"Eurovision"un Azərbaycan gəncliyinin formalaşmasında cari və perspektiv təsirləri müzakirə olunur

 

   Son illər Azərbaycan gəncliyinin idman, elm və digər sahələrdə ard-arda əldə etdiyi bir sıra uğurlar bir daha onların bacarığını ortaya qoydu. Deyilənlərə ən parlaq nümunə isə çox qısa bir vaxt ərzində Azərbaycan gəncinin dünya miqyaslı "Eurovision" mahnı yarışmasında yol qət etməsidir. Belə ki, 1956-ci ildən keçirilən bu yarışmaya Azərbaycan 2008-ci ildə qoşulsa da, çox qısa bir vaxtda böyük qələbələr qazanıb.

   2009-cu ildə Aysel və Araşın möhtəşəm dueti ölkəmizə üçüncü yeri qazandırdı.

   Ən nəhayət, Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində birinciliyi əldə etməsi ölkə gəncliyinin nəyə qadir olduğunu bir daha dünya miqyasında sübut etdi. Bütün hallarda Azərbaycanı təmsil edənlər onluğa düşməyi bacarıb. Deyərdik ki, sözügedən qələbə ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi mühüm uğurlardandır. Bu həm də iqtisadi inkişafa əsaslanan siyasətimizin və mədəniyyətimizin intibahıdır. Bütün bunlarla yanaşı, istər əvvəlki, istərsə də sonrakı müsabiqələrdə ölkə gəncliyi proseslərdə hər mənada yaxından iştirak edib. İstər seçim turlarında, istərsə də digər hazırlıq, dəstək xarakterli mərhələlərdə gənclər fəal dəstək göstərmələri ilə seçilib. Ötən il Almaniyanın Düsseldorf şəhərində Eldarla Nigarın birinciliyi əldə etməsi və bu günlərdə Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyi etməsi ölkə gəncliyinin təntənəsidir. Gənclər də, öz növbəsində, onlara göstərilən etimadı doğrultmağa çalışır. "Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın dünya miqyasında bir sıra parametrlər üzrə tanıdılmasında mühüm rol oynadı. Ölkənin mədəniyyətindən tutmuş, digər sahələrinin Avropa insanına tanıdılması baxımından müsabiqənin rolu əvəzsizdir. Digər tərəfdən, gənclərin ölkədə keçiriləcək mahnı yarışması işində yaxından iştirak etməsi və bütün mərhələlərdə hərtərəfli dəstək verməsi tədbirin uğurlu alınmasında mühüm rol oynadı. Yarışda iştirak etmək üçün ölkədə keçirilən seçim turlarında ən qabiliyyətli və istedadlı gənclər öz potensialını ortaya qoyub. Bu da peşəkar münsiflər heyətinə daha mükəmməl seçim etməyə şərait yaradıb. Belə ki, müğənnilik istedadı, müasir tələblərə uyğun ifa mədəniyyəti, dinamikliyi, digər parametrləri özündə ifadə etmək bacarığı seçim turlarında əsas şərtlərdən biridir. Bunun da öhdəsindən, təbii ki, dinamikliyi, novatorluğu, milli və müasir dəyərləri bir arada tutmağı bacaran Azərbaycan gəncliyi gələ bilərdi. Sevindirici haldır ki, yarışmada iştirak etmək istəyən gənclərimizin əksəriyyəti, dinamikliyi ilə yanaşı, ingilis dilini bilməsi ilə də seçilir. Təbii ki, istənilən bir yarışma insanda bu və ya digər dərəcədə həyəcan yaradır. Ancaq hansısa mahnı yarışması beynəlxalq səviyyəli olanda, həyəcanın miqyası daha böyük olur. Sevindirici hal həm də ondan ibarətdir ki, biz bu il "Eurovision" mahnı müsabiqəsinin həm iştirakçısı, həm də ev sahibi olduq. Sözügedən yarışmanın formatı, dekorasiyası, mahnı seçimi, dili ilə bağlı müzakirə açmaq, müəyyən fikirlər söyləmək olar. Ancaq necəliyindən və formasından asılı olmayaraq, bu bir yarışmadır. Milyonlarla insan, onlarla ölkə bu yarışmaya maraq göstərir. Bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan bütün Avropa coğrafiyasının