Ədəbi klassiklərimizin
yaradıcılığında Azərbaycançılıq
ideyası...
Azərbaycanda ictimai-fəlsəfi
şüurun formalaşmasında müstəsna xidmətləri
olan şəxsiyyətlər, simalar tarix boyu çox olub. Bu
insanların adı Vətən tarixinin ən parlaq səhifələrinə
yazılıb. Bu şəxsiyyətlərin fəaliyyətilə
tariximizdə bir sıra müsbət hadisələr baş
verib.
XIX-XX əsrlərdə
yaşayan maarifpərvər ziyalılar olan həmin şəxsiyyətlər Azərbaycan
xalqının həyatına böyük
təkan verib. Milli şüurun formalaşmasından söhbət
düşəndə həmişə ağlımıza on doqquzuncu yüzilliyin
sonu, iyirminci yüzilliyin əvvəli gəlir. Böyük bir
maarifçilər ordusu canlanır xəyallarımızda.
Bu insanların tərkibi yalnız böyük yazıçı və şairlər,
publisistlərdən ibarət deyildi, onlar eyni zamanda
böyük filosof və
ictimai-siyasi xadimlər idi.
Bu klassiklər Azərbaycan milli-fəlsəfi
fikrinin formalaşmasında konkret işlər görürdülər. Şifahi xalq ədəbiyyatımızın
milli məfkurəyə xidmət
missiyasını daşıdığı bəlli məsələdir.
Ana abidəmiz
"Kitabi Dədə Qorqud",
ondan qaynaqlanan folklor örnəkləri, Xəqanidən,
Nizamidən, Həsənoğludan, Nəsimidən, Füzulidən,
Mirzə Fətəli Axundovdan, Cəlil Məmmədquluzadədən,
Nəriman Nərimanovdan, Cəfər Cabbarlıdan, Hüseyn Caviddən, Məmməd Səid
Ordubadidən, Səməd Vurğundan
tutmuş başqa qələm
adamlarına qədər çoxları milli
düşüncəyə xidmət edib.
Hətta mərhum Prezidentimiz Heydər
Əliyev də çıxışlarından birində azərbaycançılıq
anlayışının formalaşmasında bədii ədəbiyyatın,
yazıçı və şairlərin, mütəfəkkirlərin
önəmli rola malik
olduğuna toxunub: "Bizim ədəbiyyatımızın
xalqımıza etdiyi ən böyük xidmət ondan
ibarətdir ki, şairlərimiz,
yazıçılarımız öz əsərləri
ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim hissiyyatlar oyatmağa çalışmışlar, milli özünüdərk, milli
oyanış, dirçəliş prosesi
xalqımıza birinci növbədə
ədəbiyyatdan gəlir".
Azərbaycanın mütəfəkkir oğlu, öz hekayələri,
povest və pyesləri,
yaradıcısı olduğu "Molla Nəsrəddin" jurnalı ilə milli məfkurəyə, azərbaycançılığın
yayılmasına çalışan Cəlil Məmmədquluzadə
böyük-böyük ideyaların
reallaşmasına vasitəçi olub.
Cəlil Məmmədquluzadənin Ev Muzeyinin böyük
elmi işçisi
Yeganə xanım Məmmədova müəllifi olduğu "Yaşadanlar"
kitabçasında yazır ki, Cəlil Məmmədquluzadə
(Mirzə Cəlil) Vətən sevgisindən doğulan
bir mütəfəkkirdir: "Mirzə
Cəlil Vətən sevgisindən doğulmuş
bir qəhrəmandır... Milli
şüurun oyanışında, milli ruhun
formalaşmasında Cəlil Məmmədquluzadə və onun "Molla Nəsrəddin"i
əvəzsiz məktəb rolu oynayıb.
Mirzə Cəlil qaranlıqda işıq axtara-axtara bütün ömrü uzunu yol gedir və
işığı yalnız xalqın maariflənməsində
görürdü. Təsadüfi deyil ki, bədii ədəbiyyatımızda
Azərbaycanın xəritəsi ilk dəfə
Mirzə Cəlilin əsərlərində əks olunub".
