Əhliman Əmiraslanov – 65
"...bunlar da kifayətdir" deyərək zəhmətsiz
və rahat həyat yolu
seçmədi"
Dərin
istedadın, elmə təmənnasız
bağlılığın təntənəsi...
Azərbaycanın görkəmli alimi,
SSRİ Dövlət Mükafatı laureatı, AMEA-nın,
Rusiya TEA-nın, Polşa Tibb Elmləri Akademiyasının həqiqi
üzvü, Milli Məclisin deputatı, əməkdar elm
xadimi, elmlər doktoru, dünya şöhrətli cərrah-onkoloq,
akademik... Saysız elmi, fəxri və dövlətçilik
titulları daşıyan şəxsiyyətin Əhliman
Tapdıq Oğlu Əmiraslanov olduğunu yəqin dərhal
tutdunuz.
Bu qədər parlaq titullara sahib
olmağın fitri istedad, elm naminə fədai zəhmətsevərlik,
sənətə bağlılıq, milləti, dövləti
daim ucaltmaq duyğusu sayəsində gerçəkləşə
bildiyinə şübhə yoxdur. Noyabrın 17-də
böyük alimin və təəssübkeş vətəndaşın
65 yaşı tamam olur. Əhliman müəllim 65 yaşın
tamamına qədər məzmunlu və məhsuldar bir
avtobioqrafik yol gəlib, öyrənmək, öyrətmək,
elmə, dövlətə xidmət yolunda sayı-hesabı
olmayan pillədən-pilləyə fasiləsiz, ömrün hər
günündən, hər anından elm və insan naminə
daha səmərəli nəticələr əldə etmək
amalı ilə adlayıb.
Qızıl medalın "üzünü ağartdı"..
1947-ci il
noyabrın 17-də Qərbi Azərbaycanın Göyçə
mahalının Basarkeçər rayonunun Zod kəndində
ziyalı ailəsində dünyaya göz açıb. 1965-orta
məktəbi qızıl medalla bitirdiyi həmin il hər bir
təəssübkeş vətəndaş və yorulmaz elm fədaisi
üçün nümunə və qürur mənbəyi
sayıla biləcək ömrün ilk
sıçrayış anı oldu. Böyük həyat yolu
başladı. İyirmi il bundan əvvəl təyin
olunduğu, bu gün də uğurla apardığı Azərbaycan
Dövlət Tibbi Universitetinin rektoru kimi mühüm vəzifə,
2010-ci ildə seçicilərin fəal dəstəyi ilə
layiq bilindiyi Milli Məclisin deputatı kimi parlaq nəticələr
onun 1965-ci ildən başlayan böyük həyat yolunun hələlik
ən son nailiyyətləridir. Bunlara qədər fasiləsiz
şəkildə, böyük zəhmət bahasına dalbadal
əldə olunan nəticələr də Əhliman müəllimin
həyat aktivinə yazılıb. 1971-ci ildə Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsini Fərqlənmə diplomu ilə bitirərək
orta məktəbin heç də hamıya nəsib olmayan
Qızıl medalının üzünü ağartdı... Hələ
bundan sonra yaşamaq ümidini itirmiş, həyatdan bezmiş
neçə-neçə naçar xəstənin həyatı
üstünə çökmüş qara buludları öz
Qızıl medalının, Fərqlənmə diplomunun
işığı, parıltısı ilə yox edərək
aydınlığa qovuşduracaqdı Əhliman Əmiraslanov...
Qovuşdurdu, bu gün də qovuşdurur, yəqin hələ
uzun illər belə davam edəcək. Çünki nə
1965-ci ildəki "Qızılın", nə də 1971-ci
ildəki "Fərqlənmənin" kölgəsində
dayanaraq, bir çoxları kimi "bunlar da kifayətdir"
deyərək zəhmətsiz və daha rahat həyat yolu
seçmədi. Onun yolu şüurlu seçilmiş zəhmət,
fədakarlıq, elmə nəsə vermək, elmdən
insanların xoşbəxtliyi naminə nələrsə əldə
etmək yolu idi. Cəmi üç ilə - 1971-ci ildən
1974-cü ilədək gənc həkim olaraq Bakı Şəhər
Kliniki Onkologiya Xəstəxanasının cərrahiyyə
şöbəsində həkim-ordinatordan müdir vəzifəsinədək
yüksəldi. İnsanları çarəsiz
saydıqları ağır xəstəliyin cəngindən
qoparmaqla neçə-neçə ailəni sevindirmək kimi
humanist ideya onu 1974-cü ildə SSRİ Tibb Elmləri
Akademiyasının aspiranturasına gətirdi.
"Qızıl medal" və "Fərqlənmədən"
başlayan uğurlu həyat yolu burada da onun üzünə
güldü. Aspirantura üçün rəsmi
ayrılmış vaxt bitməmiş "Bədxassəli
şişlərlə əlaqədar aşağı ətrafların
amputasiyasından sonra xəstələrin
reabilitasiyası" mövzusunda namizədlik
dissertasiyasını uğurla müdafiə edərək Tibb
elmləri namizədi elmi dərəcəsi aldı. Dərhal
SSRİ Tibb Elmlər Akademiyasının Ümumittifaq Onkoloji
Elmi Mərkəzində işə götürüldü,
kiçik, baş və böyük elmi işçi vəzifələri
çox qısa müddətdə bir-birini əvəzlədi.
