"Afaq xanım təkcə
həkim deyil, o
gözəl pianoçu, rəssam..."
Ədəbiyyat
dünyası - cəfakeşlər dünyasıdır. Hər
əlinə qələm götürüb
bu dünyaya yeni nəfəs gətirmək istəyən sənət
adamı ədəbiyyatın cəfasına, leysanına, dolusuna, şaxta və
sazağına, bəzən də cəhənnəm əzabına
bənzər atəş və yanğısına tab gətirə bilmir, nəticədə
onu tərk edir və
ilğım kimi sənət aləmindən
yoxa çıxır.
Poeziya səmalarında doğulan hər kəs göylərdə bərq
vuran ulduzları xatırladır. Xoşbəxt
o qələm sahibidir
ki, bir göz
qırpımında axan ulduzlardan
deyil, sonunda Günəşə
çevrilən Məşriq ulduzlarından biri
olmağı bacarır. Haqqında söz
açacağım gözəl şairəmiz Afaq Şıxlı, məhz Məşriq ulduzuna bənzəyən işıqlı insanlardan, şeirlə nəfəs alan və yaradıcılıqda yorulmaq bilməyən cəfakeş qələm
sahiblərindən biridir. Bəlkə ixtisasca həkim olmağındandır ki, Afaq xanım olduqca həssas, duyğusal,
şeiri, poeziyanı canı, ruhu qədər sevən bir
könül sahibi kimi diqqətləri özünə cəlb edir. Daim qələminin
gücünə, qəlbinin işığına
sığınan şairə gecəsini gündüzünə
qatıb sənətin keşməşkeşli yollarından keçmiş, oxucularına hər biri gözəl bir ədəbi
nümunə olan dörd
şeir kitabı töhfə vermişdir.
Poetik axtarışlarında daim orijinallıq axtaran
şairənin xoşbəxtliyi orasındadır ki, şeirdə güclü
kriterlər, zəngin kolorit və eyni zamanda təravətli deyim tərzi yarada bilir. Şeirlərini sevə-sevə mütaliə
etdikcə, şairənin yüksək bədiilik və
obrazlı ifadələr tapmaq üçün necə gərgin fikir axtarışlarında olduğuna
şahidlik edirsən. Elə bu inadlı axtarışlarına görə
də Afaq Şıxlı tapdanmış
yollardan və köhnə
cığırlardan, arxaik sözlərdən
qaçır, özünü oxucusuna sözün həqiqi
mənasında ədəbiyyata təravətli söz deməyi bacaran bir şairə kimi təqdim
etməyi həssaslıqla bacarır. Şeirlərindəki təzə
ifadələrə daldıqca yüksək, insani
hisslərlə yüklənirsən və bu
yeni deyimlərin poetik
yükü səni ruhən ovsunlayır.
Cənnətlər cənnəti Azərbaycandan uzaqlarda qürbət diyarda
yaşayan şairənin torpağı, vətəni
üçün nə qədər qəribsədiyinin
və onu necə də yüksək həssslıqla
şeirə gətirdiyinin şahidi oluruq:
Bakım mənim!
Darıxmışam!
Bəs sən necə? Darıxmısan, əziz anam?
Axı, mən də sənin isti
qucağında doğulmuşam,
mən də sənin övladınam.
Razı olma
küləyinə, yağışına həsrət qalam.
Rəva bilmə
torpağına, günəşinə həsrət qalam..
Sənin üçün bir olmalı övladların -
Sən anasan!
İstəyirəm mənimçün də az da olsa
darıxasan.
Afaq Şıxlı onu
əhatə edən dünyaya sevgi ucalığından baxan,
hər bir misrasını belə büllur dağ
çeşməsinin şəffaf damcıları kimi saf-saf düzən, doğma yurddan
uzaqlaşdıqca qəlbinin sonsuz hərarətilə
Azərbaycana - ata-baba ocağına daha möhkəm bağlanan,
bu ocağın istisinə isinən,
tüstüsünə yaş axıdan
tanrı vergili bir
şairədir.
Görəsən insan hisslərinə,
insan duyğularına həkimlər qədər
kimlər daha yaxın ola
bilər? Mənə elə gəlir ki, bu sualın cavabını yalnız poeziyada və Allahın ən yaxın
dostları olan şairlərin qəlbində
axtarmaq gərəkdir. Qəlbilə dili bir olmayan
şairlər Tanrıdan uzaq adamlardır.
Belə şairlərə saxta şairlər
deyirlər. Əsl şair - özgəsinin
müvəffəqiyyətinə, özgəsinin xoşbəxtliyinə
sevinməlidir. Xəbis, ikiüzlü,
rüşvətbaz və naqis xislətli yazarlar şeytanın nökərləridir əslində!
Afaq Şıxlı bu
baxımdan da oxucusunu onu əhatə edən zaman
və məkan, xeyir və şər
varlıqları haqqında düşüncələrə çəkə
bilir:
Mizanı var bu
dünyanın-iki gözlü,
Yolları var-daş-kəsəkli, əyri-düzlü,
İnsanları bəd niyyətli, gülər üzlü,
Hər bir şəri - bir yaxşının yamanıdı.
