Tarixi
bayraqlarımızda azərbaycançılıq elementləri...
Bayraqlar
könüllərdə doğulur, bir ürəkdən
süzülüb milyonlarla qəlbə yol tapır, ruhlara
köçür. Bayraqlar qələbə əzmi, zəfər
sevinci deməkdir. Bayraqlar xalqların, məmləkətlərin
əbədi ideya daşıyıcısı, simvoludur.
Azərbaycan dövlətinin ərazisi
tarixən böyük-böyük imperiyalara, dövlətlərə,
xanlıq və sultanlıqlara sahib olub. Burada qurulan dövlətlərin
nüfuzu, qüdrəti ölkənin sərhədlərindən
də kənarlarda hiss edilib. Vətənimizin sərhədləri
daxilində yaradılan dövlətlər və
xanlıqların öz simvolları, ideya
daşıyıcısı olan gerbi, bayrağı olub. Məsələ
burasındadır ki, bayraqların üzərində əks
olunan simvollar sırf türk dünyagörüşü, mədəniyyəti,
mifologiyası ilə bağlı olub. Elə bir
bayrağımız yoxdur ki, orada türkçülük
simvolları əks olunmasın. Bu da ondan irəli gəlir ki,
torpaqlarımız üzərində qurulan dövlət və
xanlıqların hamısı azərbaycançılığa,
tarixi köklərə, milli ənənələrə
söykənib. Tarixçi alimlərin verdiyi məlumata
görə, bütün bayraqlar arasında sirli bir əlaqə,
yaxınlıq var. Sanki onların hamısını eyni adam
yaradıb. Tarixçilər onu da bildirir ki,
ardıcıllıqla milli dövlətlərin,
xanlıqların bayraqlarına nəzər salsaq, orada ənənəyə
sadiqlik görə bilərik. Tarixçilər hesab edir ki,
Midiya, Atropotena və onlardan sonrakı dövlətlərin
bayraqlarında simvol yaxınlığı özünü
göstərir. Bu da ondan irəli gəlir ki, azərbaycançılıq
bir ideologiya kimi öz mənbəyini qədim dövlətlərimizdən
götürüb. Çünki bizim eradan əvvəl
mövcud olan dövlətlərin də bayraqlarında milli dəst-xəttin
olduğu tarixçilər tərəfindən israr edilir.
Azərbaycan ərazisində
dövlət quruluşu, dövlətçilik mədəniyyətinin
yaranması və formalaşması çox əski dövrləri
əhatə edir. Bu dönəmlərdə çox
böyük milli mədəniyyət yaradılıb. Bəlkə
də hələ tarixşünaslığımızda o
çağlara yol tapılmayıb.
Azərbaycanda ənənələr
üzərində qurulan və sırf milli məfkurəyə,
azərbaycançılığa, türkçülüyə
və islami prinsipə söykənən dövlət olaraq
tarixə düşən Səfəvilər dövləti
haqda danışmaq istəyirik. Səfəvilər
dövründə mövcud olan bayraqların simvolları,
onların mənaları, azərbaycançılığa
doğmalığı barədə söhbət
açacağıq.
Tarixçilərin verdiyi bilgiyə
görə, Səfəvi İmperiyasında azərbaycanlı-türk
tayfaları üstünlük təşkil edib. Şamlı,
Rumlu, Bayat, Əfşar (və ya Avşar), Qacar, Şahsevən,
Təkəlü, Ustaclı, Zülqədər və sair
tayfalar bu dövlətin əsasını təşkil edib. Səfəvilər
Azərbaycan tarixində çox önəmli rol oynayan bir
imperiya olub. Səfəvilər dövlətinin qurucusu I
İsmayılın ana dili Azərbaycan türkcəsi olub. O,
bu dildə "Xətai" ləqəbi ilə şeirlər
yazıb. Elə dövlətin də rəsmi dili Azərbaycan
türkcəsi olub, saray əhli, eləcə də dövlətin
hərbi və dini xadimləri bu dildə danışıblar.
Orta əsrlər
Azərbaycan tarixini araşdıran alimlərin birinin dediyinə
görə, Səfəvilərin də bayrağında türkçülük
simvolu ilə yanaşı, islamçılığı əks
etdirən çalarlar olub.