Y.Məmmədovanın fikrincə, Cəlil Məmmədquluzadə
yaradıcılığında azərbaycançılıq əsas
xətti təşkil edib. Muzeyin
böyük elmi işçisi hesab edir ki, o,
yalnız "Molla Nəsrəddin"lə
azərbaycançılığın daha
geniş arealda
yayılması üçün böyük işlər görüb:
"Mirzə Cəlil yaradıcılığında azərbaycançılıq
ideyasının bədii ifadə üsulları filologiya elmləri namizədi Allahverdi
Məmmədlinin tədqiqatlarında daha çox orijinal yöndə
əks etdirilir..."
Yeganə xanım yazır ki, Mirzə
Cəlilə XX əsrdə ən böyük
qiyməti Heydər Əliyev verib. H.Əliyev
Mirzə Cəlil haqda belə deyib: "Biz Cəlil Məmmədquluzadəyə
sadəcə bir ədəbiyyatçı
kimi, yazıçı kimi,
publisist kimi yox, eyni zamanda
böyük ictimai xadim, böyük siyasətçi
kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə
öz yaradıcılığı ilə
Azərbaycanın ictimai-siyasi həyatının
inkişafında, milli ruhun
yüksəlməsində böyük rol oynamışdır. Bu
təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai
həyatımızda da böyük
xidmətdir".
Y.Məmmədova haqlı olaraq
qeyd edir ki, Mirzə Cəlilin "Anamın
kitabı" əsəri ana dilimizi əzilməkdən, məhv olmaqdan xilas edən, onun şirinliyini, gərəkliyini,
əbədi yaşamağa layiq olduğunu
özündə ehtiva edən bir əsərdir. Üç
qardaşın hərəsi bir dildə
danışır, ana dilini
bəyənməyən qardaşların timsalında Mirzə
Cəlil ana dilinə xor
baxanlara dərs verir. Azərbaycançılıq ideologiyasının
davamlı təbliğatçısı olan
Cəlil Məmmədquluzadə öz əsərləri,
çıxardığı jurnalla sovet ideologiyasına qarşı idi. Ölənə qədər bu ideologiya ilə
barışmayan Mirzə Cəlil həyatının sonuna yaxın bütün
əlyazmalarını yandırır. Yeganə
xanımın qənaətinə görə, burada
söhbət evi isindirmək üçün atılan addımdan getmir, söhbət Mirzənin bolşevizm
ideologiyasına etirazından gedir: "Sovet ideologiyası ilə barışmayan Mirzə
Cəlilin getdikcə əsəbləri pozulur.
1931-ci ilin dekabrında evin
soyuq olduğunu bəhanə
edib bütün əlyazmalarını
yandırır və "rahat
yatır".
Y.Məmmədovanın bildirdiyinə görə, böyük ədib, professor,
Cəlil Məmmədquluzadə
yaradıcılığına 20-dən artıq kitab bəxş edən Mir
Cəlal Paşayev də Mirzə Cəlilə
xüsusi önəm verib:
"Cəlil Məmmədquluzadənin bədii irsini tədqiq edə-edə Mir
Cəlal müəllim onun azərbaycançılıq
ideologiyasına sadiq qalmasını,
xalqı, milləti dərindən sevməsini və həyatını
onun xoşbəxtliyinə həsr etməsini
özü üçün
örnək olaraq qəbul edib,
ədəbi yaradıcılığında və şəxsi
həyatında öz böyük
müəlliminin ənənələrini uğurla
davam etdirib".
"Molla Nəsrəddin"in əsas
proqramına çevrilən "Sizi deyib gəlmişəm, ey
mənim müsəlman qardaşlarım" ibarəsi
özündə böyük bir milli mahiyyət
daşıyıb. Azərbaycançılığa xidmət
edən bu fikir öz ətrafında minlərlə Azərbaycan
türkünü birləşdirməyə
müvəffəq olub. Y.Məmmədova
yenə yazır: "Mirzə Cəlil həm nasir.
