Qəbələ - "MDB-nin Mədəniyyət Paytaxtı"...
Səfurə
Çingizqızı: "Qəbələ Azərbaycan mədəniyyətinin,
azərbaycançılığın keşiyində duran insanların yurdudur"
Təzəgül Yusifova: "Qəbələnin
"MDB-nin Mədəniyyət Paytaxtı" elan edilməsi
qərarı onun həyatında yeni səhifə
açacaq"
Müstəqil
Azərbaycanın nüfuzlu bir dövlət kimi həm
bölgədə, həm də bizdən uzaq ölkələrdə
tanınıb qəbul edilməsi fərəhləndirici
haldır. Bir vaxtlar böyük Məhəmməd Hadi yana-yana
"yoxdur, millətimin imzası imzalar içində"
deyirdi.
Amma bu
gün xalqımızın, dövlətimizin dünya dövlətləri
arasında söz sahibi olması dahi şairin
yanğısına su çiləyir. Azərbaycan
xalqının tarixi, həyat tərzi, məişəti, mədəniyyəti,
adət-ənənəsi haqda çox danışıb,
çox yazırıq. Qədim dövlətlərimizdən,
xanlıqlarımızdan, sultanlıqlarımızdan fəxrlə
söz açırıq. Azərbaycan xalqının kökləri
bu torpağın yeddi qatından keçərək ana
yurdumuza qırılmaz bağlarla bağlanıb. Azərbaycanda
dövlətçilik ənənələrinin tarixi bizim
eradan əvvələ gedib dayanır. Bu torpağın
üstündə qəhrəman babalarımız dövlətlər,
xanlıqlar qurub. Onu müdafiə edib, düşməndən
qoruyub. Azərbaycanın qədim dövlətlərindən
birinin paytaxtı Qəbələ olub. Bu şəhər tarixə
Qafqaz Albaniyasının paytaxtı kimi düşüb. Qəbələ
öz zəngin tarixi, füsunkar təbiəti, mədəniyyəti,
tarixi şəxsiyyətlərilə də diqqəti cəlb
edir. Qəbələ Azərbaycanın görkəmli
yazıçısı, ictimai və hərbi xadimi
İsmayıl Vəy Qutqaşınlının, professor Minirə
Qarayevanın, yazıçı İbrahim bəy Musabəyovun,
tibb elmləri doktoru, oftalmoloq Ümnisə Musabəyovanın,
filologiya elmləri doktoru, professor, yazıçı Xalid Əlimirzəyevin,
tarix elmləri doktoru, professor Xəlil Əlimirzəyevin anadan
olduğu torpaqdır. Adlarını çəkdiyimiz şəxsiyyətlərin
hər birinin də Azərbaycan elminin, mədəniyyətinin,
ictimai fikrinin formalaşmasında əvəzsiz rolu var. Qəbələnin
azərbaycançılıq ideologiyasına bağlı olan
övladlar yetişdirməsi faktdır. Demək olar ki,
onların hər birinin azərbaycançılığa
doğmalığı, bağlılığı var. Azərbaycançılıq
ideologiyasının formalaşmasında, təbliğində,
gənc nəslə təlqin edilməsində professor Xalid Əlimirzəyevin
əməyi çoxdur.
Azərbaycanın
tarixi paytaxtlarından biri olan Qəbələnin nüfuzu
get-gedə artır. Elə bunun nəticəsidir ki, Qəbələnin
"MDB-nin Mədəniyyət Paytaxtı" seçiləcəyi
gözlənir.
Yayılan məlumatlara görə,
Azərbaycanın Qəbələ şəhəri "MDB-nin Mədəniyyət Paytaxtı" elan olunacaq. Bu xəbər "SalamNews"-ə MDB
İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilib. Məlumata görə, bu barədə qərar MDB-yə üzv dövlətlərin humanitar
sahə üzrə Əməkdaşlıq
Şurasının və təşkilata üzv
ölkələrin Dövlətlərarası Humanitar
Forumunun oktyabrın 15-17-də Aşqabadda keçirilən birgə
iclasında qəbul edilib. Qeyd edək ki, iclasda Azərbaycanın Qəbələ, Belarusun Moqilyev və Ermənistanın
Gümrü şəhərinin MDB-nin mədəniyyət şəhərləri
elan olunması ilə bağlı qərar
qəbul olunub. Bu qərarın
MDB dövlət başçılarının
qarşıdakı zirvə görüşündə təsdiqlənməsi
qərara alınıb.
