30 May - Əjdər Xanbabayevin qətlə yetirildiyi dəhşətli gün...

 

  22 il bundan əvvəl...

 

   Görəsən, güllə ölümünə səbəb olduğu, həyatına son qoyduğu insanların ruhundan utanırmı heç? Günahsız Allah bəndələrini qanına qəltan etdiyi üçün xəcalət çəkibmi nə vaxtsa? Neçə ürəkdə yara açıb, neçə sevən qəlbi susdurub buz baxışlı ölüm saçan güllə.

   Deyirlər ki, hər bir insan özünü dərk edəndən, həyatın soyuğunu-istisini canında hiss edən gündən öz ölümünə qənşər gedir. Ölüm onu axtarıb tapmaq istəməsə belə, o özü başını əcəlin cəllad kötüyünə qoyur. Qorxaq, cəsarətsiz adam arzu-diləksiz yaşayar ömrü boyu. Cəsarətli adam isə, əksinə, arzu-diləyinin həyata keçməsi üçün lap canını belə fəda etməkdən çəkinməz. Tariximizdə bu cür şəxsiyyətlər, vətən övladları az olmayıb. Onlar qorxmazlığı, xalq uğrunda şəhid olmaq yolunu seçənlərdir ki, bu insanlar artıq xalqın cəsarət simvoluna çevrilib... Əjdər Xanbabayev kimi. Ə.Xanbabayevin adı yeni nəslə tanışdır, tanış deyil-bu barədə bir söz deyə bilmərik. Ancaq Vətənimizin bu qeyrətli, xalq, torpaq təəssübkeşi olan oğlu yaşlı nəslin də, orta nəslin də xatirində bir cəsarət, qeyrət simvolu kimi yaşayır.

   1990-cı ilin 30 mayında Bakıda yenə də güllə səsi eşidildi. Qanlı yanvar faciəsinin ağrı-acısı bitmədən, küçə və meydanlarda şəhidlərimizin tökülən müqəddəs qanı qurumadan o qana Əjdər Xanbabayevin də qanı qarışdı. Namərd gülləsinə tuş gəldi Ə.Xanbabayev... Qara xəbər yeldən qanad taxıb Xanbabayevlər ailəsini matəmə bürüdü. Ağı, ah-nalə bürüdü Əjdər Xanbabayevin mənzilini. Əzizləri qəfil açılan namərd gülləsinə sinə gərən ailə başçısının vəfatından sarsıldı. Tanınan ziyalıların, qələm adamlarının, onu tanıyanların bildirdiyinə görə, Ə.Xanbabayevin qətli nəinki Bakıda, hətta bütün Azərbaycanda böyük həyəcan və kədərlə qarşılanıb. Acı xəbər radiodan, televiziyadan, qəzetlərdən və hadisə şahidlərinin dilindən cəmi Azərbaycana yayılıb...

   Ə.Xanbabayev haqqın yolunu tutan, xalqın səsini eşidən və eşitdirən ziyalı kimi yaddaşlarda qalıb. Xalqın xeyrinə çox addımlar atıb, yeri gələndə o dövrkü hakimiyyətin təmsilçilərilə də haqq-ədalət savaşı aparıb. Amalı Azərbaycan xalqının rifahı, doğma Azərbaycanımızın azad, müstəqil dövlət olması idi. Ə.Xanbabayev elə bu amal uğrunda da canını qurban verdi. O, respublikanın tanınmış ziyalılarından biri idi. Məşhur poliqrafçı, "Azərnəşr"in direktoru, neçə-neçə milli maraqlarımıza xidmət edən, lakin bolşevik senzurasından keçə bilməmək təhlükəsində olan əsərləri çap edən Əjdər Xanbabayev Bakının mərkəzindəcə, naməlum şəraitdə qətlə yetirildi. Əjdər Xanbabayevin mərhum Azərbaycan prezidenti Heydər Əliyevin alovlu tərəfdarı olduğunu o dövrdə hər kəs bilirdi. O, H.Əliyevin Azərbaycanı düşdüyü ağır bəlalardan xilas edəcəyinə inanan və onun ikinci dəfə respublikamıza rəhbərlik etməsini istəyən bir mədəniyyət xadimi, vətəndaş idi. O, H.Əliyevin Azərbaycana gəlməsi üçün çox böyük mübarizə yolu qət edən, sonucda isə canını bu istəyə qurban verən şəxsiyyət kimi xalqımızın yaddaşında yaşayır.

