Yazıçı-publisist Yunus Oğuz
Biləsuvarda oxucuları ilə möhtəşəm
görüş keçirdi
Son illərdə
qələmə aldığı bir sıra tarixi roman və əsərləri
ilə təkcə ölkə daxilində deyil, eləcə də
ondan kənarda geniş oxucu kütləsi qazanan
yazıçı-publisist Yunus Oğuz yaradıcılığına
maraq getdikcə artmaqdadır. Cəmiyyətin
müxtəlif təbəqələri, xüsusilə
formalaşmaqda olan gənc nəslin Yunus Oğuz
yaradıcılığına olan marağı ona daha
yeni-yeni əsərlər, tarixi romanlar, kitablar qələmə
almaq üçün stimul verir.
Yunus
Oğuz yaradıcılığında diqqət çəkən
müsbət məqamlardan biri də ondan ibarətdir ki,
yazıçı qələmə aldığı tarixi
romanların ictimai müzakirəsi, həmin əsərlərə
cəmiyyətin münasibətinin necə olduğuna maraq
göstərir, müəllifi olduğu əsərlərə
oxucuların müsbət və mənfi dəyərləndirmələrini
bilavasitə onlarla yaxından təmasda olmaqla öyrənməyə
üstünlük verir. Burada bir məqamı da
vurğulamaq yerinə düşər ki, bu kimi ictimai
müzakirələr, oxucu kütləsi ilə canlı
ünsiyyətdə olmaq Yunus Oğuz üçün nə qədər
əhəmiyyətlidirsə, öz növbəsində
oxucular üçün də yazıçı ilə
görüşmək, ona istədikləri sualı
ünvanlamaq bir o qədər maraqlıdır. Elə
bu məqsədlədir ki, müntəzəm olaraq
yazıçı-publisist Yunus Oğuzun müxtəlif
regionlarda oxucuları ilə görüşləri
keçirilir. Məhz qarşı tərəfin
istək və arzusu ilə keçirilən həmin
görüşlərdə Yunus Oğuz öz oxucuları ilə
canlı ünsiyyətdə olur, onları maraqlandıran
sulları cavablandırır. Belə
görüşlərdən növbətisi bu günlərdə
Azərbaycanın milli qəhrəmanı Mübariz
İbrahimovun adını daşıyan Biləsuvar Lisey-Məktəb
Kompleksində baş tutub. Adı çəkilən
təhsil ocağının təşəbbüsü ilə
keçirilən görüş əsasən Yunus Oğuzun
"Nadir şah" tarixi romanının təqdimatı və
müzakirəsinə həsr olunub. Görüşdən
əvvəl Yunus Oğuz liseyin müəllim-tələbə
heyəti ilə birlikdə təhsil ocağının həyətində
milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə
ucaldılmış abidəni ziyarət edib. Lisey-məktəb kompleksi barədə qonaqlara məlumat
verən təhsil müəssisəsinin direktor müavini
Hüseyn Mirzəyev 3 ilə yaxın fəaliyyət göstərən
Liseydə 130-a yaxın şagirdin təhsil
aldığını diqqətə çatdırıb.
Hüseyn
Mirzəyev Yunus Oğuzla görüşün təhsil müəssisəsinin
həyata keçirdiyi "110 kitab" adlı layihə əsasında
baş tutduğunu diqqətə çatdırıb. O,
Liseydə cari tədris mövsümündə həyata
keçirilən "110 kitab" layihəsi barədə qonaqlara
ətraflı məlumat verib. Bildirib ki,
sözügedən layihəni həyata keçirməkdə
məqsəd şagirdlərdə oxu mədəniyyətini
formalaşdırmaq və onların kitaba olan
marağını artırmaqdır. Layihə çərçivəsində
təhsil müəssisəsində bir neçə
yazıçı ilə görüşlərin keçirildiyini,
eyni zamanda əsər və romanların müzakirəsinin təşkil
olunduğunu deyən Hüseyn Mirzəyev yeni tədris ilində
layihənin yenidən davam etdiriləcəyini və valideynlərin
də layihəyə cəlb olunacağını deyib: "Bu
gün layihə çərçivəsində başa
vurmaqda olduğumuz tədris ili üçün sonuncu
görüşümüzü bir çox tarixi romanlar müəllifi
yazıçı-publisist Yunus Oğuzla keçiririk. Açığını deyim ki, bu gün bizim
üçün sevindirici bir gündür. Çünki Yunuz Oğuz
yaradıcılığında əsas diqqət gənclərin
türkçülük, millətçilik, ən əsası
turançılıq ideyaları əsasında yetişməsinə
önəm verilir. Açığını
deyim ki, Yunus Oğuz yaradıcılığına xüsusi
diqqət yetirirəm və qələmə aldığı
hər bir tarixi romanı sevə-sevə oxuyuram. Mənim müəyyən mənada
formalaşmağımda Yunus Oğuz
yaradıcılığının da təsiri olub".
