Şəhərlərimizin
"mədəniyyət paytaxtı" seçilməsinin azərbaycançılığın
təbliğində rolu
Qədim dövlətçilik ənənələrinə
sahib olan Azərbaycan xalqı ana vətənimizin hər
qarışını əziz, müqəddəs bilib. Hər
şəhərimiz, hər kəndimiz, hər obamız bizim
üçün qibləgah, and yeri sayılıb.
Keçmişi axtarmaq, babaların miras qoyub getdiyi mənəvi
sərvətin sorağına düşmək, onları gələcəyə
ötürmək bir vəzifə kimi çiyinlərimizə
düşüb.
Azərbaycan torpağının altı
da, üstü də xəzinədir. Dədələrimiz,
ulularımız belə deyib. Bu sözü ona görə
deyiblər ki, yurd-yuvamızın, el-obamızın qədrini
bilək, onu qoruyaq, yağıların torpağımıza
ayaq qoymasına icazə verməyək. Vətənimizin
yeraltı və yerüstü sərvətləri, mənəvi
saxlancı o qədər zəngin və tükənməzdir
ki, onu yer üzündən silmək mümkün deyil. Azərbaycan
xalqı, torpağı zaman-zaman öz qoynunda müqəddəs
sirləri gizlədib. Bu gün o sirlər torpağın bətnindən
doğularaq yenidən özümüzə, tariximizə
qayıdır. Çox gizlinlərin üstündən qara pərdə
götürülür. Müstəqil Azərbaycan dövlətinin
ərazisinə daxil olan, eyni zamanda da müəyyən səbəblərdən
sərhədlərimizdən kənarda qalan
torpaqlarımızda elə böyük mənəvi xəzinələr
yatır ki, bir gün açılacağı günü
gözləyir...
Azərbaycan torpağı üzərində
ta qədim zamanlardan müxtəlif dövlət və
xanlıqlar hökm sürüb. Dövlətlər
arasında dövlətimiz, dillər arasında dilimiz, mədəniyyətlər
arasında mədəniyyətimiz olub. Bir çox müasir
şəhərimiz qədim şəhərlərin
xarabaları üzərində bərqərar olub. Elə bir
şəhərimiz yoxdur ki, onun əsasında köhnə bir
milli şəhərimiz durmasın. Paytaxt şəhərlərimiz
də tarixdə az olmayıb. Bir neçə şəhərimiz
var ki, onlar dövlətimizin, mənəviyyatımızın,
folklorumuzun paytaxtı kimi tarixə düşüb. Bayaq qeyd
etdik ki, biz hazırda daha çox keçmişə
qayıdıb olub keçənləri axtarırıq. Gizlin
deyil ki, Azərbaycanın qədim şəhərlərinin
keçmiş şöhrətini özünə qaytarmaqda
dövlətimiz maraqlıdır. Son illər Azərbaycan
dövlətinin, Mədəniyyət və Turizm Nazirliyinin,
Heydər Əliyev Fondunun təşəbbüsü ilə
şəhərlərimizlə bağlı müxtəlif
layihələr həyata keçirilir. 2010-cu ildən bu yana
bir sıra Azərbaycan şəhərləri "Mədəniyyət
paytaxt"ı elan edilib. Bu, "Mədəniyyət
raytaxtlar"ı ilə bağlı Azərbaycan
Respublikasınin Prezidenti İlham Əliyev tərəfindən
imzalanan dövlət proqramı çərçivəsində
həyata keçirilib. Ölkə başçısı
İlham Əliyevin imzaladığı sənədə əsasən
bir neçə şəhərimiz bu ada layiq
görülüb, gələcəkdə Azərbaycanın
yeni "Mədəniyyət paytaxtları"nın
seçilməsi gənclərimizin daha güclü şəkildə
azərbaycançılıq kimi mənəvi hissə sahib
olmasına səbəb olacaq. 2010-cu ildə ölkəmizin
üç qədim şəhərinin "Mədəniyyət
paytaxtı" elan edilməsi bizim mənəvi zənginliyimizdən,
dövlətimizin milli maraqlara bağlı olmasından irəli
gəlir.
