Türkiyə-Azərbaycan: dünyada analoqu olmayan qardaşlıq
Hələ uşaq ikən
nağılları çox sevirdim, amma unudulmayan ən
şirin, ən kövrək uşaqlıq
nağıllarım Səninlə bağlı olub, mənim
nağıllı Türkiyəm! Sənə
vurğunluğumu, Sənə sevgimi, Sənə
dualarımı, ruhumun daim Səninlə olmasını, qəlbimin
Səninlə döyünməsini yaşa dolduqca daha da
böyütmüşəm göz-bəbəyim,
canımın içi Türkiyəm! Əllərinin hərarətini
uzaqdan-uzağa hiss eləmişəm kürəyimdə. Sənə
olan SEVGİMİ həsrətinlə yaşadıram...
Dünya yaranandan bəri
müxtəlif dövrlərdə məkrli siyasətləri,
çirkin niyyətləri üzə çıxan bəzi
xalqlar, dövlətlər, imperiyalar və onların
başçıları Türkün qüvvəsi, fiziki
böyüklüyü, zəhmi qarşısında acizləşmiş,
öz qınına çəkilməyə məcbur
olmuşlar...
Hələ 1918-ci ildə
bolşevik-daşnak Stepan Şaumyanın
başçılığı ilə əksəriyyəti
erməni daşnaklarından ibarət dəstə Bakıda
ağlasığmaz qətliamlar, qırğınlar törətdiyi
vaxtlarda Nuru Paşanın başçılığı ilə
Gəncəyə gələn Osmanlı Ordusu öz qardaş
köməyini bizdən əsirgəməmişdir. Bu günə
kimi yaddaşlarımızda iz salan həmin hadisə, həm də
xalqımızın planlı şəkildə məhv edilməsinin
qarşısını almışdır... 71 il sovet əsarətində
qalan xalqımız gərgin və davamlı mübarizədən
sonra 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini
yenidən bərpa etdi. Bu dəfə yaranmış siyasi vəziyyətdən
istifadə edən nankor qonşularımız - ermənilər
Dağlıq Qarabağ bölgəsində və onun ətrafında
yaşayan dinc əhaliyə qarşı müharibəyə
başladı və qanlı cinayətlər, terrorlar, təcavüzlər
törədərək, yuxarıda qeyd etdiyimiz ermənipərəst
qüvvələrin köməyi sayəsində
torpaqlarımızın 20 faizini işğal etdi. Həmin illərdə
Azərbaycan çox çətin bir durumla üzləşmişdi.
1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycan
xalqının təkidi ilə yenidən hakimiyyətə
qayıtması ölkəmizi daha böyük faciələrdən
xilas etdi. Və eyni zamanda, Heydər Əliyev kimi böyük
şəxsiyyətin yenidən Azərbaycana rəhbərliyi
sayəsində Azərbaycan-Türkiyə münasibətlərinin
bərpasında yeni körpülər salınmağa
başlandı.Tarixin ağır dönəmlərindən
alnıaçıq çıxan hər iki qardaş yenidən
dirçəldi, bir-birinə qaynayıb qarışdı, bərabərləşdi,
bütövləşdi. Blokadada qalan Naxçıvan ərzaq
və enerji ilə təmin edildi. Azərbaycana siyasi dayaq
gündəmə gəldi. Təbii ki, bütün bunlar da
tarixin yetişdirdiyi böyük şəxsiyyətlərin
sayəsində baş verdi.
