Bakı gerblərinin azərbaycançılıq tarixində yeri...

 

   Odlar diyarının köksündə yanan bir ocaqdır Bakı. Deyirlər ki, atəşpərəstlik çağlarında onların tapındığı, səcdə etdiyi od məbədləri daha çox Bakıda və onun ətraf kəndlərində, ərazilərində yerləşib. Təbii qaz və neftlə zəngin olan bu qədim şəhər öz qeyri-adiliyilə maraq doğurur.

   Burada tarixən odgahlar olub. Bundan başqa, qala və istehkamların üzərində məşəl yandırılıb. Məşəlin yandırılması bir tərəfdən atəşpərəst ulularımızın inancı, başqa bir tərəfdən isə Bakının neft və qaz məskəni olmasına bir işarə olub. Bakı ölkəmizin paytaxtı olana qədər də həm öz zəngin tarixi, həm gözəlliyi, həm də digər keyfiyyətlərinə görə diqqət mərkəzində olub. Şəhərimizin Xəzər dənizi sahillərində yerləşməsi onun tarixi rolunu həddindən artıq artırır.

   Azərbaycançılıq ideologiyasının formalaşmasında, geniş yayılmasında Bakının əhəmiyyətli rolu danılmazdır. Bundan başqa, Bakının həm qədim, həm də müasir simvol və atributları da azərbaycançılıq ideologiyasının zənginləşməsinə xidmət edib. Tarixi mənbələrdə Bakü, Badi-Kübə və başqa adlarla xatırlanan şəhərimizdə XVIII əsrdə möhtəşəm Bakı xanlığı yaradılıb. Məlumdur ki, həmin dövrdə Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar yaradılıb. Onlardan da biri Bakı xanlığıdır.

   Tarixçi alimlərin bildirdiyinə görə, Bakı xanlığına 1747-1768-ci illərdə Mirzə Məhəmməd xan rəhbərlik edib. Tarixçi Təzəgül Yusifovanın sözlərinə görə, hakimiyyətdə olduğu 20 il ərzində Mirzə Məhəmməd xan ölkənin iqtisadiyyatının bərpası ilə məşğul oluö, ticarətin, mədəniyyətin inkişafına şərait yaradıb. T.Yusifovanın dediyinə görə, Bakı xanlığının bayrağı və xanlıqdan sonra yaradılan Bakı Quberniyasının gerbi azərbaycançılığa xas çalarları özündə əks etdirib: "On səkkizinci əsrdə yaranan Bakı xanlığının bayrağında həm Azərbaycan xalqının milli dünyagörüşünə, həm də islam dininə aid çalarlar var. Bütün xanlıqlarımız kimi, Bakı xanlığının da fəaliyyətində milli və dini amillər öndə olub. Bu dövrdə azərbaycançılıq islam əhval-ruhiyyəsinə yaxın bir şəkildə təqdim edilib. Bu da, təbii, xanlığın dinə bağlılığından irəli gələn müsbət bir hal olub. Bakı xanlığının bayrağı bir əl işini xatırladır. Məlumatlara görə, Bakı xanlığının bayrağı 220 x 122 sm ölçüdə olub. Dördküncdür. Onun dörd parçası açıq moruğu qumaşdan və bir parçası isə açıq xaradan əl ilə tikilib. Uzununa yerləşdirilən, eni 31 sm olan yaşıl parça ona möhkəm tikilən, eni 6 sm olan qırmızı atlas köbə vasitəsilə bayraq ağacına taxılıb. Yaşıl parçanın üstündə xırda nəbati naxışlı üç zolaq var. Birinci zolaqda yan-yana baş-ayaq yerləşdirilən, biri tünd, o biri açıq yaşıl rəngli zanbağa oxşar butaların içində altıləçəkli güllər və şişuclu, dalğavari yarpağa oxşar naxışlar salınıb. Daha enli ikinci zolağın içində ucları birləşdirilən, biri tünd, o biri isə yaşıl rəngli iki aypara çəkilib. Bu ayparaların və onların birləşməsindən yaranan çevrənin içində altı və səkkizləçəkli güllər tikilib. Ayparalarla zolağın arasında içərisinə tünd yaşıl saplarla xallar vurulub, butavari yarpaqlardan yaradılan ornament salınıb. Bütün gül və naxışların üzərində artıq solmuş güləbətin saplarının izləri qalıb. Yaşıl parçaya yaxın yuxarı sol hissədə yerləşən parçanın üstündə tünd moruğu konturlu ucları birləşdirilən üç aypara təsvir edilib. Birinci ən böyük ayparanın içində ortadan başlayaraq əks istiqamətlərdə tünd moruğu saplarla iki sünbül çəkilib. Nisbətən enli yaşıl yerlikli orta ayparanın içində tünd moruğu saplarla iki sünbül çəkilib. Nisbətən enli yaşıl yerlikli ayparanın içində tünd moruğu saplarla ərəb dilində "Ya Məhəmməd, möminləri müjdələ" və "Allahdan kömək və yaxın qələbə" sözləri yazılıb. Digər ayparanın uclarının birləşməsindən əmələ gələn çevrənin içində yaşıl fonda tünd moruğu saplarla ərəb dilində "Allah kömək edəndir və Allah qoruyandır" sözləri yazılıb. Uzunsov səkkizləçəkli gül formasında olan aşağı hissəsi ərəb qrafikası elementləri "bismillah" və ya "Bakuyə"ni xatırladan mürəkkəb naxışlarla örtülüb.

