Saxta erməni dövlətçiliyilə mübarizədə azərbaycançılıq ideologiyasının tarixi rolu

 

   Azərbaycançılıq vahid dövlətçilik ideologiyası kimi özünü çoxdan təsdiqləyib. Yaşı neçə-neçə minilliklərlə ölçülən bu ideologiya qəlbimizdə dosta məhəbbət, hörmət, düşmənə isə nifrət hissi cücərdib. Azərbaycanda yaşayan, bütün xalqlar, toplumlar da Azərbaycan türklərilə yanaşı azərbaycançılığın qanadları altına sığınıb.

   Məlumdur ki, əski zamanlarda Azərbaycan ərazisində bir neçə milli dövlət, imperiya mövcud olub. Bu dövlətlərin demək olar ki, hamısı azərbaycançılıq ideologiyasından ruhlanıb. Azərbaycançılıq dədələrimizi zaman-zaman düşmənə qalib gəlmək, savaşlarda zəfər çalmaq ovqatına kökləyib. Tariximizdə çox müharibələr olub, qalib də gəldik, məğlub da olduq, amma heç zaman qürurumuzu, mənəviyyatımızı itirmədik.

   Azərbaycan xalqının qonaqpərvərliyi, genişürəkliliyi başqa xalqların ana yurdumuza pənah gətirməsinə səbəb olub. Onların sırasında üzümüzə ağ olan, bizə yağı kəsilən ermənilər də var. Başqa xalqlar bizimlə qaynayıb qarışsa da, qardaşlıq, dostluq şəraitində yaşasa da, bir tikəni yarıya bölüb yesək də, ermənilər özlərini bu sıraya aid etmədilər. Yurdumuza köçər-köçməz, torpaq iddialarına başladılar, "bura bizim torpaqlardır" deyib haray çəkdilər. 200 ilə yaxındır ki, ermənilər öz saxta və qondarma dövlətçilik ideyasını ortaya atıb. "Böyük Ermənistan" xülyası ilə yatıb duran saxta erməni dövlətçiliyi təmsilçiləri də bu çürük fikri davam etdirməklə məşğul olub. Tarixi torpaqlarımızı öz caynağına keçirən ermənilər buna yalan, hiylə və məkrlə nail olub. Ermənilər Qarabağa dünən gəlib, sonra isə havadarlarının köməyilə torpaqlarımızı yağmalayıb. Saxta erməni dövlətçiliyilə Azərbaycan ziyalıları tarixən mübarizə aparıb. Bu mübarizəni isə şiddətləndirən azərbaycançılıq ideologiyası olub.

   Tarixçi Təzəgül Yusifova bizimlə söhbətində bildirdi ki, erməni dövlətçiliyinin heç bir sağlam əsası yoxdur, o, saxtakarlıqlar üzərində hiylə və məkr hesabına qurulub: "Erməni deyilən toplum, daha doğrusu haylar tarixdə hiyləgər olduqlarına və məkrlərinə, xəyanətlərinə görə tanınıb. Azərbaycan türklərinin qurduğu və sərhədlərini genişləndirdiyi, bayrağı altına çoxlu sayda xalqın nümayəndəsini topladığı dövlətlərin hər birində ermənilərə də yer verilib. Başqa xalqların övladları biz türklərlə birgə o dövlətlərin inkişafına çalışsa da, ermənilər xəyanət ediblər. Satqın bir toplum olan ermənilərin də bu gün qurduqları dövlətçilik təpədən-dırnağa saxtakarlıq üzərində qurulub. Azərbaycan torpaqları hesabına saxta Ermənistan Respublikası yaradan ermənilər "Böyük Ermənistan" xülyasını reallaşdırmağa çalışır. Amma bütün dünyanın ağıllı, mütərəqqi adamları, şəxsiyyətləri ermənilərin bu əsassız istəklərinə gülür. Saxta erməni dövlətçiliyinin apardığı ziyanlı təbliğatın ən böyük qolunu "erməni soyqırımı" iddiası, yaxud qondarma "erməni soyqırımı" tutur. Saxta erməni dövlətçiliyinin dünyanın gözünə kül kimi üfürdüyü bu iddia çox gülünc görünür. Onlar iddia edir ki, guya birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilər sistemli şəkildə məhv edilib. Uzun illərdir ki, saxta erməni dövlətçiliyi bu yalanı əlində bayraq edib. Onların bu yalançı iddialarını qəbul edən, "soyqırımı" tanıyan ölkələr heç bir tarixi həqiqətə söykənmir, onlar bunu bəzi siyasi faktorların təsiri ilə qəbul edib. Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, xüsusən də diaspor qurumları öz yalan və məkrlərindən istifadə edərək "soyqırım"ı bəzi dövlətlərdə qəbul etdirdilər. Amma bunu erməni saxtakarlığı kimi də qəbul edən və erməni yalanını ifşa edən dövlətlər də çoxdur. Deyim ki, saxta erməni dövlətçiliyi və onların uydurma ideyalarının məhv edilməsində azərbaycançılıq ideologiyasının böyük tarixi rolu var. Tarixən erməni saxtakarlığı ilə mübarizədə azərbaycançılıq ideologiyasının böyük rolu olub və bu ideologiyaya xidmət edənlər fərqlənib. Azərbaycançılıq ideologiyasının həm Azərbaycan cəmiyyətində, həm də dünyanın müxtəlif yerlərində geniş səviyyədə təbliğ olunması nəticəsində saxta erməni təbliğatının qarşısı alınır".