Şıxlılar nəsli Azərbaycan ədəbiyyatına
"Dəli Kür" kimi
çox qiymətli bir
romanın müəllifi olan
İsmayıl Şıxlı adlı yüksək səviyyəli
şəxsiyyət, gözəl alim və
ədalətli bir insan
bəxş etmişdir. Mərhum
İsmayıl Şıxlı nəslindən olan
Afaq Şıxlı onun
poeziyada davamçısıdır desək,
yanılmarıq!
Afaq xanım təkcə həkim deyil, o gözəl pianoçu, rəssam və eyni
zamanda yetərincə oxu
mədəniyyəti olan bir
insandır. Onun Seyyid
İmadəddin Nəsimidən epiqraf gətirdiyi
bir şeiri
oxucuların diqqətinə yetirmək istəyindəyəm.
İmadəddin Nəsimi yazır:
Canımı yandırdı hicrin, ey nigarım,
hardasan ?
Afaq yazır ki:
Bahar
gəldi, mənim üzüm gülmədi,
Ey qubarım, intizarım, hardasan?
Hamı
gəldi, gözlədiyim
gəlmədi...
Əsib
keçən ruzigarım,
hardasan?
Yazıçı,
professor Çingiz Hüseynov
yazır ki; Əsl şair yeni qafiyələr icad etməklə yanaşı, deyilən, işlənən, yayılan
qafiyələri də
yeni məna ilə doldurmağı bacarmalıdır. Hörmətli
Professor çox haqlı
fikirlər söyləmişdir.
Xoşbəxtlikdən Afaq
Şıxlı qələmə
aldığı bütün
qoşmalarında yeni
qafiyələr, rədiflər
və deyimlər icad etməklə oxucusunu, sanki sehrli bir aləmə
aparır:
Ələnib
sazıma qürbətin
qarı,
Yenə
tac bilmişəm əhdi, ilqarı.
Neynirəm
bu qədər dövləti-varı,
Anamın
bircə xoş baxışı bəsdi!
Azərbaycandan
qürbət ellərə
düşən şairə
öz nisgilini, yaradıcılıq təxəyyülündən
keçənləri poetik
misralara düzməklə
yeni-yeni qoşmalar, gəraylılar yaradır.
Yağan yağışa,
uçan quşlara, şəhərin üstünü
alan dumana, axan sulara, əngin
səmaların ulduzlarına
ürəyinin nəhrini
boşaldan Afaq Şıxlı çılğın
dalğalı bir dənizi, köpürüb
haray çəkən
zirvə çayını
xatırladır:
Bəzən
olur...
ürəyində
danışmaqdan yorulursan,
Bir kimsəyə arxalanmaq istəyərkən
puça
çıxır ümidlərin,
Şikar
kimi vurulursan...
Haqsızlıqlar
səni didir...
Sən
də düzə bilmədikcə
kainata
üsyan edir,
bir hücrəyə sıxılırsan...
Yaşamaqçün
ümidlərə sarılırsan...
Sən
dünyaya qucaq açıb vəsf edərkən
dünya
səni almır vecə,
Sən
də yanıb-yaxılırsan...
Özünü
sevgi və təbiət aşiqi, məhəbbət və gözəllik vurğunu, söz sərrafı və millətinin şairəsi kimi təsdiq edən Afaq Şıxlı ilham duyğularını Vətən məhəbbətindən,
yurda bağlılıqdan
və insan mənəviyyatının əsrarəngiz
zənginliklərindən alır.
Böyük
Rus yazıçısı
L.N.Tolstoy yazır:
"Söz millətin
ruhunun, ideyalarının,
fikirlərinin tərcümanıdır."
Bəli, millətin ruhu, qədimlərdən süzülüb gələn
adət və ənənəsi, tarixi keçmişi onun qan yaddaşında və bir də
dilindədir. Sözü
yaradan da xalqdır. Şair isə millətin sözüdür, millətin
səsidir. "Canım
Vətən!" şeirində
Afaq Şıxlı yazır:
Övladları
dərbədiyar,
Torpaqları
dağım-dağım,
Ümidləri
param-parça olan Vətən!
Qulaqları
bircə zəfər harayında
Qalan
Vətən!
Ağrıların
necə yaman,
Yaraların
necə dərin!
Hanı
sənin igidlərin,
Hanı
sənin ərənlərin?