   Rusiya imperiyası 1806-cı ildə Bakı xanlığını işğal etdikdən sonra xanlıq üsuli-idarəsini ləğv edib, onu əyalətə çevirdi. 1859-cu ildə yaradılan Bakı quberniyasının milli çalarları özündə ehtiva edən gerbi olub. Bu gerblə müasir Bakının gerbi arasında bir çox oxşarlıqlar, bənzərliklər var. Bakının o dövrdə olan gerbinin ortasında indiki gerbdə olduğu kimi dalğalar, dalğalar üzərində isə alov nişanələri olub. O gerbin ətrafında müxtəlif elementlər və başında tacvari bir təsvir olsa da, hazırkı gerbimiz nisbətən sadə quruluşa malikdir. Sözsüz ki, Bakı Quberniyası və ondan sonrakı illərə qədər olan gerbin simvolikasını araşdırsaq, orada Çar Rusiyasının izlərini də görə bilərik. Bu az da olsa var, amma geniş mənada həmin gerbdə millilik özünü göstərir. Bakının neft diyarı və Odlar Yurdunun ürəyi olması o gerbin də simasında yaşayır".

   Bakı məktəblərindən birində tarix müəllimi işləyən Ağasəf Zeynalovun sözlərinə görə isə, Bakının hazırkı gerbinin meydana çıxması keçən əsrin 60-cı illərinin sonlarına təsadüf edir. A.Zeynalovun bildirdiyinə görə, Azərbaycanın vətənpərvər övladlarının təşəbbüsü ilə araya-ərsəyə gələn gerbimiz bir azərbaycançılıq nümunəsi kimi tarixdə yaşayacaq: "Bakı köhnə zamanlardan göz qabağında olan şəhər olub. XX əsrdə isə Bakı daha da inkişaf etdi. Keçən əsrin 60-cı illəri yalnız bizim xalqın deyil, Sovet İttifaqı məkanında yaşayan başqa xalqların həyatında da müxtəlif əlamətdar hadisələrlə yadda qalıb. O vaxt Bakıda yaşayan mütərəqqi, millətsevər ziyalılar, qələm adamları Bakının gerbinin yaradılması ilə bağlı müəyyən fikirlər səsləndirib. 1967-ci ilin 14 aprel tarixində Azərbaycan paytaxtının rəsmi gerbi qəbul edilib. Bu gerb qalxanın üzərində həkk edilən üç alov və onların altında həkk edilən dəniz dalğalarının təsvirindən ibarətdir. Bakının indiki gerbi Azərbaycanın Çar Rusiyası tərkibində olduğu vaxtlarda yaradılan Bakı Quberniyasının və Bakı şəhərinin gerbindən yalnız çar tacının olması ilə və müəyyən başqa kiçik elementlərlə fərqlənir. Bu gerbdə azərbaycançılıq elementləri çoxdur. Azərbaycançılıq elementlərinin yaşadığı bu gerbi mən yaxşı bir gerb sayıram. Bəziləri hesab edir ki, onun bir az da zəngin olmasına ehtiyac var".

   Tarixçilərin bildirdiyinə görə, gerbin fonu açıq göy rəngdədir. Bu isə sülh və açıq səma mənasını verir. Lövhənin fonunda qızılı rəngli, eyni ölçülü üç alov dili isə odlar yurdunun rəmzidir. Alov dilinin hər birinin hündürlüyü 37 mm, eni 26 mm-dir. Gerbin aşağı hissəsində şaquli xətt üzrə lövhənin onda bir hissəsini tutan və neftin mövcud olmasını bildirən qara rəngli sahə, qalan hissənin isə dörddə birini tutan firuzəyi rəngdə dəniz dalğaları təsvir edilib. Üfüqi xətt üzrə firuzəyi rəng fonunda üç cərgə qızılı rəngli beş dalğa keçir. Üfüqi xətt boyunca hər dalğanın ölçüsü 17,6 mm-dir. Binalar və abidələr üzərində gerb qabarıq (barelyef) şəkildə lövhənin aşağısında dalğalar və ortasında 3 alov dili olmaqla təsvir edilərək çərçivə ilə haşiyələnir. Gerb medallarda və fəxri fərmanlarda təsvir edilərkən, o, aşağıdan başlayaraq sağdan və soldan şöhrət rəmzi olan zeytun budaqları ilə haşiyələnir. Budaqlar aşağı hissədə çarpazlanır.

   Qeyd edək ki, medallarda və fəxri fərmanlarda, habelə gerb təsvir olunan digər sənəd və əşyalarda bütün nisbətlər saxlanır, təsvirin miqyası isə tələbatdan asılı olaraq müəyyən edilir.

