerdə qalanda göyərir-deyərlər.

   Kim özündə yaxşı cəhətləri tərbiyələndirməyi bacarırsa, o haqq yoldan uzaq düşmür, mənəvi həyatın qanunlarına da biganə qala bilmir.

   Sirr deyil ki, Cəfər Vəliyev xalqına və dövlətinə, partiyaya sədaqətli general idi. Vicdanı saf nazirin daxili təmizliyi ilə zahiri səliqə-sahmanı vəhdət təşkil edirdi. Özünə qarşı tələbkar və məsuliyyətli idi, nəfsini kölə kimi əsarətdə saxlamağı bacarırdı. Kadr təyinatı zamanı namizədi şəxsən qəbul edərək, onunla sorğu-sual edəndən sonra əmri imzalayardı. Sadaladığım keyfiyyətlər, tam səmimi deyirəm ki, Ramil Usubovda da cəmlənib.

   Bəzən saat əqrəbini insan həyatı ilə müqayisə edirlər. Əqrəbin irəliləməsi saatın məqsədidir. O məqsəddə insan həyatının anları düzülür. İnsan məqsədə çata bilmirsə, səbəbini özündə axtarmalıdır.

   İdarəçilikdə çalışanların sırasında təmiz, vicdanlı, əxlaqlı, mürüvvətli şəxslər çoxdursa, hakimiyyətin nüfuzu yer üzərində yağışdan sonra tez boy atan ot kimi də tez artar. Etiraf etməliyəm ki, kollegiya üzvlərinin sırasında Tofiq Aslanov, Kamil Məmmədov, Yusif Kərimov, Rəsul Rəsulov, Müseyib İlyasov kimi DİN-in elitası, bir məktəb vardı. Həmin məktəbin ən təcrübəli məzunlarından biri də bu gün DİN-i əzmlə idarə edir. Cinayətkarlıqla mübarizədə nə edilməyib, nə edilməməlidir və nə edilməlidir suallarına cavab da peşəkarcasına həllini tapır.

   Cəfər Vəliyev şəxsiyyətini tərbiyə edə bilən, istedadlı şəxsləri qiymətləndirməyi bacaran bir general idi. Vətəndaşlarla ünsiyyətdə qayğıkeş, nəzakətli və xeyirxahdı. Daim öyrənmək istəyi ilə çalışırdı. Özünə nəzarət, özünü mənəvi cəhətədən təmiz saxlamaq, geyiminə ciddi diqqət etmək, adət və ənənəyə, cəmiyyətə, vəzifəsinə zidd əməlləri özünə qadağan etmək kimi cəhətlər şəxsiyyətini tərbiyə etmək istəyənlər üçün çox vacibdir. Bu həmin vaxt kommunistə xas cəhətlər idi.

   Onunla (Qəbri nurla dolsun.) nə az, nə çox - 7 il bir yerdə işlədik. Mən nazirin baş referenti (köməkçisi) idim.

   Nazir vəzifəsindən gedərkən yalnız kitablarını və özünə məxsus general mundirini götürdü. Evinə kimi piyada getdik. Xidməti maşınından imtina etdi. "Mən artıq nazir deyiləm. Ona haqqım yoxdur... Sən özün bilirsən ki, bu rejimə necə xidmət etdim..." -sözləri ilk dəfə idi eşidirdim. Amma haqlı idi.

   "Cəfər Cəbrayıloviç, partiya, MK və DİN-in şəxsi heyəti sizi heç vaxt unuda bilməz"-dedim.

   "Boş şeylərdir..." Beləcə söhbətimiz yaşadığı binanın kandarında yekunlaşdı. Liftin qapısı açıldı, altıncı mərtəbəyə bir yerdə qalxdıq. 9-cu mənzilin qapısında ayrıldıq...

   İnsanlar kütləvi itaətsizlikdən, müharibədən, alovdan, seldən də bəzən qaçıb uzaqlaşa bilir. Lakin hökm olunan qocalıqdan qaçmağa yer yoxdur. Axı hara getmək olar?!