Məlumdur
ki, 2010-cu ildə Gəncə Azərbaycanın əfsanələr,
Qazax folklor, Şəki sənətkarlıq paytaxtı
seçilib. Qeyd edək ki, iki il əvvəl mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə
"2010-2014-cü illər üçün "Xalq
yaradıcılığı paytaxtları" ("Mədəniyyət
paytaxtları") dövlət proqramına həsr edilən
mətbuat konfransı keçirilib. Cənab nazir həmin
yığıncaqda bunun Azərbaycanın qeyri-maddi mədəni
irsinin qorunması və dəstəklənməsi istiqamətində
aparılan islahatların bir hissəsi olduğunu bildirib:
"Hazırda Azərbaycanın qeyri-maddi mədəni irs
konsepsiyası və qeyri-maddi mədəni abidələrin
inventar pasportlaşdırılması, muğam-tur,
aşıq-tur, xalça-tur, Novruz-tur beynəlxalq mədəni
turizm marşrutlarının yaradılması, qeyri-maddi irs
subyektlərinin informasiya bankı, sahəyə həsr olunan
"intangible.az" ünvanlı veb-portalın
yaradılması, digər konseptual proqram və layihələr
üzərində işlər aparılır. Azərbaycanın
qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi,
xalq yaradıcılığının təbliği və təşviqi
istiqamətində aparılan islahatların davamı olaraq
"2010-2014-cü illər üçün "Xalq
yaradıcılığı paytaxtları" proqramı təsdiq
edilib. Proqramın icrası ilə əlaqədar
diyarşünaslıq, folklor və sənətkarlıq
nominasiyaları üzrə daxil olmuş təkliflər
müvafiq namizəd şəhərlərin ümumi
hazırlığı, tarixi ənənələri və digər
amillər nəzərə alınmaqla təhlil edilib".
Nazirin 2010-cu ildə verdiyi bu açıqlamada həlli nəzərdə
tutulan məsələlərin artıq bir çoxu həll
edilib, layihələr həyata keçirilib, bir qismi də
keçirilməkdədir. Ə.Qarayev həmin
çıxışında Azərbaycanın mədəniyyət
paytaxtı statusu verilən şəhərlərin bu mərtəbəyə
yüksəldilməsinin azərbaycançılığın
inkişafına hesablandığını da deyib: "Bu
proqram davamlı olacaq və ilbəil hansısa şəhərlərimiz
müxtəlif cür paytaxt elan olunacaq. Ən önəmlisi
odur ki, Azərbaycanda mədəniyyət sahəsində həyata
keçirilən layihələr beynəlxalq təşkilatların
diqqət mərkəzindədir".
"Mədəniyyət
paytaxtları" dövlət proqramına uyğun olaraq Gəncə,
Qazax və Şəki şəhərlərində müxtəlif
tədbirlər keçirildi. Tədbirlərin yüksək səvviyyədə
keçirilməsi üçün yaradılan təşkilat
komitələri xeyli işlər gördü.
2010-cu ildə
adları qeyd edilən şəhərlərin
əfsanələr, folklor və sənətkarlıq
paytaxtı kimi elan
edilməsini yüksək qiymətləndirən sənətşünas
Rafiq Əliyevin sözlərinə görə,
bu şəhərlərin hər biri azərbaycançılığın
ünvanıdır.
R.Əliyev hesab edir ki, "Mədəniyyət paytaxtları"
dövlət proqramının təsdiqlənməsi şəhərlərimizin,
bölgələrimizin sahib olduğu mənəvi-maddi irsin
üzə çıxmasına səbəb oldu:
"Azərbaycanın qədim sənətkarlıq, folklor, əfsanələr şəhərlərinin
sıra ilə dünyaya təqdim edilməsi
çox yaxşı bir
haldır. Şəki tarixən sənətkarlığın
inkişaf etdiyi bir şəhərimiz olub.
Ta qədim dövrdən Şəkidə
ipəkçilik inkişaf edib. Burada ipək parça növləri, kəlağayılar
və sair şeylər istehsal
olunub. Dulusçuluq,
tikmə, döymə, bənnalıq, dülgərlik, dəmirçilik
kimi sənət növlərimiz inkişaf edib. Şəki
ipəyi bu şəhərin bir simvolu, brendidir.
Bu gün də bu şəhər sənətkarlıq
ünvanı kimi özünü
göstərir. Turistlərin Şəkiyə axını bu şəhəri öz statusuna daha da yaxınlaşdırıb. Bura
gələn qonaqlar Şəkinin Xan sarayını gəzib dolaşdıqdan sonra burada istehsal
olunan sənətkarlıq nümunələrilə
də tanış olur. Şəkidə çox gözəl kilim
və gəvə çeşniləri də toxunur.
