Asudə vaxtın təşkili üzrə dövlət tədbirləri və gəncliyin formalaşması...

 

  Gəncliyin inkişafı, onların problemlərinin həlli və perspektivdə atılacaq addımlar dövlətimizin bu təbəqəyə olan xüsusi diqqətinin nümunəsidir. Bunun nəticəsidir ki, prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda "Gənclər evləri"nin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi və s. işlərin görülməsi nəzərdə tutulub.

   Sözügedən proqram bir daha ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına dövlət büdcəsindən 80 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Məsələ ondadır ki, 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min 385 min manat ayrılmışdısa, yeni proqrama görə 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu da əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Bunun özü gənclərin milli mənlik şüurunun dərkində və vətənpərvərlik hisslərinin güclənməsində əhəmiyyəti böyükdür. Ümumən dövlətin gənclər siyasəti daha da gücləndirilib və gənclər proqramının təsdiqlənməsi də gənclərə dövlət qayğısının artdığını göstərir. Digər vacib məqam gənclər siyasətinin həyata keçirilməsi üçün infrastrukturun inkişafı ilə bağlıdır. Belə ki, sözügedən proqram çərçivəsində Bakıda Gənclər Mərkəzinin və 10 rayonda gənclər evlərinin tikintisi nəzərdə tutulur. Təsadüfi deyil ki, görülən bu işlər çərçivəsində artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir. Bu ildən başlayaraq, ölkənin bir rayon və ya şəhərinin "Gənclər paytaxtı" elan ediləcəyi gözlənir. Bunun üçün, gənclərin istəkləri nəzərə alınmaqla, müsabiqə, səsvermə keçiriləcək, paytaxtda gənclərlə bağlı tədbirlər inkişaf etdiriləcək. Həmin rayon gəncləri iş sahəsində təcrübə əldə edəcək. Digər tərəfdən, Azərbaycan dövləti "qara qızılın insan kapitalına çevrilməsi" kontekstində geniş biliklərə və dünyagörüşə malik yeni kreativ nəsil gənclərin formalaşmasına xüsusi önəm verir.

   Azərbaycanda bu gün uğurlu gənclər siyasəti həyata keçirilir. Sözügedən siyasət eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub desək, yanılmarıq. Məsələ ondadır ki, son dövrlər dövlət gənclərlə bağlı sosial dəstək, gənclərin asudə vaxtını səmərəli keçirməsi ilə bağlı layihələrə xüsusi önəm verir. Sözügedən dəstəyin mühüm istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər ölkəmizdə gənclərlə bağlı görülən bir sıra işlər və bu çərçivədə həyata keçirilən layihələr, gənclərin hərtərəfli inkişafının təmin olunması üçün sosial-iqtisadi, təşkilati təminatların yaradılmasını sürətləndirib. Bununla yanaşı, onların ictimai həyatda fəallığının artmasına kömək edib. Təsadüfi deyil ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti ilə seçilir. İqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına, onların asudə vaxtının səmərəli təşkilinə yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını təmin etməkdədir.

   Göstərilən bu cür dəstəklə yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkil olunması da dövləti ciddi düşündürən bir məsələdir. Bəllidir ki, gənclərin asudə vaxtı çox olur. Bu vaxtdan səmərəli istifadə edilməməsi müxtəlif mənfi fəsadlara gətirib çıxara bilər. Bəzən asudə vaxtın çoxluğu gənclərin zərərli vərdişlərə qurşanmasına səbəb olur. Son vaxtlar gənclərlə bağlı yürüdülən siyasət çərçivəsində bölgələrdə inşa edilən Olimpiya İdman Kompleksləri məhz bu məqsədlər üçündür. Yalnız fiziki cəhətdən sağlam gəncliklə dövlətin irəliləyişinə nail olmaq mümkündür. Gənclərin asudə vaxtının səmərəli keçirilməsi baxımından onların idmanla məşğul olmasının rolu əvəzsizdir.

   "Sağlam bədəndə sağlam ruh olar" deyilib. Bədənin sağlamlığını qorumaq üçün isə insan bu prosesə gənc yaşlarından start verməlidir. Ölkə əhalisinin sayında gənclərin xüsusi çəkisini nəzərə alsaq, fərdi təşəbbüslərin gənclərin ümumi sağlamlığındakı roluna təsirini məqbul saymaq olmaz. Yəni hansısa gəncin fərdi idmanla məşğul olması bəyəniləndir, ancaq bunun daha çox fərd kimi onun özünə xeyri ola bilər. Gənclərin fiziki inkişafına nail olmaq bütün dövlətlərin yürütdüyü siyasətdə prioritet faktor olaraq qalır. Fiziki inkişaf, sağlamlaşma ilə yanaşı, həm gənclərin mənən formalaşmasına xidmət edir. Milli gəncliyimizin həm sağlam böyüməsi, həm mənəvi inkişafı cəmiyyətin bütün təbəqələrini ciddi düşündürməlidir. Bu sahəyə dövlət qayğısının dərəcədə olduğunu araşdırdıqda məlum olur ki, Azərbaycan dövləti gənclərin fiziki inkişafına nail olmaqla onların mənəvi formalaşması ilə bağlı mühüm dövlət tədbirləri həyata keçirir. Məlumdur ki, bütün bu tədbirlər gənclərin asudə vaxtının səmərəli təşkil olunması proqramı əsasında baş tutur.

   Gənclərin asudə vaxtının səmərəli keçirilməsi ilə bağlı dövlət, onlara yaradılan idman şəraiti ilə yanaşı, digər tədbirlərin həyata keçirilməsinə xüsusi dəstək verir.

