Milli bəstəkar musiqimizdə
azərbaycançılıq təbliğatı...
Gülnarə Seyidova:
"Azərbaycan bəstəkarlıq məktəbinin təmsilçiləri
azərbaycançılığı təbliğ edən əsərlər
yazmaqdan zövq
alıb"
Azərbaycan milli bəstəkarlıq məktəbi XX əsrdə
daha çox inkişaf edib. Başqa zamanlardan fərqli
olaraq Sovet dövrü bəstəkarlığı özünün zənginliyi və çox çalarlılığı ilə seçilir. Bu illər Azərbaycanda
böyük bir bəstəkarlıq
məktəbi yaradılıb, yeni ənənələr
formalaşdırılıb.
Milli zəmin üzərində pərvəriş
tapan bu məktəb çox böyük sənətkarların,
maraqlı, dahiyana yazılan əsərlərin meydana
çıxmasına səbəb olub. Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin
beşiyi başında dahi
Üzeyir Hacıbəyov dayanırdı. Onun yetirmələri olan klassik bəstəkarlar isə Üzeyir
bəyin yolunu davam
etdirərək milli ruhda
əsərlər yazırdılar. Azərbaycan klassik musiqisi üzərində
yaranan bu əsərlərin
çoxunda milli ruh özünü
göstərir. Bir çox
bəstəkarların milli ruhda əsərlər yazmasında və
onların vətəndaş kimi
formalaşmasında milli-mənəvi dəyərlərimiz,
azərbaycançılıq ruhu əsas rol oynayıb. Bu bəstəkarların böyük
bir qismi azərbaycançılıq
ideologiyasına xidmət edən Üzeyir
Hacıbəyov musiqisindən dərs alıb. Üzeyir
Hacıbəyovdan danışarkən bir
məqamı xüsusi qeyd
etmək yerinə düşərdi. Üzeyir
bəyin irsini araşdıran alimlərin
yazdığına görə, Ü.Hacıbəyov Azərbaycan
Demokratik Respublikası dövründə
fəal siyasətlə məşğul olub,
bir azərbaycançı kimi
çox ciddi
yazılar yazıb. Həm bir yazar, həm də bir musiqiçi kimi böyük işlər görüb.
Fəaliyyəti dövründə azərbaycançılığa
xidmət edən əsərlər yaradıb. Tədqiqatçıların
sözlərinə görə, o, Sovet dövründə heç
vaxt siyasətlə məşğul
olmayıb, özünü yalnız
musiqiyə həsr edib. Milli
ruhlu bəstəkarlar nəslinin yetişməsinə
çalışıb. Azərbaycançılıq
ideologiyasına layiq əsərlər yazan Üzeyir bəy
başqalarından da bunu
tələb edib. Onun
tələbələrinin hamısı Azərbaycan musiqisinin bayraqdarları olub.
Azərbaycan bəstəkarları və azərbaycançılıq
mövzusu zaman-zaman
bir-birilə əlaqədə olub. Yəni
Azərbaycan bəstəkar musiqisi və
azərbaycançılıq ideologiyası bir-birini
tamamlayıb. Azərbaycan Demokratik
Cumhuriyyəti dönəminə ölkəmizdə bir çox gənc bəstəkar
yaradıcılığa başlayıb. Üzeyir
Hacıbəyovun, Müslüm Maqomayevin, Zülfüqar
Hacıbəyovun, eləcə də digər bəstəkarların
nota köçürdüyü
çox maraqlı əsərlərin əsasında
milli məfkurəyə
bağlılıq dayanırdı. O illərdə yaranan əsərlərin ən dəyərlisi
Azərbaycan Respublikasının Dövlət Himnidir.
Sözsüz ki, o illərdə yaranan və
hələ də gün
işığına çıxa bilməyən mahnılar, əsərlər
də az deyil. Sadəcə,
onları tədqiq edib, arayıb-axtarıb
üzə çıxaran yoxdur. Azərbaycan
bəstəkarlarının demək olar ki, əksəriyyətinin
yaradıcılığında azərbaycançılıq özünü göstərir. Maraqlı
cəhət ondan ibarətdir ki, Sovet dövrünün
ilk illərində yazılan mahnı və
romanslar arasında kifayət qədər
Azərbaycan təbiətini, azərbaycançılığı
tərənnüm edən, gənc nəsildə vətənpərvərlik
ruhu yaradan mahnı və
romanslar, klassik musiqi nümunələri çoxdur.
