Müstəqillik dövrü azərbaycançılıq
ideologiyasına hansı yenilikləri gətirə bildi?
Dövlətimizi müstəqil,
ölkəmizi bağımsız edən, vətəndaşlarımızı
hürriyyətə qovuşduran Azərbaycan xalqının
böyük övladları olub. Onlar bu xalqın
düşüncəsinə, təfəkkürünə
müstəqil dövlət qurmaq istəyini toxum kimi səpib.
Babalarımız o ağıllı, müdrik şəxsiyyətlərdən öyrəniblər azərbaycançılıq ideologiyasının şərtlərini, ona sadiq olmağı. Şablon çıxsa da, deməliyik ki, Azərbaycan Respublikası bir əsrdə iki dəfə müstəqil dövlətə sahib olub. Azərbaycan Demokratik Respublikası körpə ikən beşiyində boğulsa da, onun ruhu, nəfəsi insanların ürəyinə girib yaşadı və bir gün ağıllı adamların rəhbərliyilə xalqımızı müstəqillik uğrunda mübarizəyə yenidən sövq etdi. 1991-ci il oktyabrın 18-də müstəqil dövlət olaraq elan edilən Azərbaycan Respublikası yenidən bir günəş kimi mavi səmalarda parıldadı. Bu dəfə Azərbaycanımız müstəqillik yolunda əbədi bir səfərə çıxdı. 20 ildən çoxdur ki, Azərbaycan Respublikası dünyada suveren dövlət olaraq tanınır və qəbul edilir. Dünyanın ən qabaqcıl, inkişaf yolunda olan dövlətləri ölkəmizlə əməkdaşlıq edir, ən böyük, strateji layihələrin həyata keçirilməsində Azərbaycanı özlərinə tərəfdaş seçir.
Bu 20 ildə Azərbaycan həddindən artıq inkişaf edib. Bəlkə də bir sıra nailiyyətlərə imza atmaq baxımından 50-60 illik müstəqillik tarixi olan bəzi dövlətləri də arxada qoyub. Müstəqil Azərbaycan dövləti sürətlə irəliləyir. Deyərdik ki, bu illərdə Azərbaycan Respublikasının dünya azərbaycanlılarına təqdim etdiyi ən böyük iş azərbaycançılıq ideologiyasını daha dolğun, əhatəli, məzmunlu, müasir səviyyədə yenidən işləyərək gündəmə gətirməsi oldu. Azərbaycançılıq ideologiyası inkişaf yolunda olan Azərbaycan Respublikasının ana xəttinə çevrildi.
Tarixçilər bildirir ki, müstəqillik dövrü azərbaycançılıq ideologiyasını daha da zənginləşdirərək onu mükəmməl bir mənəvi sənəd kimi meydana çıxardı. Azərbaycançılığın müstəqillik dövründə daha çox inkişaf etdiyini deyən tarixçilər hesab edir ki, tarixi əski dövrlərə dayanan azərbaycançılıq ideologiyası yenidən hazırlanarkən öz əzəli məramından, kökündən və təməl prinsiplərindən qoparılmayıb. Əksinə, öz təməlinə uyğun formada inkişaf yoluna çıxarılıb.
Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurulması azərbaycançılığı daha çox zənginləşdirdi və onun öz adı ilə təqdim edilməsinə böyük zəmin yaratdı: "Azərbaycançılıq bir ideologiya kimi çox uzaq zamanlarda formalaşıb. Azərbaycanda böyük ənənəsi olan bir sıra müstəqil dövlət olub. Həmin dövlətlərin də ana xəttini bu ideologiya təşkil edib. Sadəcə, adı başqa cür olub. Azərbaycan Demokratik Cumhuriyyəti (ADC) dövründə artıq azərbaycançılıq bir ideologiya kimi mövcud idi və dövlətin əsasında dururdu. Azərbaycan Demokratik Cumhuriyyətinin başçısı Məhəmməd Əmin Rəsulzadə azərbaycançılıq ideologiyasını işləyib hazırlayıb. Hətta o konsepsiyanı çap da etdirib. Amma onu tam olaraq həyata keçirmək bizə müstəqilliyin şirinliyini dadızdıran dahilərə nəsib olmayıb. Sovet dövründə də bu ideologiyanı yaşadanlar çox olub. İnsanların ürəyindəki azərbaycançılıq qığılcımı 1991-ci ildə alova çevrildi və dövlətimiz yenidən müstəqil oldu. Azərbaycanın dövlət müstəqilliyini qazandığı, müasir dünya ilə çoxşaxəli əlaqələr qurub inkişaf etdirdiyi bu dövrdə azərbaycançılığın iqtisadi, sosioloji və politoloji aspektləri diqqəti daha çox cəlb edir. Azərbaycançılığın bir ideologiya olaraq məqsədi bir sıra elmlərin nəticələrindən istifadə etməklə Azərbaycan və azərbaycanlılar haqqında elmi təsəvvür yaratmaq və onun dünyadakı universal mövqeyini müəyyənləşdirməkdir. Bu istiqamətdə ulu öndərimiz Heydər Əliyevin apardığı məqsədyönlü, uzaqgörən siyasəti tariximizin silinməz şanlı səhifələrinə və dövlətçilik ideologiyasının əsas bazasına çevrilib. Müxtəlif dövrlərdə görkəmli elm və mədəniyyət xadimlərimiz azərbaycançılıq ideyasını əsərlərində özgün tərzdə ifadə ediblər. Əsrin əvvəllərindən azərbaycançılıq ətrafında gedən ideya və fikir mübarizələrinə nəzər saldıqda aydın olur ki, azərbaycançılıq ideyasının təkamül prosesi çoxşaxəli və ziddiyyətli olub. Azərbaycan milli dövlətçilik hərəkatının qabaqcıl nümayəndələrinin və Xalq Cumhuriyyətinin qurucularının konsepsiyasına görə, müstəqillik ideyası ölkədə yaşayan bütün xalqların hüquq bərabərliyinin tanınmasına əsaslanırdı. Onun fəlsəfi əsası azərbaycançılıq, islamçılıq və müasirləşmə şüarından ibarət idi. Bu şüar Azərbaycan Xalq Cumhuriyyətinin rəsmi doktrinasını təşkil edirdi. Onun varisi olan müstəqil Azərbaycan Respublikasında da azərbaycançılığa xüsusi önəm verilir. Müstəqillik azərbaycançılığa çox şey verib. Birincisi, bir dövlət olaraq müstəqilliyimizi elan etməyimiz azərbaycançılığın inkişafına böyük təkan oldu. Digər bir məsələ isə, XX əsrin sonlarına qədər bir çox milli əhəmiyyətli problemlər kimi latın qrafikalı əlifba məsələsi də öz aktuallığını itirməyərək həllini gözləyirdi. Məsələni ümummilli liderimiz Heydər Əliyevin tarixi qətiyyəti həll etdi. Məlumdur ki, Heydər Əliyev latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi ilə bağlı 18 iyul 2001-ci il tarixli fərman imzalamaqla iki əsrə qədər uzun bir zaman ərzində həll olunmayan bu problemin aradan qaldırılmasında, həmişə olduğu kimi, qətiyyətli mövqeyini nümayiş etdirdi. Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı çox dəyərli bir hadisədir. Başqa tərəfdən də, latın qrafikalı əlifbaya keçid Heydər Əliyevin özünün dediyi kimi, "milliliyimizi, azərbaycançılığımızı göstərən çox mühüm bir amil kimi" qiymətləndirilməlidir. Dövlətimizin qurucusunun həmin ilin 9 avqustunda "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" növbəti fərmanı ilə 1 avqust günü əlifbamızın və dilimizin bayramı kimi rəsmiləşdirildi ki, bu da azərbaycançılığın yeni bir bayramı oldu. Azərbaycanın böyük tarixi şəxsiyyətlərinin hər biri azərbaycançılığı bir ideya olaraq görürdü. Heydər Əliyevin isə onlardan böyük fərqi ondan ibarət oldu ki, o, azərbaycançılığı dövlət ideologiyasına çevirdi. O deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir". Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi də çox böyük bir hadisə oldu. Bilirik ki, 1995-ci ilin 12 noyabrına qədər müstəqil Azərbaycan Respublikasının Ana Yasası yox idi. Konstitusiyamıza görə, hər bir Azərbaycan vətəndaşının hüquq və azadlıqları Azərbaycan dövləti tərəfindən qorunur. Doğrudan da bu gün Konstitusiyamızda əksini tapan bu məsələ yüksək səviyyədə özünü göstərir. Bizim ölkədə insan hüquq və azadlıqları aparıcı mövqeyə malikdir. Azərbaycanda insan haqlarının qorunması sahəsində aparılan islahatlar, görülən böyük işlər bu sahədə heç bir problemin olmadığını göstərir. Bu gün Azərbaycanda insan haqları dövlət səviyyəsində qorunur. Dövlətimiz bu sahədə bir sıra beynəlxalq konvensiyalara qoşulub. Hesab edirəm ki, götürdüyü öhdəliklərin də hamısını lazımi səviyyədə yerinə yetirir. Azərbaycançılığın təməlinə aid olan insanpərvərlik, sülhpərvərlik, insanlara hörmət etmək kimi məsələlər müstəqillik dövründə özünü daha əhatəli göstərir.
