Dövlətin müvafiq sosial layihələri və gəncliyin formalaşması

 

   Azərbaycanda bu gün uğurlu gənclər siyasəti həyata keçirilir. Sözügedən siyasət, eyni zamanda, müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub desək, yanılmarıq. Məsələ ondadır ki, son dövrlər dövlətin gənclərlə bağlı sosial dəstək layihələri artıb.

   Sözügedən dəstəyin mühüm istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər ölkəmizdə gənclərlə bağlı görülən bir sıra işlər və bu çərçivədə həyata keçirilən layihələr gənclərin hərtərəfli inkişafının təmin olunması üçün sosial-iqtisadi, təşkilati təminatların yaradılmasını sürətləndirib. Bununla yanaşı, onların ictimai həyatda fəallığının artmasına kömək edib. Təsadüfi deyil ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sektorlarında aktiv fəaliyyəti ilə seçilir. İqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir. Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını təmin etməkdədir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi nəticəsində onlar çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Ölkə gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu ondan irəli gəlir ki, hər keçən gün gənclərin seçim imkanlarının genişləndirilməsinə xidmət edən şəraitin yaradılmasını görürük. Ölkədə gedən inkişaf prosesində gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi üçün mexanizmlər tapılmalı və dövrün tələbinə uyğun olaraq təkmilləşdirilməlidir.

   Dövlətin gənclərlə bağlı sosial dəstək layihələri verilən fərman və qərarlarla tənzimlənir. Belə ki, Prezident İlham Əliyev 2005-ci il avqust ayının 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncam gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədini daşıyır. 2005-2009-cu illəri əhatə edən bu proqramda gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli və s. məsələlər əksini tapırdı. Bununla yanaşı, ölkə Prezidentinin qərarı ilə 2007-ci ilin ölkəmizdə "Gənclər ili" kimi qeyd edilməsi dövlətin gənclərə olan münasibətinin ifadəsidir. Hər il ölkədə gənclər günü qeyd olunur. Ölkəmizdə gənclərin təhsil səviyyəsinin, bilik və bacarıqlarının yüksəldilməsi məsələsinə daim diqqət yetirilir. Sosial dəstək layihələri çərçivəsində gənclərin ipoteka kreditlərinə çıxış imkanları get-gedə sadələşdirilir. İş ondadır ki, dövlət gənclərin daha çox mənzilə ehtiyac duyduğunu nəzərə alaraq, güzəştli ipoteka krediti alanlar siyahısına onları da daxil edib. Gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması onların maddi probleminin həll olunmasına dəstək göstərməklə yanaşı, ailə zəminində yaranan münaqişələri və bundan doğan boşanmaların da sayını azaldır. Nəzərə almaq lazımdır ki, müasir zəmanəmizdə gənc ailələri təhdid edən problemlərdən biri də boşanmalardır. Sosial problemlərin həlli bu sahədə risqləri əhəmiyyətli şəkildə azaldır. Digər tərəfdən, Gənclər Fondunun yaradılması haqqında sərəncam imzalanıb və Fondun fəaliyyəti üçün vəsait ayrılıb. Onu da qeyd edək ki, Gənclər Fondunun yaradılmasında söhbət yalnız təşkilatlanmış gənclərdən getmir. Bu fərdi şəkildə gənclər üçün önəmli bir məsələdir. Hazırda dövlət başçısının sərəncamı ilə əlaqədar işlər gedir və Fond yaxın vaxtlarda öz fəaliyyətinə başlayacaq. Bununla belə, bölgələrdə Gənclər Mərkəzi yaradılır. Onu da qeyd edək ki, ölkə prezidenti bir sıra rayonlara səfəri zamanı artıq belə mərkəzlərin açılışını edib. Ümumiyyətlə, regionların inkişafı proqramı çərçivəsində də bu işlər gedir. Görünən odur ki, sözügedən işlər çərçivəsində gənclərimiz bölgələrdə çox fəaldır. Onlar üçün idman mərkəzləri, mədəniyyət obyektləri tikilib istifadəyə verilir. Ümumilikdə bütün rayonlarda gənclər evi və gənclər mərkəzlərinin yaradılması qarşıya məqsəd qoyulub. Məqsəd gənclərin bir araya gəlməsi, müəyyən müzakirələr aparması üçün ünvan yaratmaqdır. Bu mərkəzlərdə həm kompüter mərkəzi, həm konfrans zalı, həm də digər imkanlar yaradılır ki, gənclərimiz bundan maksimum şəkildə səmərəli istifadə etsin. Bütün bunlar gənclərin cəmiyyətdə fəal bir təbəqə kimi inkişafına və mənəvi cəhətdən formalaşmasına təkan verir. Azərbaycan gənci XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir. İslam Konfransı Təşkilatının gənclər strukturunda Azərbaycan kifayət qədər fəal təmsil olunur. Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da özünü təsdiq edib, dünyaya ölkəmizlə bağlı həqiqətləri çatdırmağa çalışır. Təqdirəlayiq haldır ki, belə gənclərimiz çoxluq təşkil edir və ölkəmizin tərəqqisinə öz töhfəsini vermək istəyir. Onlar ölkəmizi təbliğ etmək üçün, İKT-nin imkanlarından tutmuş, bir çox vasitələrdən istifadə edərək Azərbaycanı beynəlxalq aləmdə təbliğ edirlər. Bu təbliğat işində xalqımızın zəngin tarixi və mədəniyyəti, milli adət-ənənələri, eləcə də müasir dövrdə Azərbaycanın inkişafı ilə bağlı məlumatlar öz əksini tapır.

