Rusiya tədqiqatçısı da Nizami Gəncəvini fars şairi
adlandırdı
Dahi
şairimizi mənimsəməkdə İran və Rusiya dairələri
eyni mövqe tutur
Azərbaycan ədəbiyyatı
tarixində elə görkəmli şəxsiyyətlər var
ki, onların şəxsiyyəti,
yaradıcılığı xalqımızın tükənməz
sərvətidir. Yalnız Şərq ədəbiyyatının
deyil, dünya ədəbiyyatının şah əsərlərindən
biri olan "Xəmsə" və digər qiymətli əsərlərin
müəllifi olan Nizami Gəncəvi də
xalqımızın qüdrətli simalarındandır. Nizami
Gəncəvi ədəbiyyatımızın uca, əlçatmaz
zirvələrindən biridir. Əsrlər boyu elmi-ədəbi,
bədii irsi, yaratdıqları, şəxsiyyəti tədqiqat
obyekti olan, dünyanın nüfuzlu elm qurumları tərəfindən
tədqiqata cəlb edilən Nizami Gəncəvi Azərbaycan
şairi kimi öyrənilib.
Onu heç bir elm mərkəzində
başqa xalqın nümayəndəsi olaraq təqdim etməyiblər.
Çünki azərbaycan türkü olması, gözəl
Gəncə şəhərində doğulması, əsərlərində
Azərbaycan gözəlliyini tərənnüm etməsi onun
milli kimliyini açıq-aydın göstərir.
Qeyd edək ki, Nizami Gəncəvinin
irsinin tədqiqatı ilə, Şərq alimlərilə
yanaşı, Rusiya, Avropa alimləri də məşğul
olub. Ortalıqda bu qədər əsaslı tədqiqatlar, mənbələr,
qaynaqlar ola-ola bəzi dövlətlər Nizami Gəncəvini
öz adına çıxmağa cəhd göstərir.
Nizami Gəncəvini
İran rəsmiləri fars şairi adlandırmağa
başlayıb. İran tərəf əvvəllər Nizamini
öz daxilində farslaşdırırdısa indi həddini
aşaraq bu iddianı açıq ifadə edir. Mətbuatın
yazdığına görə, Tehran Azərbaycanı
şairin heykəlini saxtalaşdıraraq İtaliyaya hədiyyə
etməkdə günahlandırıb. İran Azərbaycana
qarşı irəli sürdüyü növbəti
iddiasının əsassız olduğunu bilsə də, Azərbaycanın
ölməz şairi Nizami Gəncəvini "İran mədəniyyətinin
fəxri" etməkdən çəkinmir. İran N.Gəncəviyə
bu il İtaliyada qoyulan heykələ rəsmi etirazını
bildirib. Bu barədə İran mətbuatına İranın mədəniyyət
və irşad nazirinin müavini Bəhmən Dəri
açıqlama verib: "Azərbaycan Respublikası,
yaxşı olar ki, mövcud prosesləri nəzərə
alaraq öz xarici siyasət sahəsindəki bu hərəkətindən
çəkilsin. Digərlərinin mədəniyyət fəxrlərini
öz xeyrinə müsadirə və digərlərinə hədiyyə
etmək yaxşı hərəkət deyil". Onun sözlərinə
görə, "İran mədəniyyətinə təcavüz,
yəqin ki, məsul şəxslər tərəfindən
reaksiya ilə üzləşəcək və İslam
Respublikası belə təcavüzlər qarşısında
sakit qalmayacaq". Bəhmən Dəri qeyd edib ki,
İranın fəxri şəxsləri üçün
geniş səviyyədə xatirə mərasimlərinin
keçirilməsi planları hazırlanır.
Bəhmən Dəri
Nizami Gəncəvini "İranın tanınmış
şairi" adlandırıb, deyib ki, İran Azərbaycana
"şairin heykəlini və şəxsiyyətini saxtalaşdıraraq
İtaliyaya hədiyyə etməsinə və onun Roma şəhərindəki
Vila Burquze parkında qoyulmasına" etiraz edir. Bəhmən
Dəri, həmçinin, YUNESKO və digər elmi-mədəni
mərkəzlərdə bu əsərlərin
qeydiyyata alınması üçün
Azərbaycanın səylərinə etiraz
edərək, bunun təkcə
İranın zəifliyi ilə bağlı olmadığını
deyib.
Azərbaycan mətbuatı isə yazır ki, bəlli olduğu kimi, Nizami Gəncəvinin
bizim təsəvvürümüzdə olan şəkli sovet antropoloqu Gerasimov tərəfindən
şairin kəllə quruluşuna
əsasən hazırlanıb. Maraqlıdır ki,
İran tərəfinin də özlərinin
təsəvvür etdiyi Nizami
tablosu var. İran ilk dəfə olaraq öz "Nizamisini" təqdim edib.
Qeyd edək ki,
İranın Nizami iddası təxminən
15-18 il əvvəl İranın keçmiş prezidenti Haşimi Rəfsəncani tərəfindən
də səsləndirilib. H.Rəfsəncani Bakıya rəsmi
səfərə gələrkən Nizaminin
heykəlini ziyarət edərək onu
"fars ədəbiyyatının
görkəmli siması" adlandırıb. Hətta o, "fars şairinə"
Bakının mərkəzində heykəl qoyulmasını təqdir
etdiyini bildirib. Rəfsəncaninin
bu açıqlaması Azərbaycanın
elm dairələrində böyük
etiraz doğurub və
alimlərimiz, böyük nizamişünaslar
ona tutarlı cavablar verib.