Həm dramaturq, həm də publisist idi. Onun bədii
yaradıcılığının ana
axarında milli-mənəvi gerçəklik dayanırdı.
Jurnal tarixi, ədəbi-mədəni
vəzifəni öz üzərinə götürdü. Hüququ
əlindən alınmış, əsrlər boyu
istismar və mövhumatın
ağırlığı altında əzilən zəhmətkeş
kütlənin acınacaqlı taleyi
"Molla Nəsrəddin"
jurnalının hər səhifəsində öz
əksini tapıb. "Molla Nəsrəddin"
kasıbların, əlacsızların, köməyə
ehtiyacı olanların həmdəmi və dostu
idi. Mirzə Cəlil bu
jurnala əbədilik və bəşərilik
qazandırıb. Millətə, xalqa öz ana dilində gizli mətləbləri açmaq
və onları düşündürücü
formada çatdırmaq. Budur
Mirzə Cəlilin dahiliyi".
Y.Məmmədovanın dediyinə görə,
Mirzə Cəlilin əsərlərində, felyetonlarında,
məqalələrində rastlaşdığımız ana, ana dili
ifadələri Vətən, azərbaycançılıq
anlamını daşıyıb: "Ədib göstərirdi
ki, Vətənini, xalqını, dilini canı qədər qoruyan
millət üçün heç bir təhlükə
qorxulu deyil, çünki millətin üç
sevgili balası var: Vətən,
Millət və Dil. Vətənpərvər
xalq isə məğlubedilməzdir".
Fəlsəfə doktoru
Vahid Ömərov isə yazır ki, azərbaycançılıq
ideyasının inkişafında mühüm
rol oynayan
yaradıcı ziyalılarımızdan biri
Cəlil Məmmədquluzadə olub. Cəlil
Məmmədquluzadənin nəşr etdirdiyi
"Molla Nəsrəddin" jurnalı azərbaycançılıq
ideyalarının alovlu təbliğatçısı
idi: "...
Doğma ana dilini
müqəddəs sayan "Molla Nəsrəddin" bir
əsr bundan öncə Azərbaycanla
bağlı çox mətləbləri birbaşa "Azərbaycan" adı ilə
insanların "üzünə ucadan
söyləyib", ilk dəfə olaraq, cəmi azərbaycanlıları "Azərbaycan
matəmgahı"nın dərdinə əlac axtarmağa hazırlayıb. Jurnalın
1909-cu il 2 saylı "Necə qan ağlamasın daş bu gün,
qırxılır gör neçə min baş bu
gün!" adlı yazısından oxuyuruq: "Bu gün Kərbəla meydanı-Azərbaycandakı
vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir
cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır!
Axıtmalı qanlarımız, ehsan etməli
pullarımız varsa - gözümüzün
qabağında ürəklər parçalayan
Azərbaycan matəmgahı durur".
Alim bildirir ki,
"Molla Nəsrəddin" Azərbaycan
idealının mənasını azadlığında, mədəni
tərəqqisində, müstəqil dövlətçiliyinə
nail olmasında görürdü.
V.Ömərov bildirir ki,
tədqiqatçı Sona xanım Vəliyeva
da milli Azərbaycan
ideyasının yetişməsində yeni
ziyalı zümrəsinin, o cümlədən,
C.Məmmədquluzadə və "Molla Nəsrəddin"in
mühüm rol
oynadığını göstərib: "Milli ziyalılarımızın qabaqcıl
nümayəndələrindən Həsən bəy Zərdabi,
Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Məhəmməd Hadi, Hüseyn
Cavid, Üzeyir bəy
Hacıbəyov, Mirzə Ələkbər Sabir,
Abdulla Şaiq, Əli Mərdan bəy Topçubaşov, Firidun bəy
Köçərli, Ömər Faiq
Nemanzadə, Məmməd Əmin Rəsulzadə və
başqaları dövrün mütərəqqi
mətbuat vasitələrində - "Həyat", "İrşad" qəzetlərində, "Fyuzat" və "Molla
Nəsrəddin" jurnallarında müntəzəm
çıxışlar etməklə, milli
şüurun güclənməsində və
millətin formalaşmasında mühüm
rol oynayıb".