Əlbəttə,
Afaq Şıxlının
yaradıcılığının bütün sahələri
haqqında qəzet səhifəsi üçün
nəzərdə tutulmuş
bir yazıda çox ətraflı söz açmaq imkansızdır. Onu demək kifayət edər ki, Afaq
Şıxlının imzası
artıq Azərbaycanın
sərhədlərini aşaraq
Rusiyada, Türkiyədə,
Almaniyada, Fransada və b. ölkələrdə
tanınmaqdadır. İllərlə
keçirdiyi yuxusuz gecələrin bəhrəsini
həyat bu gün ona zərrə-zərrə
də olsa qaytarır. Uşaqlıqdan
birinci olmağı bacaran, orta məktəbi
qızıl medalla, universiteti əla qiymətlərlə bitirən,
bu günədək onlarla ədəbi diplomun sahibi olan, müxtəlif mükafatlara layiq görülən şairə
bu il Avroasiya
Yazarlar Birliyinin üzvü olmaqla da öz dostlarını
və yaxınlarını
sevindirmiş və başqa sahələrdə
olduğu kimi şeirdə də birincilər sırasında
olduğunu təsdiqləmişdir.
Bir məqamda qeyd etmək istərdim ki, Afaq Şıxlı
yetgin və öz qələminin gücünü hiss edən,
oxucuların ürəyinə
duyğular salmağı
bacaran bir şairədir. Ədəbiyyatımız
ondan yenə də dəyərli əsərlər gözləyir.
Afaq gözəl şairə olduğu kimi, mehriban, qanışirin, ətrafdakıları öz
aurasına cəlb etməyi bacaran bir insandır. Ailəlidir, əsil xanımdır, yaradıcılıqla
və ailəsilə məşğul olur.
"Şəhriyar" ədəbi-mədəni
cəmiyyətinin və
digər yaradıcı
təşkilatların keçirdiyi
bütün tədbirlərdə
iştirak etməyə
çalışır. İctimai
işlərlə yanaşı,
iki gözəl övlad böyüdüb
millətimizin ixtiyarına
verib. Qızı Nilufər A.Şıxlı
- ali təhsillidir, dissertantdır, beş dildə sərbəst danışır, gözəl
şeirlər, povest və hekayələr müəllifidir. Oğlu Nicat isə birinci kurs tələbəsidir.
Bu yazının
gündəmə gəlməsində
ən sevimli məqamlardan biri də budur ki,
25 iyun Afaq xanımın günəşli
dünyaya göz açdığı gündür.
Gəlin, ad günü
münasibətilə ona
həyatda hər şeydən istəkli olan can sağlığı,
coşqun ilham, kəsərli qələm,
böyük yaradıcılıq
uğurları və ailə səadəti arzulayaq. Arzulayaq ki, Afaq Şıxlı
öz qaynar yaradıcılığı ilə
X.B.Natəvan, Məhsəti
Gəncəvi, Heyran xanım, Nigar Rəfibəyli, Mirvarid Dilbazi və b. şairə xanımlarımız
kimi yaddaşlarda əbədi qalsın və eləcə də ədəbiyyat dərsliklərinə ayaq
aça bilsin.
Yazımı
Afaq Şıxlının
gözəl bir şeiri ilə bitirmək istəyirəm
və deyirəm:
"Sizə uğurlar
diləyirik, əziz qələm dostumuz Afaq xanım ! Heç vaxt üzünüz kədər,
ürəyiniz dərd
görməsin!"
MƏN KÖVRƏLMƏK
İSTƏMİRƏM!
Mən
kövrəlmək istəmirəm!
Sıxa-sıxa
dodağımı dişlərimin
arasında
Dondururam
göz yaşımı
gözlərimin qarasında.
Mən
kövrəlmək istəmirəm...
Ağlamıram
- düşünürlər çox güclüyəm,
Düşünürlər
yoxdu dərdim.
Bilmirlər
ki, bir dost olsa
Sirlərimi,
sözlərimi mən
onunla bölüşərdim.
İstəmirəm!
Daha məni qoy bəxtəvər sanmasınlar!
Qürurumu
qorumaqçün zirvələrə
ucaltdığım kimliyimə
Qibtə
edib için-için
yanmasınlar!
Yorulmuşam...
Mən
bir çiyin istəyirəm söykənərək
ağlamağa...
Gücüm
çatmır zaman-zaman
Məni
sıxan hisslərimi ürəyimdə saxlamağa.
Kaş
ki mən də heç duymasam...
Kaş
ki mən də cahil olsam...
Şad
gəzərdim çoxlarıtək
çox şeyləri
anlamasam.
Yeyib-içsəm,
geyinsəm şıq...
Düşünsəm
ki, bitən deyil
Bu dəbdəbə,
bu yaraşıq...
Düşünsəm
ki,
Pulum
varsa, qüdrətliyəm,
Pulum varsa, hörmətliyəm.
Düşünsəm
ki, dünya mənim,
mənim
- həyat!
Amma,
heyhat...
Bu da
bir yük -
Anlamaq
ki, biz kiçiyik, dünya böyük!
ƏŞRƏF
HÜSEYNLİ,
Beynəlxalq Yazıçılar
Publisistlər
Assosiasiyasının üzvü,
tarix elmləri
namizədi, şair.
Bakı
xəbər.- 2012.- 26-27 iyun.-S.14.