Xatırladaq ki, bir müddət əvvəl
Azərbaycanın Rusiyadakı səfiri, MDB Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu yerli mətbuata açıqlamasında Azərbaycanın
öz şəhərləri arasından
"MDB-nin Mədəniyyət
Paytaxtı" adlanmağa namizəd
irəli sürəcəyini bildirib. Məlumat üçün bildirək
ki, Rusiyanın Ulyanovsk
şəhərinə "MDB-nin Mədəniyyət
Paytaxtı" statusu verilməsi ilə əlaqədar
bu şəhərdə keçirilən
təntənəli tədbirlərdə iştirak
edən P.Bülbüloğlunun sözlərinə
görə, "MDB-nin Mədəniyyət
Paytaxtı" adlanmağa namizəd
kimi öz xalq sənətləri və bənzərsizliyi
ilə ad çıxaran kiçik
şəhər təqdim edilə bilər: "Azərbaycanda
belə namizəd Şəki, Qafqaz
Albaniyasının qədim paytaxtı Qəbələ, yaxud başqa bir şəhər ola bilər".
Səfir qeyd edib ki, MDB-nin
mədəniyyət paytaxtları proqramının məqsədi
dünya ictimaiyyətinin diqqətini Birlik üzvü olan ölkələrin müxtəlif şəhərlərinə
cəlb etməkdir: "Bu şəhərlərin
problemlərini, xüsusən MDB-də tarixi-mədəni irsin qorunub saxlanması ili elan edilən 2011-ci il çərçivəsində, bütün Birliyin diqqətini
həmin şəhərlərə cəlb etmək
hesabına həll etməyə imkan yaranacaq. Ona görə də
biz bu layihəni çox vacib hesab edirik".
Qəbələnin MDB-nin
mədəniyyət paytaxtlarından biri elan edilməsi sevindirici
haldır. Böyük tarixi
keçmişə, zəngin mədəniyyətə, xalq sənətinə, qeyri-adi
təbiətə malik olan
Qəbələ bu statusa
layiq şəhərdir. Qəbələnin
dünyanın diqqət mərkəzində olmasının səbəblərindən
biri bu şəhərin
qədimliyidirsə, digəri ənənəvi olaraq burada keçirilən
silsilə beynəlxalq mədəniyyət tədbirləridir.
Qəbələ Musiqi Festivalı bu tədbirlərin ən möhtəşəmidir.
Azərbaycan şəhərində 2009-cu ildən başlayaraq ənənəvi olaraq
hər il yay
aylarında keçirilən bu musiqi festivalı bütün
dünyanın diqqət mərkəzindədir. Festival Heydər Əliyev Fondunun
köməyi və Bakı Musiqi
Akademiyasının rektoru Fərhad Bədəlbəyli
və dirijor Dmitri Yablonskinin təşəbbüsü ilə təşkil
olunur. Bildiyimiz kimi, konsertdə musiqiçilər
açıq səma altında çıxış edir. Onu da
qeyd edək ki, festivalda keçmiş
SSRİ respublikalarından olan
musiqiçilərlə yanaşı, Avropa,
ABŞ və İsrail musiqiçiləri
də iştirak edir.
2009-cu ildə, musiqi festivalı ilə eyni vaxtda gənc pianoçular müsabiqəsi keçirilib.
Beynəlxalq status daşıyan festival çərçivəsində klassik musiqi konsertləri
ilə bərabər caz və muğam gecələri də təşkil olunub. 2010-cu ildə Qəbələ
festivalı avqust ayında keçirilib.
