Milli qəhrəmanların xatirəsinə dövlət qayğısı - gənc nəsli formalaşdırmaq üsuludur

 

   Gənc nəslin vətənpərvərlik tərbiyəsinə Vətənin ərazi bütövlüyü uğrunda silaha sarılan qəhrəman oğul və qızlarımızın böyük təsiri var. Azərbaycan tarixində saysız-hesabsız qəhrəmanlar olub ki, onların döyüş yolu, şəhidlik məqamı gənclər üçün həyat məktəbidir. Ermənilərin dədə-baba torpağımız olan Dağlıq Qarabağa hücumu nəticəsində yüzlərlə vətən övladı torpağımızın müdafiəsinə qalxdı.

   Bu savaşda fərqlənən, yurdumuzun müdafiəsi uğrunda müstəsna qəhrəmanlıqlar göstərən döyüşçülərin müəyyən bir qisminə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Milli Qəhrəman adı verildi. Bu gün Azərbaycanda 211 nəfər bu şərəfli adı daşıyır. Təəssüf ki, onların yalnız on səkkiz nəfəri həyatdadır. Qalanları isə dünyasını dəyişib. Amma onların övladları, həyat yoldaşları, valideynləri, yaxınları onların xatirəsini yaşadır. Dövlətimiz də Milli Qəhrəmanlara və onların ailə üzvlərinə qayğı göstərir. Bəziləri hesab edir ki, Milli Qəhrəmanlara və doğmalarına göstərilən qayğı daha yüksək olmalıdır. Yəni bu qayğı o səviyyədə olmalıdır ki, milli qəhrəmanlarımız həm də gənclər üçün örnəyə çevrilə bilsin. Milli qəhrəmanlara belə qayğı gənclər arasında həm də vətənpərvərlik ruhunun tərbiyə olunmasında böyük rol oynaya bilər. Məlumdur ki, Milli Qəhrəmanların həyat yolunu özünə nümunə sayan gənclərimiz çoxdur. Dövlət Milli Qəhrəmanlara, o cümlədən də şəhid ailələrinə müəyyən imtiyazlar ayırıb. Bu imtiyazlardan ən yüksəyi prezident təqaüdüdür. Hazırda 191-dən artıq Milli Qəhrəman ailəsi ayda 600 manat təqaüd alır. Bəzi ailələrin isə mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən tədbirlər həyata keçirilib. Bir neçə ailə evlə təmin edilib.

   Mərhum Azərbaycan prezidenti Heydər Əliyevin rəhbərliyi dövründə də, hazırda da Milli Qəhrəman ailələri dövlətin himayəsindədir. Prezident İlham Əliyev bu gün Qarabağ şəhidlərinin xatirələrini əziz tutur, şəhid ailələrinin, Milli Qəhrəmanlarımızın sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Prezidentin bu yöndə göstərdiyi qayğının bariz nümunələrindən biri Mübariz İbrahimova göstərdiyi şücaətə görə Milli Qəhrəman adının verilməsidir. Gənclər görəndə ki, canını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən insanların ailəsi dövlətin qanadları altındadır. Bu bizim gənclərdə vətənpərvərlik tərbiyəsini daha da sarsılmaz edəcək. Mütəxəssislər bildirir ki, bunun gənclərin milli-mənəvi dəyərlərə, xüsusən də vətənpərvərlik tərbiyəsinə malik olmasında böyük rolu var. Bir məqama diqqətinizi yönəltmək istəyirik. Ölkə başçısı Milli Qəhrəmanlar, onların ailə üzvlərinin sosial vəziyyətinin yüksəldilməsi üçün bir neçə sənəd imzalayıb. Bundan əlavə, o, bir neçə rəsmi sənəd vasitəsilə Milli Qəhrəmanlarımızın gənclərə tanıdılmasını tövsiyə edib. Məsələn, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Dəstəyi Proqramının 6.2.- "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi"- bəndinin 6.2.3 maddəsində Gənclər və İdman Nazirliyinə, Müdafiə Nazirliyinə, Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə "Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi tövsiyə edilib. Gördüyünüz kimi, çox az sayda uyğun sənəd tapılar ki, orada heç olmasa bir bənd Azərbaycan torpaqlarının müdafiəsi üçün göstərdiyi şücaətə görə Milli Qəhrəman adı alan şəxslərə həsr edilməsin. Dövlətimiz bu şəxslərin şəhadətini və qaziliyini layiqincə qiymətləndirir və bu müsbət məsələnin gənclər arasında daha geniş şəkildə yayılmasını hədəfə alır.