Tədqiqatçılar milli
ideyanın axtarışında C.Məmmədquluzadənin rolunu yüksək qiymətləndirir. Alim yazır: "Azərbaycanlıların
bir millət kimi
formalaşmasının tarixi çətinlikləri
ondan ibarət olub ki, onun xalqı illərlə
coğrafi, iqtisadi, siyasi və mənəvi cəhətdən
parçalanıb, yadellilərə qarşı mübarizə
prosesində sayca azalıb, maddi və mənəvi həyatı
kasadlaşıb. Bütün bunlara baxmayaraq, millətimizin
mövcudluğu bu gün bir
reallıqdır. Lakin Azərbaycan
xalqı bu mübarizə prosesində daha mətinləşib, bütün
məhrumiyyətlərə sinə gərib və bugünkü millət halına gəlib
çıxa bilib. Azərbaycan
milli ideyasının yaranmasında H.B.Zərdabinin
maarifçilik, C.Məmmədquluzadənin
və ümumən "Molla Nəsrəddin"in
demokratizmi və azərbaycançılığı,
demokratik respublika tərəfindən
əsası qoyulan vahid
Azərbaycan vətənsevərliyi ideyaları, sovet dövrü
ziyalılarının milli oriyentasiya istiqamətindəki konstruktiv müddəaları mühüm
rol oynayıb. Professor
Əlikram Tağıyev "Milli ideya və milli ideologiya" əsərində Cəlil Məmmədquluzadənin
demokratizm və azərbaycançılıq
ideyasının Azərbaycanın müstəqil
ideyasının formalaşmasına güclü
təsir etdiyini qeyd edir. Digər tədqiqatçı Allahverdi Məmmədov da
azərbaycançılıq ideyasının inkişafında
Cəlil Məmmədquluzadənin oynadığı rolu yüksək dəyərləndirir. XX əsrin əvvəllərində yaranan
və dərhal ümumxalq tribunasına
çevrilən, ətrafına milli-azadlıq, azərbaycançılıq
məsələsi ilə alovlanan ədəbi
qüvvələri toplamış "Molla
Nəsrəddin" jurnalı yeganə mətbuat orqanı idi ki, bütöv
bir xalqı "deyib
gəlmişdi", bütöv bir xalqın güvənc yerinə çevrilmişdi. Jurnalın
yaradıcıları C.Məmmədquluzadə və
Ö.F.Nemanzadə dövrün ən
qabaqcıl ziyalılarını "Molla
Nəsrəddin"in ətrafına topladılar. Jurnalın redaktoru C.Məmmədquluzadənin
səyi və zəhməti ilə tezliklə ədəbi
yaradıcılıq tariximizdə "molla
nəsrəddinçilər" kimi misli görünməmiş hərəkat, məktəb,
ideologiya yarandı. Bu
ideologiya "Molla Nəsrəddin"
jurnalı ətrafında yetişib
formalaşıb. Bu böyük
məktəbin şairli,
yazıçılı, publisistli - bütün nümayəndələri
yaradıcılıq zərbəsini bir zindana vururdu. Azərbaycançılıq
məktəbinin nümayəndələrinin söykəndiyi
çoxbudaqlı bir nəhəng
palıd vardı -Cəlil Məmmədquluzadə! Bu nəhəng
palıdın bir budağında "Danabaş kəndinin əhvalatları" kimi fundamental nəsr
nümunəsi, digər budağında "Anamın
kitabı" kimi nəhəng dramaturji fakt, üçüncü budağında "Azərbaycan"
məqaləsi kimi "Azərbaycannamə"
(İ.Həbibbəyli) dayanırdı. Bu
əsərlərin mövcudluğu şəraitində
təcrübənin yoxluğundan
şikayət etmək insafsızlıq olardı. Mollanəsrəddinçilər
azərbaycançılıq ideyalarını milli-azadlıq
hərəkatının tərkib hissəsi kimi
qavrayaraq öz
sözlərini senzuranın təqib edəcəyi birbaşa inqilab
ideyaları tərzində deyil, xalqa dolayısı ilə deməyi mümkün saydılar. Bu
jurnal hakim dairələrin
qəzəbinə bəlkə də daha çox məhz bu keyfiyyətinə
- azərbaycançılığı önə çəkməsinə
görə tuş gəlib".