Belə ki, Türkiyə
Cumhuriyyətinin yaradıcısı, dahi şəxsiyyət,
bu günə kimi hər bir türk övladının qəlbində
yaşayan Mustafa Kamal Atatürkün tarixdə ən
böyük xidmətlərindən biri də Türkiyə-Azərbaycan
dostluq və qardaşlıq münasibətlərinin əsasının
qoyulmasını Türkiyə xarici siyasətinin əsas xəttinə
çevirməsidir. Müstəqil Türkiyənin qüvvətlənməsi
üçün Azərbaycanın da müstəqilliyinin və
qüvvətlənməsinin vacib olduğunu və eyni kökə
bağlılığını əsas götürən
Mustafa Kamal Atatürk demişdir: "Bir zaman parçalanacaq
imperiyanın idarəçiliyində olan dili bir, dini bir,
mahiyyəti bir olan qardaşlarımızla əlaqələrimizi
möhkəmləndirməliyik. Çünki Türk millətinin
xarakteri yüksəkdir. Türk milləti
çalışqandır, zəkidir. Türk milləti milli
birliyi və bərabərliyi ilə yenilməzdir".
Ötən əsrin əvvəllərində
milli lider Mustafa Kamal Atatürk tərəfindən əsası
qoyulmuş Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı
həmin əsrin sonlarında ümummilli lider Heydər Əliyev
tərəfindən yüksək şəkildə davam
etdirilmişdir. Beləliklə, müstəqil Türkiyənin
qurucusu Mustafa Kamal Atatürk Türkiyə-Azərbaycan dövlətlərarası
münasibətlərinin əsasını qoymuşdursa,
müstəqil Azərbaycan qurucusu Heydər Əliyev də Azərbaycan-Türkiyə
dövlətlərarası münasibətlərini "bir
millətin iki dövləti" səviyyəsinə
qaldırmışdır.
2001-ci ildə
ümummilli lider Heydər Əliyevin sərəncamı ilə
Azərbaycanda yaradılan Atatürk Mərkəzi Atatürk
irsinin Azərbaycanda tanıdılmasında önəmli rolun
ifadəsidir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
"Biz bir ailənin üzvləriyik. Bizim tariximiz münasibətlərimizin
bugünkü və gələcək inkişafı
üçün əsas şərtdir. Bu böyük,
möhkəm təməldir. Bizi birləşdirən tarix, mədəniyyət,
din, dil, siyasi maraqlar - bütün bu amillər nadir vəziyyət
yaradır. Hesab edirəm ki, Türkiyə ilə Azərbaycan
arasındakı münasibətlər dünyada analoqu olmayan
münasibətdir. Bu münasibətlər nəinki ölkələrimizi
gücləndirir, eyni zamanda, bölgədə və
dünyada gedən proseslərə də müsbət təsir
göstərir."
Bu gün iki xalqın
şəhidlərinin Bakıda Şəhidlər Xiyabanında
yan-yana uyuması, hər il ölkələrimizdə dövlət
səviyyəsində Şəhidlərin anım günlərinin
birgə qeyd olunması, Türk Şəhidliyində Azərbaycan
və Türkiyənin dövlət himnlərin səsləndirilməsi,
şəhidlərin xatirəsi yad edilərək bu şərəfli
missiyanın gənclərə aşılanması
qardaşlığımızın bariz nümunəsidir.
Son illərdə iki
qardaş ölkə arasında imzalanan bir çox müqavilə
və sazişlər, Azərbaycanın işğal altında
olan torpaqlarının azad edilməsi naminə Türkiyənin
qətiyyətli mövqeyi, beynəlxalq təşkilatlarda
sözünü çəkinmədən deməsi, təbii
ki, başqa xalqların heç birinin bir-birinə belə
doğma münasibətlərinin olmamasını ortaya qoyur.
Elə bunun nəticəsidir
ki, 2010-cu il avqust ayında İstanbulda Azərbaycan Prezidenti
İlham Əliyev və Türkiyə Prezidenti Abdulla Gül tərəfindən
"Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq
və qarşılıqlı yardım haqqında"
müqavilənin imzalanması Azərbaycan-Türkiyə
qardaşlığına xor baxan qüvvələrə
verilmiş növbəti siyasi mesaj kimi başa
düşüldü.