   Qocalıq xəstəliyi gənclikdən başlayır, həmin illərdən bu xəstəliklə mübarizə aparmaq lazımdır. Hətta Peyğəmbərlər və imperatorlar da artıq yaşamağı ala bilməmişlər. Cəfər Vəliyev qocaldıqca qocalıqdan qorxmadı. O, qəlbin qocalığına qarşı mübarizə aparırdı və son ana qədər də bunu qoruyub saxladı.

   Məsəl var, deyərlər: Min illik ağac tapmaq olar, 100 illik adam tapmaq isə çətindir. Cəfər müəllim təbiətini itirmədiyindən həmişəyaşardır. Bu mənada yer də, göy də əbədidir. Ona görə ki, onlar özləri üçün mövcud deyillər. Rəbbimiz yeri-göyü biz insanlar üçün ağılla yaşayaq deyə yaratdı. Cəfər müəllim də özü üçün yaşamadığı üçün tarixdə izi qalacaq.

   İnsan anadan olduğu andan vaxt qaçır. Onu saxlayıb geriyə qaytarmaq ən azı sadəlövhlükdür, heç kimə nəsib olmayıb. Hər şey su kimi axdığı üçün, insan ömrü də beləcə axır - iti, bəzən də dəlisov çay kimi...

   Ömür bəlkə də şıdırığı yağan yağış kimidir. Başlamağı ilə qurtarmağı bir olur. Bəzən payız günü kimi qısa, bəzən də payız gecəsi kimi uzun. Amma təki faydalı olsun, mənalı günlər və illərlə yadda qalsın. Cəfər müəllim belə ömür yaşadı, mənalı və yaddaqalan ömür.

   Böyük yolun darvazası olmur, ona doğru min yol gedir. Məqsədin varsa, azmaq ehtimalı yoxdur. Lakin min yoldan birini tapmamaq həyatda azmaq deməkdir. Cəfər müəllim böyük yolun böyük hərflə yazılan yolçusu idi və heç vaxt yolunu azmadı. Xidmətini də, həyatını da şərəflə başa vurdu.

   Çin mütəfəkkirlərindən biri Lao Tszı: "Əgər mən bilik sahibi olsaydım, böyük yol ilə gedərdim. Ən çox qorxduğum dar cığırlardır. Böyük yol düz və genişdir. Amma xalq nədənsə cığırlara meyllidir" - demişdi.

   Cəfər müəllim, qeyd etdiyim kimi, cığırla yox, geniş və aydın olan yolla gedərdi. Bu ümumi maraqlara aparan - uzanan bir yol olub.

   Həyatda hər şey bitir, ərsəyə gəlir, çiçək açır və sonda öz kökünə qayıdır. Kökə qayıtmaq rahatlanmaq və təbiətlə razılaşmaq əlamətidir. Ona görə də vücudun qürub etməsi təhlükəli deyil. Əmanət sahibinə qaytarılmalıdırsa, kimsə onu girov saxlaya bilməzdi.

   Əgər ölüm həyatın başlanğıcıdırsa, həyat da ölümün sahibidir. Ona görə də nə həyatdan, nə də ölümdən qorxmağa dəyməz. Həyat və ölüm qarşısında hamımız bərabərik.

   Hər birimiz anadan doğularkən zərif və zəif oluruq. Yaş ötdükcə, ölümə yaxınlaşdıqca möhkəm və əzmkar oluruq. Təbiətdə də belədir. Yaradılan zərif, təravətli, zəif və solğun vəziyyətinə çatanda o təravətdən əsər-əlamət qalmır, quru çör-çöpə dönür... İnsan ömrü də belədir...

