Zərərli
vərdişlərlə dövlət mübarizə
proqramları və gənclərin mənəvi
inkişafı...
İnsanın gənclik
dövrü onun formalaşmasının, bir vətəndaş-insan
kimi yetişməsinin ilkin mərhələsidir. İnsanda gənclik
çağlarında şəxsiyyət olmaq,
özünü müstəqil şəxs kimi göstərmək
kimi meyllər yaranmağa başlayır. Gənclik insan həyatının
ən gözəl, sonradan qüssə ilə, həsrətlə
anılan, amma geri qaytarılması mümkün olmayan bir
dönəmidir. Gənclik gözəllik, sağlamlıq deməkdir.
Gənc insanların həm sağlam ruhu, həm də fiziki
sağlamlığı olmalıdır.
O öz daxili
gücü, inadkarlığı ilə seçilməli, nəfsilə
mübarizə aparmaq əzmində olmalıdır. Gənclər
mənəvi və psixoloji, eyni zamanda da fiziki cəhətdən
o qədər güclü olmalıdır ki, onu heç bir
şər qüvvə təsirinə sala bilməsin.
Müasir Azərbaycanda kifayət qədər bu keyfiyyətlərə,
göstəricilərə sahib olan gənclər var. Onlar bütün enerjisini idman və digər insanda
sağlamlıq yaradan vasitələrə sərf edir. Ürəkaçan
hal ondan ibarətdir ki, son illər Azərbaycan gəncliyinin
böyük hissəsi kütləvi olaraq şər işlərə,
insan sağlamlığına, psixikasına, mənəviyyatına
zərər vuran məsələlərə
qarşı mübarizəyə qoşulub. Amma bizi bir vətəndaş kimi daim əndişəyə
salan hallar da az deyil. Gəncləri
düz yolundan çəkindirənlər, onları narkotik
asılılığına düçar edənlər, onlar
arasında narkomaniya hallarının yayılmasına
çalışan qüvvələr də fəaliyyət
göstərir. Təəssüflər
olsun ki, ömrünün gənclik çağında bu
şəxslərin toruna düşənlər tapılır.
Ağrılı hallardan biri odur ki, bu bəlaya
düçar olan gənclərin sırasında bəzən
öz savadı, intellekti ilə örnək olanları da
görmək olur. Narkotik vasitələrdən
istifadə isə bu gənclərin gələcəyini məhv
edir. Düzdür, bəziləri ailəsinin və
yaxınlarının yardımı ilə narkotik
asılılığından can qurtarıb normal həyata
qayıda bilir. Amma yüzlərlə gənc
narkotik aludəsi kimi həyatını davam etdirir. Məlum olduğu kimi, hazırda Azərbaycanda
narkotiklərlə mübarizəyə çox ciddi önəm
verilir. Ölkəmiz müstəqilliyini
qazandığı ilk illərdə də bu məsələ
dövlətin diqqətində olub. Azərbaycan
dövləti narkotiklərlə mübarizə, narkoticarətin
qarşısının alınması, narkomaniyanın
qurbanı olan insanlara yardım sahəsində çox ciddi
işlər görür. Hələ Azərbaycanın mərhum
prezidenti Heydər Əliyevin dövründə narkotiklərlə
mübarizə istiqamətində xeyli iş
görülüb. Məlum olduğu kimi, Heydər Əliyev
Narkomanlığa və narkotik vəsitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizəni
ümumdövlət vəzifəsi hesab edərək,
1996-cı il avqustun 26-da müvafiq fərman
imzalayıb və problemin həlli üçün
keçirilən tədbirlər kefiyyətcə yeni mərhələyə
qədəm qoyub.
Bu fərman əsasında
ölkəmizdə 2000-ci ilədək narkomanlığın
yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsinə qarşı mübarizə
üzrə Ümummilli Proqram hazırlanıb,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyası yaradılıb, 18 iyun 1999-cu ildə
isə Milli Məclis tərəfindən "Narkotik vasitələrin,
psixotrop maddələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanunu qəbul olunub. Bu sənəddə
Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası,
narkotik vasitələrin və psixotrop maddələrin
istehsalı, dərman preparatlarının və xammalın
hazırlanmasının qanunla qadağan edildiyi öz əksini
tapıb.