   Mayın 30-da Ə.Xanbabayevin namərd gülləsinə rast gəldiyi gündür. 22 il əvvəl həyatdan, şirin canından, həyat yoldaşından, balalarından ayrıldı o.

 

   Ay çıxdı üzə düşdü,

   Sürmələr gözə düşdü.

   Heç ayrılıq yox idi

   Ayrılıq bizə düşdü...

 

   İstənilən insanın bir xeyirxah əməli, bir yaxşı işi, bir şirin xatirəsi insanların, əzizlərinin, onu tanıyanların yaddaşında yaşayırsa-o insanın axirətdə heç bir qəmi olmaz. Əjdər Xanbabayev az qala hər gün xatırlanan, yada salınan, xeyirxah bir ziyalı, naşir kimi adı çəkilən şəxsiyyətdir. Hansı yazıçını, hansı şairi, el aşığını, alimi dindirirsən, "kitablarımı böyük qayğı ilə Əjdər Xanbabayev çap edirdi" deyir.

   Ə.Xanbabyevin işıqlı xatirəsi hər zaman anılır. Qızı Afət Xanbabayeva keçən il atasının 80 illiyilə bağlı "Bakı-Xəbər"ə verdiyi müsahibədə bir sıra məsələlərə aydınlıq gətirib: "Əjdər Xanbabayev respublikanın görkəmli nəşriyyat işçisi, ziyalısı olub. 57 yaşında dünyasını dəyişib. 28 yaşında Elmlər Akademiyasının "Elm" Nəşriyyatının direktoru vəzifəsində çalışıb. Sonra "Azərnəşr"ə direktor təyin ediblər. Ardınca yenicə açılan "Yazıçı" Nəşriyyatına direktor təyin olundu. 1986-cı ildə Azərbaycan Nəşriyyat-Poliqrafiya və Kitab Ticarəti Komitəsi sədrinin birinci müavini vəzifəsinə yüksəldi. Onda 54 yaşı vardı. 1987-ci ildə Vəzirov hakimiyyətə gələndə Naxçıvandan olan insanların hakimiyyətdən uzaqlaşdırılması siyasətini genişləndirdi. Əjdər Xanbabayevin adı da bir naxçıvanlı kimi həmin siyahıda oldu. Onda atam öz ərizəsilə tutduğu vəzifədən istefa verdi və "Azərnəşr"ə direktor təyin olundu. Ömrünün sonuna qədər də həmin vəzifədə işlədi. 1987-1989-cu illər Azərbaycanın həyatında ağır illər hesab olunurdu... Hələ 1987-1988-ci illərdən atam deyirdi ki, hakimiyyətə Heydər Əliyev gəlməlidir. Heç kəsin ağlına gəlmirdi ki, Heydər Əliyev ağır xəstəlikdən sonra qayıdıb Azərbaycana rəhbərlik edə bilər. Amma Əjdər Xanbabayev böyük inamla deyirdi ki, Heydər Əliyev mütləq Azərbaycana qayıdacaq. Ən azından, məsləhətçi kimi olsa da, xalqı idarə etməyin yolunu göstərməlidir. 1989-cu ildə onların Moskvada görüşü baş tutur... Əjdər müəllim təkidlə görüş istəyir və görüşür. O dövrdə Azərbaycanda kitab nəşr etmək çətin məsələ idi. Bu işlərin başında Əjdər Xanbabayev durmuşdu. Çünki Moskva kitab nəşri işini ona həvalə etmişdi. Moskvaya olan səfərlərin birində Əliyevlə görüşərək onu Azərbaycana gəlməli olduğuna inandırmağa çalışır. O da razılıq verir. Bundan sonra 20 yanvar hadisələri baş verir. Xalq daha pis vəziyyətə düşür...Mayın 30-da atamı qətlə yetirdilər. Beləliklə, Heydər Əliyevin Bakıya gəlişi üç il uzandı. 5 il ərzində, hər şeyin məlum olmasına baxmayaraq, qətlin üstü açılmadı. Məlum idi ki, qətl Əliyevin gəlişinin qarşısını almaq üçün yuxarıdan sifariş əsasında törədilmişdi. Heydər Əliyev gələndən sonra nəhayət qətlin üstü açıldı. Buna görə ona minnətdarıq. Qətlə Hacı Seyfəl adlı şəxs başçılıq edib. Qətli isə Tarix Quliyev adında maştağalı törətmişdi".

