Məktəbli nəvəm məndən Şeyx Şamil barədə
soruşdu...
Bu günlərdə məktəbli
nəvəm Nihad məndən Şeyx Şamil barədə
söhbət etməyi xahiş etdi. Bir az əvvəl isə
xahiş etmişdi ki, onu Dağıstandakı Yunib kəndinə
aparım.
Bu
kənddə Şeyx Şamil
Rusiya orduları ilə axırıncı
döyüşünü keçirmiş,
qüvvələr nisbəti arasında rusların xeyrinə böyük fərq olduğunu
görüb, müqavimətin əbəs
olduğunu qət edərək təslim olmuş və beləliklə Qafqaz
xalqlarının Rusiyaya tabe olmasına qarşı mübarizəni
dayandırmışdı. Onu Yunibə aparmaq mümkün
olmadığına görə Zaqatalaya
aparıb Dağüstü Parkda Şeyx Şamilə
qoyulmuş abidəni göstərdim.
Axı bu heykəlin
açılışında ulu öndər
Heydər Əliyev özü iştirak etmişdi. Mən
nəvəmə Şeyx Şamil
barədə kitablar aldım, lakin o məndən mənsub
olduğum avar
xalqının iftixar rəmzi olan bu qəhrəman
haqqında əlavə nəsə eşitmək istəyirdi. Onun marağına təəccüblənmirdim,
biz özümüz də
vaxtilə Şeyx Şamilin
xatirəsinə müqəddəslərə layiq
bir qaydada sitayiş edirdik. İndi elə bil bu hiss qanla
nəvəmə də keçmişdi.
Şeyx Şamili
bir xalqa - avar millətinə aid etmək
ədalətsizlikdir, o bütün
Qafqazın, əslində müsəlman dünyasının əyilməz,
mərd oğlu, ilk Qafqaz ordusunun məharətli
sərkərdəsi idi. Lakin bu
mübarizənin digər qəhrəmanları da olmuşdu və gənc
Şamil onlardan
nümunə götürmüşdü.
Azad torpaq sahibinin oğlu olan Şamil
uşaqlığında biliyə böyük
maraq göstərmiş, qrammatikanı, məntiqi,
ritorikanı və ərəb dilini
öyrənmiş və savadlı bir adam nüfuzuna yiyələnmişdi. İlk dəfə Qazi Məhəmmədin
başçılığı altında Rusiyaya
qarşı müharibəyə qoşulmuşdu.
1813-cü ildə Rusiya Persiyadan
Dağıstan üzərində nəzarəti formal olaraq əldə etmişdi. 1832-ci ildə ruslar
Qazi Məhəmmədi öldürdü,
onun varisi Həmzətbəy
iki il sonra
1834-cü ildə bu dəfə öz ardıcılları tərəfindən
öldürüldükdən sonra Şamil Dağıstanın üçüncü
imamı (Lideri) seçildi.
Şamil 1834-cü ildə
Dağıstanda müstəqil dövlət qurduqdan
sonra Çeçenistan
və Dağıstan qüvvələrini yenidən quraraq xeyli böyütdü
və Qafqaz regionunda
rusların mövqeyinə qarşı geniş
yürüşlər keçirdi. Buna cavab olaraq
Rusiya Şamilə qarşı yeni qüvvələr göndərdi. Onlar möhkəm istehkam olan Ahulqolu tutsalar
da, Şamil
qaçıb özünü qurtara bildi.
1857-ci ildə ruslar Şamili
məğlub etməyi qərara aldılar, çünki
onun nüfuzu bütün Qərbi Avropaya
yayılmışdı və öz
adamları arasında o, əfsanəvi bir şəxsiyyətə çevrilmişdi.