Tarixçi
Təzəgül Yusifova bizimlə söhbətində bildirdi
ki, Səfəvilər dövləti böyük mədəniyyət,
mənəviyyat keşikçisi kimi də tarixdə öz qüdrətli
yerini tuta bilib: "Səfəvilərin iqtisadi və mədəni
həyatında Azərbaycan şəhərləri xüsusilə
müstəsna rol oynayırdı. Təbriz Asiya və
Avropanın bir çox şəhərləri ilə geniş
ticarət əlaqələri saxlayırdı. Şamaxı və
Ərəşdə istehsal olunan ipək parçalar Avropa
ölkələrinə ixrac edilirdi. Səfəvilər
dövlətinin başında dünyəvi və dini hakimiyyəti
öz əlində cəmləşdirən şah dururdu. Səfəvilər
bütün ölkə ərazisində və ələ
keçirdikləri torpaqlarda şiəliyi rəsmi din elan
etdilər... Qızılbaş tayfalarının qüdrətli
siyasi birliyə çevrilməsi, Azərbaycanın cənub və
şimal torpaqlarının nisbətən mərkəzləşmiş
vahid dövlət şəklində birləşməsi, məhsuldar
qüvvələrin yüksəlişi, şəhərlərin
sənətkarlıq və ticarət mərkəzlərinə
çevrilməsi obyektiv olaraq Azərbaycan mədəniyyətinin
və incəsənətinin inkişafına şərait
yaradırdı. Azərbaycan dilinin istifadə dairəsi
genişləndi. Sarayda Həbibi, Süruri, Şahi, Matəmi,
Tufeyli, Qasimi və başqa Azərbaycan şairləri, həmçinin
ozan-aşıqları yaşayıb-yaradırdılar. "Xətai"
təxəllüsü ilə yazan I Şah İsmayıl Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsidir.
Səfəvilərin saray kitabxanası bir növ "incəsənət
akademiyasına" çevrildi. Burada mahir xəttatlar, rəssamlar,
cildçilər, nəqqaşlar və başqaları işləyir,
Sultan Məhəmməd və Behzad kimi görkəmli
miniatür ustaları fəaliyyət göstərirdi".
T.Yusifovanın
sözlərinə görə, Səfəvilər dövlətinin
qurulması ilə üzərində aypara və səkkizguşəli
böyük ulduz olan parlaq yaşıl rəngli parça
dövlət bayrağı kimi qəbul edilib: "Səfəvilərin
ilk bayrağı yaranıb, öz qüdrətilə aləmdə
məşhur olub. Amma nədənsə tarixçilər Səfəvilərin
Şah İsmayıl Xətai hakimiyyəti illərindəki
dövlət bayrağı barədə yekdil fikirdə deyillər.
Bu, əsasən həmin dövrə aid miniatürlərdə
Səfəvi-Qızılbaş ordusunun bayraqlarının
müxtəlif şəkildə təsvir edilməsi ilə əlaqədardır".
Yeni Çağ
İnformasiya Agentliyinin araşdırmasına görə isə,
ümumən parlaq yaşıl rəngli parça üzərində
aypara təsviri ilə olan bayraq Səfəvilər dövlətinin
rəsmi bayrağı kimi qəbul edilir: "Bəzi araşdırmaçılar
bugünkü Azərbaycan Respublikasının və 1918-1920-ci
illərdə mövcud olan ADR-in Dövlət Bayrağındakı
ay-ulduz simvolikasına Osmanlı imperiyasının da dövlət
bayrağında rast gəlindiyini bildirərək, bu rəmzlərin
Azərbaycan Bayrağına Osmanlı dövlətinin dövlət
atributlarından keçdiyini söyləyirlər".
T.Yusifova isə
deyir ki, bəzi mənbələr Qızılbaş
qoşununun bayrağı qismində üzərində ələm
şəkli olan al qırmızı parça qəbul
edildiyini yazır: "Əvvəla bunu qeyd etmək
lazımdır ki, yeniyetmə İsmayıl Qızılbaş
müridləri ilə özünün ilk möhtəşəm
tarixi yürüşünə çıxarkən
Qızılbaş qoşununun bayrağı qismində üzərində
ələm şəkli olan al qırmızı parça qəbul
edilib, bunu miniatürlərdən də görmək
mümkündür. Səfəvilər dövlətinin
qurulması ilə üzərində aypara və səkkizguşəli
böyük ulduz olan parlaq yaşıl rəngli parça
dövlət bayrağı kimi qəbul edilib. Məlumatlardan
aydın olur ki, bu bayraq Şah I Təhmasibin hakimiyyət illərinə
qədər dövlət bayrağı kimi qalıb".