Bəstəkarlarımız sovet
ideologiyasına xidmət edə-edə azərbaycançılığı
da unutmayıb. Azərbaycanlı olması
il fəxr edən böyük
bəstəkarlarımız ustadları Üzeyir
bəyin onlara etdiyi Azərbaycan
musiqisinə, azərbaycançılığa, Azərbaycan
xalqının mədəniyyətinə xidmət vəsiyyətini
heç zaman yaddan çıxarmayıb. Azərbaycan musiqisi tarixində azərbaycançılığı,
ana yurdumuzu tərənnüm
edən mahnılar çoxdur. Professor Bülbülün (Murtuza
Məmmədov-İ.S) ifasında lent
yaddaşından eşidilən "Ölkəm"
romansı istənilən azərbaycanlının ruhunu oyadır. Üzeyir
Hacıbəyovun sevimli tələbələrindən
biri, nakam bəstəkarımız
Asəf Zeynallının böyük ədibimiz
Cəfər Cabbarlının 1919-cu ildə
nəşr etdirdiyi "Sevimli
ölkəm" şeirinə bəstələdiyi
"Ölkəm" romansı azərbaycançılıq
ideologiyasının təbliğatında xüsusi
rol oynayan bir əsər kimi
yaşayır. Ümumiyyətlə, Azərbaycanda peşəkar
lirik mahnı janrının əsasını
Asəf Zeynallının ilk lirik romansları təşkil edir.
A.Zeynallı yaradıb bu əsərləri.
Onun 1928-31-ci illərdə
yazdığı romanslar Azərbaycan vokal musiqi xəzinəsinin
qiymətli inciləri sayılır. Cəmi 23 il
ömür sürən bəstəkar Asəf
Zeynallı qısa yaradıcılığı dövründə
Azərbaycanın və azərbaycançılığın,
Azərbaycan musiqisinin alovlu
təbliğatçısı olub. Tədqiqatçılar
bildirir ki,
A.Zeynallının musiqisi dövrü
üçün yeniliyi,
müasirliyi, lirik-psixoloji
ovqatı əks etdirirdi. Bununla
yanaşı, onun
yaradıcılığında xalq ruhu, azərbaycançılıq da öz izlərini
buraxıb. Musiqişünas Mehriban Əhmədovanın
yazdığına görə, bəstəkarın
yaradıcılığında vətənpərvərlik
motivləri çox güclüdür.
O qeyd edir ki, "Ölkəm", "Sual"
lirik romansları, vətəndaşlıq
pafosu ilə dolu olan "Seyran", "Çadra" və "Sərhədçi"
publisistik romansları bəstəkarın
vokal sənətinə bəxş etdiyi gözəl musiqi əsərləridir:
"Həmin əsərlərdə bəstəkarın
xalq musiqisinə
bağlılığı, novatorluq
xüsusiyyətləri nəzərə çarpır. Əslində,
təkcə adı çoxdan musiqi sənətimizin qızıl fonduna düşən "Ölkəm" romansı
Asəf Zeynallının əbədi yaşaması və xalq tərəfindən sevilməsi, daim xatırlanması üçün
kifayət edərdi. Lakin o,
musiqi tarixinə sənətkarlıq
baxımından "Ölkəm"dən heç
də geri qalmayan, onun kimi sevilən və
ifaçıların repertuarından düşməyən
gözəl romanslar, mahnılar, kamera-instrumental və simfonik
əsərlər bəxş edib. Asəf
Zeynallı öz
yaradıcılığında Qərb musiqisinin
formalarını və janrlarını Azərbaycan xalq musiqisinin ifadə vasitələri
ilə əlaqələndirib, onların uğurlu
sintezinə nail olub.
Beləliklə, o, Üzeyir
Hacıbəyov və Müslüm Maqomayev ilə birlikdə Azərbaycan milli bəstəkarlıq üslubunun
təməlini qoyub".
Biz Azərbaycan peşəkar bəstəkarları
və azərbaycançılıqdan danışanda yenə
də Üzeyir Hacıbəyovun adını çəkməliyik.
Ü.Hacıbəyovun
1932-1936-cı illərdə üzərində işlədiyi
və 1937-ci ildə səhnəyə qoyulan
"Koroğlu" operası azərbaycançılıq
ideologiyasının təbliğində əvəzsiz rola malikdir. Azərbaycanı
keçmiş ittifaq
məkanında tanıdan bu opera Azərbaycan xalqının əzmkarlığını,
vətənpərvərliyini, milli birliyini, şərə və zülmə
qarşı birgə mübarizəsini əks etdirirdi.