Onun üzərinə generallar
Yevdokimov və Biryatinskinin
yaxşı təchiz edilmiş iri qüvvələri göndərildi. Onlar hər tərəfdən əməliyyatlara
başladı. Onların hərbi uğurları Şamilin ardıcıllarının taqətdən
düşməsi ilə daha da artırdı. Ona
görə də kəndlərin və tayfaların çoxu ruslara tabe oldu. Vedenoya
Hücumdan sonra o özünün bir neçə yüz
ardıcılı ilə birlikdə Yunib
dağına çəkildi. 6 sentyabr
1859-cu ildə Şamil burada
əlacsız qalıb təslim oldu. Şeyx Şamilin 25 il sərkərdəlik etdiyi
mübarizə belə başa
çatdı.
Şeyx Şamil
İslam müridi idi, 32 yaşında bu hərəkata
qoşulmuşdu. Müridlər isə
islamın mistik qolu olan sufi təriqətinin
üzvləri idi. Yenilməz dindar olan Şeyx
Şamil bir qədər
Rusiyanın Kaluqa şəhərində
yaşadıqdan sonra Məkkəyə
ziyarətə gedib və 1871-ci ildə orada vəfat edib.
Şeyx Şamil
Şimali Qafqazın ən böyük
şəxsiyyətlərindən biri olmaqla, həmin xalqların mübarizə
tarixinə misli görünməyən
töhfələr verib. Onun
ölümündən azı bir əsr
yarım keçsə də, o əməlləri,
mübarizəsi, qəhrəmanlığı ilə uğrunda mübarizə apardığı
insanların qəlbində, qan
yaddaşında yaşamaqda davam edir.
Bizim Qabaqçöl
kəndi (Balakən rayonu) qədimdən
avarların yaşadığı kənd olub,
doğma Azərbaycanın ən böyük yaşayış məntəqələrindən
biridir, burada 30 min nəfərdən çox
sakin yaşayır. Azərbaycanlılar
başda olmaqla, bütün xalqlarla böyük, mehriban bir ailənin üzvləri kimi
yaşayırıq. Ölkəmizin sevinci
bizim üçün
də bayramdır, onun dərdi bizim üçün
ürəklərimizi tərk etməyən və bizi taqətdən salan
ağrıdır. Ermənistanın Azərbaycana təcavüzü
vaxtı Qabaqçöl neçə-neçə
qurbanlar verdi və Şamilin nəvəsi olan
bu qəhrəmanlarla daim
fəxr edirik. Müstəqilliyə daim can atan
Şeyx Şamil bu gün çiçəklənən,
bütün dünyanı heyran
edən müstəqil Azərbaycanı görsəydi, bu xalqın, ölkənin nailiyyətlərinə
ürəkdən sevinərdi.
Biz - Şeyx Şamilin törəmələri, nəvələri
də ürəyimizdə məhz belə hissləri keçiririk. Minnətdarlıq barədə də
biz əcdadlarımızın vəsiyyətlərini
qətiyyən yaddan
çıxarmırıq.
Ölkəmizdə yaşayan
avarlar bizi
özündən fərqləndirməyən qardaş
azərbaycanlıların münasibəti müqabilində həyatın
bütün sahələrində mübariz vətənpərvərlik nümayiş etdirməlidir. Şeyx
Şamili yad etdikcə,
onun böyük
dünyasına nüfuz etdikcə, bu qeyri-adi şəxsiyyətin
nəhəngliyinə heyran qalmaya bilmirsən. Biz bu insandan həm də
şərəfli həyat sürməyin yollarını, sirlərini
öyrənirik. Uca dağa
uzaqdan baxdıqda onun böyüklüyünü hiss
etdiyin kimi, Şeyx Şamil kimi şəxsiyyətləri də uzun tarixi məsafədən
seyr etdikdə onun
miqyası və ağlasığmaz yüksəkliyi
qarşısında səcdə qılmaya bilmirsən. Uzaq məsafədən də dağın
şəfqətli havası adamı saflığa səsləyir.
Mən nəvəmə qısa tarixi
faktları danışdıqda, özüm
də bu böyük
abidənin qarşısında diz çöküb, ona dualar etmək qərarından uzaqlaşa
bilmədim.
Həkim-pedaqoq Məmməd
Xanayev
Bakı
xəbər.- 2012.- 21 may.- S.11.