   T.Yusifovanın bildirdiyinə görə, azərbaycançılıq ideologiyasının tarixi xidmətləri nəticəsində indi dünyanın bir çox nüfuzlu elm qurumları erməni saxtakarlığını ifşa edir: "Sevindirici haldır ki, dünyada ermənilərə inam azalıb. Bir məsələni yada salmaq istəyirəm. Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilən Jan Smidt uydurma "erməni soyqırımı"nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəldi. Jan Smidt öz fikrini belə əsaslandırırdı ki, 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirmək doğru deyil. O, deyirdi ki, Konqres üzvü kimi heç vaxt "erməni soyqırımı" haqqında layihələrə səs verməyib. Cənab Jan Smidt hesab edib ki, bu məsələ Konqresin problemi deyil. O, bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəklədiyini bildirirdi. Ağıllı adamlar bilir ki, ermənilər saxtakardır. Deyim ki, ABŞ-ın bir sıra nüfuzlu alimləri 1915-ci ildə baş verən faciəvi hadisələr üçün "soyqırım" ifadəsinin istifadəsinin doğru olmadığını bəyan edib. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard Levis Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi Brayan Uilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, "Hunter" Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu hərbi tarixçi Edvard Erikson kimi elm adamları var. 20 ildən artıqdır ki, Azərbaycan torpaqları erməni tapdağı altındadır. Artıq dünyanın bir çox dövləti ermənilərin saxtakar niyyətlərini bilir".

   Bakının orta məktəblərindən birinin tarix müəllimi Ağasəfa Zeynalovun sözlərinə görə, ermənilər öz saxta dövlətçilik ideyalarını ortaya atdıqdan sonra bu hala qarşı müqavimət başlayıb. Azərbaycançılıq ideologiyasının hər zaman saxta erməni dövlətçiliyinə qarşı mübarizə apardığını deyən A.Zeynalov bildirir ki, Azərbaycanın tanınan ziyalıları, mütəfəkkirləri erməni xislətini ifşa edib. 1905-ci ildən başlayaraq ermənilərin Azərbaycan xalqı ilə ədavət apardığını deyən tarix müəllimi hesab edir ki, hər dəfə ermənilər öz layiqli cavablarını alıb: "On doqquzuncu əsrin sonlarından başlayaraq ermənilər öz xülyalarını meydana atmağa başlayıb. Hələ 1905-ci ildə erməni-müsəlman davası baş verib. Elə o vaxtdan ermənilər saxta erməni dövlətçiliyi qurmaq iddiasını ortaya qoyub. Bizim torpaqlarımız üzərində özlərinə qondarma bir respublika qurublar. 1905-ci ildə öz doğma dədə-baba yurdlarından Azərbaycan türklərini qovublar. 1905-18-ci illər arasında bir neçə dəfə erməni-azərbaycanlı müharibəsi, qarşıdurması olub. Sonda qalib biz oluruq. Çünki bizim sağlam təmələ, ali prinsiplərə, dostluğa qardaşlığa söykənən ideologiyamız var. Azərbaycançılıq ideologiyasının tarixi çox qədimdir. Bu ideologiya çərçivəsində hər zaman saxta erməni dövlətçiliyinə qarşı müqavimət göstərilib".