   Sözügedən məsələni şərh edən professor Vaqif Arzumanlının sözlərinə görə, gənclərin həyatda tutduğu mövqe elədir ki, onlar həmişə çalışır irəli getsin: "Bununla bərabər ölkə gəncləri çalışır ki, vətənin, dövlətin xidmətində olsun, elmi biliklərə yiyələnsinlər, həyat qursun və cəmiyyətdə mövqe tutsun. Bu, gəncliyin istəklərindən irəli gələn və başadüşülən bir iddiadır. Ona görə də gənclərin həmişə yardıma, diqqətə ehtiyacı var. O üzdən, yeni ailə qurmaq istəyən, yaşayış yeri olmayan, bir sıra digər maddi sıxıntılara məruz qalan gənclərin qayğısına qalmaq dövlətin borcudur. Bu sahədə dövlət tərəfindən müəyyən sosial xarakterli işlər görülür və bəzi layihələr həyata keçirilir. Bu sahədə göstərilən ən böyük təşəbbüslərdən biri də ipoteka yolu ilə gənclərə mənzillərin verilməsi və digər güzəştlərin nəzərdə tutulmasıdır. Düzdür, dövlət bu istiqamətdə müəyyən addımlar atıb. Amma son illər məlum oldu ki, ilkin mərhələdə lazımi təkliflər olmadığı üçün gənclərin ipoteka krediti əldə etməsində çətinliklər ortaya çıxır. Bilirsiniz ki, gənclər şəhəri yaratmaqla da bağlı müəyyən təşəbbüslər göstərildi. Ancaq sonradan məlum oldu ki, burada lazımi səviyyədə güzəştlər nəzərə alınmayıb. Çox az sayda gənc ipoteka kreditini almağa nail olsa da, kütləvi şəkildə gənclərin buna imkanı çatmır. Bu baxımdan dövlət qərara aldı ki, ipoteka kreditlərinin verilməsində yeni güzəştlərin tətbiqinə start versin. Butün bunlardan çıxış edərək hesab edirəm ki, yaxın vaxtlarda gənclərin ipoteka kreditləri əldə etməsi imkanları bir az da əlçatan olacaq. Həmçinin, gənclərin yeni mənzillərlə təmin olunması məsələsi öz qaydasına düşəcək".

