İtmiş bəxt üzüyü və tapılmış talelər

 

  "Bəxt üzüyü"-20

 

  Azərbaycan türkcəsində bəxt, tale, həmişə müqəddəs anlayışlar kimi səslənib. Axtarsan bir çox bayatılarımız, atalar sözləri bəxtim, taleyim sözləri ilə ya başlayır, ya tamamlanır. Məsələn, F.Bekona görə, "insanın bəxti də, taleyiöz əlindədir", P.Buast isə yazır ki, "tale güclünü də, gücsüzü də, eyni dərəcədə əzir, intəhası, palıd ağacı gurultu ilə, çör-çöp isə səssizcə yıxılır".   

   Ezopun fikrincə isə "bəxti gətirənə paxıllıq etmə, onunla birgə sevin, o zaman onun uğuru sənin də uğurun olacaq; paxıllıq etsən, bəxtin həmişəlik bağlanacaq". Bizim inanc yerimiz olan, ana kitabımız "Kitabi-Dədə Qorqud"da isə deyilir: "Əzəldən yazılmasa, qul başına qəza gəlməz".  

   Mətləbdən uzaqlaşmadan fikrimi Azərbaycan kino tarixində özünəməxsus yeri olan "Bəxt üzüyü" filminə yönəltmək istəyirəm. Yaranma tarixi 1898-ci ilə təsadüf edən Azərbaycan kinosu bu günə qədər bir çox sənət nümunələri yaratdı. Ancaq bu sənət nümunələrinin heç də hamısı uğur qazanmadı. Kino tariximizi vərəqləyərkən görürük ki, "Bəxt üzüyü" uğur qazanan filmlər siyahısındadır.   

   "Bəxt üzüyü" XX əsr Azərbaycan poeziyasını öz fəlsəfi intelektual şeirləri ilə tamamlayan Vaqif Səmədoğlunun dramaturgiya sahəsində yaratdığı uğurlu əsərlərindən biridir. Bildiyimiz kimi filmin ekran variantı yaranmamışdan əvvəl onun səhnə variantı qiymətləndirilmişdir. V.Səmədoğlunun bu komik pyesini ilk dəfə Şəki Dövlət Dram teatrında çalışan istedadlı rejissor Hüseynağa Atakişiyev səhnələşdirmiş, sonra Sumqayıt Dövlət Teatrı bu pyesi tamaşaçılara təqdim etmişdir. Hüseynağa Atakişiyevin quruluşunda hazırlanan tamaşaya baxmasaq da, Sumqayıt teatrının uğurlu səhnə təcəssümünün şahidiyik. Teatrda tamaşaçı rəğbəti qazanmış bu əsərin ekran variantını əbədiləşdirmək isə 1987-ci ildən rejissorluq fəaliyyətinə başlamış istedadlı rejissor Ramiz Əzizbəylinin "bəxt"inə düşdü. 1961-ci ildən aktyor kimi fəaliyyət göstərən Ramiz Əzizbəyli mindən çox filmlərin dublyajında iştirak etmiş, 50-dən artıq filmin mətnini rus dilindən azərbaycan dilinə çevirmişdir. "Mozalan" satirik kinojurnalının yüzə yaxın sayında, həm aktyor, həm də rejissor kimi çalışan Ramiz Əzizbəylinin ilk quruluş verdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi 1988-ci ildə Kiyevdə keçirilən "Gənc kinematoqrafçıların XIX Beynəlxalq kinofestivalında ən yaxşı rejissor işinə görə mükafata layiq görülmüşdür.  

   1991-ci ildə rejissoru olduğu "Bəxt üzüyü" filminin kino tamaşaçıları tərəfindən rəğbətlə qarşılanması, geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi, onu bir daha tamaşaçılara sevdirdi. Həm mənəvi əxlaqi problemləri, həm də sovet dövrünün ifliclərini qəribə bir aydınlıqla ekrana gətirən rejissor azərbaycan ailəsində bəxt üzüyünün rəmzi timsalında cəmiyyətin çürüklüyünü açıb göstərə bildi. Mənəvi deformasiyanın zirvəsi nə əxlaqında nöqsanlar olan milis rəisi (Cahangir Novruzov), nə qeyrət rəmzi olan papağının uçub getməsinə əhəmiyyət verməyən Rasim (Rafael Dadaşov), nə aşıqlığı və yazdığı şeirlərə qafiyə axtaran Moşunun (Valeh Kərimov) müdrik fikirləri, nə də müharibə veteranı Tanrıverdi dayının (Nəsir Sadıqzadə) medallarıdır. Əsl deformasiya Tanrıverdi dayının nəvələrinin cəmiyyətə və insanlara ifrat laqeydliyidir.  

   Onu da qeyd edək ki, filmdə ssenari hazırlığı prosesində bir çox əlavələr olub ki, bu əlavələr də rejissorun improvizə bacarığıdır.  

   Ramiz Əzizbəylinin dediklərindən: "Əvvəla onu da qeyd edim ki, əsərdə konkret olaraq baş qəhrəman obrazı yoxdur. Filmdə gördüyümüz yeddi personajın yeddisi də əsas qəhrəman səviyyəsindədir. Yəni filmdə böyük yaxud da kiçik rol yoxdur. Bütün rollar əsasdır, çünki hərəsi bir taleyin açarıdır".  

