Özündə geniş
Azərbaycançılıq potensialı saxlayan
"Azıx" YUNESKO siyahısına niyə
salınmır?
Azərbaycançılıq
ideologiyası zaman və məkan anlayışı
tanımadan yüksələn xətt üzrə inkişaf
edir, günü-gündən ətrafına daha çox insan
toplayır. Dünyanın nəzərləri dikilən bu məmləkət
yalnız neft ölkəsidir deyə sevilib qəbul edilmir,
neftdən də əvvəl bu yurdun maddi-mənəvi sərvətləri
dünya insanını sehirləyə bilib.
Azərbaycan
başdan-başa abidələrlə zəngindir. Maraqlı cəhətlərdən
biri də odur ki, tarixi abidələrin bir çoxu memarlıq
baxımından bir-birilə əlaqəlidir. Özü də
ki, vaxtilə Azərbaycana aid olan torpaqlardakı təbii və
memarlıq abidələri genetik anlamda doğmadır.
Qalaların, tikililərin zaman-zaman əlaqəsi,
bağlılığı mövcud olub. Bu da ondan irəli gəlir
ki, xalqımızın başbilənləri, fikir adamları,
memarları, məfkurə yolçuları elimizin, dilimizin
birliyinə çalışıb həmişə. Azərbaycançılıq
ideologiyasına xidmət də elə buradan başlayır.
Milli dəyərlərə, keçmişə müsbət
münasibət, sayğı Azərbaycançılığı
şüurlarda daha qayım-qədim edir.
Hər zaman
yazırıq ki, təbiətin yaratdığı abidələr
də, sonrakı mərhələdə memarların
yaratdığı tikililər də Azərbaycan
xalqının mənəvi dünyasında xüsusi yer tutur.
Azərbaycan ərazisində,
eləcə də hazırda ermənilər tərəfindən
işğalda saxlanan yurdlarımızda, azərbaycanlıların
kompakt yaşadığı yerlərdə Azərbaycan
türklərinin doğuluş və yaşam həqiqətlərini
özündə ehtiva edən abidələr çoxdur.
Azıx mağarası
Azərbaycan ərazisində yerləşən ən
böyük abidələrdən biri olmaqla yanaşı, həm
də ilk insan beşiklərindən biridir. 20 ildir ki, erməni
işğalında olan mağaramız-mədəniyyət
ünvanlarımızdan biri ermənilər tərəfindən
istismar edilir. Onlar orada ağılasığmaz işlər
görür. Müxtəlif xarici dövlətlərin muzdlu
arxeoloqları, ekspertləri Azərbaycana məxsus olan Azıx
mağarasında qanunsuz qazıntı-tədqiqat işləri
aparır, oradan izimizi silməyə cəhd edir. Azıx
mağarası öz unikallığına görə
dünyanın heç bir mağarasından geri qalmır. 20
illlik bir zaman ərzində Azıxla fiziki baxımdan əlaqələrimiz
kəsilib. Mağara işğal ərazisində olduğu
üçün alimlərimiz, arxeoloji ekspedisiyamız ora gedə
bilmir. Bu da bizim arxeoloqların orada hər hansı bir tədqiqat
işi aparmasını əngəlləyir. Azıx
mağarasında qəsbkar ermənilərin, yaxud onların
"çaldığı havaya oynayan"ların arxeoloji
qazıntı aparmasına baxmayaraq, bu abidəni Azərbaycan mənəviyyatından,
xalıqımızın yaddaşından silə bilməyəcəklər.
Bu mümkünsüz bir işdir. Hələ keçən əsrin
60-cı illərində qədim dünya
tarixşünaslığına bəlli olub ki, Azərbaycan ərazisində
qədim insan düşərgəsi tapılıb və burada
tapılan bütün maddi sübutlar bu mağarada Azərbaycan
türklərinin əcdadlarının
yaşadığını təsdiq edib.
