YUNESKO-nun İrs
siyahısında azərbaycançılıq izləri...
İçəri
Şəhər...
Azərbaycan
dünyanın sirli, möcüzəli məmləkətlərindən
biri kimi dünyada öz tarixi yerini, əhəmiyyətini
qoruyub saxlaya bilir. Yurdumuz həm öz gözəlliyi, həm
də yeraltı və yerüstü sərvət və abidələrilə,
zəngin mədəni irsilə diqqəti cəlb edir. Azərbaycanda
həm yerli, həm də dünya əhəmiyyətli abidələr,
arxeoloji yataqlar, maddi-mənəvi dəyərlər var.
Respublikamızda hələ
qədimlərdən tikinti-quruculuq işlərinə
böyük önəm verilib, burada yerli memarların əlilə
yüzlərlə qala, istehkam inşa edilib. Milli memarlıq
üslubunda gözəl şəhərlər, kəndlər
salınıb. Hazırda Şimali Azərbaycanda yüzlərlə
abidə saymaq olar ki, onların varlığı bizə
qürur gətirir. Məlumatlara görə, bu abidələrdən
bir neçə qat artığı Cənubi Azərbaycandadır.
Onlar xalqımızın memar övladları tərəfindən
yaradılaraq günümüzə əmanət edilib. Bəzən
adamı belə bir məsələ
düşündürür ki, görəsən, belə abidələrin
milli-ideoloji baxımdan əhəmiyyəti varmı? Millətin
təfəkkürünün formalaşmasında bu abidələr
nə kimi rol oynayır?
Kimsə tapılıb
deyə bilər ki, onlar tikilidir, bu isə insanın ancaq
yaşamını və estetik zövqünü təmin edə
bilər. Belə deyil. Təbiətin özü və memarlar
tərəfindən yaradılan tarixi əhəmiyyət
daşıyan abidələr hər bir xalqın
formalaşmasına müsbət təsir göstərir.
Milli-ideoloji təkamül prosesinin gedişini sürətləndirir.
Azərbaycan torpağında keçən nəsillərdən
yadigar qalan hər bir abidə, şəhər, heykəl,
qayaüstü rəsm, folklor və etnoqrafiya örnəkləri
azərbaycançılıq ideologiyasına xidmət edir.
Böyük Azərbaycan şairi Səməd Vurğun
yazırdı:
Hər saxsı
parçası, hər məzar daşı
Tarixdən-tarixə
bir yadigardır.
Qədirşünaslıqla
səslənən bu ifadə özündə minilliklərin
sorağını gizlədir. Azərbaycan abidələr
diyarıdır. Bunu məmləkətimizə qonaq gələnlər
də təsdiqləyir. Yalnız Bakıda böyük tarixi
çəkisi olan 50-yə yaxın abidə var. Bakının
mərkəzində yerləşən İçəri Şəhər
Tarix Memarlıq Qoruğu belə abidələrdəndir. Bu
abidə həm də öz qucağında bir neçə
tarixi abidəni mühafizə edir. Milli tariximizin canlı səhifəsidir
İçəri Şəhər. Qala divarları ilə
dövrələnən İçəri Şəhər əsl
azərbaycançılıq mücəssiməsidir. Azərbaycançılıq
ideologiyasının pərvəriş tapıb yüksəldiyi
yerlərdən biridir. İçəri Şəhər
öz milliliyi, tarixi yeri, əhəmiyyətilə azərbaycançılıq
sevgisi yaradan, bu ulu sevgini qoruyan bir ünvandır. Heç kəsin
buna şübhəsi yoxdur. Təsadüfi deyil ki, tarixin bir
çox dönəmlərində şəhərimizə gələn
qonaqlar yolunu birmənalı olaraq şəhərsalma və
milli memarlığımızın beşiklərindən olan
İçəri Şəhərdən salıb. Abidələr
məkanıdır bura.
Qala divarları ilə
əhatə olunduğuna görə xalq arasında Qala da
adlanır. Bu qədim
yaşayış məskəni Azərbaycan xalqının dəyərli
mədəni irsidir.
Tanınan rəssam,
İçəri Şəhər təəssübkeşi Mir
Teymur Məmmədovun fikrincə, bu qədim yaşayış
məskəni Azərbaycan xalqının dəyərli mədəni
irsidir. O hazırda həm yaşayış məhəlləsi,
həm də tarix-memarlıq kompleksi kimi öz
varlığını qoruyur: "İçəri Şəhər
tarixi böyük olan yaşayış ünvanıdır.
