İctimai-siyasi
fəaliyyət şəraiti gənclərin vətənpərvər
ruhda tərbiyəsinə birbaşa təsir edir
İnsan bir tərəfdən xarici
mühitlə əlaqə xüsusiyyətləri, digər tərəfdən
özünəməxsus daxili xüsusiyyətləri
ilə səciyyələnir. Hər bir insan bioloji varlıq olaraq lap yaranışdan
daşıyıcısı olduğu genlərdə
kodlaşdırılmış olur. Genlərdə
onun fiziki-cismani
imkanlarının, sağlamlıq dərəcəsinin, hətta
intellektual və bir
sıra mənəvi-psixoloji xüsusiyyətlərinin əsası
qoyulmuş olur.
Sonrakı həyatı boyu
insanın sağlamlığı, cismani-bioloji
varlığı xarici təbii mühitdən,
orqanizmin daxil olduğu fiziki və bioloji əlaqələrdən asılı olaraq dəyişir. Bu mənada
insan orqanizmi hər bir mərhələdə ilkin
genetik imkanlarla xarici təbii mühitin əlaqəsi
və hətta mübarizəsi şəraitində formalaşır.
Lakin insan sadəcə cismani-bioloji varlıq deyil
və onu əhatə edən mühit də sadəcə təbii mühit deyil. İnsan həm də sosial
varlıq olaraq digər insanlarla
və ümumən cəmiyyətlə
qarşılıqlı əlaqəyə girir
və bu əlaqələr onun formalaşmasına ciddi
təsir göstərir.
İnsanın mənəviyyatı bir
tərəfdən genetik əsaslara malik olsa da,
əsasən sosial-mənəvi mühitin
təsiri ilə formalaşır. Burada cəmiyyətin
mədəni-mənəvi həyatı, insanın yetişdiyi mühitin kulturoloji aspektləri mühüm
rol oynayır.
İnsanın formalaşdığı ictimai
mühit mövcud dəyərlər
sistemi, sosial və hüquqi normalar, mövcud dövlət quruluşu,
iqtisadi münasibətlər, ailə
münasibətləri, təhsil sistemi və
s. bu kimi
elementlərin sintezindən ibarətdir. Bütün
bunlar insanların bir
mütəxəssis və bir vətəndaş
kimi yetişməsində mühüm
rol oynayır.
İnsanın normal bir
fərd kimi formalaşması, dünyagörüşünün artması əsasən
gənclik dövrünə təsadüf edir.
Məhz gənclərin fəal olması, ictimai-siyasi
proseslərdə yaxından iştirak etməsi
onları yetkin insana çevirmiş olur.
Yalnız siyasi cəhətdən dinamik olan, ictimai
proseslərdə yaxından iştirak edən
gənclik vətənin və dövlətin problemlərinə
biganə qala bilməz. Sözsüz
ki, belə gənclik öz
dövlətinə yalnız yaxşı töhfələr
verə bilər.
Xatırladaq ki, gənclik hər bir dövlətin əsas mayasını təşkil
edir. Bu baxımdan da istənilən dövlətin məqsədidir
ki, onun gəncliyi
lazımi şəkildə tərbiyə olunsun
və ümumi dövlət işinə,
vətənin inkişafına fayda versin. Hər bir
ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsi, gələcəyinin
etibarlı təminatı intellektual səviyyəli
potensial kadrların yetişdirilməsindən,
gənclərin cəmiyyətin bütün
sferalarında iştirakından, onların aparıcı
qüvvəyə çevrilməsindən çox
asılıdır. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər
sahələrdə fəal iştirak edir. Gənclərlə iş sahəsində görülən tədbirlər
Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini
təsdiq etməsində böyük rol oynayır. Ölkəmizdə gənc nəslin
mənəvi-ideoloji tərbiyəsinə, onların
sağlamlığının qorunmasına, gənc
kadrların yerləşdirilməsinə xüsusi
qayğı ilə yanaşılır. Son vaxtlar
Azərbaycan dövləti gənclərə malik
olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş
meydan verməyin tərəfdarı kimi bu təbəqəyə
daim böyük diqqət
və qayğı göstərir. Ölkəmizin qüdrətli
dövlətə çevrilməsi naminə gənclərin
imkanlarından daha dolğun
istifadə edilməsi, həmçinin bunun
üçün əlverişli şəraitin
yaradılması gənclər siyasətinin əsasını
təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi
inkişafını təmin edən fəaliyyət sahələrinin
istiqamətləndirilməsi, gənc kadrlara
lazım olan qayğının göstərilməsi
qarşıda duran əsas vəzifələrdəndir.