Əmiraslanov hələ o zaman dünyanın yalnız bir
neçə məşhur klinikasında icra olunan SSRİ-də
ilk unikal cərrahiyyə əməliyyatını -
"Rotasion plastika" nı məhz orada uğurla həyata
keçirdi və çoxlarının sonradan bəhrələndiyi
nəticələr əldə etdi. 36 yaşında -
1984-cü ildə uğurla doktorluq dissertasiyası müdafiə
edən alimin beynəlxalq elmi yığıncaqlarda
sanballı çıxışları və sümük
sarkomasına dair novator şərhləri isə nəinki
SSRİ-də, hətta dünyanın başqa bir sıra
ölkələrində tanınmağa başladı.
Artıq onun araşdırmalarına, elm nəticələrinə
istinad olunur, şərhlər verilir, tərəddüdsüz
tətbiq olunurdu. Dünya şöhrətli mütəxəssis,
akademik N.N.Trapeznikovun onun barəsində dedikləri: "Əhliman
Əmiraslanov Moskvada işləyərkən onun mövzu ətrafında
əldə etdiyi nəticələrin böyük əksəriyyəti
SSRİ-də ilk dəfə əldə edilən son dərəcə
dəyərli, yeni elmi nəticələr idi və həmin nəticələr
xarici ölkə alimlərinin bu sahədəki elmi nəticələrini
ya qabaqlayır, ya da tamamlayırdı".
Moskvada xeyirxah insanlarla bərabər hər
cür bədxahların, rəqiblərin, antimilli qüvvələrin
əhatəsində sümük şişlərinin müalicə
metodlarının təkmilləşdirilməsi üzrə
cavabdehliyin məhz ona həvalə olunmasının nə qədər
böyük milli fəxarət olduğunu qəbul etmək
üçün onun özü qədər vətənpərvər
olmaq lazımdır. SSRİ kimi "xalqlar dostluğunun"
gurultulu sədalarına bürünmüş, əslində
isə xüsusilə azərbaycanlı istedadlara bir an səngiməyən
ayrıseçkilik məkanında onun, çətinliklərlə
olsa da, dalbadal uğurlar əldə etməsi hər kəsin
barışmalı olduğu dərin istedadın, elmə təmənnasız
bağlılığın, zəhmetsevərliyin, əsl elm
xadimlərinə səmimi münasibətin qara-qura maneələr
üzərində şəksiz təntənəsi kimi qəbul
olunmalıdır. Dəfələrlə SSRİ Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin qızıl medallarını
aldı, "Dayaq"- Hərəkət Aparatı
şişləri olan xəstələrin reabilitasiyası və
müalicəsi üzrə Ümumittifaq məktəbinə rəhbərlik
etdi. 1985-ci ildə isə "Sümük sarkomaları"
adlı orijinal monoqrafiyasına görə SSRİ Tibb Elmləri
Akademiyasının 5 ildə bir dəfə təqdim edilən
"akademik N.N.Petrov adına" mükafatına və medala
layiq görüldü. Uzun elm karyerasını ucqar bir kənd
məktəbinin Qızıl medalı ilə
başlamış Əhliman Əmiraslanov cəmi bir ildən
sonra artıq SSRİ Dövlət Mükafatı Laureatı
idi. Ümumittifaq Onkoloji Elmi Mərkəzdə seçildiyi
professor vəzifəsində 1992-ci il iyulun 31-dək işlədi.
Moskvada 12 tibb elmləri namizədi, 5 tibb elmləri doktorunun
yetişməsinə bilavasitə rəhbərlik etdi. Sonra isə
taleyini Azərbaycan Tibb Universitetinə bağladı -
universitetin rektoru, onkologiya kafedrasının müdiri kimi...
Tibbi alimlər Əhliman müəllimin
elmi nailiyyətlərini, belə demək mümkünsə,
öz danışıq terminləri ilə bu cür təsvir
edirlər: "Akademik Ə.Əmiraslanovun elmi tədqiqatlarının
əsasını dayaq-hərəkət aparatı, yumşaq
toxumalar və bir sıra daxili orqanların, həmçinin vəzilərin
bədxassəli şişlərinin öyrənilməsi, eləcə
də onların səmərəli müalicə
metodlarının və profilaktikasının işlənib
hazırlanması, bu metodların praktikada uğurla tətbiq
edilməsi təşkil edir". Elmi, bəzilərinə hətta
çətin görünən bu qiymətləndirmənin
mahiyyətini sadə dilə çevirsək, saysız həkim
və klinikaların inamla bəhrələndiyi yeni üsul və
metodlar, neçə-neçə insanda elmin qüdrətinə
bərpa olunan inam, "göydə Allah, yerdə Əhliman
müəllim" deyərək məmnun qalan yüzlərlə
insanın yerə-göyə sığmayan sevinci deməkdir
bu sözlər... Həm də bunları tək Azərbaycan
üçün yox, bütün dünya miqyası
üçün götürmək lazımdır. Axı onun
elmi işləri onkologiya elmində yeni mərhələ
açmaqla ən müxtəlif din və dillərdən olan
həkimlərin şəfa silahına, xəstələrin
nicat üsuluna dönüb. Dünyanın 20-dən çox
ölkəsində konfrans və simpoziumlarda elmi məruzələri
maraqla dinlənilib, elmi yenilikləri bu gün də
nümayiş etdirilir. 330-dan çox fundamental elmi əsəri
dünyanın müxtəlif ölkələrinin nüfuzlu
jurnal, toplu və məcmuələrində nəşr olunub.
Bundan əlavə, onlarla elmi-kütləvi, görkəmli
şəxslərin həyat və
yaradıcılığına aid saysız publisistik məqalələrin
müəllifidir...
Bakı xəbər.
– 2012. – 15 noyabr. – S. 4.