Təbii ki, bunlardan
başqa, Türkiyə və Azərbaycan arasında
Bakı-Tiflis-Ceyhan, bunun ardınca "Şahdəniz"
layihəsi çox vacib bir bağlantıdan xəbər verir.
Dəmir İpək Yolu adlandırdığımız tarixi
ipək yolu ilə bağlı sərmayənin qoyulması və
bütün bunlarla bərabər Naxçıvanla Qarsı,
İğdırı birləşdirən avtomobil yolları
aramızdakı könül bağlantılarından
başqa, eyni zamanda, fiziki olaraq geniş imkanları da əhatə
edir.
R.T.Ərdoğanın
Türkiyənin Dağlıq Qarabağ və onun ətrafında
olan rayonlar işğaldan azad edilməyincə Ermənistanla sərhədləri
açmayacağını rəsmən bəyan etməsindən
qıcıqlanan bəzi Qərb dövlətləri hələ
də rəsmi Ankaraya müəyyən təzyiqlər
göstərsə də, indiyə kimi Türkiyə belə təzyiqlərə
davam gətirmək gücündə olduğunu nümayiş
etdirir.
Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğan dəfələrlə
bəyanatlarında vurğuladığı "Azərbaycan
üçün Dağlıq Qarabağ mövzusu necə bir
qanayan yaradırsa, bilinməlidir ki, bizim üçün də
elə qanayan bir yaradır. Bundan fərqli bir düşüncə
bizdə əsla ola bilməz. Bu məsələni də sona qədər
təqib edirik və bundan sonra da təqib etmədə davam edəcəyik.
Nə zaman ki, Ermənistan Azərbaycanın işğal etdiyi
torpaqlarını qeyd-şərtsiz boşaldacaq, biz də o
zaman sərhədlərin açılmasına şərait
yaradacağıq. Dağlıq Qarabağ münaqişəsinin
həllində irəliləyiş olmadan Ermənistanla sərhədlərin
açılması mümkünsüzdür. Türkiyə
böyük dövlətdir və belə təzyiqlərin
heç bir nəticəsi olmayacaq" - kimi fikirləri də
ölkəmizə olan doğma münasibətdən
qaynaqlanır.
İldən-ilə
Türkiyə - Azərbaycan dövlət rəsmilərinin
keçirdiyi görüşlərdə bir çox uğurlu
layihələrə imza atılır. Səfirliklərimiz
arasında müəyyən problemlərin aradan
qaldırılması üçün bir çox ideyalar
planlı şəkildə həyata keçirilir. İqtisadi,
siyasi sahədə irəliləyiş əldə edən iki
ölkə bir-birinə daha çox yaxınlaşır,
doğmalaşır və bu qarşılıqlı əməkdaşlıq
şəraitində digər sahələrdə - tibb, təhsil
və digər böyük əhəmiyyət kəsb edən
layihələr çərçivəsində də
geniş üfüqlərə yol açır. Bu da hər
bir türk və Azərbaycan vətəndaşını qəlbən
sevindirir.
Azərbaycan-Türkiyə
münsibətləri ötən illərdə yaradılan Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq Şurası
vasitəsilə daha mühüm zirvəyə yüksəlmişdir.
Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq
real, funksional hədəfləri bəlli olan, strukturlaşmaya
geniş yer verən bir modelə çevrilmişdir. Bu
müqavilə Türkiyə və Azərbaycan arasında digər
sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq,
silah yardımı, sənaye qurumlarının əməkdaşlığını
da şərtləndirir.Yüksək Səviyyəli Əməkdaşlıq
Şurasının yaradılması ilə bağlı
müqavilə buna hüquqi baza yaratmışdır.
Ötən illərdə
Heydər Əliyev adına Peşə Təhsil Liseyinin və
"Petkim" şirkətinin "Star" neft emalı
zavodunun təməlqoyma mərasimində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
vurğulamışdır: "Petkim" layihəsi Azərbaycanın
tarixində ən böyük sərmayə qoyuluşu layihəsidir.
