Gənclər təşkilatları gəncliyin
mənəvi-hüquqi müdafiəsini təmin edə bilirmi?
Qanunların sivil
dünya dövlətlərinin hüquqi dövlət
quruculuğu ənənələrinə, beynəlxalq
hüquq normalarına, Avropa Şurası və dünya
demokratik qanunvericilik təsisatları tələblərinə
uyğun hazırlanması üçün Azərbaycan
Respublikası Prezidenti yanında 1996-cı ilin fevralında
xüsusi hüquqi islahatlar komissiyası yaradılıb.
Məlumdur ki, əvvəllər
mövcud olan partiya-sovet ideologiyası prinsiplərində və
əsaslarında formalaşdırılan cəmiyyətin mənəvi
və mədəni həyatının inkişaf siyasəti qətiyyən
indiki cəmiyyətimizin can atdığı ictimai həyata
uyğun gələ bilməzdi. Artıq cəmiyyətin hərtərəfli
inkişafını, mənəvi mədəniyyətin əsl
zənginlikləri sisteminin yaradılmasını tələb
edən yeni baxışlar sistemi formalaşmaqda idi.
Bütün bu əlamətdar hadisələrdən sonra
Respublikanın qarşısında öz milli mənafeyinə
uyğun bir çox prioritet vəzifələr dururdu. Onlardan
biri də dövlət gənclər siyasəti ilə
bağlı idi. Bu sahədə müstəqil suveren
respublikamızın atdığı ilk addım "Dövlət
Gənclər Siyasəti Haqqında" Azərbaycan
Respublikası Qanununun qəbulu oldu. Bu dövrü xarakterizə
edəndə görürük ki, ictimai-siyasi vəziyyətin
mürəkkəb olduğu bir dövrdür. Hakimiyyətdə
hansı siyasi qüvvənin olmasından asılı olmayaraq,
Azərbaycan gəncləri istər ölkə
qarşısında, istərsə də öz şəxsi
vicdanları qarşısında vəzifələrini yerinə
yetirirdi. Kommunist rejimi dövründə mövcud olan gənclər
təşkilatları və onlar haqqındakı qanunlar
artıq öz qüvvəsini itirmişdi. Zəngin potensial
enerjiyə malik gəncləri vahid "Dövlət Gənclər
Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanunu ətrafında
birləşdirmək vacib idi. Bu Qanunun qəbul edilməsi mədəniyyət
siyasətinin uğurla yürüdülməsinə
güclü təkan vermiş oldu.
"Gənclər
Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
Fərmanında isə "Gənclər Siyasəti
Haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi daşıyan 6 may 2002-ci il
tarixli qərar verilib. Əlbəttə ki, Qanun dövlətin
mədəni siyasətinin uğurlu başlanğıcı
idi. Qanunda Azərbaycan Respublikasında bütün cəmiyyətin
mənafeyi naminə gənclərin potensialından daha
dolğun istifadə edilməsi üçün sosial-iqtisadi,
siyasi-hüquqi, təşkilati şərait və təminatlar
yaratmaq məqsədi güdülür. Burada gənclər
siyasətinin prinsipləri və məqsədləri müəyyən
edilərək, dövrün tələblərinə cavab verə
biləcək müddəalar əlavə edilib. Qanun bu siyasətin
həyata keçirilməsinin hüquqi, iqtisadi və təşkilati
əsaslarını, eləcə də əhalinin digər
sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin
təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr
sistemini müəyyən edir. 5 fəsil və 21 maddədən
ibarət olan Qanunda dövlət gənclər siyasətinin
mahiyyəti və prinsipləri aşağıdakı kimi
göstərilib:
- Xalqın gələcəyini
müəyyən edən xüsusi ictimai qrup kimi gənclərin
özünəməxsus mənafe və ehtiyacları
olduğunun etiraf edilməsi;
- Cinsindən, milliyyətindən,
dilindən, dini etiqadından, təhsilindən, sosial mənşəyindən
və siyasi baxışlarından asılı olmayaraq gənclərin
cəmiyyətdə hüquq bərabərliyinə təminat
verən hüquqi və sosial statusunun müəyyənləşdirilməsi;
- Gənclərin hərtərəfli
sosial, mənəvi və fiziki inkişafina, onların
hüquq və azadlıqlarının həyata keçirilməsinə
təminat verən şəraitin yaradılması; Gənclərdə
xalqın mənəvi irsinə və ənənələrinə,
nəsillərin mənəvi əlaqəsinə
qayğıkeş münasibətin tərbiyə edilməsi;
- Gənclərin
azadlıq, hüquq və vəzifələrinin vəhdəti;
- Gənclərin sosial
müdafiəsi üçün hüquqi və təşkilati
təminatların yaradılması.