Burada zaman-zaman mədəniyyət inkişaf edib və buradan
dünyaya yayılıb. Xalqımızın mənəvi sərvəti
olan İçəri Şəhərin YUNESKO-nun tərtib
etdiyi Dünyanın Mədəni İrs Siyahısına
salınması əhəmiyyətlidir, ona görə ki, bu
mötəbər təşkilat bu şəhərin
qorunmasına yardım edəcək. Digər tərəfdən,
gələcək nəsillər görəcək ki,
İçəri Şəhər unikal bir abidədir və
onu sevəcək. Azərbaycançılıq sevgisi, bu
ideologiyaya xidmət məsələləri lap abidələrə
münasibətdən başlayır. Vətənin
daşını, torpağını, abidələrini sevə
bilmirsənsə, milli məfkurəyə də bağlı
ola bilməzsən".
Qeyd edək ki, İçəri Şəhər kompleksi Xəzər dənizinin sahillərində,
alçaq təpədə salınıb.
Yaşayış məskəni hündürlüyü
8-10 metr, eni 3,5 metr olan divarla
əhatə olunub. Sahəsi 22 hektar olan ərazidə
yerləşir. İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən
biridir. Qazıntılar göstərir ki, bu ərazidə insanlar hələ tunc
dövründə məskunlaşıb. Bura
XIX əsrədək bir neçə minlik məhəllədən ibarət olub və elə Bakının özü
demək idi. İçəri Şəhər
bütövlükdə bir şəhərsalma
mədəniyyəti nümunəsidir. Buradakı üç abidə - Qız Qalası, Şirvanşahlar Sarayı, Məhəmməd
məscidi dünya, 28 abidə isə
ölkə əhəmiyyətlidir. Tarixi qoruq həm də faktiki
yaşayış məskənidir, burada
1300 ailə yaşayır. İçəri Şəhər
tarixən ümumi əlamətlərlə
birləşən bu məhəllələrdən
ibarətdir: Ağşalvarlılar, Gəmiçilər,
Arabaçılar, Hamamçılar, Seyidlər, Cuhud Zeynallar (yəhudi məhəlləsi)
və s. Şəhərə
Şamaxı (XII əsr) və Salyan
darvazalarından daxil olmaq
olardı. XIX əsrin axırlarında daha
bir neçə darvaza
tikildi. Müxtəlif vaxtlarda inşaatçılar və arxeoloqlar yeraltı keçidlər aşkar edib. İçəri
Şəhər kompleksi 1977-ci ildə
tarix-memarlıq qoruğu statusu
alıb, 2000-ci ilin dekabrında Qız
Qalası və Şirvanşahlar
Sarayı ilə birlikdə YUNESKO-nun Dünya Mədəni İrsi
siyahısına salınıb. Azərbaycanda YUNESKO-nun Dünya Mədəni
İrs Siyahına Şirvanşahlar
Sarayı və Qız Qalasının yerləşdiyi
İçəri Şəhər və Qobustan
qayaüstü incəsənət
nümunəsi salınıb. Xatırladaq ki,
Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə
YUNESKO-ya üzv qəbul
edilib, 1996-cı ildə isə YUNESKO və
Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bakı şəhərinin
tarixi mərkəzi olan
İçəri şəhər memarlıq kompleksinin
2000-ci ilin dekabr
ayında Dünya Mədəni İrs Siyahısına salındığı
məlumdur. Qobustan Dövlət Tarix və Bədii Qoruğu
isə 2007-ci ilin yazında Dünya Mədəni İrs
Siyahısına düşüb.
Məlumdur ki,
İçəri Şəhərdə Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix və Etnoqrafiya İnstitutunun Muzeyi, Azərbaycan
Milli Ensiklopediyasının Ensiklopedik Mərkəzi yerləşir.
Məhəllədə məhsulları oradakı sərgi
salonunda nümayiş etdirilən xalça sexi də yerləşir.