Böyük maliyyə mənbəyi tələb edən layihə
Azərbaycan tərəfindən həyata keçirilməyib.
Bu layihə Türkiyədə həyata keçirilir,
çünki bu bizim doğma vətənimizdir. Bu gün
dünya xəritəsində Türkiyə kimi böyük
bir güc var. Dünyada ikinci belə ölkə yoxdur ki, Azərbaycan
və Türkiyə kimi bir-birinə bu qədər
bağlı olsunlar".
2011-ci ildə Fransa
Senatının qondarma "erməni
soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını
nəzərdə tutan qanun layihəsini qəbul etməsi
müzakirəyə çıxarılanda Türkiyəyə
qarşı ədalətsiz mövqenin əleyhinə
çıxan Azərbaycanın ilk gündən dost və
qardaş ölkə ilə birlik və həmrəyliyini rəsmi
qaydada bildirməsi və Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Türkiyəyə dəstək məsələsində
Fransa Senatının qərarının tək Türkiyəyə
deyil, həm də Azərbaycana və bütövlükdə
türk dünyasına qarşı yönəldiyini
vurğulaması dünya dövlətlərinin də diqqət
mərkəzində olmuşdur.
Türkiyənin
nüfuzlu "Zaman" qəzeti isə Azərbaycandakı səfirliyinin
iki ölkə arasında münasibətlərin
qurulmasının 20 illiyi ilə bağlı tədbir və mərasimdə
azərbaycanlı millət vəkillərinin səsləndirdiyi
bəyanatları əks etdirən geniş məqalə və
Hulusi Kılıcın iki ölkə arasında diplomatik
münasibətlərin yüksək səviyyədə
olması və "Biz iki əkiz qardaşlarıq" bəyanatını
dərc etməsi artıq bu qardaşlığın
arasında olan münasibətləri heç kimin poza bilməyəcəyindən
xəbər verməsi, eyni zamanda dəfələrlə
sınaqlardan çıxmış Azərbaycan-Türkiyə
dostluğunun, qardaşlığının bariz nümunəsi
kimi düşmənlərə sərt mesaj idi.
Sürətlə
inkişaf edən Azərbaycanın Türkiyənin də
üzv olduğu BMT-nin Ali Orqanına - Təhlükəsizlik
Şurasına üzv seçilməsi hər iki dövlətin
dünyadakı nüfuzundan qaynaqlanır. Bütün sahələrdə
birgə uğurlu nailiyyətlər əldə edən ölkələrimizin
inkişafı mədəniyyətdə də
özünü büruzə verir. Ötən il "Eurovision"
mahnı müsabiqəsində qazandığımız qələbə
və bu nüfuzlu yarışmanın bu il Bakıda
keçirilməsi də məhz Azərbaycanın mədəniyyət
sahəsində beynəlxalq səviyyəli uğurları
sırasındadır. 2011-ci ildə Azərbaycanın 1-ci,
qaliblərimizin iki qardaş ölkənin - Türkiyə və
Azərbaycanın bayraqlarını Qərb tribunasında birgə
dalğalandırması, iki il öncə isə 3-cü yerə
çıxması, ondan da bir qədər öncə
Türkiyənin 1-ci yerə çıxması bir daha
sübut edir ki, türk insanı tamamilə yad dildə, yad
formatda, yad mədəniyyət hadisəsində belə
qısa zaman kəsiyində öncül ola bilir. Bu bir tərəfdən
xalqlarımızın istedadını göstərirsə,
digər tərəfdən də Türkün bəşər
mədəniyyətinin zirvəsinə, İlahi məqama can
atmasını, əzmini, axtarış ehtirasını yeni,
müasir çalarlarla əks etdirməsinin təzahürüdür...