   Mərhum Azərbaycan prezidenti Heydər Əliyevin də Ə.Xanbabayevlə bağlı fikirləri zamanında işıq üzü görüb. Fəxrəddin Ağamirzəyev özünün "Dönüşdən Qurtuluşa" kitabında 1999-cu ildə nəşr olunan "Gələcəyi görən insan" kitabına istinadən H.Əliyevin Ə.Xanbabayev haqda söylədiyi fikirlərə yer ayırıb. Ə.Xanbabayevlə yaxın tanışlığının tarixinə nəzər salarkən mərhum H.Əliyev bunları deyib: "Əjdər Xanbabayevlə ilk telefon söhbətimiz 1989-cu ilin ikinci yarısında olmuşdu. Dəqiq deyə bilmərəm, olsun ki, bu, payızın başlanğıcında olmuşdu. Mənim Moskvada yaşadığım o dövrlərdə mənzil telefonumun nömrəsi çox az adama məlum idi. Mən özüm də istəmirdim telefonumun nömrəsini bilsinlər, həm də Azərbaycanın o vaxtkı rəhbərləri mənimlə Azərbaycan arasındakı əlaqələrə çox qısqanc yanaşırdı. Azərbaycanın daimi nümayəndəliyində işləyənlər də Azərbaycan rəhbərliyinin sadiq adamları olduğuna görə mənim telefon nömrəmi bildikləri halda onu bilmək istəyənlərə rədd cavabı verirdilər. Mənə bir neçə fakt məlumdur ki, daimi nümayəndəliyə müraciət edib mənim telefonumu öyrənmək istəyiblər, lakin onlara bildiriblər ki, H.Əliyevin telefon nömrəsi onlara məlum deyil.

   1989-cu ilin ikinci yarısında mənə zəng etdilər və mən dəstəyi götürdüm. Zəng edən bildirdi ki, Əjdər Xanbabayevdir. Mən soruşdum ki, siz kimsiniz. O "Azərnəşrin" direktoru olduğunu deyib və Azərbaycanda işlədiyim dövrə aid bəzi momentləri yadıma saldı. Mənim yadıma düşdü. Əjdər Xanbabayev bildirdi ki, Moskvadadır və mənimlə görüşmək istəyir. Mən etiraz etmədim və ev ünvanımı verdim. Həmin gün və ya ertəsi gün o bizə gəldi, söhbət etdik. O mənim vəziyyətimlə maraqlandı, necə yaşadığımı soruşdu. Azərbaycanda vaxtilə bir yerdə işlədiyim adamların, qohumların gəlib-getmədiyi, məni yada salıb-salmadığı ilə maraqlandı. Mən gördüm ki, Xanbabayev mənim təcrid olunmuş vəziyyətdə, bəlkə də müəyyən qədər mühacirətdə, təzyiqlər altında yaşadığım dövrdə bir xeyirxah, qədirbilən insan kimi mənimlə maraqlanır, danışıb bəzi şeyləri aydınlaşdırmaq istəyir.

   Mən onun bəzi suallarına cavab verəndə gördüm ki, təəccüb edir. Məsələn, mən ona deyəndə ki, uzun illər bir yerdə işlədiyim adamlar mən istefaya çıxdıqdan sonra hətta xəstə olduğum vaxtlarda belə mənimlə maraqlanmayıb, məni arayıb-axtarmayıb, o çox təəccübləndi, dəhşətə gəldi... Xanbabayevlə bizim görüşümüz, yaxın tanışlığımız belə başladı. Mənə elə gəlir ki, ondan sonra da Xanbabayev Moskvaya yolu düşəndə bir dəfə də bizə gəlib mənimlə maraqlanmışdı...

   Dediyim kimi mən Bakıya gəlməyə hazırlaşırdım, may ayının sonuna bilet almışdım və bu barədə qardaşım Cəlala telefonla xəbər vermişdim. May ayının 30-da təxminən saat 12-də Xanbabayev zəng etdi və bildirdi ki, mənim Bakıya gəlməyimi eşidib. Soruşdum ki, haradan eşidib? O cavab verdi ki, Cəlal deyib. Xanbabayev dedi ki, bəs sizi qarşılamağa hazırlaşırıq, xalq, ziyalılar Sizi qarşılayacaq. Bu sözləri o böyük sevinc və həyəcanla bildirdi. Eyni zamanda, Xanbabayev bildirdi ki, B.Vahabzadə ilə də, başqaları ilə də danışıblar, məni qarşılayacaqlar, gözləyirlər...