Liseyin ədəbiyyat kafedrasının rəhbəri
Rövşən Adıyev layihə barədə, eləcə
də bu çərçivədə keçirilən
görüşlər haqqında qonaqlara geniş məlumat
verib. Bildirib ki, "110" kitab layihəsi
təkcə Biləsuvar deyil, eləcə də rayonun yerləşdiyi
region üçün örnək bir layihədir. Rövşən Adıyev gənclərin bədii ədəbiyyata,
ümumiyyətlə kitaba marağının
artırılması üçün digər təhsil müəssisələrində
anoloji layihələrin həyata keçirilməsini arzu edib.
Tarix kafedrasının rəhbəri
Müşfiq Dadaşov Yunus Oğuz
yaradıcılığı nəticəsində tarixi şəxsiyyətlərin
olduğu kimi cəmiyyətə tanıdığını,
onlar barədə formalaşmış mənfi fikirlərin
aradan qalxdığını söyləyib. Bildirib ki, məhz Yunus Oğuzun qələmə
aldığı tarixi romanlar vasitəsilə cəmiyyət
öz tarixi qəhrəmanlarını tanıyır və sevməyə
başlayır. O, Yunus Oğuz
yaradıcılığı sayəsində cəmiyyətin
doğru-düzgün tarixi faktlarla məlumatlandırıldığını
deyib. Müşfiq Dadaşovun sözlərinə
görə, Yunus Oğuzun qələmə aldığı
"Attila" "Nadir şah", "Təhmasib
şah" kimi əsərləri ilə tarixi şəxsiyyətlər
tarixdə öz layiqli yerini tutmuş olur.
Əmir
Teymur Azərbaycan tarixində layiqli yerini aldı
Liseyin tarix
müəllimi Ziya Mirzəyev Azərbaycanda tarixi roman
janrının əsasının Məmməd Səid Ordubadi
tərəfindən qoyulduğunu diqqətə
çatdırıb. Sonrakı illərdə bir sıra
yazıçılar vasitəsilə bu janrın təkmilləşdirildiyini
deyən Ziya Mirzəyev XX əsrin sonu, XXI əsrin əvvəllərində
bu janrın böhran dövrünə qədəm
qoyduğunu deyib: "Bu janrın təzədən dirçəldilməsi,
itirilmiş nüfuzunun qaytarılması görkəmli ictimai-siyasi
xadim, yazıçı Yunus Oğuzun adı ilə əlaqədardır.
2008-ci ildə Yunus Oğuzun "Nadir
şah" romanı işıq üzü gördü.
Nadir şaha əvvəllər də Azərbaycan
tarixi roman janrında müraciətlər olmuşdu. Ancaq Yunus Oğuz ilk Azərbaycan
yazıçısı idi ki, Nadir şahı mənsub
olduğu xalqın hökmdarı kimi təqdim etdi. Yazıçıların əksəriyyətinin əsərlərində
Nadir şah azərbaycançılıqdan kənar, İran
hökmdarı kimi təqdim olunurdu. Ancaq
Yunus Oğuz bu fikri aradan qaldırdı və Nadir
şahın Azərbaycan hökmdarı olduğunu cəmiyyətə
çatdırdı". Çıxışında
yazıçının "Təhmasib şah"
romanına da toxunan Ziya Mirzəyev qeyd edib ki, bu əsərin
yazılması da öz-özlüyündə Azərbaycan
tarixində, tarixi roman janrında bir yenilik idi. Onun
sözlərinə görə, Azərbaycan tarixçiləri,
ayrı-ayrı yazıçılar bir qayda olaraq Şah
İsmayıl Xətainin həyat və
yaradıcılığına müraciət edib. Ancaq Təhmasib
şah dahi atasının kölgəsində qalmış və
tarixin qaranlıq səhifəsinə çevrilmişdi: "Əslində
Təhmasib şah da böyük şəxsiyyət olub. 53 il hökmdar olan bu şəxs atasının ona
miras qoyduğu dövləti daha da genişləndirmiş və
vahid Azərbaycan dövlətinin qurucusu olmuşdu". Natiq bildirib ki, Yunus Oğuzun
yaradıcılığında Təhmasib şah ikinci dəfə
Azərbaycan ictimaiyyəti, xalqına məhz Azərbaycan
hökmdarı kimi təqdim olunub. 2011-2012-ci illərdə
Yunus Oğuzun Əmir Teymurla bağlı romanlarının
çap edildiyini deyən Ziya Mirzəyev adı çəkilən
tarixi şəxsiyyət barədə bir neçə tarixi
romanda məlumat verildiyini, ancaq həmin romanlarda Əmir
Teymurun əsasən qəsbkar, işğalçı kimi qələmə
verildiyini söyləyib: "Ancaq Yunus Oğzu
yaradıcılığında ilk dəfə olaraq Əmir
Teymur Azərbaycan tarixində öz layiqli yerini,
dünyanın fatehi olduğu qiymətini aldı".