   Bildiyimiz qədər, dövlət ali məktəblərində təhsil alan Milli Qəhrəman övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir (bu məlumatı dəqiqləşdirə bilmədik. Onların övladlarının təhsil haqqı dövlət hesabına ödənilmirsə bunun təmin edilməsi arzuediləndir-İ.S ). Bu da qayğının təzahürüdür. Milli Qəhrəman adı daşıyan şəhidlər vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçib. Odur ki, cəmiyyətin özünün də onlara və ailələrinə özəl münasibəti olmalıdır.

   Bəzi ictimaiyyət nümayəndələri, siyasətçilər Milli Qəhrəman ailələrinə dövlətin ayrıca bir dövlət proqramı həsr etməsinə ehtiyac duyur. Mətbuatda səsləndirilən fikirlərə görə, Milli Qəhrəman ailələrinin, uşaqlarının təhsili, işlə təmin olunması ilə bağlı dövlət proqramı hazırlanmalıdır. Azərbaycanın bu şərəfli ailələrinin heç bir mərhumiyyətlə üzləşməməsini arzu edənlər də az deyil. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin bildirdiyinə görə, dövlət və hər bir azərbaycanlı çalışmalıdır ki, bu insanların, onların övladlarının inkişafına, təhsilinə, işlə təmin olunmasına, sağlamlığına xüsusi bir diqqət olsun: "Bu diqqət olanda biz gənc nəsli də başqa cür tərbiyə edə bilərik. Gənc nəslə, əsgərliyə gedən uşaqlara da deyə bilərik ki, baxın, Azərbaycanın səngərdəki hər bir əsgərinin, döyüşçüsünün arxasında dövlət dayanıb. Vətənpərvərlik ruhu hər zaman bu ölkədə yüksək olmalıdır".

   Respublikada fəaliyyət göstərən Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi və müxtəlif dövlət qurumları vaxtaşırı Milli Qəhrəmanlara göstərilən dövlət qayğısı ilə, eləcə də digər məsələlərlə bağlı silsilə tədbirlər təşkil edir. Bu tədbirlərin keçirilməsində məqsəd əslində Azərbaycan dövlətinin Milli Qəhrəmanlarla, şəhidlərlə əlaqədar həyata keçirdiyi siyasəti davam etdirməkdir. Onlar, həmçinin, bu qayğı barədə gənclər arasında təbliğat da aparır. Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təmsilçisi Nurəddin Abbasovun mətbuatda yer alan fikirlərinə görə, Milli Qəhrəmanlara dövlət qayğısının əsasını Azərbaycanın mərhum prezidenti Heydər Əliyev qoyub": Ümummilli liderimiz Heydər Əliyev kimi cənab İlham Əliyev də bu gün Qarabağ şəhidlərinin xatirəsini əziz tutur, şəhid ailələrinin, Milli Qəhrəmanlarımızın sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir... Prezidentimizin bu yöndə göstərdiyi qayğının bariz nümunəsindən biri Mübariz İbrahimova göstərdiyi şücaətə görə Milli Qəhərman adının verilməsidir". Nurəddin Abbasov onu da vurğulayıb ki, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin məqsədi Milli Qəhərmanlarımızın təbliğini yaxşı aparmaqdır. O, Vüqar Əsgərovun "Azərbaycan Milli Qəhrəmanları" adı altında nəşr etdirdiyi kitabdan da danışıb.

   Bəllidir ki, son illər şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin, Milli qəhrəmanların, müharibə əlillərinin və veteranların sosial təminatının yaxşılaşdırılması, sosial-hüquq müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bütün bunlar öz bəhrəsini versə də, bəzi problemlər hələ də həll olunmamış qalır. Bu bir faktdır. O problemlərdən biri də "Bakı-Xəbər" qəzetinin bir neçə il əvvəl qaldırdığı Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Məmmədov bir neçə il əvvəl qəzetimizə məlumat verdi ki, respublikamızda bu qədər Milli Qəhrəman adı daşıyan vətən övladları olsa da, Milli Qəhrəmanlıq statusu yoxdur.