   V.Arzumanlının fikrincə, gənc nəslin sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək bütün qurumların qarşısında duran vəzifə olmalıdır: "Bu birbaşa dövlətin, yaşlı nəslin, əlaqədar təşkilatların borcudur. Çünki gənclər özləri tam müstəqil ayaq üstə durub, istədiyi imkanları əldə edə bilmir. Ona görə də gənclərə dövlət qayğısı ilə yanaşı, yaşlı təbəqə də imkan daxilində qayğı göstərməlidir. Onların işlə təmin olunmasında süni maneələr yaradılmamalı, mümkün olan qədər onlara yardım göstərilməlidir. Nəzərə alsaq ki, bugünkü ölkə iqtisadiyyatının gələcəyi gənc iş adamlarından, kadrlardan asılıdır, o zaman buna xüsusi diqqət göstərməyə dəyər. Bu mənada, gənclərə yaradılan şərait, bacarıqlı kadrların üzə çıxması ölkənin dinamik inkişaf etməsini stimullaşdıracaq. Bu həm də gənclərin mənəvi cəhətdən zənginləşərək formalaşmasına təkan verir. Aydın məsələdir ki, gənc kadrda birinci növbədə öz dövlətinə rəğbət, dövlətin mənafeyini güdmək, ölkənin yararına hesablanmış uğurlu addımlar atmaq və s. hiss olunar. Eyni zamanda, onun öz dövlətinin beynəlxalq iqtisadiyyatda yerini daha aydın və parlaq şəkildə görməsi də əsasdır. Təbii ki, vətənpərvərlik hissi olan gənclər bu istiqamətdə daha çox iş görür. Bir sıra gənclərimiz var ki, Azərbaycanda yaşayır, amma bizneslə, iqtisadiyyatın digər sahələri ilə məşğul olur. Azərbaycanlı gəncinin sosial təminatının artırılması ölkənin dayanıqlı inkişafına kömək edir. Çünki bu gün hər bir azərbaycanlı gəncin həm ölkədə, həm də ölkədən kənarda fəaliyyətinin ən başlıca istiqamətlərindən biri öz dövlətinə bağlılığı ilə ölçülür. Bir sıra xalqların, millətlərin gənclərindən fərqli olaraq, Azərbaycan gəncinin çox qiymətli cəhəti özünü büruzə verir. Məsələ ondadır ki, ölkənin ayrı-ayrı rayonlarından, kəndlərindən gələn gənclər Bakıda əmək fəaliyyəti ilə məşğul olur. Həmçinin, işlədikləri müqabilində qazanclarını rayonlarda yaşayan valideynlərinə göndərirlər.

   Bizim bir sıra gənclərimiz var ki, xaricdə bizneslə, ticarətlə, digər iqtisadi əlaqələrlə məşğul olur. Onlar da əldə etdikləri vəsaitləri Azərbaycana göndərir. Göndərdikləri vəsaitləri Azərbaycandakı ailələrinə, ordakı təşkilatların fəaliyyətinə sərf edirlər. Bunun özü də elə vətənpərvərlik hissi ilə bağlıdır ki, azərbaycanlı gənc xarici dövlətdə yaşayır, amma öz gəlirlərini doğma respublikasına göndərir. Bunun özü də bir maraqlı cəhətdir. Bütövlükdə biznesin, ticarətin inkişafı hər bir ölkənin inkişafının əsas aparıcı xətlərindən biridir. Çünki iqtisadi inkişaf bütün qalan inkişafların maddi bazasını təşkil edir. Ona görə də bu sahədə gəncliyin göstərdiyi fəaliyyət elə Azərbaycan xalqının mənafeyi üçün görülən işlər deməkdir"

 

 

   Vidadi ORDAHALLI

 

   Bakı xəbər.- 2012.- 9-10 may.- S. 15.