Festivala dünyanın bir
çox ölkələrindən sənətçilər
toplanıb. Məlum olduğu kimi, YUNESCO-nun baş direktoru İrina Bokova da festivalın açılışında iştirak edib. Festival, bir qayda
olaraq, Üzeyir
Hacıbəyovun azərbaycançılığa xidmət
edən və milli ideologiyamızın
formalaşmasına böyük təsiri olan "Koroğlu"
operasının uvertürasının ifası ilə
başlanır. Festivalın açılışı Böyük Britaniya Kral Simfonik Orkestrina
həvalə olunub. Bundan
əlavə, festivalda Dmitri
Yablonski, Yuri Başmet, Xloe Xanslip, pianoçu Boris Berezovski kimi musiqiçilərlə digər azərbaycanlı
və əcnəbi sənətçilər
çıxış edib.
Mədəniyyətşünas Səfurə
Çingizqızı bizimlə söhbətində Qəbələnin
"MDB-nin Mədəniyyət
Paytaxtı" elan ediləcəyi haqda xəbəri sevinclə
qarşıladığını bildirdi.
S.Çingizqızının sözlərinə
görə, MDB-yə üzv dövlətlərin
humanitar sahə üzrə Əməkdaşlıq
Şurasının və təşkilata üzv
ölkələrin Dövlətlərarası Humanitar
Forumunun Aşqabad
sammitində elan edilən bu
qərar Azərbaycanın dünyadakı nüfuzunun
bir daha təsdiqidir.
S.Çingizqızının bildirdiyinə görə, Qəbələ
tarixən diqqət mərkəzində olan
şəhərdir: "Azərbaycanın dilbər guşələrindən
biri olan Qəbələ
hər zaman dünyanın diqqətində
olub. Qəbələnin tarixi,
zəngin mədəniyyəti, füsunkar
təbiəti, təbii qalaları, abidələri,
qoruqları, burada sənətkarlığın
inkişaf etməsi turistlərin
marağını cəlb edib. Qəbələyə
hər il böyük
turist axını olur.
Bura vaxtaşırı olaraq
xarici qonaqlar, elm və mədəniyyət xadimləri də
gəlir. Keçən il Qəbələdə
"MDB ölkələri tələbə liderlərin yay məktəb-düşərgəsi"ndə
Qazaxıstan və Rusiyanın Azərbaycandakı səfirləri
tələbələrlə görüşdü.
Hər iki ölkənin səfiri Qəbələnin
gözəlliyinə heyran qalmaqla
yanaşı, onun qədim təməl
üzərində olmasını da qeyd edib. Şəhərdə
hər il ənənəvi olaraq keçirilən Qəbələ Musiqi Festivalı və digər tədbirlər
bu şəhərin hər zaman göz
qabağında olmasına səbəb olur.
Qəbələ Azərbaycan mədəniyyətinin, azərbaycançılığın
keşiyində duran insanların yurdudur. Bu şəhərin
"MDB-nin Mədəniyyət
Paytaxtı" seçilməsi fikri təqdirəlayiq
haldır. Azərbaycançılığın beynəlxalq
aləmdə yayılması və tanınmasına da böyük təsir
göstərəcək. Yəqin Qəbələdə beynəlxalq
səviyyəli tədbirlər, elmi konfranslar, ictimai-siyasi, humanitar yığıncaqlar da
keçiriləcək.
Səfurə xanım tarixi Azərbaycan şəhəri olan Gümrü şəhərinin
Ermənisatn tərəfindən "MDB-nin
Mədəniyyət Paytaxtı" siyahısına təqdim
edilməsini narahatlıqla qarşıladığını dedi: "Ermənistan Gümrünün
namizədliyini verib. Gümrü
"MDB-nin Mədəniyyət
Paytaxtı" elan olunacaq.
Bundan çox narahatam. Ermənilər bizim
tarixi torpaqlarımızı öz adlarına çıxır. Hər kəs
bilməlidir ki, Gümrü
Azərbaycan torpağıdır, burada Azərbaycan
türkləri yaşayıb. Ermənilər azərbaycanlıları
doğma yurdlarından deportasiya
edənə qədər Gümrü azərbaycanlıların
məskəni idi. Bu
faktları da qaldırmaq
lazımdır".