   Həmişə tələsərdi. İşə gecikən gününü görmədim. İş günlərində 8:30, 9:00 -da, istirahət günlərində isə 10:00-da işə başlayardı. Adətən istirahət etməyə meylli deyildi. Mərkəzi Komitənin bürosunda 10 dəqiqəlik çıxışına 1 həftə hazırlaşardı. Yanına heç kimi buraxmaz və çıxışını ucadan oxuyardı. DİN-in kollegiya və əməliyyat müşavirələrinə də ciddi hazırlaşardı. Diqqəti daha çox polis əməkdaşları barədə vətəndaşlardan daxil olan şikayətlərə, keçmiş illərdən bağlı qalmış cinayətlərə, açılmamış qətllərə və quldurluq hadisələrinə yönəldərdi. Təklifləri çox vaxt özü verərdi, təşəbbüskar idi. Bütün bunlar onun intellektindən peşəkarlığından və operativ düşüncəsindən irəli gəlirdi. Təyin etdiyi iclasa, tədbirə yubanmaq onun xasiyyətinə yad idi. Deyərdi ki, yubanmaq və gec tərpənmək çox şeyi itirmək deməkdir. "Gec qalxan bütün gününü, oxuyub öyrənməyən isə həyatını itirər".

   Bütün bunlar Cəfər müəllimin biliyindən və mütaliəsindən irəli gəlirdi. Biliyi xəzinəsi idi, özünə inanırdı, hərəkətlərində qətiyyətli və tərəddüd etmək onun təbiətinə yad idi. Bu cəhətlər DİN şefi üçün çox vacibi idi.

   Bir gün: "Yoldaş nazir! Niyə ali təhsilli şəxsləri polis nəfəri qismində işə götürməyə SSRİ DİN qadağa qoyur? Ali təhsillilər heç olmasa auditoriya görür, pedaqoji heyət qarşısında imtahan verir, mühazirə dinləyir və s. Belələri həm də gələcəyin ehtiyatda olan zabitləridir"- deyə soruşdum. Mənimlə razılaşdı və dedi: Kor "ağ mərmər", "qara kömür" sözünü ifadə edə bilər. Lakin nə mərməri, nə də kömürü rənginə görə seçə bilməz, ona görə yox ki, kömürlə mərmərin adını bilmir, ona görə ki, həmin predmetləri fərqləndirə və göstərə bilmir. Çünki kordur.

   Bu məsəl hələ də yaddaşımdadır.

   Cəfər müəllim səhvin nə olduğunu təfərrüatı ilə anlayardı. Deyərdi: öz səhvlərini düzəltməmək ən böyük səhvdir. Səhvin dərəcəsindən asılı olaraq cəzasını verər, fərqlənənləri isə ədalətlə mükafatlandırardı...

   Payızın sonu, qışın ilk həftələri idi. Saatın əqrəbləri təxminən 19-a irəliləyirdi. Məni çağırdı. Pəncərədən həyətə baxırdı. Mərkəzi Univermağa açılan pəncərədən Cəfər müəllim bir az yaşlı dövlət yol polisinin xidmətini seyr edirdi. O, nazirliyin önündə, Hüsü Hacıyev küçəsində hərəkəti tənzimləyirdi. Hiss etdim ki, nazir onun xidmətindən razıdır. "Camaat bu milisin nəyindən narazıdır axı? Yağışlı, küləkli və soyuq havada belə xidmət etməyi hər kəs bacarmaz. O vaxt Baş Dövlət YPİ-nin rəisi Rizvan Nəcəfova göstəriş verdi ki, onu yaxşı xidmətinə görə bir aylıq əmək haqqı məbləğində mükafatlandırsın. Belə hallar nazirin humanist və ədalətli addımının bariz nümunəsi idi.

   Cəfər müəllim kollegiyanın üzvlərinə qarşı da tələbkar və ciddi idi. Amma ədalət naminə deməliyəm ki, haqq dünyasında olan birinci müavin Tofiq Aslanova, qərargah rəisi Müseyib İlyasova və Kamil Məmmədova münasibətdə səmimi davranırdı. Şənbə günlərinin birində saat 10:00-da əməliyyat müşavirəsi təyin edilmişdi. Adəti üzrə isə özü saat 9 da işə gəlmişdi.

