Qərbi Azərbaycanın
mədəniyyət tarixində azərbaycançılıq
ideologiyası...
Uzun illərdir
ki, teatr mənəviyyatımızın keşiyində duran
bir məbəddir. Azərbaycançılıq
ideologiyasının ilk rüşeymlərinin yaranmasında
xalq-meydan teatrı oyunçularının əməyi az
olmayıb. Meydan tamaşalarında xalqın tarixinə, bayram
və mərasimlərə həsr edilən tamaşalar
oynanılıb.
Azərbaycanda
peşəkar teatrın yaranması isə
xalqımızın tarixinə, mənəviyyatına, mədəniyyətinə
mükəmməl baxış sistemi formalaşdırdı. Azərbaycan
milli teatrı yalnız insanların estetik-bədii
zövqünü formalaşdırmadı, eyni zamanda, xalqı
maarifləndirmək, milli məfkurəni yaymaq vəzifəsini
çiyinlərinə götürdü. Teatr tariximiz sübut
edir ki, Azərbaycan teatrları həm də azərbaycançılıq
ideologiyasının təmərküzləşdiyi, yayıldığı
bir məkan olub. Milli teatrımızın əsasını
qoyan şəxsiyyətlər özləri xalqın
işıqlı ziyalıları olmaqla yanaşı, həm də
böyük Azərbaycançılar idi. O şəxsiyyətlər
həyatı və fəaliyyəti boyu azərbaycançılıq
ideologiyasına xidmət edib. Mirzə Fətəli Axunzadə
də, Həsən bəy Zərdabi də, Nəcəf bəy
Vəzirov da öz əsərləri və əməllərilə
azərbaycançılar, milli ideologiya təəssübkeşləri
idilər.
1873-cü il martın 10-da (köhnə stillə 22-də)
Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun
təşəbbüsü və iştirakı ilə
Bakıda ilk tamaşa - Mirzə Fətəli Axundzadənin
"Lənkəran xanın vəziri" komediyası
realnı məktəbin şagirdləri tərəfindən
göstərilib. Azərbaycan mədəniyyəti tarixində
əbədi yadda qalan bir hadisəyə çevrilən ilk
tamaşa milli ideologiyamızın dəyərli komponentlərindən
biridir. Teatrlarda çalışan şəxsiyyətlər
bir azərbaycançı kimi
də özlərini göstərirdilər.
Azərbaycanda
teatr ənənələrinin tarixinin keçmişdən
başlandığını qeyd etdik. Bizim milli
teatrlarımız yalnız Bakıda fəaliyyət göstərmirdi,
Gürcüstanın Tiflis, Azərbaycanın İrəvan kimi
qədim şəhərlərində də klassik ənənələrə,
milli ideologiyaya söykənən teatrlarımız olub. Cəfər
Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı azərbaycançılıq
ideologiyasının formalaşmasında müstəsna xidmətləri
olan bir ocaqdır. İrəvanın qədim, milli bir Azərbaycan
şəhəri olduğunu həm bu şəhərin tarixini
öyrənənlər, həm buradakı tikililərin əskiliyi
və ululuğu sübut edir. Bu gün təəssüflər
olsun ki, İrəvan şəhəri Qərbi Azərbaycanın
digər şəhər və qəsəbələri,
yaşayış məskənləri kimi erməni tapdağındadır.
Amma buna baxmayaraq o, öz simasını erməni nəfəsindən
mümkün qədər qoruya bilir. Qərbi Azərbaycanın
soydaşlarımızın tarixi yaşayış məskəni,
dədə-baba yurdu olması gün kimi ermənilərə bəlli
olsa da, bu toplumun xislətində olan xəbislik, tamahkarlıq,
özgə malına və torpağına hərislik Qərbi
Azərbaycanın əzəli sakinləri olan azərbaycanlıları
bu yerlərdən didərgin salıb. Onlar XX əsrdə bir
neçə dəfə deportasiyaya məruz qalıb. Ermənilər
öz havadarlarının gücündən və özlərinin
məkrindən istifadə edərək
soydaşlarımızı didərgin saldılar. Azərbaycanlılar
tarixi vətənlərində özlərindən sonra həm
böyük bir iz qoyub, həm də böyük bir tarix
yaradıb. Qərbi Azərbaycanda azərbaycançılığın
izlərini özündə saxlayan minlərlə abidə,
toponim, qədim tikili, məkan və s. adları
yaşayır. Ermənilər o adları saxtalaşdırsalar
da, istədiklərinə tam şəkildə nail ola bilmir.