Bu gün Azərbaycanda
gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan
gəncliyi ictimai həyatın bütün sferalarında aktiv
fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin
həyata keçirilməsində mühüm
rol oynayır. Dövlətin gənclərin
fəaliyyəti üçün
yaratdığı geniş imkanlar nəticəsində bu
təbəqə cəmiyyətin avanqard
qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti - gənclərin
öz bilik və
bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə
layiqli yer
tutmasını təmin edən şəraitin
yaradılması məqsədilə dövlət tərəfindən
müəyyən edilmiş prioritetlər
və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti
müvafiq hüquqi sənədlərdə
öz əksini taparaq
hökumət qurumları tərəfindən həyata keçirilir. Gənclər siyasətinin əsas
istiqamətləri "Gənclər Siyasəti
Haqqında" Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib: 1. Gənclərin
mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda
iştirakı; 2. İstedadlı gənclərə dövlət
qayğısı; 3. Gənclərin
sağlamlığının qorunması və fiziki inkişafı; 4. Gənclərin məşğulluğunun
təmin edilməsi; 5. Gənc ailələrə dövlət
yardımı; 6. Gənclər təşkilatlarına
dövlət yardımı. Azərbaycan gənclərinin cəmiyyətin
inkişafında və öz problemlərinin
həllində rolunu artırmaq, ölkənin
gələcək inkişafında iştirakını və
məsuliyyətini yüksəltmək, paytaxt
və regionlarda yaşayan
gənclərin fikir mübadiləsinə
şərait yaratmaq, gənclər və
dövlət qurumları, hökumət nümayəndələri
ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə
2 fevral 1996-cı ildə müstəqil Azərbaycan
gənclərinin ilk forumu
keçirilib. 1997-ci il
fevralın 1-də 2 fevral - Azərbaycan Gəncləri
Gününün elan
edilməsi haqqında Sərəncam imzalanıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan
gənclərinin bayramı kimi təntənəli
şəkildə qeyd olunur.
Ümumilikdə Azərbaycan gənclərinin 6 forumu keçirilib ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir.
Azərbaycan dövlətinin gənc
nəslə verdiyi önəm, göstərdiyi
diqqət onları ölkənin ictimai-siyasi
həyatında fəal olmağa sövq edir. Bu gün Azərbaycanda çoxlu sayda müxtəlif
ideologiyaları təbliğ edən gənclər təşkilatı
fəaliyyət göstərir. Çoxlu sayda gənclər müxtəlif
orientasiyalı siyasi təşkilatların
üzvüdür. QHT sektorunda
fəaliyyət göstərən təşkilatların böyük əksəriyyətinin rəhbərləri
gənc nəslin nümayəndələridir. Bu
faktın özü Azərbaycan gəncliyinin
ictimai-siyasi proseslərdə fəal olduğuna bir işarədir.
Ölkənin ictimai-siyasi həyatında gəncləri fəal
olmağa sövq edən
əsas amil onların vətənə olan bağlılığı və milli şüuru dərk
etmələridir. Çünki istənilən
ictimai-siyasi fəaliyyətin məqsədi
vətənpərvərliyə, milli şüurun inkişafına, dövlətin
çiçəklənməsinə verilə biləcək faydaya bağlanır.
Azərbaycan gəncliyinin ictimai-siyasi
fəaliyyətlə aktiv məşğul
olmasının onların milli şüurunun inkişafına və vətənpərvərlik
hisslərinə nə kimi müsbət təsiri
var?