Son günlər İranın yenidən
Nizami Gəncəvini
özününküləşdirmək xəyalına
düşməsi doğrudan da qəribə görsənir. Nizaminin
öz "Xəmsə"sini,
divanını, qəzəllərini fars və
ərəb dilində yaratdığı bəllidir. Ancaq onun fars
və ərəb dilində əsərlər yaratması o demək deyil ki, o bununla
fars mədəniyyətinə xidmət edib, yaxud fars
şairidir. N.Gəncəvinin dövrün hakim dilində
yazıb-yaratması tam təbiidir. Çünki bu təcrübə
bütün xalqların ədəbiyyatında
olub, bu gün də var, sabah da olacaq.
Nizamişünasların bildirdiyinə görə,
Nizaminin Azərbaycan ədəbiyyatının
nümayəndəsi olduğunu bütün dünya
Nizamişünasları təsdiq edir.
İranın Nizamini
özününküləşdirmək iddiasının heç bir tarixi həqiqətə uyğun
olmadığını deyən Nizamişünasların
fikrincə, İranın Nizamini
özününküləşdirməsi heç
də onların Nizamiyə sevgisinin təzəhürü
deyil. Onlar bu iddianı ortaya qoymaqla Azərbaycan tərəfini
qıcıqlandırmaq məqsədi güdür.
Klassik
Şərq ədəbiyyatı tədqiqatçısı olan alimlərin sözlərinə görə,
İranda Nizami fars şairi
sayılırdısa, niyə barəsində məlumat verilən
ilk tabloya qədər
onun elm aləmində
tanınan bir tablosu İran tərəfindən təqdim edilməyib?
Müqayisə üçün desək,
Azərbaycanda Nizaminin yüzlərlə tablosu, büstü, heykəli,
Gəncədə möhtəşəm türbəsi var. Nizami Gəncəvi
adına Azərbaycan Milli Elmlər
Akademiyasında Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu, Almaniyada eyni adlı Azərbaycana
aid elm-mədəniyyət mərkəzi və.s
fəaliyyət göstərir.
Nizaminin Azərbaycan xalqına məxsus olmasını təsdiq
edən digər bir faktı da yada salmağımız
İran tərəfin iddiasına, xam xəyala düşməsinə aydın cavab olardı. İkinci Dünya Müharibəsinin qanlı-qadalı
dövründə, Leninqradın (indiki Sankt-Peterburq-İ.S) blokadada
olduğu illərdə Azərbaycan ədəbiyyatının,
ictimai və fəlsəfi fikrinin
öndərlərindən olan Nizami Gəncəvinin 800 illiyi
böyük təntənə ilə keçirilib. Bu yubiley fars şairinə deyil, qüdrətli Azərbaycan şairinə
keçirilib. Bu gün
N.Gəncəvinin "Xəmsə"sinin dünya
ədəbiyyatının şah əsərlərindən
biri kimi YUNESKO-ya təqdim edilməsi bizim
haqqımızın bəşəriyyət tərəfindən
qəbul edilməsidir. İranın Nizami
iddiası ilə ermənilərin bizim mədəni
irsimizə, tarixi şəxsiyyətlərimizə,
mədəniyyət xadimlərimizə qarşı irəli sürdüyü iddia ilə
heç bir fərqi yoxdur.
Nizamişünasların bildirdiyinə görə, Nizaminin əsərlərində Cənubi Azərbaycanın
ərazisi, oradakı tarixi-mədəniyyət ocaqları
xatırlanır. Bu da
ondan irəli gəlir ki,
şair öz dədə-baba
yurdlarımızı unutmur və onu əsərlərində tarixiləşdirir.
N.Gəncəvinin farslaşdırılmasına dair bir məlumat da Rusiya mətbuatında yer alıb. Belə ki, bu ölkənin
kütləvi tirajla çıxan və
XX əsrin sirlərini araşdıran "Taynı XX veka" jurnalının 13 may
tarixli sayında çap
olunan "Boevıe medvedi
Rusi" yazısında Nizami
Gəncəvinin "İsgəndərnamə" əsərindən
danışılır. Müəllifi Qalina
Baeva olan yazıda rus yazar Nizami
Gəncəvini klassik fars
ədəbiyyatının görkəmli şairi
kimi təqdim edib. Bu məlumata rast gələrkən
çox təəccübləndik. Yəni Rusiyanın belə bir nüfuzlu jurnalında çalışan yazar o qədər
savadsızdır ki, belə bir səhvə yol verərək
Azərbaycan klassik ədəbiyyatının
nümayəndəsini
fars klassik ədəbiyyatının
nümayəndəsi kimi qələmə
verir? Yazar bilmir ki, fars
dilində yazmaq şair
üçün heç
də həmin xalqın nümayəndəsi olmaq
deyil. XIX əsrdə Rusiyanın bir çox görkəmli
şairləri fransız dilində yazırdı. Amma onları hələ heç
kəs fransız şairi
adlandırmayıb. Yaxud bu
gün Azərbaycanın xalq
yazıçısı Çingiz Abdullayev rus dilində
yazır və bu dil
vasitəsilə özünə böyük
bir oxucu auditoriyası
qazanıb. Kim ona rus yazıçısı deyə bilər ki?
Hesab edirik ki, İran tərəfi də
bu məsələlərdən nəticə
çıxarıb Nizami Gəncəvini
özününküləşdirmək iddiasından əl
çəkməlidir.
İradə
SARIYEVA
Bakı
xəbər.- 2012.- 11 iyun.- S. 11.