Mərhum Azərbaycan
prezidenti Heydər Əliyev 2002-ci il sentyabrın
12-də Gəncə Olimpiya İdman Kompleksinin
açılış mərasimində iştirak edərkən
böyük bir çıxış edib. Həmin
çıxışda H.Əliyev gəncləri vətəni
sevməyə, milli şüura sahib olmağa, idmanla, fiziki tərbiyə
ilə məşğul olmağa çağırıb.
O, gənclərə tövsiyə edirdi ki, zərərli vərdişlərdən
əl götürüb idmanla məşğul olmaq sağlam cana, sağlam ruha, sağlam təfəkkürə
malik olmaq deməkdir. Həmin mərasimdə mərhum prezident
narkomaniya ilə mübarizə məsələsinə də
toxunub: "... Son illər dünyanı
bürüyən xəstəliklər var. Onlar insanlara, bəşəriyyətə
faciələr gətirir. Onların
qarşısını təkcə tibbi vasitələrlə
yox, birinci növbədə, hər bir insanın öz
sağlamlığı yolunda çalışması vasitəsilə
almaq lazımdır. Burada yenə də mən
gənclərə müraciət edirəm. Həmin bu faciələr birinci növbədə
dünyada narkotik maddələrin istifadə olunması ilə
əlaqədardır. İndi
dünyanın, demək olar ki, əksər dövlətlərinin
narkotik maddələrin istehsalı, yayılması, onların
satışı ilə mübarizə aparmasına baxmayaraq, təəssüflər
olsun ki, narkotik maddələr yayılır. Təəssüflər olsun ki, insanlar, xüsusən
gənclər bunun təsiri altına düşürlər.
Biz Azərbaycanda bu barədə böyük
proqram tərtib etmişik. Lazımi işlər
görülür. Amma bu işlərin
sırasında, yenə də deyirəm, yalnız və
yalnız gənclərin özlərini fiziki cəhətdən
möhkəmləndirməsi, bədən tərbiyəsi ilə,
idmanla məşgul olması narkotik maddələrin istifadə
edilməsindən uzaqlaşmanın ən birinci vasitəsidir
və birinci şərtidir. Bunlara görə
də biz çalışırıq ki, gənclərimiz
üçün, onların sağlamlığını təmin
etmək üçün müxtəlif idman kompleksləri
yaransın. Bədən tərbiyəsi ilə kütləvi
məşğul olmaq üçün imkanlar yaransın...".
Son illər
respublikamızda narkotik vasitələrə və bihuşedici
maddələrə qarşı mübarizə xeyli güclənmiş,
bu sahəyə cavabdeh olan dövlət orqanları ilə
yanaşı, ictimai təşkilatlar da fəallığı
xeyli artırıb. Narkomaniya ilə
mübarizədə bütövlükdə cəmiyyətin,
dövlətin, xalqın, nəhayət hər bir şəxsin
fərdi və birgə fəaliyyətinə, barışmaz
münasibətinə və əməli köməyinə
böyük ehtiyac var. Bir neçə ildir ki, narkomaniyaya
qarşı mübarizə davamlı xarakter alıb.
2007-ci il 28 iyun tarixində Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin "Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi və narkomanlığın
yayılması ilə mübarizə üzrə Proqramın
(2007-2012-ci illər) təsdiq edilməsi barədə" Sərəncam
imzalaması bu sahədə daha böyük işlər
görülməsi üçün zəmin yaratdı. Həmin Sərəncamda narkotiklərlə və bu
sahəyə aid olan neqativ hallarla ciddi mübarizə işinə
nəzarət etmək o dövrdə Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət
Komissiyası adlandırılan və hazırda "Baş
Narkotiklərlə Mübarizə İdarəsi" adlanan
quruma həvalə edilib. Qeyd edək ki, Azərbaycan
Respublikası Prezidentinin 30 iyun 2004-cü tarixli, 83 nömrəli
Fərmanı ilə Narkomanlığa və Narkotik Vasitələrin
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə
üzrə Dövlət Komissiyası "Baş Narkotiklərlə
Mübarizə İdarəsi"nə çevrilib.
Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi və narkomanlığın
yayılması ilə mübarizə üzrə (2007-2012)
proqramında bildirilir ki, bəşəriyyətin ən
böyük bəlalarından olan narkotiklərin qanunsuz
dövriyyəsi və narkomanlıq bu gün
dünyamızı narahat edən mürəkkəb problemlərdən
biridir: " Bu təhlükəli təzahür insan cəmiyyətinin
mənəvi və əxlaqi dəyərlərinə
böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi
təsir göstərən, insanların həyat və
sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın
artmasına səbəb olan amildir. Dövlətlər
narkotiklərin qanunsuz dövriyyəsi ilə effektiv mübarizə
üsullarını və narkomanlığın müalicə
metodlarını təkmilləşdirmək və yenilərini
kəşf etməkdə səylərini artırır. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi
və narkomanlıqla mübarizə sahəsində dövlət
siyasətinin strateci istiqamətləri müəyyən
olunub, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər
həyata keçirilib. Azərbaycan Respublikası
Prezidentinin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanı
ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı mübarizə sahəsində
dövlət siyasətinin həyata keçirilməsi,
dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının
fəaliyyətinin əlaqələndirilməsi məqsədilə
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə
Dövlət Komissiyası yaradılıb". Sənədə
görə, narkotik vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilib,
beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində
müvafiq işlər görülüb, ölkəmizin
narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində
iştirakı daha intensiv xarakter alıb: "Belə ki,
"Narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının dövriyyəsi
haqqında", "Narkoloji xidmət və nəzarət
haqqında" Azərbaycan Respublikasının qanunları və
digər normativ hüquqi aktlar qəbul edilib, ölkəmiz
narkotik vasitələr və psixotrop maddələrə nəzarət
sahəsində BMT-nin konvensiyalarına, "Narkotik maddələrin
qəbul edilməsi və narkotik maddələrin qeyri-qanuni
dövriyyəsi ilə mübarizədə əməkdaşlıq
haqqında Parsial Saziş"ə və bir sıra digər
beynəlxalq sənədlərə qoşulub, həmsərhəd
və digər dövlətlərlə, habelə beynəlxalq
təşkilatlarla daim inkişaf edən əlaqələr
qurub, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul
tarixli 371 nömrəli Fərmanı ilə 2000-2006-cı illər
üçün "Narkotik vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqram" təsdiq edilib və həyata
keçirilib".
Qeyd edək ki, 2007-2012-ci
illər üçün nəzərdə tutulan ikinci
Proqramın əsas məqsədi ölkədə narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi və narkomanlığın
yayılması ilə mübarizənin gücləndirilməsi,
antinarkotik təbliğat, maarifləndirmə yolu ilə
narkotiklərin qanunsuz dövriyyəsinin və
narkomanlığın yayılmasının
qarşısının alınması, narkomanlığa
düçar olmuş şəxslərin müalicə edilməklə
sağlam həyata qaytarılması, müalicə-bərpa
sahəsindəki fəaliyyətin daha da təkmilləşdirilməsi,
bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza
tədbirlərinin səmərəliliyinin öyrənilməsi
üçün elmi və praktiki araşdırmaların
aparılması, beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsindən ibarətdir.
Dövlət
səviyyəsində, müvafiq qurumlar tərəfindən həyata
keçirilən narkotiklərlə mübarizə hərəkatının
geniş miqyas alması cəmiyyətdə böyük hadisə
kimi qarşılanır. Bu mübarizə aktı bu vasitələrdən
istifadə edən, onun satışına və s. cəlb
olunan gənclərin də bu işdən imtina etməsinə
səbəb ola bilər. Ekspertlər hesab
edir ki, narkotik asılılığından əziyyət
çəkən gənc(lər) biləndə
onun bu asılılıqdan xilas olmasına dövlət
yardım göstərir, belələrinin sağlam bir insan
kimi cəmiyyətə qayıtmasını istəyir, onda
onlar da müalicə olmaq istəyəcək. Mütəxəssislərin
bildirdiyinə görə, bu amil gənclərin mili-vətənpərvərlik
tərbiyəsinə müsbət təsir göstərəcək.
Narkotiklərlə mübarizənin gənclərin
şüurunda yaxşı təsirlər
oyadacağını deyən bəzi psixoloqların fikrincə,
bu mübarizə onları həmişə bu pis yola
düşməkdən çəkindirəcək. Təbii ki, söhbət narkotikin nə olduğunu
bilməyən gənclərdən gedir. Onlar
aqibəti acınacaqlı olan yaşıdlarının
"ağ ölüm"ə düçar
olduqlarını gördükdən sonra öz enerjisini idmana,
təhsilə, tədqiqat işlərinə,
yardımlaşmaya, başlıcası isə, narkotiklərlə
mübarizəyə sərf edəcək.
Mövzunu
davam etdirəcəyik.
İradə SARIYEVA
Bakı xəbər.- 2012.- 7 may.- S.12.