Bu barədə fikirlərini bizimlə
bölüşən "Gənclər və Dəyərlər"
Təşkilatının sədri Albina
Rzazadə qeyd etdi ki, ictimai-siyasi porseslərdə
fəal olan gəncliyin digər həmyaşıdlarından
fərqi çox böyükdür:
"Gəclərin dünya görüşünün formalaşması üçün onların ictimai-siyasi
həyatda aktiv iştirak
etmələri olduqca zəruri bir amildir. Belə fəaliyyət
onlara gənc yaşlarından təcrübə
qazandırır. Fəaliyyət göstərdikləri işlə
əlaqədar olaraq onlar
daha təcrübəli insanlarla
təmasda olmaq şansını
qazanır. Bünların hamısı gənclər üçün çox
önəmlidir. Mən öz
müşahidələrimdən görürəm ki, əksər gəncləri bu
cür fəaliyyətə vətənə
olan sevgi, ölkənin
inkişafına bacardıqları qədər töhfə
vermək kimi hisslər bağlayır. Belə
fəal gənclər eyni zamanda
ölkənin ictimai-siyasi həyatında söz demək, təklif vermək
şansını əldə etmiş olur. Bir təşkilat kimi, biz belə halları müsbət qiymətləndiririk
və apardığımız təbliğatın əsas
istiqamətlərindən biri də gəncləri
ictimai-siyasi proseslərə cəlb etmkdəkdir. Çünki hadisələrə
açıq gözlə baxa bilən, ictimai-siyasi cəhətdən fəal olan gənclərdə milli
şüur, vətənpərvərlik
hissləri daha güclü
ola bilər. Bəzən gənclərin
hansısa bir məsələ ilə
bağlı şikayətlənməsinin şahidi
oluruq. Onda biz onlara aktiv
olmağı, yaranan problemin
aradan qaldırılması istiqamətində
fəaliyyət göstərməyi təklif edirik".
Azərbaycan gənclərinin ictimai-siyasi
həyatda aktiv iştirak etmələri məsələsində
ən yaralı yerin regionlar
olduğunu qeyd edən
təşkilat rəhbəri bildirdi ki, bu fakt
onları ciddi narahat edir: "Bu o demək deyil ki, region gəncləri tam passivdir, ancaq paytaxtla müqayisədə
bu fərq nəzərə
çarpır. Bizim planlarımızda region gənclərini daha da aktivləşdirmək məsələsi prioritet kimi durur. Bir daha
vurğulamaq istəyirəm ki, gənclərin qoşulduğu
istənilən ictimai-siyasi fəaliyyətin
arxasında vətən sevgisi və
dövlətçilik maraqları durur. Bütün bunlar da gənclərin milli şüura bağlanmasına və vətənpərvərlik
hisslərinin artmasına dərindən kömək edir".
Azərbaycan Milli İstiqal
Partiyası Gənclər Təşkilatının sədri
Afsəddin Nəbiyev də bizimlə söhbətində gənclərin
ictimai-siyasi proseslərdə fəal
olmasının önəmindən danışdı:
"Hazırda fikir verdikdə görürük ki, həddindən
artıq sağlam, intellektual
Azərbaycan gəncliyi yetişir. Ancaq onları lazımi istiqamətə yönəltmək
lazımdır. Sözsüz ki, hər bir partiya ətrafına daha çox gənci cəlb etmək istəyir. Biz bu istiqamətdə fəaliyyət
apardıqda gənclərin daha çox müstəqil fikirdə olduğunu görürük.
Bu o demək deyil ki, onlar
passivdir. Əksinə, daha
aktiv, milli hisslərə
bağlı şəxslər təsiri
bağışlayırlar. Bir müxalifət
partiyası kimi görürük
ki, hazırda gənclər siyasi seçim edəndə
daha çox müstəqil
və ya iqtidaryönlü
təşkilatlara üz tutur.
Onlar gələcək karyeralarının
sağlam perespektivini
həmin təşkilatlarda görür. Bu qətiyyən bizi narahat etmir. Biz siyasi əqidəsindən
asılı olmayaraq, bütün
Azərbaycan gəncliyinin ictimai-siyasi cəhətdən
fəal olmasını istəyirik. Hazırda biz
bir gənclər təşkilatı kimi Şuşanın işğalı ilə
bağlı dünya ictimaiyyətinin diqqətini
çəkmək üçün bir sıra tədbirlər keçirməyi
planlaşdırırıq. Belə addımların
atılması ilə neçə-neçə gənc ictimai-siyasi proseslərə qoşulur,
bu təbliğatın təsirinə
düşərək milli hisslərə
bağlanır, daha da
vətənpərvər olur. Bu işdə gənclərə dəstək
də olmalıdır. Onların reallaşdırmaq istədiyi
layihələrə önəm verilməlidir, lazım gəlsə
ideyaların reallaşmasına maliyyə yardımı da göstərilməlidir".
Afsəddin Nəbiyev daha sonra qeyd etdi
ki, istər müxalifət, istərsə
də iqtidar gənclərə geniş siyasi meydanın
verilməsində maraqlı olmalıdır:
"Düşünürəm ki, gənclik
özünü yalnız ona
verilən meydanda göstərə bilər.
Belə olmasa, biz gənc
istedadları kəşf edə bilmərik".
Məhəmmədəli
QƏRİBLİ
Bakı xəbər.-
2012.- 3 may.- S.15.