Tarixçi Təzəgül
Yusifova isə Qəbələnin tarixini xatırlatmaqla fikrini
belə izah etdi ki, Qəbələ nəinki MDB-nin,
hətta bütün dünyanın mədəniyyət
paytaxtı elan olunmağa
layiqdir: "Qəbələ
dünyanın çox azsaylı qədim
şəhərləri sırasındadır. Onu
lap dünya
miqyasında mədəniyyət paytaxtı elan
etmək olardı. Qafqaz
Albaniyasının paytaxtı Qəbələ tarixdə böyük izlər qoyub.
Bu gün öz tarixi kökləri,
ənənələri üzərində inkişaf
edir. Buradakı abidələrin,
qalaların, ibadətgahların yaşı bizim
eradan əvvələ gedib
çıxır. Söz yox
ki, Qəbələ Azərbaycanın qədim
şəhərlərindəndir. Böyük
Plini yazırdı ki,
Albaniyanın əsas şəhəri Kabalakadır. Mənbələrdə
Qəbələ adı Vostani-Martspan (yəni
fars canişini - mərzbanın
paytaxtı) adlandırılan Kavaqak kimi də çəkilir. Paytaxtın VI əsrdə
Parfava (Bərdəyə)
köçürülməsinə qədər Qafqaz Albaniyasının əsas şəhəri
Qəbələ olub. Qəbələ Böyük Plinidə xatırlanan Kabalaka (Cabalaca) və
Ptolomeydə adı çəkilən "Alban
və Kavsi (Alazan və
Samur) çayları arasındakı Xabala (Chabala) hesab olunur".
T.Yusifova bildirdi ki, I-V əsrlərdə
Qəbələ alban Arşakiləri sülaləsi
hökmdarlarının iqamətgahı idi:
" Lakin V əsrdən o,
Sasanilərin təyin etdikləri mərzbanların iqamətgahına
çevrilib".
T.Yusifovanın
sözlərinə görə, Azərbaycanı sevən və
ürəyi azərbaycançılığa bağlı olan alimlərimizin 1959-cu ildən müntəzəm
olaraq Qəbələdə
apardığı qazıntılar çox
maraqlı nəticələrin meydana
çıxmasına səbəb olub:
"Qəbələ arxeoloji
ekspedisiyası şəhərin daha qədim
və böyük hissəsini aşkara çıxardı və buranın
e.ə. IV - b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirdi.
Müxtəlif tarixi hadisələrlə əlaqədar
şəhər bir neçə dəfə
dağıntılara məruz qalıb. Eramızdan əvvəl
60-cı illərdə Roma qoşunları
Albaniyaya hücum etsələr
də, Qəbələni işğal edə
bilməyib. Sasanilər dövründə Qəbələ çox böyük ticarət
və sənətkarlıq mərkəzi olub.
Xilafət dövründə də Qəbələ ticarət
və sənətkarlıq mərkəzi kimi
əhəmiyyətini qoruyub saxlayıb.
XIII əsrdə monqolların hücumu
zamanı Qəbələ tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlib. Bütün bunlar Qəbələnin
həyatında yaşanan olaylar
olub. Qəbələ kimi
öz tarixi çəkisini,
şöhrətini qoruyub saxlayan
çox az şəhər
var. Qəbələnin tarixində baş verən hadisələr onu
tarix səhnəsindən silə bilməyib,
əksinə, onun yerini
möhkəmləndirib. Bu şəhərin
"MDB-nin Mədəniyyət
Paytaxt"ı elan edilməsi qərarı
onun həyatında yeni
səhifə açacaq. Burada
çox böyük
işlər görüləcək. Hesab
edirəm ki, Qəbələnin sinəsində
hələ də elmə məlum olmayan çoxlu sirlər gizlənib. Onlara
da açar
salınacaq. Qəbələnin Azərbaycanın qədim
dövlətçilik ünvanı kimi təzədən
tədqiqata cəlb edilməsi çox mətləblərə
aydınlıq gətirəcək. Azərbaycançılıq
üzərində gəzdiyimiz ana torpaqdan, içdiyimiz sudan qəlbimizə dolur..."
İradə SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti Yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
Bakı xəbər.
– 2012. -7 noyabr. – S. 15.