Çünki o abidələr, bizə aid olan nə varsa,
hamısının canında bir Azərbaycan nəfəsi
yaşayır. O şeylərin ki, şəklini dəyişdirə
bildilər, ruhunu, daxilini dəyişdirə bilmədilər.
Azərbaycanlılar
bir neçə dəfə öz yurdlarından qaçaq
düşdülər, amma orada öz yadigar izlərini əmanət
qoydular. Qərbi Azərbaycanda xalıqımızın mənəviyyatı,
mədəniyyətilə bağlı çox şeylər
var. Şəhərlər, mahallar, kəndlər azərbaycançılığın
ünvanları kimi tarixdə yerini tutub. Burada
xalçaçılıq, aşıq sənəti, xalq sənətinin
müxtəlif növləri yüksək səviyyədə
inkişaf edib. Milli xalq sənətimizin,
teatrımızın, mətbuatımızın, ədəbiyyatımızın
yükünü məsuliyyətlə alıb aparan azərbaycançıların
sırasında qərbi azərbaycanlılar az deyil.
Qərbi
Azərbaycanın baş kəndi hesab edilən İrəvan
şəhəri bir Azərbaycan mərkəzi kimi mövcud
olub. Tədqiqatçıların verdiyi bilgiyə görə,
azərbaycanlıların sıx yaşadığı bu
şəhərin sakinlərinin əsas tərkibi azərbaycanlılardan
ibarət olub. Burada Azərbaycan mədəniyyəti
çoxşaxəli formada inkişaf edib. Teatr, ədəbiyyat,
mətbuat irəvanlıların həyatının bir
parçasına çevrilib. Qərbi Azərbaycan ərazisi
böyük olduğu üçün bu ərazilər haqda
ayrı-ayrılıqda yazacağıq. Bu dəfə İrəvan
Azərbaycan Teatrından və onun azərbaycançılıq
ideologiyasının formalaşmasında oynadığı
misilsiz roldan danışacağıq.
Məşhur
teatr bilicisi, əməkdar incəsənət xadimi, professor
İlham Rəhimlinin və sənətşünaslıq namizədi,
əməkdar mədəniyyət işçisi İsrafil Məmmədovun
ayrı-ayrılıqda apardıqları elmi
araşdırmalardan məlum olur ki, İrəvan şəhərində
Məşədi İsmayıl və Nəzminin (Vasaq Mədətov)
Azərbaycan dilində qələmə aldığı
"Tamahkarlıq düşmən qazanar" adlı vodevili əsasında
hazırlanan tamaşa ilk dəfə 1882-ci il fevral
ayının 27-də oynanılıb. Kasıb tələbələrə
kömək məqsədi ilə ikinci dəfə oynanılan
elə həmin tamaşanın tarixi 1882-ci il, aprel
ayının 2-nə təsadüf edir. İrəvan Dram
Teatrının bir azərbaycançılıq məktəbi
olduğunu deyən teatr tənqidçiləri hesab edir ki,
teatr yarandığı gündən bu sahədə
böyük işlər görüb. İrəvan Teatrı
hazırda Bakıda fəaliyyətini davam etdirir. 1988-ci il
deportasiyasından sonra teatr Bakıya pənah gətirib. Teatr keçmişdən miras qalan azərbaycançılıq
ideologiyasına bu gün
də xidmət edir. Teatrın direktoru İftixar Piriyevin sözlərinə görə, bu teatr özündə böyük tarix
yaşadır, simasında böyük Azərbaycan
sənətkarlarının adını yaşadır. İ.Piriyevin
sözlərinə görə, bu
teatrın əzmkar və keçməkeşli tarixi, onun böyük
yaradıcılıq qüdrəti ilə zəngin
repertuarı diqqəti cəlb edir:
"İrəvan Teatrının tarixinə nəzər salarkən
daha doğru olar ki, öncə bu teatrın qibləgahı hesab
olunan İrəvan
Xanlığının özünün
tarixinə diqqət yetirək.
Tarixi mənbələr
göstərir ki, türk tayfalarının ilkin
yaşayış məkanı olan İrəvan şəhəri
altı yüz il bundan əvvəl Çuxursəəd bəylərbəyliyində
Əmir Səəd, Qara Yusif, Pirbudaq, Pirhüseyn, Yaqub bəy
kimi azərbaycanlı türk oğulları tərəfindən
hasara alınıb və qalaya çevrilib. Qalada imarətlər
tikilib, abidələr ucaldılıb. Qala içinin ekzotik
gözəlliyi üçün yaraşıqlı
küçələr, bağ-bağatlar salınıb. Bir qədər
sonra Səfəvilər dövlətinin hökmdarı Şah
İsmayıl Xətai (1501-1525) Rəvanqulu xana qalanı yenidən
qurmağı tapşırıb və Rəvanqulu xan
qalanı yenidən qurub.
