Türkiyənin ATƏT-in Minsk Qrupundakı ilk təmsilçisi Qarabağ sülh prosesinə aid maraqlı arxiv faktları açdı

 

   Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz və Orta Asiya idarəsi rəisinin keçmiş müavini, istefada olan səfir Candan Azər APA-ya müsahibə verib.

   - Azərbaycanın müstəqilliyinin Türkiyə tərəfindən tanınması prosesində Siz də yaxından iştirak etmisiniz. 20 ildən sonra o günləri xatırlayarkən nə demək istərdiniz?

   - Azərbaycan müstəqilliyini elan edəndə mən xarici işlər nazirinin baş müşaviri idim. Azərbaycandan tanınmaq üçün müraciət gəldi, daha sonra Bakıdakı baş konsulluğumuz tanınma barədə müraciətə Azərbaycanın notasını da əlavə edərək bizə bildirdi. Bu məsələ Ankarada ətraflı müzakirə edildi, bəziləri sovet imperiyasından ayrılan digər dövlətlərin hamısı ilə birlikdə Azərbaycanın tanınmasının gərəkli olduğunu dedilər, bəziləri isə bildirdilər ki, Azərbaycan dərhal tanınmalıdır. Mərhum xarici işlər naziri Safa Giray mənim fikrimi də soruşdu, mən bəyan etdim ki, Azərbaycanın dərhal tanınması yaxşı olar. Safa bəy o vaxt baş nazir olan Məsud Yılmaza fikrini bu şəkildə bildirdi, Məsud bəy də qəbul etdi. Biz 1991-ci il noyabrın 8-də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olduq, mətbuat konfransı keçirərək bunu bütün dünyaya elan etdik. Tanınmanın rəsmiləşməsindən sonra Bakıdakı baş konsulluğumuz səfirlik oldu. İlk baş konsulumuz və səfirimiz Altan Karamanoğlunun rolunu da qeyd etmək lazımdır. Bakıda yaxşı işlər gördü.

   - Müstəqilliyin elan edilməsi və tanınma prosesində Azərbaycanın ən böyük problemi torpaqlarımızın ermənilər tərəfindən işğalı və müharibə idi. Tanınmadan əvvəl və sonra Türkiyənin bir çox sahədə yardımı vardı. O yardımlarla bağlı nələri xatırlayırsınız?

   - Türkiyə ilə Azərbaycan bir-birindən fərqli ölkələr deyil. Rəhmətlik Heydər Əliyevin bir sözü var, "bir millət, iki dövlət". Çox doğru bir sözdür. Azərbaycana necə yardım edə bilərdik? Birbaşa silahlı yardım beynəlxalq hüquq baxımından mümkün deyildi, ancaq ordu quruculuğu üçün hərbi müşavirlər göndərərək Azərbaycan gənclərinə təlim verdik, gəncləri hərbi təhsilə cəlb etdik. Diplomatik sahədə isə Azərbaycanın hücuma məruz qalmış bir ölkə olduğunu dünyaya çatdırmağa çalışdıq. Çünki ermənilər çox geniş təbliğat aparmışdı. 1988-ci ildəki zəlzələdən bəri ermənilər dünyadakı məzlum və fağır imiclərini daha da gücləndirdilər. Bunun doğru olmadığını, Azərbaycanın hücuma məruz qalmış tərəf olduğunu dünyaya çatdırmaq üçün gecə-gündüz çalışdıq. Məsələn, ABŞ Konqresinin 907 saylı "Freedom Support Act" sənədində Azərbaycan hücuma məruz qalan yox, hücum edən dövlət kimi göstərilirdi. Bunun dəyişdirilməsi üçün 3-5 il mübarizə apardıq. Dəmirəlin Klintonla olan isti münasibəti sayəsində bunu dəyişdirə bildik. Azərbaycanda çoxlu neft ehtiyatı olmasının ortaya çıxmasının da önəmli rolu oldu. Neft bir çox şeyi dəyişdirə bilən faktordur. O vaxt Azərbaycana qarşı hücumların dayandırılması üçün ATƏT-in təsirli rol oynaya biləcəyinə inandıq. ATƏT vasitəsilə hansı işləri görə biləcəyimizi araşdırdıq...