   A.Zeynalovu dediyinə görə, saxta erməni dövlətçiliyinin iddia etdiyi əsas məsələlərdən biri Qafqaz Albaniyası ilə bağlıdır: "Araşdırmaçıların belə bir fikri var: "Ermənistanı tarixin saxtalaşdırılması məsələləri üzrə dəyişməz dünya çempionu adlandırmaq olar". Öz tarixlərini "qədimləşdirməyə" hər vasitə ilə öz xalqını qonşuların ermənilərin xoşuna gələn ərazilərinə "bağlamağa" çalışan erməni müəlliflər bəzən özləri bilmədən gülünc nəticələr çıxarır. Tarixdən məlumdur ki, Qafqaz Albaniyasında I əsrdə xristianlığı yayan Şəki yaxınlığında şəhid edilən həvari Müqəddəs Yelisey olub. Onun isə ermənilərə heç bir aidiyyəti yoxdur. Erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul edən ölkə olması barədə mif yaradıb. Bu uydurmanı inadkarlıqla təbliğ edirlər. Hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən çox əvvəl Ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olub. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar ya VIII Manu) xristianlığı qəbul edib. Onu buna inandıran fələstinli missioner Müqəddəs Fadey (Adday) olub, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirib. Bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoyan IX Abqar edib. Maraqlıdır ki, Ermənistanın 301-ci ildə xristian dinini qəbul etməsi faktı erməni tarixçilərinin özlərinin arasında da mübahisəyə səbəb olur. Sirarpi Ter-Nersesyan yazır: "Ənənəyə görə bu hadisənin tarixi 301-ci il hesab edilirdi, lakin son araşdırmalara görə bu, 314-cü ildən tez olmayıb". Bəs bütün bu faktlardan sonra ermənilər dünyada necə ilk xristian milləti olur? Maraqlıdır ki, uydurmaları ilə tarixi faktları təkzib edən ermənilər Edessa dövləti tərəfindən xristianlığın birinci olaraq qəbul edilməsinin əhəmiyyətini azaltmağa çalışaraq aşkar təhriflərə yol verirlər. Bəzi irəvanlı tarixçilər iddia edir ki, Osroyena tərəfindən xristianlığın dövlət dini kimi qəbul edilməsi, necə deyərlər, "sayılmır", çünki guya həmin dövrdə Osroyena müstəqil, bəlkə hələ öz dövlətçiliyi olmayıb. Onlar bu uydurmaları təsdiqləmək üçün Osroyenanın Ermənistanın tərkibində göstərildiyi xəritə nəşr edirlər, lakin bir məsələ barədə susurlar ki, Osroyena bundan xeyli əvvəl qısa müddətə Tiqran tərəfindən fəth edilib, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan müstəqil idi. Həmin tarixçilər bu cür təhriflərdən əlavə, Osroyena tərəfindən xristianlığın birinci qəbul edilməsinin əhəmiyyətini hər vasitə ilə azaltmağa çalışırlar".

   A.Zeynalovun sözlərinə görə, Qafqaz Albaniyasının beşiyi Azərbaycan sayılır və onun qədim paytaxtı Qəbələ də Azərbaycan ərazisində yerləşir: "Qəbələ bu gün dünyanın diqqət mərkəzində olan bir şəhərdir. Bura Qafqaz Albaniyasının da ilk ünvanıdır, xristianlığın da. Buradakı qədim xristian məbədləri öz əzəmətilə erməni iddialarını alt-üst edir. Ermənilər bu yerlərə gəlmədir. Bilirik ki, onlar bizim mədəniyyətimizi, folklorumuzu, musiqimizə, mətbəximizi, başlıcası isə torpaqlarımızı oğurlayıb. Azərbaycan xalqı islamlaşsa da, onun qəlbinin dərinliklərində o məbədlərə də hörmət var. Azərbaycanda yaşayan azsaylı xalqların bir çoxu həmin məbədlərdə ibadət edir. Azərbaycan çox güclü dövlətdir. Bu güclü dövlət də xalqın arxasında dağ kimi dayanıb. Bizim tarixçilər, alimlər tarixi mənbələri araşdırıb erməni saxtakarlığına layiqli cavablar verə bilir. Xarici ölkə arxivlərində saxta erməni dövlətçiliyilə mübarizə aparan babalarımızın haqq işilə bağlı o qədər sənədlər var ki. Görürük ki, saxta erməni dövlətilə mübarizə tarixi azərbaycançılıq ideologiyasının əsas prinsiplərindən biri olub. Azərbaycançılıq ideologiyasının geniş təbliğatı nəticəsində bu gün də erməni saxtakarlığına qarşı böyük işlər görürük. Hesab edirəm ki, azərbaycançılıq ideologiyası saxta erməni dövlətçiliyinə qarşı mübarizədən geri çəkilməyəcək. Bu ideologiyanın bu sahədə tarixi rolu böyükdür, indən sonra da olacaq".

   A.Zeynalov dedi ki, saxta erməni dövlətçiliyilə mübarizə azərbaycançılıq ideologiyasına xidmət edən gənclərin də əsas işinə çevrilməlidir.

  

  

İradə SARIYEVA

 

Bakı xəbər. – 2012. – 23 noyabr. – S. 12.