"Koroğlu" operasına baxan azərbaycanlı öz
milli kimliyinə, soy-kökünə sahib çıxacaq, babalarının qəhrəmanlığı
ilə öyünəcək. Müslüm
Maqomayevin
yaradıcılığının zirvəsi sayılan "Şah İsmayıl" operası haqda da eyni
fikirləri səsləndirmək olar. Bu operanın ilk səhnə
quruluşu 1919-cu ildə verilib.
O, "Koroğlu"dan
illər əvvəl səhnəyə qoyulub
və yarandığı vaxtdan da indiyə kimi səhnədən
azərbaycançılığı, milli
məfkurəyə, dövlətə və dövlətçiliyə
bağlılıq hissini təlqin edir. Azərbaycançılıq Azərbaycan
bəstəkarlarının ən həssas
yanaşdığı bir
anlayışdır.
Musiqişünas Gülnarə
Seyidovanın sözlərinə görə, Azərbaycan bəstəkarları
və azərbaycançılıq mövzusundan
danışarkən Üzeyir Hacıbəyov məktəbinin
yetirmələri Fikrət Əmirov, Qara Qarayev, Cahangir
Cahangirov və başqa bəstəkarları da yada salmaq
lazımdır: "Fikrət Əmirov musiqisi Azərbaycan
sevgisindən yaranan musiqi olub. Onun azərbaycançılığa xidmət edən
"Min bir gecə"
və "Nəsimi" baletləri, "Azərbaycan elləri"
romansı təqdirəlayiq əsərlərdir. O əsərləri
eşidən adam azərbaycançı olmaya bilmir. Qara Qarayev
yaradıcılığında da azərbaycançılığın
dərin izləri var. Bəstəkar
özünün
yaradıcılığında azərbaycançılığa
söykənən əsərlər yaradıb. 1946-cı ildə
tanınan bəstəkar Cövdət Hacıyevlə birlikdə
yazdığı "Vətən" operasına görə
SSRİ Dövlət mükafatı alan Qara Qarayev bu
opera ilə nəinki Azərbaycana, hətta
başqa respublikalara da səs salıb. Azərbaycan bəstəkarlarının
əsərləri azərbaycançılıq
ideologiyasına xidmət edib, bundan sonra da
edəcək".
Gülnarə Seyidovanın dediyinə
görə, Azərbaycan bəstəkarlarının
başlıca işi azərbaycançılığı təbliğ
edən əsərlər yazmaq olub. Musiqişünasın bildirdiyinə görə, adicə
pambıqçıları, tarlalarda
işləyən əmək adamlarını tərənnüm
edən mahnılar da azərbaycançılığa
xidmət edir. Bu mənada
ki, o mahnılar Azərbaycan
insanının həyatını, işini
işıqlandırır: "Azərbaycan bəstəkarları
Azərbaycanı tərənnüm edən, onun
torpağını, insanlarını, zəhmət
adamlarını vəsf edən çoxlu
mahnılar bəstələyib. Azərbaycana həsr edilən
istənilən mahnı azərbaycançılığı
təbliğ edir. Böyük məhəbbətlə
yazılan bu mahnılar insanlarda
milli ruh yaradır, mənəvi
dəyərlərə bağlılıq aşılayır. İyirminci əsrdə formalaşan
bəstəkarlıq məktəbimizin çox
ünlü simaları olub
və onların yaratdığı azərbaycançılıq
mahnılarının çox böyük təsiri
hiss olunub. Götürək, böyük
Azərbaycan müğənnisi, bənzərsiz Müslüm Maqomayevin
"Azərbaycan" mahnısını. "Azərbaycan"
mahnısına Azərbaycanı tərənnüm edən və
tanıdan, azərbaycançılıq ideologiyasına xidmət
edən "musiqi brendi"dir - desək, yanılmarıq. Bu musiqi əsərinin hər bir
intonasiyası doğma Vətənə, onun əsrarəngiz təbiətinə,
dağına, çiçəyinə, insanlarına, sərvətlərinə
sönməz məhəbbətdən, müqəddəs hisslərdən,
səmimi Vətən yaşantılarından hörülüb.