T.Yusifovanın
fikrini təxminən davam etdirən Yeni Çağ İnformasiya
Agentliyinin eksperti yazır ki, I Təhmasibin zamanında dövlət
bayrağı kimi eyni yaşıl rəngli parça üzərində
üzü sola doğru olan qızıl qoç və arxa
fonda səkkizguşəli iri gözlü Günəş təsviri
qəbul edilib: " I Şah Abbasın dönəmində artıq
Səfəvilər dövlətinin bayrağında bizlər
şiru-xurşid təsvirinə (ön planda yumruğunu düyünləmiş
aslan və arxa fonda Günəş) rast gəlirik. Göründüyü
kimi, Qızılbaşlıq ideologiyasının təşəkkül
tapdığı dönəmdən bu yana
Qızılbaşların bir neçə rəsmi və
qeyri-rəsmi bayrağı olub. Bunlardan hansının məhz
Şah İsmayıl Xətai dövrünə aid olduğunu
araşdırarkən ortaya ilginc faktlar çıxır.
"Cahanarayi-Şah İsmayıl Səfəvi" adlı
tarixi mənbədə I Şah İsmayılın 1508-ci ildə
Bağdada varid olması bu cür qeyd olunub: "Şah
İsmayıl ay-ulduz bayrağı altında Bağdada
yaxınlaşdı. İraq əhalisi sürətli
addımlarla onu qarşılamağa çıxdı".
Yeni Çağ
İnformasiya Agentliyinin eksperti Misir Mərdanovun "Azərbaycan
Respublikasının dövlət rəmzləri" adlı kitabına
istinad edərək qeyd edir: "Aypara və səkkizguşəli
ulduz simvolikası barədə bu kitabda müəyyən elmi-tarixi
əsaslara söykənən məlumatlar var. Burdakı səkkizguşəli
ulduz sırf Günəş təsviridir. Bizlər Qobustan
qayalıqlarında eyni rəmzlərlə üzləşirik
və aydın olur ki, Ay və Günəş simvolları
azı 8-10 min il əvvəl bu torpaqlarda qutsal simgələr
kimi qəbul edilib, eradan əvvəl XXI əsrdə (III
minilliyin sonu) isə Azərbaycanın Quti (Oğuz) adlı
tayfalar birləşməsi İkiçay arasında hakimiyyəti
ələ keçirdikdən sonra ay-ulduz rəmzləri bu ərazidə
geniş yayılmağa başlayır. Aypara və Günəşi
ifadə edən böyük ulduz simvolu eyni zamanda qədim azərlərin
(oğuzların) dini-astroloji görüşləri ilə də
sıx bağlıdır. Yəni qədim Azərbaycan
qamları həm göy qübbəsi haqda, həm planetimizə
birbaşa təsir göstərən günəş və ay
barəsində, həm astronomiya və astrologiyaya dair geniş
bilgilərə sahib idilər. İslam alimləri bir məsələdə
yekdil fikirdədirlər ki, eradan əvvəl III minilliyin
sonunda İkiçayarası xalqı Aya, Günəşə
və ulduzlara tapınmaqla onları simvollaşdırıb. Əlbəttə,
burda o zaman həmin ərazilərin şəksiz sahibi olan qədim
qutilərin (oğuzların) dini-astroloji görüşlərinin
danılmaz rolu var. Qədim türk dövlətlərinin və
oğuz boylarının başlıca simgələri
arasında ayparaya və Günəşi ifadə edən səkkizguşəyə
rast gəlinməkdədir. Eyni simvollar qədim
türk-oğuzların qəbirləri üzərindəki sinə
daşlarında da qarşımıza çıxır.
Sözügedən simvolların ilkin və daha qədim məna
yozumu Oğuz Xaqanın oğulları, bugünkü Azərbaycan
və Anadolu türklərinin mifik babaları hesab olunan Ay Xan və
Gün Xan ilə bağlıdır. Ağa Məhəmməd
şah Qacarın Osmanlı sultanına yazdığı məktubda
şah Qacar xanədanının Ay Xanın,
Osmanoğullarının isə Gün Xanın
övladları olduğunu qeyd edir və fəxrlə
"gündüzlər dünyanı
işıqlandırmağa nə var, oğul istəyirəm
ki, gecələr cahanı aydınlatsın", deyir.