İçəri Şəhər son illər restavrasiya edilərək
xalqımızın ixtiyarına verilib. Burada xoşagələn
hallardan biri qədimlərdən miras qalan bir sıra sənət
növünün yaşaması üçün yaradılan
şəraitdir. İçəri Şəhərə daxil
olanda elə bilirsən ki, sehrli bir aləmə
düşübsən, burada qədimliklə müasirlik vəhdət
təşkil edir. Azərbaycan mədəniyyətinin, məişətinin,
xalq sənəti nümunələrinin
satıldığı çoxlu dükan və köşklər
də var İçəri Şəhərdə. İçəri
Şəhər azərbaycançılıq məbədi
olmaqla yanaşı, həm də tarixin yaşadığı
bir məkandır. Burada ilk arxeoloji tədqiqatların
başlanması xalqımızın mədəniyyəti,
arxeologiyası üçün sirr qalan çox faktların
üstünü açdı. Arxeoloqlar bildirir ki, 1970-ci ildə
İçəri Şəhərin şimal tərəfində
(Kiçik qala küçəsi) ev uçurulub və evin
yerində 80 kvadratmetr sahədə aparılan arxeoloji
qazıntı işləri zamanı 2 metr dərinlikdə qədim
Bakının XII-XIII əsrlərə aid bir neçə təsərrüfat
tikilisindən və kiçik həyətin daş
divarlarından ibarət yaşayış evinin
qalıqları üzə çıxarılıb. Həyətdə
təndirlər, ətrafında daş döşənmiş
quyular, bir neçə saxsı borudan ibarət novdan aşkar
edilib. Mədəni təbəqədə şirsiz və
şirli keramika, saxsı qab qırıqlarına, taxta
darvazaları bəzəyən, yastı mis çax-çax
parçalarına, mavi saxsı muncuqlara,
Şirvanşahların kəsdirdiyi mis sikkə dəfinələrinə
rast gəlinir. Bundan başqa, Şirvanşahlar
Sarayının şərq tərəfində 16x8 m sahədə
də arxeoloji qazıntılar aparılıb.
Buradan həmçinin
çoxlu dəyirman daşı, habelə
Şirvanşahların kəsdirdiyi mis pullar tapılıb. Şirvanşahlar
Sarayının şərq tərəfində 16x8 m sahədə
aparılan qazıntılar torpaqaltı təbəqəyə
qədər (təqribən 6 m dərinlikdə)
çatdırılıb. Düzbucaqlı bina
divarlarının bünövrələri ilə
yanaşı, su və təsərrüfat quyuları, təndirlər
üzə çıxarılıb. Arxeoloqlardan birinin dediyinə
görə, eyni zamanda buradan çoxlu miqdarda adi və
şirli qablar və onların qırıntıları
tapılıb: " Üst təbəqədən
tapılmış şirli keramikada anqob və manqanla işlənmiş
naxışlarla, oymalarla və müxtəlif rəsmlərlə
bəzədilmiş polixrom qablar üstünlük təşkil
edir. Alt təbəqədəki keramikada isə monoxrom
naxışlı qablar çoxdur. Tapılmış qablar
arasında cam, kasa, boşqab, bardaq var. Kasaların dibinə
qabarıq möhürlər vurulub. Adi saxsı qablar dar və
genboğaz bardaqlardan, qazanlardan, kasa və çıraqlardan
ibarətdir. Çoxlu daş kirkirə aşkara
çıxarılıb. Şirvanşah adından zərb
edilmiş mis sikkələr, mis və dəmir əşyalar,
şüşə və fayans məmulatları və i.a.
tapılıb. 1971-ci ildə Bakı yüksəkliyinin cənub-şərq
yamacında qazıntı işləri aparılmağa
başladı. 168 kvadratmetr sahədə aparılan
qazıntı işləri torpaqaltı qata - sal qayaya qədər
çatdırıldı. İki metrə yaxın alt mədəni
təbəqə VIII-XIII əsrlərə aiddir.
Yaşayış kompleksləri qazıntı sahəsinin cənub-şərq
hissəsini tutur. Alt təbəqədə təsərrüfat
və su quyuları, təndirlər, otlaqlar aşkar edilib.
Çoxlu miqdarda keramika məmulatı, fayans, metal və
şüşə əşyalar, mis sikkələr
tapılıb. Nəbati və həndəsi səciyyəli
qabarıq basmaqəlib naxış vurulmuş sarı gil qablar
seçilir. IX-X əsrlərə aid şirli qablar - anqob və
manqanla işlənmiş və yaşıl rəngli şir
çəkilmiş monoxrom kasalar aşkar edilib; bəzilərinə
dulusçu ustaların möhürü basılıb".