   Gənclərin yay tətillərini səmərəli keçirməsi üçün yaradılan Yay Məktəbləri layihəsi çərçivəsində gənclər həm gözəl istirahət edir, həm onların digər gənclərlə sağlam ünsiyyəti yaranır. Sözsüz ki, dövlət tərəfindən gənclərin asudə vaxtının səmərəli keçirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin gənclərə verilən dəstəyin onların milli şüurunun inkişafına vətənpərvərlik hisslərinin artmasına böyük təsiri var. Asudə vaxtın səmərəli keçirilməsi baxımından "Gənclər evləri"nin inşa edilməsi haqqında prezident sərəncamını da bu istiqamətdə olan əlamətdar hadisələrdən saymaq olar. Bu, gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə, gənclərlə işin yeni müstəvidə qurulmasına, onların ictimai həyatın bütün sahələrində fəal iştirak etməsinə yeni inkişafın əsas qüvvəsinə çevrilməsinə imkan verəcək. Ötən ilin aprelində prezident gənclərlə görüşündə bu istiqamətdə fəaliyyətin gücləndirilməsini gənclərə dövlət qayğısının artırılmasını əsas vəzifə kimi qeyd edib.

   Gənclərin asudə vaxtının səmərəli təşkilinin onların həyatında oynadığı müsbət rolla bağlı fikirlərini bizimlə bölüşən "Gələcəyə Doğru" Gənclər İctimai Birliyinin rəhbəri Nəsimi Zeynalovun fikrincə, gələcək nəslin sağlam yetişməsi, onların milli şüura bağlı vətənpərvər olması baxımından bu məsələ olduqca əhəmiyyətlidir: "Deyərdim ki, təşkilat kimi həyata keçirdiyimiz layihələrin ən çoxu bu istiqamətdə olub. Təşkilatımızın əsas məqsəd məramı yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Hesab edirəm ki, asudə vaxtın vətənpərvərliklə əlaqəsini təhlil etdikdə ortaya bir amil çıxır. O, da idmandır. Çünki ruhən sağlam olmayan gəncin vətənpərvərliyi zəif olacaq. Deyilən müsbət nəticəni əldə etmək üçün biz gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmalıyıq. Bizim təşkilata belə layihələrin həyata keçirilməsində dövlət tərəfindən böyük dəstək olur. Bu məsələdə Gənclər İdman Nazirliyinin adını xüsusilə vurğulamaq istərdim. Bəzi idman federasiyaları ilə əməkdaşlıq edirik. Qeyd etməliyəm ki, hər şeyi maddiyyata bağlı olanda bəzən müxtəlif problemlər ortaya çıxa bilir. Məsələn, hansısa gənc ağıllıdır asudə vaxtını səmərəli keçirmək istəyir. Ola bilər ki, onun maddi imkanı hansısa zala aylıq pul ödəməyə çatmasın. Bütün bunları nəzərə alaraq biz yeniyetmələr üçün "Pəhləvan" idman klubunda pulsuz məşqələlər keçiririk. Təşkilatımızın əsas şüarı gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasından ibarətdir. Dərindən araşdırdıqda məlum olur ki, çox insanlar həyatını məhz bu amilə görə qurban verir. Gənclik insanın ən həssas dövrüdür. Yəni həmin periodda insanın təməli necə qoyuldusa elə gedəcək. Bütün zərərli vərdişlərə olan meyl isə boş vaxtın çoxluğundan irəli gəlir".

   Mühüm bir problemin bölgə gəncləri ilə bağlı olduğunu qeyd edən Nəsimi Zeynalov hesab edir ki, aparılan işlər yalnız paytaxtı əhatə etməməlidir: "Biz tədbirlərimizin əksəriyyətini bölgələrdə keçiririk. O cümlədən gənclərin asudə vaxtları çərçivəsində onların hərbi hissələrdə əsgərlərlə görüşlərini təşkil edirik. Asudə vaxt baxımından hərbi xidmətə qədər gənclərin idmana cəlb olunmasının onların əsgərlərlə görüşməsinin yeniyetmələrin milli şüuruna vətənpərvərlik hisslərinə çox müsbət təsiri olur. Çalışırıq ki, asudə vaxtın təşkili çərçivəsində apardığımız təbliğat, gördüyümüz işlər gənclərin vətənə bağlılığına, onların milli şüurunun inkişafına yönəlsin. Son vaxtlar gənclərin daha çox şou-biznesə meylləndiyini görürük. Bu da bizi ciddi narahat edir. Çünki müharibə şəraitində olan ölkədə çalışıb vətəninə bağlı olan, igid döyüşçülər yetişdirməliyik. Bu sahədə olan başqa bir problemə toxunmaq istərdim. Bəzən dövlətin hansısa sahəyə göstərdiyi dəstək qədər böyük olursa, lazımi nəticənin əldə olunması baxımından ona ictimai, təbliğati dəstək mütləq olmalıdır. Gənclərin asudə vaxtını səmərəli keçirməsi baxımından təbliğatın artırılmasına böyük ehtiyac var. Məsələn, bir təşkilat kimi bizim ümumi dövlət maraqları üçün gördüyümüz işlər lazımınca işıqlandırılmayanda nəticənin effektinin az olduğunu hiss edirik. Hesab edirəm ki, belə təbliğatın aparılmasında geniş auditoriyaya malik televiziyaların üzərinə daha ağır yük düşür".

  

 

 Məhəmmədəli QƏRİBLİ

 

Bakı xəbər.- 2012.- 11-13 may.- S.15.