Çıxışının sonunda ortaq türk tarixinin
yaradılması zərurətinə də toxunan Ziya Mirzəyev
deyib ki, XXI əsr türk əsri olduğu üçün
tarix boyu 38 dövlət, 15 böyük imperiya qurmuş
türk xalqlarının ortaq tarixinin yaradılması təqdirəlayiqdir:
"Həmçinin türk xalqlarının ortaq tarixi, mədəniyyətinə
baxış zəruriliyi var. Bu tarix təzədən
yazılmalı və heç olmasa türk xalqlarının
özünə olduğu kimi
çatdırılmalıdır". Liseyin
tarix kafedrasının müəllimi Natiq Cavadov da
çıxışında Yunus Oğuz
yaradıcılığında tarixi şəxsiyyətlərə
verilən layiqli qiymətdən söz açıb. Bildirib ki, məhz Yunus Oğuzun qələmə
aldığı tarixi romanlar nəticəsində xalq öz qəhrəmanlarını
tanımağa başlayıb. Natiq Cavadov
onu da qeyd edib ki, bu gün hər kəsin içərisində
olan Turan ideyası da Yunus Oğuz tərəfindən gözəl
təbliğ olunur. Daha sonra Lisey-Məktəb
kompleksi şagirdlərinin "Nadir şah". əsərindən hazırladığı səhnəcik
nümayiş olunub.
Yunus
Oğuz tarixi romanlar sahəsində inqilab etdi
Azərbaycan
Pedaqoji Universitetinin tarix müəllimi Taleh Cəfərov Yunus
Oğuzun əksər tarixi roman və kitablarını
mütaliə etdiyini və tələbələr arasında
tədris olunduğunu deyib. Taleh Cəfərov Yunus
Oğuzun "Nadir şah" əsərini üç dəfə
oxuduğunu və hər dəfə də yeni bilgilər əldə
etdiyini diqqətə çatdırıb: "Ən əsası
odur ki, Yunus Oğuz Nadir şahı bizə olduğu kimi
çatdırdı. Məlumdur ki, Sovet rejimi bizə
qəhrəmanlarımızı qaniçən, qəddar kimi
təqdim edirdi və onları xalqın gözündən
salmağa çalışırdı. Yunus
Oğuzun tədqiqat əsərləri xalqa
doğrunu-düzgünü çatdırıb".
Taleh Cəfərov qeyd edib ki, Yunus Oğuz tarixi romanlar sahəsində
inqilab etdi və xalqa öz qəhrəmanlarını
tanıtdı: "Biz də öz növbəmizdə tarixi qəhrəmanlarımızın
dövlətçilik tarixi, keçdiyi şərəfli
yolu, dövlətə sədaqətlə xidmət etmələrini,
əfsanələrdə yaşayan Turan ideyasının
reallaşması istiqamətində atdığı
addımları dərindən öyrənərək gənc
nəslimizə təbliğ etməliyik. Hər
bir Azərbaycan gənci bilməlidir ki, onun dövlətinin
qurucuları kimlər olub və hansı amallar uğrunda
çalışıb".