Azərbaycançılıq ideologiyasına müstəqilliyimizin bəxş etdiyi diqqətçəkən məsələlərdən biri də ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılması olub". Həyat Məhərrəmovanın sözlərinə görə, Azərbaycanın müstəqillik dövrü azərbaycançılığın hümanist bir ideologiya, dövlətçilik konsepsiyası olduğunu meydana çıxardı. Tarixçinin dediyinə görə, ölkə vətəndaşı olan qeyri-millətlərin də hüquq və azadlıqlarının qorunmasında, onların mədəniyyətinin, dilinin inkişaf etdirilməsində azərbaycançılığın müstəqil Azərbaycanın azərbaycançılıq ideologiyasının inkişafına töhfəsidir: "Müstəqil Azərbaycanın dövlət atributları, rəmzləri var. Bayraq, gerb, himn bizim böyük nailiyyətimizdir. Çox zaman azərbaycançılıq ideologiyası deyiləndə onları xatırlayırıq. Azərbaycan çoxmillətli, çoxdinli bir ölkədir. Dünən olduğu kimi, bu gün azərbaycançılıq ideologiyasının içində bu müxtəliflikliyə böyük dəyər verilir. Azərbaycançılıq ideologiyasının verdiyi imkanlar sayəsində dinlər və millətlərarası sülhə, bərabərliyə, mükəmməl əlaqələrə nail olduq. 20 ildir ki, Azərbaycan dövləti bu ideologiyanın zənginləşdirilməsi sahəsində işlər görür. Bundan başqa, biz tariximizin, milli yaddaşımızın öyrənilməsi baxımından çox işlərə şahidlik edirik. Tariximiz azərbaycançılıq prinsiplərinə uyğun səviyyədə öyrənilir. Tarixi-mədəni irsimizin dövlət səviyyəsində qorunması istiqamətində böyük işlər görülür. Azərbaycan dövlətinin YUNESKO kimi böyük mədəniyyət təşkilatına üzv seçilməsi, qədim tikililərimizdən tutmuş musiqi alətlərimizə qədər YUNESKO-ya salınması böyük işdir. Bakının gözü sayılan İçəri Şəhər, onun qoynunda məskən salan Qız Qalası, Qobustan tarix, mədəniyyət qoruğu, muğam və aşıq sənəti, milli bayramımız Novruz bayramı artıq YUNESKO-nun qorunan maddi və qeyri-maddi irs siyahısına salınıb. Azərbaycan xalçalarının da həmin siyahıya salınması bizim ən böyük nailiyyətlərimizdən biri sayılır.
Bütün bunlar müstəqillik dövrünün azərbaycançılığa qazandırdığı uğurlar deyilmi? Tarixi irsimizin həm Azərbaycan dövləti, həm də YUNESKO tərəfindən çox ciddi şəkildə qorunması azərbaycançılığa verilən dəyərdən qaynaqlanmırmı?" H.Məhərrəmova həmçinin hesab edir ki, xaricdə yaşayan soydaşlarımızla bağlı xüsusi qanunun olması, Azərbaycan Respublikasının bütün dünya azərbaycanlılarının Vətəni elan edilməsi azərbaycançılığa hörmətdən, bağlılıqdan qaynaqlanır. Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalan azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri var. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən-müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim əzmlə səy göstərib, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib. Bir-iki kəlmə də "Heydər Əliyev" ordeninin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanunundan danışmaq istəyirəm.
Qanuna görə bu orden bir neçə sahədə əməyi, zəhməti olan şəxslərə verilə bilər. Bu kateqoriyaya azərbaycançılıq ideologiyasının təbliğində rolu olanlar da daxildir.
Sənədin 3.2. maddəsində bildirilir ki, bu orden azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə müxtəlif şəxslərə verilir. Bu da ona dəlalət edir ki, müstəqilliyimizin təməlini azərbaycançılıq ideologiyası təşkil edir. Müstəqillik dövrü azərbaycançılığa, azərbaycançılıq isə dövlət müstəqilliyimizə bağlıdır".
İradə
SARIYEVA
Bakı xəbər. -2012. -24 noyabr. – S. 12.