   Azərbaycan kinosunda ilk dəfə məhz bu filmdə xoşbəxtlik rəmzi olan bəxt üzüyü sovet cəmiyyətinin insana bəxş etdiyi-dar pəncərə, təxminən həbsxana pəncərəsi kimi təqdim olunur. O, pəncərədən baxanlar hamısı əslində başmağını dənizin kənarında qoyub intihar edənlərin simvoludur. Bəxt üzüyü sosial psixoloji dramdır. Bu dramanın mərkəzində çarpazlaşan ailələrin taleləri ön plandadır. Bu komediya deyil, bu sovet cəmiyyətinin sosial deformasiyaları haqqında tragikomediyadır. Filmin pioner düşərgəsindəki maraqlı bir epizodu yada salaq. Aydındır ki, 1990-cı illər siyasi baxımdan ölkədə darmadağın illər idi. "Pioner düşərgəsində pionerlərin boğazında qırmızı qalstuk yoxdur. Yalnız bir qızın boğazında pioner qalstuku var. Dəstə rəhbəri ona yaxınlaşaraq "ay qız, camaat portbiletini tullayıt e, ölkə dağılır, atan nöş sənə qalstuk bağlatdırıb, ay "zastoy" qızı "zastoy" deyir. Elə ki, dəstə rəhbəri qızın boynundan qalstuku açır, bu zaman SSRİ-nin bayrağı xüsusi marş sədaları altında yuxarı qaldırılır və elə həmin məqamdan da marş şeypurunda çalınan "Hopstop" musiqi rəqsi ilə əvəz edilir". Bu əslində lağlağı mənasında anlaşılır. Bu film sadə, sadə olduğu qədər də mürəkkəb mənalar kəsb edən, hikmətli bir ekran əsəridir. Əslində heç bir maddi dəyəri olmayan bəxt üzüyünün itməsi sovet cəmiyyətində insan mənəviyyatının məhvi haqqında bir elegiyadır.   

   Filmdə çox gözəl bir aktyor ansamblı var. Deyirlər ki, aktyorun inkişafı üçün 3 amil əsasdır.  

   1. Fitri istedad  

   2. Bu istedadın imkanlarını vaxtında duyub qiymətləndirən, istiqamətləndirən rejissor  

   3. Ədəbi material.  

   "Bəxt üzüyü" filminin bəxti bu üç amildə gətirib. Bəlkə elə bu şanslı filmin yaradıcı heyətində olan fitri istedada malik aktyorlar-xalq artisti Afaq Bəşirqızı (Söylü), xalqın artisti amma əməkdar artist Gülşad Baxşiyeva, xalq artisti Valeh Kərimov, xalq artisti Rafael Dadaşov, misilsiz pedaqoq Nəsir Sadıqzadə, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyova başqalarının əsrarəngiz oyunu, bu oyunu istiqamətləndirən rejissor Ramiz Əzizbəyli üslubu kökündə böyük mətləblər olan ədəbi materialın müəllifi Vaqif Səmədoğlu tandemi filmin uğurlu həllinə gətirib çıxardı.   

   Filmdə Moşu Göyəzənli (Valeh Kərimov) ironik şair obrazının rəmzi, Sara (Gülşad Baxşiyeva) ailə dayaqlarının çökməsinin qarşısını alan fədakar qadın obrazının ifadəçisi, Rasim (Rafael Dadaşov) əxlaqın iflasa uğramasının tərənnümçüsü, Tanrıverdi dayı sovet ideallarının mənasızlığının bədii ifadəçisi, Söylü (Afaq Bəşirqızı) sovet dövrünə xas olan saxta ailə münasibətlərinin hiperbolik obrazlarıdır. Söylü adi hərəkətləri ilə tamaşaçıya böyük həqiqətlər aşılayır. O puç cəmiyyətin qarşısında duran, əsası olmayan divara bənzəyir. Əslində hamı ondan qorxur. Onun qorxu hədəfi isə şair Moşu Göyəzənlidir. Biz buna qorxudan çox ifşa olunmamış sevgi deyərdik. Hər halda polisin qarşısında Moşu Göyəzənlinin papağı uçmur. Şair Moşunun ailəsi heç öz aftafasını da bu cəmiyyətə etibar etmir. Bu simvol filmdə gülüşü qrotesk həddinə çatdırır.    

   Qarşımda üç mətn var. Dram, teatr kino mətnləri. Hər üçünün müəllifi Vaqif Səmədoğludur. Mühakimə yürütmək çətindir, hansı mətn daha güclüdür? Amma belə deyə bilərik: "Bəxt üzüyü" dram kimi semantik, tamaşa kimi fəlsəfi-intelektual, film kimi semiotik baxımdan güclüdür. Birincisi müəllifin, ikincisi teatr rejissorunun, üçüncüsü isə kinorejissorun nailiyyətidir. Əsas budur ki, bu tragikomediya hər üç prizmada özünü doğruldur!

Zülfiyyə Eldarqızı Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

 

Eldarqızı  Zülfiyyə

 

Bakı xəbər.- 2012.- 12-14 oktyabr.- S.14.