   Mən belə planlaşdırmışdım ki, iyunun 1-də Bakıya uçum, mayın 31-də isə oğlum İlham (Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi nəzərdə tutur-İ.S) Bakıya uçmalı idi. İlhamın uçacağı haqqında qardaşıma deməmişdim. Mən mayın 30-da təxminən gecə saat 12-də qardaşıma zəng vurdum...Cəlal öz növbəsində cavab verdi ki, bura dəhşətdir. Mən soruşdum ki, nə dəhşətdir, nə olub? O cavab verdi ki, Əjdəri öldürdülər. Mən soruşdum: necə Əjdəri öldürdülər, nə üçün öldürdülər?"... Cəlal dedi ki, kitab nəşrilə əlaqədar onun evinə zəng vurub, telefonda səs-küy, ağlaşma eşidib, ona "Əjdər ölüb" deyə cavab verərək telefonun dəstəyini qoyublar. Bundan sonra Cəlal B.Vahabzadəyə zəng edib, lakin o bir şey bilməyib və deyib ki, tez məsələni aydınlaşdırar. 10-15 dəqiqə sonra B.Vahabzadə Cəlala zəng edərək bildirib ki, həqiqətən Xanbabayevi yolda güllə ilə vurublar, onu Semaşko adına xəstəxanaya çatdırıblar, lakin orada ölüb. Cəlal bu xəbəri mənə verəndə mən çox dəhşətləndim... Tamamilə günahsız bir adam, Azərbaycan xalqının ziyalıları içərisində dərin hörmət qazanmış bir adam, xalq qarşısında və uzun illər mədəniyyətimizin mühüm bir sahəsi olan nəşriyyat işində böyük xidmətləri olan bir adam amansız surətdə öldürülüb, qətlə yetirilib. Bu çox böyük cinayətdir. Mən hələ o vaxtlar, keçmiş Azərbaycan rəhbərlərinin hakimiyyəti dövründə müsahibə və danışıqlarımda bu hadisəyə etirazımı bildirmişəm və tələb etmişəm ki, bu cinayət açılmalıdır və günahkar cəzalandırılmalıdır. Mən belə güman edirəm ki, rəsmi dövlət dairələri bu cinayəti törədibsə, onlar bu ölümü aça bilməzdilər. Məni daxilən, mənəvi cəhətdən sıxan odur ki, Xanbabayev, öz daxilimdən gələn münasibətə görə, daxili münasibətimin mənə bildirdiyinə görə, məhz məni qorxudub Azərbaycana gəlməyimin qarşısını almağa görə öldürülmüşdür. Görün bu cinayətkarlar necə dəhşətlidir. Xanbabayev mənim Bakıya gəlməyimin qarşısını almağa görə öldürülüb. Ona görə də mənim arzu və istəyim ondan ibarətdir ki, haqq, ədalət naminə o günahsız adamın qurban getməsini nəzərə alaraq, onun uşaqlarının, nəvəsinin naminə cinayətkarlar məsuliyyətə cəlb olunsun".

   Bu böyük bir şəxsiyyətin qəlbini vətəni azad görmək istəyən, xalqına firavanlıq arzulayan bir mədəniyyət xadiminə, vətəndaşa, Vətənin qorxmaz oğluna verdiyi qiymətdir...

   Sonda bir faktı da əlavə edək. Bu fakt Xanbabayevin mərhum Heydər Əliyev hələ Moskvada təqaüddə yaşayarkən ona etdiyi telefon zənglərinin biri ilə bağlıdır. Bunun neçənci zəng olduğunu deyə bilmərik. Ancaq dəqiqdir ki, Əjdər Xanbabayev keçmiş "İnturist" mehmanxanasında qızı üçün təşkil etdiyi toy ziyafətindən dərhal sonra, gəlinlik paltarında balasını yola salandan dərhal sonra elə oradaca keçmiş 15 qəpiklikləri toplayaraq avtomatdan Heydər Əliyevin yaşadığı mənzilə zəng vurub. Qızını gəlin köçürən atanın həmin anda da Heydər Əliyevi unutmaması bir təmənnasızlıq, vəfa, etibar nümunəsi idi... O elə bu etibarın, vəfanın qurbanı oldu...

 

 

   İradə SARIYEVA

 

   Bakı xəbər .- 2012.- 30 may.- S.12.