   Salamımın cavabını almağından hiss etdim ki, ovqatı ürəkaçan deyil. Ona görə qərara aldım ki, çağırmasa yanına girməyim. Bir neçə dəqiqə keçmişdi ki, mərhum Yusif Kərimov (nazir müavini) telefonla nazirin yanında kimin olub-olmaması ilə maraqlandı. "Kabinetindədir"- cavabını verdim. Bu anda nazir məni dəvət etdi. Yanına daxil olanda müavini Yusif Kərimovla danışırdı. "Tovariş ministr! Na operativnom soveşanii forma kakoy budet? Povsednevnıy, ili prazdniçnıy?"

   Hiss etdim ki, nazirin rəngi dəyişdi, əsəbi şəkildə:

   "Asif Quseynoviç! Uje 9:30, Vı poçemu seyças spraşivaete? Pust v trusax prixodyat, lijbı yavka bıla!" və telefonu qapadı.

   Sonra üzünü mənə tutub əmr formasında: "Tofik Aziyeviçi yanıma çağır! Axtarıram cavab vermir".

   İnsan böyük bir varlıqdır və içində hər şey yazılıdır. Lakin qaranlıqlar və pərdələr qoymur ki, öz içindəkilərini oxuya bilsin. Amma tam səmimi deyirəm, Cəfər müəllim özünü də, yanındakıları da adi baxışla oxuya bilirdi. Sənədlər üzərindəki dərkənarları şəxsi xətti ilə inci kimi düzərdi. Maraqlısı o idi ki, nazirin dərkanarı ilə olan sənədlər və materiallar hamı üçün əlçatan deyildi. Ona görə də imzası və dərkənarı "ictimailəşmədiyindən" dəyəri artırdı və müdriklərin yazdıqlarına olan maraq kimi hamının diqqətini cəlb edirdi. Kurasiya üzrə nazir müavinlərinə və idarə rəislərinə də özü göstərişlər verərdi. Bu daha çox vətəndaşların qəbulundan daxil olan müraciətlərə aid idi. Hər bir müavin kurasiyası üzrə səlahiyyətlərini davam etdirərdi.

   Cinayətkarlıqla mübarizədə mövqeyi prinsipial idi. Bəzən aparılan işin nəticəsinə görə narazılıqlarını da sərt şəkildə ifadə edərdi. Cinayət-axtarış idarəsinin rəisi Ərzuman (sonra Əzim Piriyev) Zülfüqarova da iradlarını bildirərdi: "Ərzuman Axmedoviç! Mənə deyirlər ki, bəzən işçilərimiz cinayətkarları görüb onu tutmaq əvəzinə, ondan qaçır. Belə faktlar Sizdə varmı?" "Yox, Cəfər Cəbrayıloviç. Belə şey ola bilməz". "Bu bilirsən nəyə bənzəyir? - "Qoyunun qurddan qaçmasına təəccüb etmək olmaz. Təəccüblənəcək şey qoyunun qurda könül verməsidir".

   İnsanın qayəsi bütövlükdə ədəbdən ibarətdir. Cəfər müəllim ədəbi, mədəniyyəti, əxlaqı, bacarığı və qabiliyyəti, habelə məsuliyyət və tələbkarlığı ilə seçilən bir nazir idi.

   Cəfər müəllimin dəyəri və düşüncəsi ilə bu aləmdə də məqamı yüksəkdi. İnşaallah, o dünyada da belə olacaq. O öz dəyərini bilirdi.

   Mən yuxarıda qeyd etdim ki, Cəfər müəllimdən sonra Ramil Usubova qədər çox nazirlər işləyib. Amma yerişini yamsılayan olsa da, ona çatan olmadı. Sırf görünüş etibarı ilə hər insan insan olsaydı, Həzrəti Məhəmməd (s.ə.s.) ilə kafir Əbu Cəhl bir olardı. Halbuki, Məhəmməd hara, Əbu Cəhl hara?!..