Çıxışlardan
sonra yazıçı-publisist Yunus Oğuz təhsil müəssisəsi
şagirdlərinin sullarını cavablandırıb. Tarixi romanlara üstünlük verməsinin səbəbini
açıqlayan yazıçı qeyd edib ki, sovetlər
zamanında tariximizin saxtalaşdırılması onu tarixi
romanlar yazmağa sövq edib. Yunuz Oğuzun sözlərinə
görə, Sovetlər dövründə insanların beyninə
yeridilən saxta, yalan tarixlə Azərbaycan xalqı öz qəhrəmanlarına
nifrət edib: "İki cür tarix olur - xalqın və
şahların tarixi. Xalqın tarixi adətən
inqilablar vaxtı özünü göstərir. Qalan vaxtlar isə xalqın tarixi yazılmır.
Yazılan yalnız şahların və həmin
şahların dövründə yaşayan xalqların tarixi
olur. Təssüflər olsun ki, həm
xalqımızın, həm də şahların tarixi bizə
nifrət hissi ilə çatdırılıb. Biz öz şahımızı deyil, rus
çarını sevirdik. Millətimizin
gözəl adət-ənənələrini bilmək,
keçmişimizlə fəxr etmək üçün tarixə
yenidən qayıtmaq lazım idi. Həmin
qəhrəmanları qaldırıb, özümüz də
onlarla yanaşı qalxmalı idik".
Tarix təkrarlanır
Sovet
dövrü tarixlərində Əmir Teymurun da mənfi qəhrəman
kimi xalqa çatdırıldığını deyən Yunus
Oğuz belə bir dahi şəxsiyyətin cəmiyyətə
daha yaxından tanıdılması üçün onun haqqında
iki kitab yazdığını da diqqətə
çatdırıb. Bildirib ki, hər zaman türk qəhrəmanlarından
düşmən obrazı yaradılmağa
çalışılıb: "Əslində isə Əmir
Teymur imperator olub və 27 ölkə tutub. Ancaq
hansı səbəbdən 27 ölkə tutub, bunu qeyd etmirlər.
Tarixən Turan elində göydə Tanrı,
yerdə xaqan prinsipi olub. Əmir Teymur məhz
sonuncu türk imperatoru idi ki, xaqanlığı yaratdı.
Ondan sonra isə türk dünyası yenidən
dağıldı. XVI əsrdə
dünyanı idarə edə biləcək 4 türk dövləti
vardı ki, bunlar osmanlılar, qızılbaşlar,
moğollar və şeybanilər idi. Əmir
Teymur bunların hamısını birləşdirib
xaqanlıq yaradır. Hətta
İldırım Bəyazidi məğlub etsə də onun
torpaqlarını oğullarına qaytardı. Əmir Teymur istəyirdi ki, dövlət bir əldən
idarə olunsun və daha da çiçəklənsin".
Müasir tarixi şəxsiyyətlər, eləcə də
milli qəhrəman Mübariz İbrahimov barədə roman
yazmaq mümkünlüyü barədə də
danışan yazıçı bildirib ki, içində belə
bir ruh yaransa Mübariz İbrahimov barədə də roman qələmə
ala bilər: "Bir qayda olaraq müasirlik haqqında
yazmıram. Ancaq içimdən bir ruh gəlsə
yazacam. Bu ilin mart ayında Moskvada Əmir Teymur
kitabının təqdimatı idi və orada yaşayan diaspor
fəallarımızdan biri yaxınlaşıb mənə
dedi ki, Babək mənim kumirimdir və onun haqqında kitab yaz,
bütün maliyyə vəsaitini mən
ödəyəcəm. Cavabımda ona bildirdim
ki, sifarişlə əsərlər yazılmır. Bunun üçün içindən gələn ruh
olmalı, sənə çağırışlar edilməli,
gecələr yatmamamalısan. Bu o qədər
psixoloji bir prosesdir. Babək haqqında da
yazmaq olar, ancaq bu Yunus Oğuzun əsəri olmayacaq. O,
sadəcə, sifarişlə yazılmış bir əsər
olacaq. Ona görə də mən heç vaxt
sifarişlə yazmıram. İçimdən
nə gəlirsə onu yazıram. Ancaq onu
da deyim ki, müasir dövrdə baş verən hadisələri
və mənfi tərəfləri əsərimdə
yazıram. Ümumiyyətlə tarix həmişə
təkrarlanır. O zaman Rzaqulu xan Nadir şahın
Hindistanda olmasından istifadə edərək iqtisadiyyatda
monopoliya yaratmışdı. Məgər
hazırda dünyada bu cür monopoliyalar azdır? Həmin anları tarixə köçürürəm.