Türk
dünyasının ümumdünya miqyasında
tanınmasının digər uğurlarıyla yanaşı, ədəbiyyatla
bağlılığını Ümummilli lider Heydər Əliyev
hələ 1996-cı il 6 noyabr tarixində - Türk
Dünyası Yazıçılarının III
Qurultayındakı nitqində ifadə etmişdir:
"Çoxəsrlik tariximizdə xalqlarımızı
yaşadan, qoruyan və bügünkü günlərə gətirib
çıxaran amillərdən biri, ola bilər ki, ən əsası
bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli,
şairlərimiz, yazıçılarımızdır.
...Türk
dünyası ədəbiyyatına ekskurs edəndə də
gözlərimiz önünə ilk gələn Mövlana Cəlaləddin
Rumi, Kaşğarlı Mahmud, Əhməd Yasəvi, Yunus Ərəm,
Əlişir Nəvai, Şeyx Nizami Gəncəvi, Şeyx
Füzuli...gəlir.
Türkçülüyümüzün maarifdə, ədəbiyyatşünaslıqda,
dil və əlifba islahatında ilk şəxsiyyətləri
Azərbaycandan Mirzə Fətəli Axundzadə, Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğlu...
onların ardınca gələn yeni klassiklər və digər
ədiblər dilimizin zənginləşdirilməsi,
qorunması və yaşadılması üçün ziddiyyətli
və eyni zamanda da şərəfli yol keçməsini
nümayiş etdirir. Bu bir tərəfdən bizim mənəviyyatımızı,
mədəniyyətimizi, ədəbiyyatımızı
bir-birindən ayırmaq, parçalamaq, minilliyin inkişaf
strategiyasının qarşısını almaq cəhdləri
çox güclü olsa da, digər tərəfdən də
yaranmış ictimai-siyasi vəziyyət və
xalqlarımızın cürbəcür imkanlardan
lazımınca istifadə edib dünya mədəniyyəti ilə
inteqrasiyası nəticəsində ədəbiyyatımızın,
mədəniyyətimizin inkişafı daha böyük mənada
əks olunur.
Ölkələrimizdə
yaranan diaspor və səfirliklərin apardığı
işlərin uğurlu nəticələri iki qardaşın
tükənməz gücündən xəbər verir. Eyni
zamanda, Türkiyə və Azərbaycan diasporlarının
vahid mövqedən çıxış etməsi hər iki
dövlətin mövqelərinin möhkəmlənməsinə
öz töhfəsini verir.
Azərbaycan və
Türkiyənin nüfuzlu media qurumları arasında Media
birliyi ideyası Bakıda - "Azərbaycan və Türkiyə
mediası: bənzərliklər və fərqliliklər"
mövzusunda keçirilən disskusiyalar, tədbirlər, daha
sonra Ankarada Türkdilli Ölkələrin və Toplumların
I Media Forumunun yaradılması Türkdilli Ölkələrin
və Toplumların Media Birliyinin qarşısında duran vəzifələrin
həyata keçirilməsi, ortaq tarix, dil, milli mənsubiyyət
və mədəniyyətə əsaslanan mənfəətlərin
və mədəniyyətlərin daha da inkişaf etdirilməsi
istiqamətində təcrübə mübadiləsinin
genişləndirilməsi istiqamətində uğurlu
addımların atılması, Türkdilli Ölkələrin
və Toplumların ikinci Media Forumunun yüksək status
qazanması dövlətimizin Türk birliyinin gerçəkləşməsinə
verdiyi önəmin bariz nümunəsidir.
"Vətən səsi" qəzetinin
əməkdaşı
Yazı Türkiyə səfirliyi və
Mətbuat Şurasının "Azərbaycan-Türkiyə:
qardaşlıqdan doğan tərəfdaşlıq"
mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur
Tahirə
ALLAHVERDİYEVA
Bakı xəbər.- 2012.- 9-10 may.- S.12.