Sona xanım Vəliyeva azərbaycançılıq
ideyasının formalaşmasında Cəlil Məmmədquluzadənin
xüsusi rol
oynadığını göstərib: "XIX əsrin sonu XX əsrin əvvəlləri Azərbaycanın
bədii-estetik və ictimai fikrində milli oyanış, özünüdərk, istiqlal düşüncələrinin cücərməsi
proseslərinin renesans dövrü
hesab olunur. Mirzə Cəlilin
həmin dövrdə ədəbi-ictimai mühitə gəlişi
ilə bu proses daha da sürətlənib
və milli ideya getdikcə
kütləviləşərək, minlərlə insanın fikir dünyasına hakim kəsilib.
Söz və
sənət tarixində o şəxslər
korifeylik zirvəsinə ucala
bilir ki, onlar xalqın, millətin və cəmiyyətin
sivil inkişafına, mənsub olduğu dövlətin beynəlxalq arenada sayılıb-seçilməsinə öz fəaliyyətlərilə istiqamət verib bu prosesdə fəal iştirak edir. Azərbaycan ədəbiyyatına istiqlal
düşüncəsi gətirən Mirzə Cəlil ilk gündən ədəbi-estetik mühitdə
azərbaycançılıq ideologiyasının banisi kimi
çıxış edərək Vətənin, dilin, millətin dünya tərəqqisinə
qoşulub, sayılıb-seçilməsi
ideyasını yaradıcılığının əsas devizi kimi
qəbul etdi. Əlinə qələm
aldığı gündən ömrünün
sonunadək milli istiqlal
uğrunda mübarizəni məslək kimi, ideya mübarizəsi kimi qəbul edən Mirzə Cəlil özünün dahi təfəkküründən
süzülən nurun ziyasında müstəqil Azərbaycanın
varlığını uzaqdan da olsa aydınca görürdü. XX əsrin əvvəllərində
həm daxili, həm də Rusiya
və Qafqaz hökumət dairələrinin
təqiblərindən bir an
belə yaxa qurtara bilməyən
böyük ictimai xadim və söz
ustadı nə ədəbiyyatda, nə də
ki, ictimai fəaliyyətində
Azərbaycan xalqının milli
oyanışı, tərəqqisi və dirçəlişi,
həmçinin, müstəqilliyi uğrunda
mübarizəni nəinki dayandırmamış, hətta öz düşüncələrinin toplusundan yaranmış bir
hərəkatın öndəri kimi ətrafında
dövrünün təhsilli,
açıq fikirli şəxslərini
belə birləşdirə bilmişdi".
Azərbaycançılıq məbədinin
alovunu yandıran, öz
həyatında və yaradıcılığında bu ideologiyaya xidmət edən
Mirzə Cəlilin əsərləri daha geniş səviyyədə tədqiq edildikcə
orada azərbaycançılıqla
bağlı yeni izlər tapılacaq.
Azərbaycançılıq ideologiyasına, milli
məfkurəyə bir ömür
həsr edən Cəlil Məmmədquluzadə
xalqımızın səsinin zirvələrdən gəlməsinə
çalışıb hər zaman...
İradə SARIYEVA
Bakı xəbər .- 2012.- 3
sentyabr.- S.12.