Orada fəaliyyət göstərən
sexlərdə Azərbaycan xalq sənətinin
inciləri yaradılır".
Qazaxın "Folklor
paytaxtı" olaraq elan
edilməsinin də tam yerinə düşdüyünü bildirən R.Əliyev
deyir ki, Qazax tarixən Azərbaycan şifahi
xalq ədəbiyyatımızın,
arxeologiyamızın, tarixi abidələrimizin,
pir və ziyarətgahlarımızın
ünvanı olub: "Qazax
Azərbaycanın çox böyük
və tükənməz folklor xəzinəsinin
sahibidir. Bu şəhərimizin
saxlancında, yaddaşında yaşı minilliklərlə
ölçülən folklor nümunələri,
söz-sov örnəkləri
yaşayır. Bura əsl folklor
ocağıdır. Aşıq sənətinin tarixi
köklər üzərində inkişaf
etməsi bir faktdır. Aşıq sənəti
özündə folklorun bir
neçə janrını, bəlkədə elə bütün növlərini yaşadan
bir sənətdir. Qazaxdan
çoxlu el
aşıqları çıxıb. Onlar
elin söz xəzinəsini
sinələrində daşıyan sənətkarlar kimi tarixə düşüb.
Qazaxda xalçaçılıq sənəti
də inkişaf edib.
O xalçanın hər çeşnisində, ilməsində
bir folklor
qığılcımı var.
Nağıllarımız, əfsanələrimiz,
qımqımalarımız, türkülərimiz,
bayatılarımız xalçaların ilmələrində
hadisəyə, gözəlliyə çevrilərək yeni bir libasda
bir daha dünyaya gəlir. Bu çox maraqlı bir məsələdir.
Aveydağ möcüzəsi, onun haqqında el
arasında məşhur olan əfsanələr,
nağıllar aşıqların dilindən düşmür.
Burada keçirilən tədbirlərin əsasında
aşıq sənəti dayanırdı. Layihə çərçivəsində
Qazaxda çox
maraqlı mərasimlər keçirildi. Yaddaqalan işlər çox
oldu. "Mədəniyyət
paytaxtları" haqda dövlət
proqramının təsdiq olunması azərbaycançılıq
ideologiyasına xidmət sahəsində atılan mühüm addımlardan biridir.
"Əfsanələr paytaxtı" Gəncə haqda danışmazdan əvvəl bir şeyi qeyd
etmək istəyirəm. Bu cür layihələrin həyata
keçirilməsində məqsəd dövlətin xalqı,
xüsusən də gənc nəsli milli
kimliyə, tarixi keçmişə,
babalarımızın qurub
yaratdığı şəhərlərə, məşğuliyyət
seçdikləri sənət növlərinə, xalq yaddaşına bağlamaqdır. Folklorumuz bizim tariximizin obrazlaşdırılan,
nağıllaşdırılan, müqəddəsləşdirilən
işıqlı bir ünvanıdır.
Keçmişə folklor vasitəsilə
səyahət edirik. Sənətkarlıq
qədim milli sənət, peşə
növlərimizi yaşadır, ifadə edir.
Bunlar insanları milli
kimlik ünvanına, azərbaycançılıq
ideologiyasına tərəf aparan məsələlərdir.
Şəhərlərimizin "Mədəniyyət
paytaxtları" adlandırılması elə-belə iş deyil ki,
kiməsə xoş gəlmək üçün edilir. Xeyr, bu, birbaşa
tariximizin təbliğatı, azərbaycançılığın
yayılması üçündür".
2010-cu ildə Gəncənin
"Əfsanələr paytaxtı" olaraq
elan edilməsinin bu
şəhərin adının, yaranışının əfsanələr
içindən doğulduğuna işarə
olduğunu deyən sənətşünas
hesab edir ki, Gəncə bizim ən
qədim şəhərlərimizdən biridir.