Müslüm Maqomayev Nəbi Xəzrinin
sözlərinə bəstələdiyi bu
mahnını eynilə həmin hisslərlə də ifa edib. Ən əlamətdar
cəhət budur ki, vətənimizi
tərənnüm edən "Azərbaycan"
mahnısı, Azərbaycanın sevgi dolu möhtəşəm tərənnümü
məhz Heydər Əliyevə həsr olunub.
Bu həsrolunmada üç
böyük məna var.
Birincisi,
Azərbaycan adının Heydər Əliyev adına bərabər
tutulması, ikincisi, Heydər Əliyevin qəlbində
sönməz Azərbaycan sevgisi, üçüncüsü, sənətkarın
- müəllifin özünün Heydər
Əliyevə bir millət lideri,
qurucu dövlət xadimi
və sənətkarların əziz dostu kimi səmimi sevgisi. Budur Azərbaycan sevgisindən yaranan
əsərin təsiri. Azərbaycançılıq
ideologiyasına ən gözəl töhfələrdən biri elə bu əsərdir.
Belə əsrlərin sayı onlarladır. Azərbaycan bəstəkarklıq
məktəbinin layiqli təmsilçiləri
olan bəstəkarlar Azərbaycanı və
azərbaycançılığı təbliğ edən əsərlər
yazmaqdan zövq
alıb. Bəstəkar Elza
İbrahimovanın bəstələdiyi və Rəşid Behbudovun ifasında səslənən "Ey Vətən" əsəri də bütün dünyada Azərbaycanı
tərənnüm edən mahnılardan biri
kimi musiqi xəzinəmizdə
özünə yer tutub.
Söz yox ki, Elza İbrahimova
da vətənpərvərlik mövzusunda bir neçə
mahnı yazıb. O mahnılar da
müğənnilərin ifasında yer tutub. Tofiq Quliyevin
"Bakı haqqında" mahnısı, Süleyman
Ələsgərovun "Vətənimdir" romansı, Cahangir Cahangirovun "Arazın
o tayında" əsəri də azərbaycançılığın
tərənnümçüsü kimi yada düşür. Dünya şöhrətli müğənnimiz
Rəşid Behbudov Rauf
Hacıyevin bəstələdiyi "Azərbaycan"
mahnısını böyük ürəklə
oxuyurdu. Bu
mahnının sözlərini sevimli şairimiz Ənvər Əlibəyli
yazıb. Dünyanın bir çox yerində qastrol səfərində
olarkən Rəşid Behbudov bu mahnını da
oxuyardı. Azərbaycançılıq ideologiyasına qiymətli
töhfə olan belə bəstəkar əsərləri
çoxdur. Oqtay Rəcəbovun
Adil Babayevin sözlərinə
bəstələdiyi "Anam Azərbaycan",
Emin Sabitoğlu və
Bəxtiyar Vahabzadə əməkdaşlığının uğurlu nəticəsi olan
"Azərbaycan" mahnısı öz
daşıdığı ideya
yükünə görə diqqəti çəkir. "Azərbaycan"
mahnısının əvəzsiz ifaçısı
Şövkət xanım Ələkbərova idi.
Onun ifasında bu əsərin
səslənməsi insanlara çox fayda verirdi. Belə mahnılar azərbaycançılıq
ideologiyasının formalaşmasına, daha
geniş səviyyədə
yayılmasına təkan verir. Azərbaycan
sevgisilə yaranan bu
mahnılar hər gün təbliğ
edilməlidir. Sovet dövründə
yaradıcılıqla məşğul olan
bəstəkarlar sovet ideologiyasına xidmət
etməyə məcbur edilsələr də, azərbaycançılığı
heç vaxt unutmurdular. O illərdə Azərbaycanı tərənnüm
edən mahnılar ittifaq miqyaslı tədbirlərdə
oxunurdu. Azərbaycan adı hər yerdə
eşidilirdi. Xarici
ölkələrə qastrol səfərlərinə
gedən müğənnilər Azərbaycanı təbliğ
edən mahnılar da ifa
edirdilər".
Azərbaycan bəstəkarlarının
yaradıcılığında azərbaycançılıq
ideologiyasına ciddi bağlılığın olması bir
faktdır. Bu o qədər geniş mövzudur ki, onu bir
yazıda əhatələmək mümkünsüzdür.
Bu yöndə araşdırmamızı
yenə də davam etdirəcəyik.
İradə SARIYEVA
Bakı xəbər.
– 2012. – 29 oktyabr. – S. 12.