   - Oraya gələcəyik. Deyəsən, 90-cı illərin əvvəlində XİN-də Qafqaz idarəsini yaratdınız.

   - Mən XİN-in müvafiq idarəsində Cənubi Qafqaz üzrə baş direktor müavinliyini yaratdım. Cənubi Qafqazın 3 ölkəsi mənim maraq dairəmdə idi.

   - ATƏT-də qalmışdıq...

   - Dediyim kimi, problemin həllinə beynəlxalq arenada dəstək tapmaq üçün ATƏT-ə üz tutduq, ATƏT-in bu məsələ ilə məşğul ola biləcəyinə dair müsbət atmosfer gördük. Əslində ATƏT-in yaradılmasındakı məqsədlərdən biri də bu idi: lokal konfliktlərin həllinə kömək etmək. 24 mart 1992-də Helsinkidə ATƏT-in Nazirlər Şurasının xüsusi iclası keçirildi. O toplantıda mən də iştirak edirdim. Orada Dağlıq Qarabağ probleminin həlli üçün yaradılan qrupa Azərbaycan, Ermənistan, ATƏT-in "troyka" sistemini təşkil edən ölkələr - əvvəlki sədr, indiki sədr, növbəti sədr - o vaxtkı adı ilə Çexoslovakiya, Almaniya, İsveç ("troyka"nı təşkil edən ölkələr), növbəti toplantı Minskdə keçiriləcəyinə görə Belarus, eyni zamanda Fransa, İtaliya, Rusiya, Türkiyə və ABŞ daxil oldu. Dağlıq Qarabağın hər iki icmasının nümayəndələrinin də toplantılarda iştirak edərək fikir bildirmələri razılaşdırıldı. Minsk Qrupunun hazırlıq toplantısından sonra ilk sədrliyi İtaliyaya verdilər. Hazırlıq toplantılarının da Romada başlaması qərarlaşdırıldı. Minsk Qrupunun əsas məqsədi Dağlıq Qarabağın statusunun müəyyənləşdirlməsindən ibarət olsa da, biz heç bir toplantıda bu məsələni müzakirə edə bilmədik. İlk 3-5 toplantı Dağlıq Qarabağ ermənilərinin toplantılarda birbaşa tərəf kimi iştirak edib-etməyəcəyinə dair mübahisələrlə keçdi. Təbii ki, Azırbaycanla Türkiyə buna qəti şəkildə qarşı çıxdı. O biri ölkələrin çoxu isə deyirdi ki, Qarabağ erməniləri buraya qədər gəlib, onlar da iştirak etsin. Biz bunu qəti şəkildə rədd edirdik. Çünki Dağlıq Qarabağın erməni icması toplantılarda bir dövlət kimi iştirak etsəydi, bu onları bir növ tanımaq mənasını daşıyacaqdı, onları dövlət durumuna gətirəcəkdi. Mən o toplantılarda 2 il iştirak etdim, ancaq heç bir irəliləyişə nail olunmadı. Bəzi toplantılarda biz bir arpa boyu irəliləyiş əldə etdik, ancaq irəliləyiş əldə etdiyimiz toplantıdan sonra Rusiyanın təmsilçisi Kazimirov İrəvana, oradan da Xankəndinə gedərək əldə edilmiş razılığı pozdu. Sonrakı illərdə Minsk Qrupu saydığım ölkələrin iştirakı ilə toplanmadı. Fransa, Rusiya və ABŞ 3 həmsədr kimi yola davam etdi. Bu dövlətlər hansı prinsipə görə həmsədr seçilib? Rusiya bu məsələdə qəti şəkildə Ermənistanın tərəfindədir. Fransanın mövqeyi məlumdur. ABŞ-dakı erməni diasporunun gücünü də hər kəs bilir. Bu 3 dövlət arasında Azərbaycanın haqqını-hüququnu müdafiə edəcək bir dövlət varmı? Yoxdur. Bunlarla nəyəsə nail olmaq olarmı? Olmaz. Bir vaxtlar mərhum Heydər Əliyevlə bu məsələni müzakirə edərkən o dedi ki, belə bir məsələ beynəlxalq toplantılarda həll edilməz, sizin Kipr məsələniz beynəlxalq təşkilatlarda müzakirə edilir, 40 ildən bəri o məsələ həll edildi ki Qarabağı da həll etsinlər? Doğru deyirdi. Yaxşı, bu problem necə həll edilə bilər?