Azərbaycanın vacib mədəniyyət,
elm-təhsil, ticarət mərkəzi kimi dünyada şöhrət tapan
Gəncə şəhərinin əfsanəvi gözəlliyinin
dillərdə dastan olduğunu
deyən Rafiq müəllim onun "Əfsanələr paytaxtı"
olmasının müsbət olduğunu dedi: "Qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan
Gəncə şəhəri cənub-şərqdə, Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax
düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. Azərbaycanın
sosial-iqtisadi, siyasi və
mədəni həyatının inkişafında əvəzedilməz
rol oynayan və turistlərin
burdan keçərkən ayaq
saxlayıb elm adamları ilə söhbət,
müzakirələr aparmaqdan zövq aldığı bu
cazibədar məkan karvan yollarının
kəsişdiyi bir ərazidə yerləşir.
Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif
tarixi mülahizələr mövcuddur.
Bəzi alimlər şəhərin yaranmasını
eramızdan əvvəl, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edir. Hətta 1940-cı
illərdə aparılan arxeoloji
qazıntılar zamanı da bu nəticəyə gəlinib. Burada həmin illərdə eramızdan əvvələ
aid yaşayış məskənləri aşkar edilib. Şəhərin
tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi
və mədəniyyət mərkəzi olduğunu
qeyd etmək lazımdır. Bu şəhərin yaşı çoxdur, amma yaranma tarixi dəqəi deyil. Bu da
onun doğrudan da minillər öncə mövcudluğunu
qeyd etməyə əsas verir.
Gəncənin yaranma tarixi
əfsanələrdə yaşayır. Bu
füsunkar diyarın necə meydana gəlməsinə nağılların,
əfsanələrin içində cavablar
çoxdur. Şəhər əfsanəvidir.
Burada qədim Comərd Qəssab Məqbərəsi
Gəncənin tarixi vəsiqəsi
sayıla bilər. Comərd Qəssab dördüncü xəlifə əli ibn Əbu Talibin (656-661)
hakimiyyəti dövründə yaşayıb və özünün qanun tərəfdarı
olması və düzlük, doğruluğu ilə seçilib.
Şəhər əhlinin bütlərə
inandığı bir dövrdə o gizlicə olaraq
İslamı qəbul edib. Öz
inancını gizli olaraq
dəyişdirmə halları o zaman, yəni VII əsrdə olan
ciddi siyasi hakimiyyətin
və ruhanilərin Gəncənin idarəçiliyində olan ciddi səlahiyyətlərə
sahib olduğunun
nümunəsidir. Gəncədə həmçinin Nizami türbəsi, İmamzadə ziyarətgahı
və başqa tarixi-əfsanəvi abidələr
var. 2010-cu ildə "Əfsanələr
paytaxtı" Gəncədə xeyli tədbirlər
baş tutdu".
R.Əliyev bildirdi
ki, hər üç
şəhərimizin mədəniyyət paytaxtı elan edilməsi azərbaycançılığa
xidmət edən hadisədir. Bundan əlavə,
sənətşünasın bildirdiyinə görə, müvafiq şəhərlərin gerbləri əsasında
hazırlanan loqotiplərdə milli çalarlar diqqəti cəlb edib:
"Bundan başqa,
Gəncə, Şəki və Qazax şəhərlərində
nominasiyaya uyğun olaraq il ərzində incəsənət,
kinematoqrafiya, turizm, nəşriyyat,
reklamın təşkili və informasiya, elm və təhsil və digər profilli tədbirlərin, investisiya
və texniki proqram
layihələri həyata keçirildi.
2010-cu il ərzində nominasiya
üzrə Gəncə şəhərində
milli mərasim, adət-ənənələr,
şifahi xalq
yaradıcılığı və milli oyunlar, Qazax şəhərində
xalq musiqisi, rəqsləri
və teatrı, Şəki şəhərində xalq tətbiqi sənəti, ənənəvi dekorativ sənət və milli
təsviri sənət ənənələri ilə
bağlı silsilə tədbirlərin də daxil olduğu xüsusi tədbirlər planı təsdiq olundu. Bunların hamısı həyata keçirildi. Çox
maraqlı mərasimlərə tamaşa etdik. Bu proqramın
davamını növbəti şəhərlərimizin
timsalında da gördük.
Sonda demək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
apardığı siyasət nəticəsində Azərbaycan
mədəniyyəti inkişaf edir və bu irəliləyişlər
ölkə hüdudlarından kənarda da
hiss olunur. Mədəniyyətimizin
təbliği sahəsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da böyük işlər gördüyü
faktdır".
İradə SARIYEVA
Bakı xəbər. -2012. – 2-4 noyabr. –S. 15.