Dünyada, o cümlədən
Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə,
gənclər qarşısında duran problemlər və
onların həlli yolları da dəyişməyə
başladı. Məhz buna görə də üzümüzə
gələn yeni əsrdə xalqımızın problemlərini
müasir dünya kontekstində, həll edə bilmək
üçün Azərbaycan gənclərinin yenidən təşkilatlanması
vacib idi. Bu məqsədlə müstəqil Azərbaycan
Respublikasında gənclər hərəkatını əlaqələndirmək
üçün 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası
Prezidentinin fərmanı ilə Gənclər və İdman
Nazirliyi yaradıldı. Gənclər və İdman Nazirliyi
yaradıldıqdan sonra dövlət gənclər siyasəti
sahəsində mühüm işlər həyata
keçirildi, nazirliyin yerli strukturları formalaşdı, gənc
nəslin mənəvi tərbiyəsi və fiziki
inkişafı, hüquqlarının müdafiəsi,
onların beynəlxalq qurumlarda iştirakı və gənclər
təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi
sahəsində lazımi tədbirlər görüldü, bir
sıra dövlət proqramları hazırlandı.
Göründüyü kimi, gənclərlə
bağlı qəbul olunan proqramların hamısında gənclərin
sosial müdafiəsinə, onların hüquqlarının
qorunmasına, problemlərinin həllinə və mənəvi
tələbatlarının ödənməsinə xüsusi
önəm verilir.
Bir sözlə,
dövlətin bu istiqamətdə apardığı siyasətdən
görünür ki, gənclərin qarşısında duran
bütün problemlərin həlli istiqamətində
mühüm işlər həyata keçirilir. Sosial problemlər
içərisində yaşayan gəncdən çox şey
tələb etmək olmur. Dövlətin gənclərə
mühüm sosial problemlərin həllində etdiyi kömək
onların milli vətənpərvərlik ruhunda tərbiyə
almasına təsir edən faktordur. Sözsüz ki, dövlət
qayğısını hiss edən gənc mühüm dəyərlərə
daha da bağlı olacaq.
"Azərbaycan gəncliyi
2011- 2015-ci illərdə Dövlət Proqramının təsdiq
edilməsi haqqında" Prezident sərəncamında əksini
tapan fikirlər gənclər siyasətini daha da inkişaf
etdirməyə, gənclərin işlə təminatına,
sosial-iqtisadi problemlərinin həllinə öz müsbət
təsirini göstərən bir qanunvericilik aktıdır.
Azərbaycan günbəgün
yeniləşir, müasirləşir. Müasirləşmə
dövlət siyasətinin düzgün qurulmasından və
bununla bərabər, gənclərin fəaliyyətindən
asılıdır. Azərbaycan gəncləri müasir, Vətənə,
millətə bağlı, dövlətçiliyə sadiq
olmalı, eyni zamanda, bütün mütərəqqi təcrübələri
öyrənməyə səy göstərməlidir.
Azərbaycan gəncliyinin
siyasi aktiv təbəqəsinin gənclər təşkilatlarında,
siyasi partiyalarda və QHT-lərdə cəmləşdiyini nəzərə
alsaq, daşıdığı ideologiyadan asılı
olmayaraq, hər bir təşkilat gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onların
qarşısında duran problemlərin həlli, hüquqlarının
müdafiəsi və vətənpərvərlik tərbiyəsinin
formalaşması istiqamətində güclü təbliğat
aparmalıdır.
Yalnız bütün
problemlərdən uzaq, öz üzərində dövlətin
möhkəm qayğısını hiss edən gənclik
milli hisslərə daha çox bağlı ola bilər.
Gənc nəsildə milli
mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən
aktual məsələlərdən biri hesab olunur.
Çünki dövlətin, dilin, adət-ənənələrin
yaşadılma yollarından biri də gənclərin milli-mənlik
şüurunu dərk etməsindən keçir.
Düzdür, burada digər faktorlar da var, amma öndə gələni
milli mənlik şüurudur. Bu faktor həqiqətən də
mühüm əhəmiyyət kəsb edən məsələlərdən
biridir. Gənclərin buna sahib olması bütövlükdə
dövlətin ümumilli ideologiyasının qorunması
baxımından müstəsna rola və əhəmiyyətə
malikdir.
Göründüyü
kimi, dövlət gənclərin hüquqlarının
qorunması, onların sosial problemlərinin həlli və mənəvi
tələbatlarının ödənməsi ilə
bağlı möhkəm qanunvericilik bazası yaradıb.