Arxeoloqlar deyir ki,
XI-XIII əsrlərə məxsus şirli qablar polixrom olub,
oyma naxışlarla bəzədilib. Arxeoloq Sevda Mübarəkqızı
bildirir ki, İçəri Şəhərin əhəmiyyətli
bir abidə olmasını şərtləndirən amillərdən
biri buradan çox zəngin bir mənəvi xəzinənin
tapılmasıdır: "Buradan çoxlu nümunlər, təndir
qalıqları, kasalar, qablar tapılıb. Şirli
kasaların bəzilərinin dibində dulusçu ustanın
qabarıq möhürü olub. Tapılmış mis, dəmir,
bürünc və şüşə məmulatları orta əsrlər
Bakısında metal emalı, şüşəüfürmə,
zərgərlik və digər sənətlərin inkişaf
etdiyini göstərir. Şirvanşahlara, Eldəgizlərə
və Cəlairilərə məxsus mis sikkələrin
tapılması Bakının Azərbaycanın digər şəhərləri
və qonşu ölkələrlə geniş ticarət əlaqələri
saxladığını təsdiq edir. İçərişəhərdə
keçmiş aexeoloji tədqiqat sahələrindən biri qədim
məbəd yeridir. 1973-cü ildə qazıntı işləri
şəhərin qala hissəsinin şimal tərəfində
qövsşəkilli bürcləri olan şəhər
divarlarının yaxınlığında aparılıb.
Arxeoloji tədqiqatlar göstərdi ki, köhnə
Bakının sənətkarlıq emalatxanalarının əksəriyyəti
burada olub. Şəhərin bu hissəsində tikili
qalıqlarına az təsadüf edilir. Keramika
tapıntıları alt təbəqənin IX-X əsrlərə
aidliyini göstərir. Şirli qablar (adi bardaqlar və
çömçələr) anqob və manqanla işlənib.
Alt təbəqədə, həmçinin, çoxlu miqdarda
şüşə qablar - nazik divarlı rəngli kiçik
qab qırıqları, qara və yaşıl qolbaqlar, müxtəlif
formalı muncuqlar aşkar edilib. Metal məişət əşyaları
və sikkələr tapılıb".
Bunu tariximiz
üçün böyük nailiyyət sayan arxeoloq hesab edir
ki, bu gün də tədqiqatlar aparılsa, çox şey
tapılar. Azərbaycan qızının şərəfinə
tikildiyi bildirilən Qız Qalasının əslində milli
təhlükəsizlik və o vaxtkı dövləti qorumaq
baxımından tikildiyini deyən arxeoloq bildirir ki,
xalqımızın bu abidəsi yadellilərin həmləsinin
qarşısını almaq üçün inşa etdirilib:
"İçəri Şəhər xalqımızın
tarixinin, mədəniyyətinin, mənəviyyatının,
xalq tətbiqi sənətinin, arxeologiyamızın
yaşadığı bir yerdir. Bu abidənin
varlığı yalnız bizim üçün əziz deyil,
artıq bütün dünyanın sevdiyi, qorumaq istədiyi
şəhərlərdən biridir. Bu kiçik məkanda
xalqımızın nəfəsi yaşayır. Vaxtilə
burada yaşayan söz-sənət adamları, musiqiçilər
azərbaycançılığı, bu ideologiyanı
yayıb. Bu gün də milli məfkurə yolçuları
burada təbliğatını davam etdirir. İçəri
Şəhərin milli simasının qorunmasında Heydər Əliyev
Fondunun rolu danılmazdır. Bu fondun səyi nəticəsində
İçəri Şəhər dünyanın qədim
şəhərlərindən biri kimi YUNESKO-nun
siyahısına salınıb. Onun mühafizəsi,
günü-gündən çiçəklənməsi və
daha çox turist cəlb etməsi üçün
böyük işlər həyata keçirilir. Azərbaycançılıq
ideologiyasına xidmət edən yüzlərlə nümunə
var İçəri Şəhərdə. Azərbaycanı
tanıdan bir yerüstü xəzinədir İçəri
Şəhərimiz. Arzu edərdim ki, İçəri Şəhərə
münasibətimiz il-ildən daha da artsın. Onsuz da dövlətimiz
bura qayğı göstərir. İctimaiyyətin də ona
qayğısı hiss olunmalıdır. İçəri
Şəhər həm də ona görə unikaldır ki,
burada İçəri Şəhərin qədim tayfalarının
nümayəndələri yaşayır".
İradə SARIYEVA
Bakı xəbər.- 2012.- 13 sentyabr.- S. 15.