   Bəzi millət vəkilləri qəzetimizin vaxtilə qaldırdığı bu problemin həll olunmasını vacib sayır. Onların bu ideyanın bizdən qaynaqlandığı barədə məlumatlarının olub-olmadığını deyə bilmərik. Onların bu ümummilli məsələyə dəstək vermələri təqdirəlayiqdir. Millət vəkili Elman Məmmədov bir müddət əvvəl mətbuata bildirib ki, bu status haqda qanunun qəbulu zəruridir: "Millət vəkilləri parlamentdə Azərbaycanın milli qəhrəmanlarına xüsusi statusun verilməsi barədə məsələ qaldıracaq". Millət vəkilinin sözlərinə görə, bu statusa malik insanlara xüsusi qayğı ilə yanaşılmalıdır:

   "Qarabağ döyüşündə həlak olan milli qəhrəmanlara xüsusi status verilməlidir. Hazırda milli qəhrəmanlar və onların ailə üzvlərinə dövlət tərəfindən xüsusi qayğı göstərilir.

   Ancaq bu qayğı o səviyyədə olmalıdır ki, milli qəhrəmanlarımız həm də gənclər üçün örnəyə çevrilə bilsin. Milli qəhrəmanlara belə qayğı gənclər arasında həm də vətənpərvərlik ruhunun tərbiyə olunmasında böyük rol oynaya bilər".

   Digər fikirlərə görə, statusun olmaması bəzi problemlərin yaranmasına səbəb olur. Məlumatlara görə, Milli qəhrəmanların ailə üzvlərinin hüquqlarının müdafiəsi sahəsində, eyni zamanda, həyatda olan qəhrəmanların özlərinin qarşılaşdıqları çətinliklər, xoşagəlməz hallar baş verir. Təkliflərə görə, Milli qəhrəmanların dövlət hesabına müalicəsi və dərmanların ödənilməsi, reabilitasiyası, dövlət tərəfindən tibbi sığortası, sanatoriya və kurort məsələsinin həlli, layiqli yaşayış sahəsi ilə təmin olunması zəruridir.

   Azərbaycan Respublikası Milli qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Məmmədov isə, qəzetimizə müsahibəsində bildirdi ki, dövlət tərəfindən Milli qəhrəmanlara göstərilən qayğı təqdir olunasıdır. Birlik sədrinin sözlərinə görə, bu gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. E.Məmmədovun dediyinə görə, hər bir Milli Qəhrəmanın, şəhidin xalqımızın tarixinə yazdığı qəhrəmanlıq salnaməsi gənclərin əbədi vətənpərvərlik məktəbi olmalıdır: "Gənc nəslin öyrənməli olduğu insanlarımız çoxdur. Milli Qəhrəmanlarımız da onlara nümunədir. Dövlət tərəfindən onlara göstərilən diqqət-qayğı gənclərə yaxşı nümunədir. Onlar bu qayğını əyani şəkildə görür. Bu da o deməkdir ki, dövlət vətən uğrunda canını qoyan, sağlamlığını itirən insanların arxa-dayağıdır. Milli Qəhrəmanların həyatı, döyüş yolu təbliğ edilməlidir". Bununla belə, E.Məmmədovun dediyinə görə, Milli qəhrəman ailələrinə bir çox imtiyazların verilməsi vacibdir. Onun sözlərinə görə, qəhrəmanlar yalnız təqaüd imtiyazından istifadə edir: "211 Milli qəhrəman var və onların da ailəsi mövcuddur. Amma Prezident təqaüdü bunlardan 53-nə şamil edilməyib. Həmin ailələrin uşaqları həm ataları, həm də anaları şəhid olduğundan və uşaqların yaşı 18-i ötdüyünə görə onlara prezident təqaüdü verilmir". Birlik rəhbəri problemdən çıxış yolunu Milli qəhrəmanlar haqqında normativ aktın qəbul edilməsində gördüyünü bildirib: "Milli qəhrəmanların xüsusi statusu yoxdur. Biz bu barədə bir neçə il əvvəl sizin qəzetiniz vasitəsilə məsələ qaldırmışdıq. Amma hələlik ortada heç bir sənəd yoxdur. "Milli Qəhrəman statusu Haqqında" Qanun olmadığından müəyyən problemlər var. Amma bütün bunlarla bərabər, dediyim kimi, dövlət tərəfindən onlara diqqət və qayğı da göstərilir".

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2012.- 7 mart.- S.15.