   - Mən də onu soruşacaqdım...

   - Bu məsələ Azərbaycanla Ermənistan arasında birbaşa müzakirə ilə həll edilə bilər. Mən buna inanıram. Azərbaycan hər baxımdan güclənir. Hərbi baxımdan da güclənir. Ermənistan tərəfi bunun fərqinə varanda müzakirəyə razı olacaq. Burada yeganə problem Ermənistanı Rusiyanın təzyiqindən xilas edə bilməkdir. Ermənistan Azərbaycanın güclənməsini görəndə Azərbaycan bir güllə də atmadan 7 rayonun işğaldan azad edilməsinə nail ola bilər. Ondan sonra Dağlıq Qarabağa veriləcək status müzakirə edilə bilər. Ancaq bu, Minsk Qrupu və ya hər hansı başqa qrupla olacaq iş deyil. Azərbaycanla Ermənistan masanın arxasına keçəcək, işğal edilmiş rayonlar boşaldılacaq, qaçqınlar evlərinə dönəcək. Ermənistan gəlib bizim torpaqlarımızı işğal edib, nə haqla? Bura sənin atanın malıdırmı? Tarixin hansı dönəmində ora Ermənistan olub? Qarabağ nə vaxt erməni torpağı olub? Oralarda 2 kilsə var deyə erməni torpağı olur? Bizim məscidələrin hamısını dağıtdılar...

   - 1993-cü il martın axırında ermənilər Kəlbəcəri işğal etdi. Türkiyə buna sərt reaksiya göstərərək 4 aprel 1993-cü ildə Ermənistanla sərhədi qapatdı. 30 aprel 1993-də Pakistanın sədr olduğu dönəmdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdan kənardakı torpaqların işğaldan azad edilməsi ilə bağlı qətnamə qəbul etdi. ATƏT-in də 15 iyun 1993-dən etibarən Kəlbəcərin işğaldan azad edilməsilə bağlı qərarı vardı. Ancaq bu qətnamə və qərarların heç biri yerinə yetirilmədi. Bunların icra edilməməsinin səbəbi nədir?

   - Beynəlxalq təşkilatların qəbul etdiyi qərarların sanksiya gücü yoxdur. İşğal altındakı torpaqların dərhal və qeyd-şərtsiz boşaldılmasına dair qərarlar qəbul edilir, Ermənistan qulağının üstünə yatıb bunu eşitmir. Bu qərarların arxasında embarqo, sanksiya gücü olmalıdır. Kəlbəcər işğal ediləndə Türkiyə sərhədləri qapadaraq müzakirələri necə dayandırdı? Başqa ölkələr də bu cür sanksiyalar tətbiq etsəydi, Ermənistan Kəlbəcəri azad edərdi.

   - 2008-in yayından etibarən Türkiyə bir təşəbbüslə çıxış etdi və Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar atdı. Bu təşəbbüsün zirvə nöqtəsini 10 oktyabr 2009-da Sürixdə imzalanan protokollar təşkil etdi. O vaxt atılmış addımların hər hansı nəticəsi oldumu?