tərkib hissəsidir. Biz bu coğrafiyadan kənarda qalsaq da, ayrı-ayrı mədəniyyətlərin kəsişdiyi nöqtədə yerləşirik. Xalqımız hər zaman həm Şərq, həm də Qərb mədəniyyətinin daşıyıcısı kimi bəşəriyyətə yeni mədəniyyət nümunələri verib. Çünki hər zaman mədəniyyətlərin sintezindən yüksək mədəniyyətlər doğur. Müasir dövrdə inkişaf etmiş, dünyada böyük nüfuza və çəkiyə malik ölkələr belə öz mədəniyyətinin təbliğində olduqca maraqlıdır. Bunun üçün idman yarışları, musiqi festivalları və bir sıra digər mədəni tədbirlərdən istifadə olunur. Ölkədə keçirilən istənilən beynəlxalq tədbirin Azərbaycan insanının düşüncəsinə, dünyagörüşünə olan təsiri danılmazdır. "Eurovision" yarışması isə, daha çox, mədəniyyətlərin inteqrasiyasına yol açan bir tədbirdir. Təbii ki, bu inteqrasiya ilk növbədə hər kəs üçün, o cümlədən Azərbaycan gənci üçün xeyirlidir. Başqa bir tərəfdən, istər müsabiqədə iştirak edən təmsilçilərin, istərsə də seyrçi kimi ölkəmizə təşrif buyuran turistlərin əsasən gənc nəslin nümayəndələri olduğunu görürük. Bu da gənclərimizin onlarla təmasa girməsi üçün yaxşı bir fürsət oldu. Yarışma həm də mədəni baxımdan gənc nəslin inkişafına və onların seçim imkanlarının şaxələnməsinə təkan verəcək. Çünki yeni münasibətlərin, mədəni əlaqələrin qurulması, ayrı-ayrı ölkələrdən müxtəlif peşə sahiblərinin ölkəyə gəlməsi, istər-istəməz, gənclərin mədəni səviyyəsinin artmasına öz təsirini göstərəcək. Son illər dünyada gedən müəyyən proseslər və baş verən dəyişikliklər bir sıra reallıqları ortaya qoyub. Gəncliyin bütün proseslərin avanqardı və lokomotivi rolunda çıxış etməsi onların nəyə qadir olduğunun göstəricisidir. Reallıq ondan ibarətdir ki, Azərbaycanın gənclər sektoru ali məqsəd olaraq dövlətinə və millətinə faydalı olmağı, ona xidmət etməyi seçib. Bu məqsəd və amallar uğrunda mübarizə aparır. Ölkəmizə gələn gənclər burada olan inkişafın, təşkilatçılığın yüksək səviyyədə olmasını görüb, bunu öz açıqlamalarında qeyd edib. Ölkənin bütün sahələri barədə əcnəbilərdə xoş təəssürat yaratmaq baxımından nə mümkün idisə, gənclər onu etdi. Qonaqlara xidmət göstərən gənc personalın böyük əksəriyyəti ingilis dilini bilirdi. Həmçinin, azərbaycanlıların özünəməxsus qonaqpərvərliyi, ölkəmiz barədə onları maraqlandıran sualların cavablandırılması və s. Azərbaycan barəsində təsəvvürlərin daha da genişləndirilməsinə gətirib çıxardı. Gənclərimizin müsabiqə dövründə əcnəbi həmkarlarından ən çox öyrəndiyi xüsusiyyətlərdən biri də sadəlik və sərbəstlik oldu ki, bunun özü də gənclərin formalaşmağında özünəməxsus iz buraxır. Məsələ ondadır ki, Qərb ölkələrini təmsil edən gənclər rəsmilikdən bir qədər uzaq olmağı sevir. Bu da onlara tam sərbəstlik verir. Hər ölkədən kənarda keçirilən tədbirə qatılan gənclərimiz yeni bir şey öyrənir. Qazanılan həmin təcrübənin bəhrəsidir ki, bu gün Avropa gəncliyi bizdən razılıq edir və keçirilən möhtəşəm müsabiqəyə görə olduqca zəngin təəssüratlarla geri qayıtdılar. Bu cür genişmiqyaslı tədbir gənclərimizə təcrübə qazanmaq baxımından böyük töhfə verdi. Eyni zamanda, onların dünyagörüşünün bir qədər də artmasına yardımçı oldu. Bütün hallarda ölkə gəncliyinin mahnı yarışması ilə bağlı bütün proseslərdə yaxından iştirak etməsi, gənclərin formalaşmasında nə kimi tarixi rol oynayır? Onların formalaşmasında hansı səciyyəvi xüsusiyyətləri üzə çıxarır?

   Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, yazıçı-publisist Əkbər Qoşalının sözlərinə görə, "Eurovision-2012"-yə Azərbaycan çox yüksək səviyyədə ev sahibliyi etdi: "Bunu bir cümlə ilə ümumiləşdirəndə belə demək olar ki, Azərbaycan bacardı. Azərbaycan dünyaya sübut etdi ki, o gənci, yaşlısı, bütövlükdə xalqı, dövlətilə yüksək səviyyəli tədbir keçirmək gücünə malikdir. Hamıya məlumdur ki, Azərbaycanı indiyə qədər "Eurovision" yarışmalarında gənc nəslin nümayəndələri təmsil edib. Bəzi dövlətlərdən fərqli olaraq, bizdə sözügedən seçimin edilməsi zamanı gənclərə önəm verilməsi çox doğru yanaşmadır. Dünyaya Azərbaycan gəncliyinin mədəniyyətini, perspektivini göstərirlər. Təbii ki, bizim kifayət qədər adlı-sanlı, istedadlı sənətçilərimiz, sənət xadimlərimiz var. Ancaq məhz ilk dəfə sənət aləminə atılmış, böyük səhnəyə ilk dəfə çıxmış insanların hazırlanması, təqdim olunması, onların istedadının göstərilməsi bir başqa təsir bağışlayır. Məlum olduğu kimi, ümumən Azərbaycan müsabiqədə 5 dəfə iştirak edib. Qatıldığı bütün yarışmalarda ilk onluğa düşüb, qabaqcıl yer tutub, qalib olub. Bunun özü Azərbaycanda gənclik və mədəniyyət məsələlərinə münasibətdə gəncliyin inkişafı naminə ona olan inamı təcəssüm etdirir. Başqa bir tərəfdən, gənclərin müxtəlif səviyyədə - qonaqların qarşılanmasında, yerləşdirilməsində, onlara göstərilən xidmətdə, tədbirin təşkilati-texniki tərəflərinin hazırlanmasında, idarə olunmasında yaxından iştirak etməsi çox müsbət haldır. Bütün bunların hamısında biz Azərbaycan gənc nəslinin nümayəndələrini görürdük. Sevinirik ki, onlar Azərbaycan gəncliyinin nəyə qadir olduğunu parlaq şəkildə sübut etdi. Digər tərəfdən, ölkə gəncliyi nə qədər müasir Avropa üslubunu əxz etdiyini sübut etdi. Hesab edirəm ki, gənclərimiz, bütövlükdə mədəniyyət xadimlərimiz də dünya ilə dünyanın anladığı dildə danışdı. Gənclərimiz bununla həm də böyük bir imtahandan üzüağ çıxdı".

   Ə.Qoşalının fikrincə, müsabiqənin Azərbaycanda keçirilməsi bundan sonrakı dövrdə gənclərin formalaşmağında özünəməxsus rol oynayacaq: "Bu eyni zamanda gəncliyin həyatında yeni model, format idi. Yeni hadisə də, heç şübhəsiz, özünə münasibət tələb edir. Hesab edirəm ki, gənclərimizin təmsil olunduğu təşkilatlarda, onların klublarında, virtual məkanda müzakirə predmeti də sözügedən yarışmanın hazırlanması, keçirilməsi və əldə olunan nəticələrilə bağlı olacaq. Yəni bunun ətrafında müəyyən müzakirələr keçirilib nəticə çıxarılacaq. Bunun özünü də bir müsbət nəticə hesab edirəm. Bir məsəl var, ağıl-ağıldan üstündür. Başqa bir tərəfdən, fikirdən-fikir doğar. Digər tərəfdən, yeni əlaqələr qurulur, yeni münasibətlər yaranır. Bütün bunlar təhsillə də bağlı ola bilər, yaradıcılıq, yeni standartların ölkəmizə gətirilməsi planında da ola bilər. Yeni istedadlı gənclərin dünya arenasına çıxmasında da ola bilər. Xüsusən də məsələyə mədəniyyət və incəsənət prizmasından yanaşdıqda, qazancımız çox oldu. Bütün hallarda gənclərin aktiv təbəqə olaraq özünü subut etməsi bundan sonrakı dövrdə onların mükəmməl səviyyədə formalaşmasına öz təsirini göstərəcək. Ən nəhayət, yarışmanın keçirildiyi "Kristal Hollun" yüksək səviyyədə olması və qonaqların qarşılanmasına göstərilən diqqət gəncləri bir sıra digər sahələrə maraq göstərməyə sövq edə bilər. İnformasiya-kommunikasiya texnologiyaları, menecerlik, dizayn və digər bu kimi sahələrə gənclərin marağını artıra bilər".

 

 

  Vidadi ORDAHALLI

 

  Bakı xəbər.- 2012.- 30 may.- S.15.