Onu da
qeyd etmək lazımdır ki, dəfələrlə yadelli
işğalçıların basqınına məruz
qalmasına baxmayaraq, qalanın igid sakinləri hər zaman
düşmənlərlə qəhrəmancasına
vuruşub, heç vaxt düşmənə boyun əyməyib.
1679-cu
il, iyul ayının 4-də İrəvan qalası təbii fəlakətə
məruz qalır. Zəlzələ nəticəsində yerlə-yeksan
olur. Əzmkeş irəvanlılar qalanı bərpa edir.
Bu
möhtəşəm qalaya 1679-1688-ci illərdə Zal xan,
1762-1773-cü illərdə Hüseynəli xan, 1796-1801-ci illərdə
onun oğlu Məhəmməd xan və ən sonda, 1807-1827-ci
illərdə Hüseynqulu xan və qardaşı Həsən
xan başçılıq edib. Bütün dövrlərdə
İrəvan xanlığı Azərbaycanın digər
xanlıqlarından fərqli olaraq müdafiə olunub, öz
alınmazlığı ilə şöhrət tapıb.
Qürurla demək olar ki, İrəvan Teatrının fəaliyyətə
başladığı və pərvəriş
tapdığı qəhrəman İrəvan qalası,
ümumən İrəvan xanlığı ilə bərabər
dəfələrlə türk, fars, rus dövlətlərinin
təəbəliyində olmasına baxmayaraq, tarixdə öz
qəhrəmanlıq salnaməsini yaradıb və bu mənada
digər xanlıqlarımıza da nümunə ola bilib. Fikrimcə,
İrəvan Teatrının tarixinin araşdırılmasına
ciddi ehtiyac olduğu kimi, İrəvan qalasının tarixinin
dərindən öyrənilməsinə və təqdir edilməsinə
də böyük ehtiyac var. Bugünkü ictimai-siyasi durumun
diktə etdiyi mənzərə İrəvan
xanlığı haqqında bədii əsərlərin
yazılması, tamaşaların hazırlanması və
kinofilmlərin çəkilməsi istiqamətində gecikmədən
iş aparılmasını tələb edir. Fikrimcə, bu məsələyə
ali vətəndaşlıq mövqeyindən
yanaşılmalıdır. Belə olan surətdə biz erməni
şovinistlərinin bu gün bizə qarşı
apardığı haqsız savaşa tutarlı zərbə
endirmiş, dünya birliyi üçün, İrəvanı
özününküləşdirmiş ermənilərin
puç tarixinə də, bununla yanaşı, İrəvan
qalasının tarixi həqiqətlərinin aydın mənzərəsinə
də, bu həqiqətlər içində özünə
mötəbər yer tutan İrəvan Teatrının məzmunlu
tarixinə də aydınlıq gətirmiş olarıq.
Yuxarıda qeyd etdiyim kimi, teatrın tarixi XIX əsrin II
yarısına aid sənədlər əsasında müəyyən
olununub. Buna baxmayaraq, əslində bir çox əsaslı
faktlarla sübut olunur ki, teatr bu gün bizə bəlli olan
tarixdən daha qədim tarixi keçmişə malik olan bir sənət
ocağıdır. Müxtəlif mənbələr bizə
belə təqdim edir ki, bu teatrın peşəkar fəaliyyətinə
qədər uzaq keçmişdə, İrəvan şəhərində
qeyri-peşəkar aktyorların Novruz bayramı ərəfəsində,
dini mərasimlərdə meydanlarda və ayrı-ayrı məhəllələrdə
peşəkar teatrın başlanğıcına zəmin
yaradan, xalq teatr nümunələri olan "Kosa-Kosa",
"Cütcü oyunu", "Yel baba". "Qodu-qodu",
"Güdül" və "Kəvsəs" oyunları
oynanılırdı. Belə ki, İrəvan Teatrının
tarixi göstərir ki, bu teatrın qeyri-peşəkar fəaliyyətinin
səsi eramızın birinci minilliyinin əvvəllərindən
gəlir. Çünki hörmətli alim
İsrafil Məmmədovun gərgin və
geniş araşdırmaları ilə
İrəvan Teatrının tarixinə dair
aşkarladığı çox vacib və maraqlı faktlar
bu teatrın peşəkar fəaliyyətinin
1600-cü illərə təsadüf etdiyini
sübut edə bilən səlis həqiqətləri
üzə çıxarıb".