T.Yusifovanın
sözlərinə görə, Səvəfi bayraqlarında
olan simvollar azərbaycançılıqla sıx bağlıdır
və onların görünüşü, daşıdığı
mahiyyət sırf milli və dini birliyə xidmət edir:
"Mənbələrdə yazılır ki, Allah-təalanın
bəşəriyyətə göndərdiyi son din olan islamın
təşəkkülü və yayılması türk-oğuzlara
məxsus aypara və Günəş simvollarının yeni məna
kəsb etməsinə gətirib çıxardı,
"şəmsü-qəmər" ifadəsi yazılan əsərlərdə
yer aldı. Bu dönəmdən başlayaraq Azərbaycanın
dahi şair və mütəfəkkirlərinin əsərlərində
ay-ulduzla bağlı çoxmənalı sitatlar özünə
yer tutmağa başlayıb. Bu, bir çox səbəblərlə
yanaşı, həm də Qurani-Kərimdə Günəş
və Ay barədə düşündürücü ayələrin
olması ilə də bağlı idi (xatırlada bilərik
ki, Qurani-Kərimdə həm əş-Şəms, həm də
əl-Qəmər adlı surələr var). Əş-Şəms
surəsi aşağıdakı ayələrlə
başlayır:
"1 - And
olsun Günəşə və onun işığına (Günəşin
qalxdığı vaxta);
2 - And olsun
(günəşin) ardınca çıxan Aya!"
Həqq-Təalanın
müqəddəs kitabında Ay və Günəşin and
obyekti kimi göstərilməsi öz-özlüyündə
islam mütəfəkkirlərinin əsərlərinə
öz təsirini buraxdı. Nizami Gəncəvinin "Səadət
günəşi birlikdən doğar" fikrində
"birlik" sözü məhz islam birliyini və onu təmsil
edən ayparanı ifadə edirdi. Hürufiliyin ideyavericisi Seyid
İmadəddin Nəsiminin qəzəllərində də
Ay-ulduz, Ay-Günəş təsvirlərinə geniş yer
verilib - bəzi yerlərdə sırf astronomik və astroloji,
bəzi məqamlarda isə dərin sətiraltı məna
çalarları ilə. Qızılbaş düşüncə
sistemi bu simvolları Həzrəti-Mühəmməd (s) və
Həzrət Əli(ə) ilə bağlayırdı. Şah
İsmayıl Xətainin aşağıdakı misrası buna
bariz nümunədir:
Xətai der
rəhm etməzəm yalana,
Özün
təslim edər özü gələnə,
Ay Əlidir,
Gün Mühəmməd, bilənə,
Bax nəzər
eylə də həmən arif ol.
Yeri gəlmişkən,
Ay və Günəş rəmzlərinin islami anlamda işlənməsi
öz-özlüyündə bir sıra astronomik biliklərlə
uzlaşır. Belə ki, Həzrət Əli(ə)-ı ifadə
etdiyi bildirilən Ay özünün bizə görünən
işığını, nurunu məhz Həzrəti-Mühəmməd(s)-in
bənzədildiyi Günəşdən alır. İslam
simvolikasında Günəşi ifadə edən ulduzun
Ayparanın içinə yaxın təsvir edilməsi islam
peyğəmbərinin ən yaxın köməkçisinin
Tanrı elçisini hər addımda qoruması motivi ilə
uyğun gəlir.
Bütün bunlardan daha bir ilginc nəticə hasil etmək
olar: müstəqil Azərbaycan Respublikasının Dövlət
Bayrağındakı ay-ulduz rəmzləri məhz Şah
İsmayıl Səfəvidən qalmadır. Azərbaycan
Bayrağının ilk ideyavericisi olan dahi ideoloqumuz Əli bəy
Hüseynzadə, eləcə də digərləri Azərbaycan
Demokratik Cumhuriyyətinin Dövlət Bayrağının
yaradıcıları olublar. Milli təfəkkür sahibi olan
insanlar ay-ulduz simvolunun qeyd edilən məna yozumlarını
bilirdilər".
Azərbaycançılıq
ideologiyasından doğulan, bəşəriyyətə
yayılan, milyonlarla insanın ruhuna işıq saçan
bayraqlarımız bizə qələbə, zəfər
sevinci yaşadıb...
İradə SARIYEVA
Bakı xəbər. – 2012. – 15
noyabr. – S. 15.