Belə olan halda gənclər
təşkilatları üzərinə düşən
missiyanı necə yerinə yetirir və sadalanan məsələlər
istiqamətində hansı fəaliyyəti göstərir?
Gənc
Hüquqşünas Qadınlar Hüquqi İslahatlar
Uğrunda İctimai Birliyinin rəhbəri Şəfa Camalzadə
hesab edir ki, gənclərin problemləri ilə bağlı
lazımi qanunvericilik bazası olsa da, bəzən onların hüquqi
maarifləndirilməsinə böyük ehtiyac yaranır:
"Gənclərlə bağlı problemlərin çoxu adətən
onların öz hüquqlarını bilməməsi səbəbindən
meydana çıxır. Bir QHT olaraq biz əsasən cəzaçəkmə
müəssisələrindən azad edilən gənclərin
hüquqi maarifləndirilməsi istiqamətində iş
aparırıq. Onlara öz hüquqlarını başa
salırıq, qarşılarına çıxan problemlərin
həllinə köməklik edirik. Bu istiqamətdə bir
neçə layihə həyata keçirmişik. Bundan əlavə,
biz gənc hüquqşünaslarla da çox işləyirik.
Həmin gənclərin püxtələşmiş bir kadr
kimi yetişdirilməsi üçün seminarlar təşkil
edərək lazımi maarifləndirmə işlərini
aparırıq. Eyni zamanda, həmin gənc kadrların işə
düzəlməsi probleminin həllinə də
çalışırıq. Bizim fəaliyyətimiz yalnız
paytaxtla yekunlaşmır əsasən regionlarda iş
aparmağa üstünlük veririk.
Mövzularımızın əsas aspekti hüquqi maarifləndirmə
ilə bağlı olur. Məlumdur ki, yaranmış problemdən
gənclər yalnız öz hüquqlarını
yaxşı bilməklə çıxa bilər.
Apardığımız fəaliyyətin gözəl nəticələri
olur. Bu yaxınlarda biz Şirvanlı şəhərində gənclərlə
bağlı böyük bir tədbir keçirdik. Tədbir məhz
gənclərin problemlərinin həllinə və onların
hüquqi maarifləndirilməsinə həsr olunmuşdu. Bir
sözlə, gənclərin problemlərinin həlli istiqamətində
əlimizdən gələni edirik".
Gənclər və Dəyərlər
Təşkilatının rəhbəri Albina Rzazadənin
sözlərinə görə, onlar bu istiqamətdə olduqca
aktiv fəaliyyət göstərir: "Gənclərin
problemlərinin həlli, onların hüquqlarının
qorunması ilə bağlı hazır layihələrimiz var.
Bir gənclər təşkilatı olaraq, biz gənclərin
problemini həll etmək iqtidarında deyilik. Biz yalnız
onları maarifləndirə, yol göstərə bilərik.
Bu istiqamətdə region gəncləri ilə də aktiv
işləmək lazımdır. Gənclərin
rastlaşdığı ən böyük problemlərdən
biri də istədikləri işi tapa bilməmələridir.
Bəzən ixtisasın düzgün seçilməməsi,
ali məktəbdə yaxşı təhsilin alınmaması
gənclərin işlə təmin olunmasında problemlər
yaradır. Hazırda savadlı kadrlara hər yerdə ehtiyac
duyulur. Ancaq təəssüflər olsun ki, bu ölkənin gənclərinin
çoxu ya həkim, ya da hüquqşünas olmaq istəyir.
Bu da bəzən iş tapmaqla bağlı problemlərin
yaranmasına gətirib çıxarır. Gənclərin fərqli
ixtisaslar seçməsi üçün də təbliğat
aparırıq. Hesab edirəm ki, valideynlər də gənclərə
bu istiqamətdə doğru yol göstərməlidir. Bəzən
görürsən ki, ehtiyac duyulan ixtisası seçib peşə
təhsili alan gənc özünə hüquqşünas gəncdən
daha yaxşı iş tapa bilir. İşlə təmin
olunmayan gəncin sonradan mənzil problemi yarana bilir. Bir təşkilat
kimi əlimizdən gələni edirik ki, gənclər problemlə
qarşılaşmasın, onların pozulmuş hüquqları
qorunsun, mənəvi tələbatları istədiyimiz formada
ödənilsin. Sözsüz ki, bu məsələlərlə
bağlı hər şeyi dövlət həll edə bilməz.
Gənclərin özünün də problemlərinin həlli
istiqamətində fəal olmaları lazımdır".
Məhəmmədəli
QƏRİBLİ
Bakı xəbər.-
2012.- 16 may.- S. 15.