   - Başdan ayağa səhv olan işlərdir. Mən bu barədə kitabımda da yazdım, Türkiyə TV-lərində də fikirlərimi dedim. Biz Ermənistanla münasibətləri nə vaxt kəsdik? Kəlbəcər işğal edilən kimi. Nə dedik? Bu işğal sona çatana qədər Ermənistanla münasibət qurulmayacaq. Bu şərtlərimizdə bir dəyişiklik oldumu? İşğal eynilə davam edirmi? Ordakı qaçqınlar səfalətə tərk edilmiş vəziyyətdədirmi? Yaxşı, nə dəyişdi ki, Ermənistanla münasibət yaratmaq üçün müzakirələrə başlayırıq? Hələ birbunu İsveçrədə və İsveçrənin vasitəçiliyi ilə edirik. İsveçrə "erməni soyqırım olmayıb" - deyənləri cəzalandıran bir ölkədir. 1992-də Türkiyənin Ermənistanla diplomatik münasibətlər yaratmasına dair müzakirələr gedirdio müzakirələri mən aparırdım. Ermənilər Ankaraya gəldi, çay verdik, oturub danışdıq. Nə vasitəçi vardı, nə də başqa kimsə. Özümüz danışdıq. Ancaq o müzakirələrin hər mərhələsi barədə biz Azərbaycana məlumat verdik. O vaxt mərhum Elçibəylə görüşüb məlumat vermək üçün dəfələrlə Bakıya getdim. Bəzən məlumatları səfirliyimiz vasitəsilə də verirdik. İsveçrədə qapalı qapılar arxasında Azərbaycana bilgi verilmədən aparılan müzakirələr puça çıxdı. Ortaya çıxan yeganə nəticə bizim qardaş Azərbaycanın qəlbini sındırmağımız, güvənini sarsıtmağımız oldu. Gizli müzakirələr buna səbəb oldu. Elə isə məqsəd bu idimi?

   - Məqsəd bu ola bilməz, olmamalıdır.

   - Yaxşı ki, Ermənistan Konstitusiya Məhkəməsi qərar qəbul etdi, bu iş irəliləmədi. Yoxsa biz qapımızı-bacamızı ermənilərə açacaqdıq...

   - Azərbaycan torpaqları işğaldan azad edilməyəcəkdi?

   - Təbii ki, edilməyəcəkdi, çünki onun şərtləri ayrıdır. Ermənistan bir gün Azərbaycanın gücünün fərqinə varacaq və torpaqları işğal altında tuta bilməyəcəyini anlayıb ordan çıxacaq. Bunun fərqinə nə qədər tez varsa, o qədər yaxşı olar.

   - O vaxt Ermənistanla müzakirələr aparılıb diplomatik münasibətlər yaradılmasının təşəbbüskarlarından biri də mərhum Turqut Özal idi. Sizcə, Özal həyatda olsaydı, Kəlbəcər işğal edilməsəydi, bu gün bölgədə vəziyyət necə olardı? Sizcə, bölgədə ədalətli sülh yaranması üçün Türkiyə Ermənistan üzərində təsirli ola bilərdimi?

   - Kəlbəcər işğal edilməsəydi, Ermənistanla münasibət yaradılacaqdı. Ancaq o zaman işğal edilmiş başqa bölgələr də vardı. O bölgələrdən çəkilməyi biz müzakirələrdə əsas şərtlərdən biri kimi irəli sürmüşdük. Ermənilər də buna etiraz etmirdi. İlk növbədə, Laçın bölgəsi işğaldan azad ediləcəkdi.

   - 2004-cü ilin aprelində yenə Minsk Qrupu çərçivəsində, bu dəfə Praqada yeni bir proses başladı. Ancaq hazırda Minsk Qrupunun fəaliyyətini qənaətbəxş sayan az insan ola bilər. 20 ildən sonra siz durumu necə dəyərləndirirsiniz? Sizcə, Minsk Qrupunun gələcəyi varmı?

   - Mən Minsk Qrupunun gələcəyini görmürəm. O çıxsın, bu girsin - bu yolla durumda heç bir dəyişiklik olmayacaq. Məsələn, Minsk Qrupu yaradılanda Ermənistan İngiltərənin oraya daxil olmasına etiraz edib. Çünki onların məntiqinə görə, Birinci Dünya müharibəsində Britaniya Anadoludakı ermənilərə lazımi dəstəyi verməyib. Bu münaqişə kimin arasındadırsa, nəticə üçün onlar öz aralarında anlaşmalıdır. İki sivil dövlət kimi onlar oturub anlaşmalıdır. Rusiya da, Fransa da, ABŞ da öz mənafelərinə görə hərəkət edir. Onlar nə Azərbaycanın, nə də Ermənistanın mənafeyini müdafiə edir, sadəcə öz mənafelərini düşünürlər. Bu məsələdə yeganə sıxıntı Ermənistanın üzərindəki Rusiya təsirinin azaldılmasıdır. Bunu Azərbaycan diplomatiyası həll etməlidir.

 

 

   Bakı xəbər.- 2012.- 30 mart - 1 aprel.- S. 6.