   Gerbimizin tarixilə bağlı fikir bildirən tədqiqatçı Fikrət Nağıyev mətbuatda dərc etdirdiyi məqaləsində göstərir ki, Azərbaycan şəhərlərinin ilk gerbləri 1843-cü ildən yaradılmağa başlanıb: "Bakının 1843-cü ildə qəbul edilən gerbinin yuxarı hissəsində də qızıl sahədə Xəzər vilayəti gerbinin bir hissəsi, mavi sahəsi olan aşağıda soldan dəvə və onun ətrafında zəfəran kolları, sağda isə torpağa sancılmış lövbər təsvir edilib. 1883-cü ildə isə Bakının gerbi dəyişdirildi və qalxan üzərində qara fonda qızıl rəngdə üç alov işarəsi əksini tapdı. Əslində üç alov ideyası artıq 1843-cü ilin gerbində var idi. Lakin demək lazımdır ki, bu gerbin əsasını 1878-ci ildə Bakı Quberniyası üçün yaradılan gerb təşkil edirdi. Həmin gerbdə Rusiya imperatorunun qızılı tacı həkk olunurdu. Bakı şəhərinin öz gerbinə gəlincə isə, bu gerbdə sadəcə çar tacı şəhər divarları şəklində stilizə edilib".

   Fikrət Nağıyevin yazdığına görə, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə, digər müttəfiq respublikaların heraldikasında olduğu kimi, Azərbaycan heraldikasında da bütün simvollar dəyişdirildi. Eləcə də ölkənin şəhər və rayon gerbləri ləğv olundu. Bakının 1883-cü ildə yaradılan gerbi isə bəzi dəyişikliklər edilməklə 1967-ci il aprelin 14-də qəbul edildi və ən nəhayət, 1975-ci ildə həmin gerbə yeni əlavələr olundu. Gerbin öz forması da maraqlıdır. Çünki heraldikanın qaydalarına görə, dövləti və hakimiyyəti əks etdirən gerblərin əksəriyyətində qalxan əsas komponent sayılır. Bu mənada Bakının gerbi qalxanın formasına görə rus heraldikasının əsas elementini özündə saxlayır. Maraqlıdır ki, Azərbaycanın Dövlət Gerbi də 1991-ci ildə dəyişdirilənədək rus qalxanı formasında idi.

   Halbuki, artıq sovet hakimiyyəti illərində Gürcüstan SSR və Ermənistan SSR öz gerblərində məhz Qafqaza xas girdə qalxanları qoruyub saxlayırdı. Qəribədir ki, həm Gürcüstan, həm də Ermənistanın sovet illərindəki gerbləri heraldikanın qaydalarına daha uyğun idi"

   Bakının bir çox tarixi tikililərinin, o cümlədən də Bakı Şəhər İcra Hakimiyyəti binasının fasadını Bakı şəhərinin gerbi bəzəyir. Bugünədək qorunub saxlanılan gerbin ortasında mavi dalğaların üstündə ulu babalarımızın sitayiş etdiyi və Azərbaycanı odlar diyarı kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub

   Folklorşünas Günay Ağamalıyevanın sözlərinə görə, istər Bakı xanlığının, istər Çar Rusiyası dövründəki Bakının, istərsə də sovet dövrü və hazırkı dövrün Bakısının gerbində təsvir olunan bütün elementlərin əsasını azərbaycançılıq elementləri təşkil edir. Gənc folklorşünas hesab edir ki, şəhərimizin ayrı-ayrı yerlərində Bakının müxtəlif dövründə mövcud olan gerblərin və bayraqların təsvirləri verilməlidir: "Azərbaycan dövlətlərinə, xanlıqlarına, quberniyalarına aid olan bayraqların, gerblərin və digər rəmzlərin bir-birilə tarixi əlaqəsi var. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı ənənələrə bağlı xalqdır. Ənənələr üzərində qurulan bütün gözəl nümunələr əbədiyaşardır. Şəhərimizin özü od mənbəyidir. Bakının Suraxanı kəndindəki Atəşgah məbədi öz möhtəşəmliyini yenə də qoruyur. Qədimdən Azərbaycan torpağı bütün aləmdə Odlar Yurdu kimi tanınıb. Bu gün də öz şöhrətini qoruyub saxlamaqdadır. Bakının müasir gerbində odumuz, neftimiz, sülhpərvərliyimiz özünü göstərir. Başlıca olaraq isə, azərbaycançılıq gerbimizin əsas qayəsidir. Yeri gəlmişkən, bir sıra mühüm yerlərdə Bakının gerbi əks olunub. Elə sizin qəzetin üzərində də Bakının gerbi var. Hesab edirəm ki, Bakının gerbi olduğu kimi, himni də bayrağı da olmalıdır. Bu çox yaxşı olardı. Azərbaycançılığın qərar tutduğu məfhumlardan biri olan Bakı şəhərinin gerbi bizim fəxrimizdir".

 

  

İradə SARIYEVA

 

Bakı xəbər. – 2012. - 27 noyabr. – S. 14.