   Bu mənada vəzifəyə gəlməyi təəccüb doğuran, getməyi isə gülməli görünən Vaqif Novruzovla Cəfər Vəliyevi müqayisə etmək belə ən azı xətadır. Qarğa öz çirkinliyini anlasaydı, dərd və üzüntüdən bağrı çatlardı. Vaqif Novruzovun da "xoşbəxtliyi" ondadır ki, öz nöqsanlarını bilmədi. Bilsəydi ürəyi çoxdan partlamışdı. Ona görə də onu Cəfər müəllimlə müqayisə etmək xətaya meyl etməkdir. Yazıq Novruzov nə özünü, nə də ətrafını tanıya bildi. İşdən kənarlaşandan sonra mərhum Heydər Əliyevdən mənzil xahiş etmişdi. Yazıqlar olsun! Nazirin evi yox imiş? Məsəl var, "şeytanı görə bilmirsənsə, özünü gör".

   Mən indiki nazir Ramil Usubovla Cəfər müəllimin fəaliyyətlərində uyğunluq görürəm. Bu yalnız ona görədir ki, indiki nazir - Ramil müəllim görüb-götürən, düşünülmüş addım atan və təbii ki, böyük Heydər Əliyev məktəbində püxtələşən bir generaldır. Hər ikisinin saf qəlbi var, məlumatlı və xəbərdardırlar. Mövlana Cəlaləddin Rumi demişkən: "Kim daha çox xəbərdardırsa, əminəm ki, o daha canlıdır".

   Rəbbimiz İnsanı bu dünyada bölünəni birləşdirməyə, qırılanı təmir etməyə görə yaradıb. Bu varlığın sifətinin rəngindən və qəlbinin halından bir nişanə sezilir. Allah hər birimizi belə yaradıb. Cəfər müəllimin üzündə bəzən mülayimlik, bəzən də ciddilik hakim olurdu. Mülayimliyin bəzən qılınc kimi sıyrılan vaxtı da olurdu. Ədalətsizlik etməzdi və ədalətsizliyə də dözməzdi.

   Gözün bir anda gördüyünü dil yüz il söyləsə də anlada bilməz. Mən Cəfər müəllimi gördüyüm kimi qismən təsvir etdim, vəsf etmədim. Yəqin ki, fikrimi çatdıra bildim.

   İnsan oğlunun xəmiri torpaqdandır. Əgər o, torpaq kimi təvazökar olmasa, insanlığını çətin anlayar. O, təvazökar bir partiya işçisi, xalqa xidmət edən bir generaldı.

   Küləyin əsdiyini və gücünü bilmək üçün toz-torpağın qalxmasını və yarpaqların göyə sovrulmasını seyr etmək yetər. Yoxsa küləyi necə görmək olar? Yerdəkilərin göyə sovrulması ilə küləyin fəaliyyəti və istiqaməti bilinər. Cəfər Vəliyevi də hərtərəfli tanımaq üçün onunla yoldaşlıq etmək yox, onun həyat və fəaliyyətinə baxıb tanış olmaq kifayət edər.

   Dünya quru bir istək və faydasız oyuncaqlardan ibarətdir. Biz də bu dünyanın uşaqlarıyıq, dünya ağacının yetişmiş meyvələriyik. Meyvə ki, yetişdi, o dərilməli və sahibinə ərmağan edilməlidir...

   Cəfər müəllim də bu dünya ağacının yetişmiş meyvəsi kimi haqq dünyasına qovuşdu, amma ömrünü boş yerə sərf etmədi. Bu dünyanı tərk etdi ki, mülk və səltənət sahibi olan Allahına qovuşsun. Qəbri nurla dolsun. Amin!

 

 

   Şəmsəddin Əliyev,

   DİN-in sabiq əməkdaşı,

   "Polisə Dəstək" İB-nin sədri

 

   Bakı xəbər .- 2012.-10 iyul.- S.14-15.