Dövlət adamları da bu cür əsərləri
daha çox oxuyur. Qoy oxuyub özləri
üçün dərs götürsünlər. Bu gün olan hadisələr bütün
romanlarımda var. Sadəcə olaraq onu keçmişə
köçürürəm".
Dünyada
daha çox tanınan Azərbaycan hökmdarı...
Turan
ideyası və onun sərhədləri məsələsinə
gəlincə, Yunus Oğuz deyib ki, Turan dedikdə Yapon dənizindən
Adriatik dənizinə qədər olan coğrafi ərazi nəzərdə
tutulur. Yazıçı gələcək planları
barədə də məlumat verib: "Nadir şahın və
Təhmasib şahın ssenarisini yazmışam. Həmçinin
Nadir şahın pyesini yazıb Azərbaycan Dövlət Dram
Teatrına təhvil vermişəm və gələn il səhnələşdirəcəklər. Eyni zamanda, Attila ingilis dilində Londona, rus dilində
Moskvaya göndərilib. Yavaş-yavaş bu proses gedəcək.
Onu da qeyd edim ki, artıq Nadir şahı
dünyada daha çox tanıyırlar. Kitab
Böyük Britaniyada ingilis dilində işıq üzü
görüb". Yunus Oğuz Nadir şahın bir
sıra kitablarda indiyə qədər mənfi obraz kimi təqdim
edilməsilə razılaşmadığını deyib və
bildirib ki, bu sovetlər dövründə xalqı öz qəhrəmanlarından
uzaq salmaq üçün beyinlərə yeridilən bir ideya
idi: "Əmir Teymurdan fərqli olaraq, Nadir şah hakimiyyəti
dövründə yalnız bir dəfə Topal Osmana uduzdu. Ancaq iki ay ərzində yenidən 200 minlik qoşun
toplayaraq Topal Osmanı məğlub etdi. O ki qaldı mənfi
və müsbət cəhətlərinə, istənilən
insanın həm mənfi, həm də müsbət tərəfi
olur. İnsan Allahın xeyir-duası ilə
müsbət insan kimi doğulur. Sonradan isə
şeytan onun qəlbinə girir və mənfi tərəfə
gedir. Təbii ki, Nadir şahın müsbət
tərəfi ilə yanaşı, mənfi tərəfi də
vardı. Mənfi tərəfi isə o idi
ki, ətrafının xəyanətinə dözə bilmirdi.
Ətrafının xəyanətinə görə
də artıq çılğınlaşdı və bundan
sonra kəllələrdən imarətlər, qüllələr
ucaltmağa başladı. Nadir
şahın nadir xüsusiyyətlərindən biri də onun
dahi sərkərdəlik qabiliyyəti idi. Nadir
şahın yaratdığı imperiyanın bir ucu Osmanlı
sərhədinə, digər ucu isə Hind okeanına gedib
çatırdı. Nadir şah Suvorovdan 76 il əvvəl qarlı And dağlarını
keçib. Ancaq yiyəsi olmadığı
üçün Suvorovun adı ortalığa
çıxdı, ancaq Nadir şahın yox". Yunus
Oğuz "Nadir şah" və "Təhmasib şah"
kitablarının Təhsil Naizirliyi tərəfindən dərsdən
kənar oxu ədəbiyyatı kimi
alındığını da söyləyib və qeyd edib ki,
iki cildlik "Əmir Teymur" kitabı barədə də
sifariş verilib. Yeni bir kitab üzərində
işlədiyini də diqqətə çatdıran Yunus
Oğuz bu romanın Məhəmməd Mirzənin xanımı
Xeyransa haqqında olduğunu bildirib. "Şah
arvadı və cadugər" adlanan romanda İkinci
İsmayılın ölümündən sonra hakimiyyətə
gələn Xeyransa xanımın Qızılbaşlar dövlətini
idarə etməsi və farslaşma prosesinin
başlamasından bəhs edilir.
Tədbirin
sonunda Liseyin müəllim və şagird kollektivi adından
Yunus Oğuza xatirə hədiyyəsi təqdim olunub. Yunus Oğuz da öz növbəsində məktəbə
müəllifi olduğu kitabları hədiyyə edib. Sonda isə məktəbin müəllim və
şagird kollektivi yazıçı-publisist Yunus Oğuzla
şəkil çəkdirib.
Süleyman
İsmayılbəyli
Bakı xəbər.-
2012.- 30 may.- S.10-11.