Xatırladaq ki, alim (Puteşestvie Şardena po Zakavkaziyu v
1672-1673 qq. Tiflis, 1902. s. 242). mənbəsinə istinadən
yazır ki, İrəvan qalasında, İrəvan sərdarının
sarayında ulularımızın yüksək bədii-estetik
zövq və tükənməz həvəslə tamaşaya
qoyduqları səhnə əsərləri hələ
üç-dörd yüz il bundan əvvəl də Avropa səyyahlarını
valeh edib, heyran qoymaqdaydı: "Fransadan gələn məşhur
səyyah Yan Şarden (1643-1713) də sərdarın bu
sarayında olub, burada ulularımızın göstərdikləri
tamaşalara məftunluqla baxıb və onların səhnələşdirdiyi
hərəkətlərini, ifaçılıq məharətini
Avropadakı operaya bənzədib".
İftixar Piriyevin bildirdiyinə görə, bu teatrın
repertuarında Azərbaycan tarixinə, azərbaycançılığa
aid əsərlər elə yarandığı illərdən
mühüm yer tutub: "Azərbaycançılıq bu
teatrın həmişə əsas dəst-xəttini təşkil
edib. Burada elə böyük azərbaycançı şəxsiyyətlərin
əsərləri səhnəyə qoyulub ki. XIX əsrin II
yarısında Qafqazda baş qaldıran ədəbi-mədəni
mühitin inkişafı, maarifçiliyin tərəqqisi sayəsində
teatr özündə yeni güc toplayaraq digər Qafqaz
teatrları ilə yanaşı, intibah mərhələsinə
qədəm qoyur. Qori müəllimlər seminariyasını
bitirərək İrəvana gələn və İrəvan
gimnaziyasında müəllimlik fəaliyyətinə
başlayan Firudin bəy Köçərlinin 1886-cı il,
fevral ayının 4-də Mirzə Fətəli Axundovun
"Müsyö Jordan və dərviş Məstəli
şah" əsəri əsasında
hazırladığı tamaşa bu inkişaf mərhələsinin
əsasını təşkil edir. İrəvan mühitində
bizim teatr çox böyük rola malik olub. Əhali
arasında böyük milli maarifləndirmə işi
aparıb teatrımız. Burada Yunis Nuri, Kərim Əhmədov, Qənnadı Cabbar, Mirzəli, Cəfər Əhmədov, Hüseyn Salmanov, Rza Şeyxzadə, Mustafa və
Məcid Rəcəbovlar, Mehdi Kazımov,
Asəf bəy Şəfiyev, Məmmədağa
Şahtaxtlı (Şahtaxtinski), Məşədi
Hüseynqulu, Ayaqçı Sadıq kimi sənətkarlar nəsli yetişib. Həmin sənətkarlar İrəvan
Teatrının inkişafına fədakarcasına xidmət
göstərib.
İ.Piriyevin dediyinə görə, İrəvan
Teatrı hər zaman millət, xalq sevgisini uca tutub, bu gün də
həmin meyarları ən ali dəyər müstəvisində
qoruyur: " İrəvan teatrı və bu teatrın kollektivi
üçün millətini sevmək- milli dəyərlərə
mötəbər münasibətlə yanaşmaq, dövlətini
və dövlətçiliyini göz bəbəyi kimi sevmək
və onu canı bahasına belə qorumağa
çalışmaq, xalqının istedadlı
övladlarını öz istedadsız övladından
üstün tutmaq və həmin insanlara daha çox meydan
yaratmaq, öz yerini düzgün müəyyən etmək və
özgəsinin haqqını tapdalamaq üzərində
öz xoşbəxtliyini qurmağa çalışmaq kimi
nifrətə layiq məntiqdən sıyrılıb
çıxa bilmək həqiqətindən keçir. Bizim
teatr öz doğma şəhərində İrəvanda da,
doğma Bakımızda da Azərbaycan xalqına böyük
məhəbbətlə xidmət edib. İrəvan Azərbaycan
Teatrı həmişə belə meyarlara söykənərək
yaşayıb-yaradıb. İrəvan Teatrı Azərbaycanı
və azərbaycançılığı hər zaman təbliğ
edir. Bundan sonra da edəcək".
İradə SARIYEVA
Bakı xəbər. – 2012. – 22
oktyabr. –S. 12.