Yerli arxeoloqlardan
aldığımız məlumata görə, Azıx
mağarası Azərbaycanın cənub-qərbindəki
Kiçik Qafqaz sıra dağlarının cənub-şərq
yamacında yerləşən, Quruçay çayının
sol sahilində qədim mağaradır. Mağara Azərbaycanın
işğal altında olan Füzuli rayonu ərazisindədir. Təəssüflə
qeyd etmək lazımdır ki, vaxtilə dünyanın ən
qədim insanlarının yaşadığı bu
mağaranın yerləşdiyi Azərbaycan torpağı
1993-cü ildən etibarən erməni işğalı
altındadır və mağaranın işğaldan
sonrakı vəziyyəti haqqında heç bir məlumat
yoxdur. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada
uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz var. Dəhlizlərin
bəzilərinin hündürlüyü 20-25 metrə qədərdir.
Azıx mağarası Qafqazda indiyə qədər aşkar
edilmiş mağaralardan ən böyüyü kimi də diqqəti
cəlb edir.
Təəssüflə
qeyd etməliyik ki, bu gün işğal altında olan ərazimizdə
yerləşdiyi üçün Azıx mağarası
haqqında dünya çox az məlumata malikdir. Bunun bir səbəbi
də keçmiş SSRİ dövründə bu mağarada
axtarış aparan, onun tarixi barəsində danışan
alimlərin xarici ölkələrdə yaşayan həmkarları
ilə əlaqə yaratmasına imkan verilməməsidir. Bunun
nəticəsidir ki, dünyanın ən qədim
insanlarından birinin Azərbaycan ərazisində
yaşadığı haqqında dünya hələ də
çox az şey bilir. Arxeoloqların dediyinə görə,
Azıx mağarasının yerləşdiyi bölgənin əhalisi
bu mağaranın varlığından xəbərdar olsalar
da, onun tarixdəki yeri haqqında heç bir məlumata malik
deyil. Onların nəzərində bura əjdahaların və
başqa sehirli varlıqların yaşadığı təhlükəli
yerdən başqa bir şey deyildi. Odur ki, insanlar mağaraya
yaxın getməkdən belə çəkinirdilər.
1960-cı ildə isə sirlər açıldı. Belə
ki, Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik
etdiyi ekspedisiya Azıx mağarasını kəşf etdi və
üzərindəki pərdəni götürməyə
başladı. Aydın oldu ki, əjdahaların yox,
dünyanın ən qədim sakinlərinin (onları Azxantrop
adlandırırlar) yaşayış məskəni olub. 1968-ci
ildə M.Hüseynovun uzun zamandan bəri Azıx
mağarasında apardığı qazıntıların nəticəsi
olaraq Neandertal tipə məxsus olan bir insanın alt çənə
sümüyü aşkar edildi. Tapıntı üzərində
aparılan tədqiqatlardan sonra məlum oldu ki, onun ən
azı 350-400 min illik bir tarixi var. Çənə
sümüyünün azı dişlərindən biri
bütöv qalmış, digəri isə qismən
sınmışdı. Alimlər onun 18 yaşlı bir
qadına məxsus olduğu düşüncəsindədir.
18 yaş o dövr üçün qocalıq dövrü
hesab olunurdu, çünki o zamanlar həyat orta hesabla 20-22 il
davam edirdi. Bu qiymətli tapıntının aşkar edilməsindən
sonra Azıx mağarasına diqqət daha da çoxaldı.
Çox keçmədən mağarada Paleolit dövrə və
Mezolit dövrünə aid olan daşdan qayrılmış əmək
alətləri də aşkar edildi. Bu alətlərin 1-1.5
milyon il əvvələ aid olduğu söylənilir. Mütəxəssislərin
fikrincə, Azıx mağarasından tapılmış
çənə sümüyü qədimliyinə görə
dünyada dördüncü yerdədir. Ondan əvvəlki
dövrlərə aid edilən bu növ arxeoloji
tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar
edilmişdi. Bu fakt kifayətdir ki, dünyanın ən qədim
sakinlərinin məskunlaşdığı ərazilər
arasında Azərbaycanın mühüm yer tutduğu
sübuta yetirilsin. Mağaradan tapılan mühüm
tapıntılardan biri də daş alətlər idi. Arxeoloji
baxımdan bu sadə alətlər "çay daşı mədəniyyəti"ni
təmsil edirdi. Buna və mağara Quruçay ərazisində
yerləşdiyinə görə bu dövr "Quruçay mədəniyyəti"
adlandırılır. Yaxınlığına görə bu
mədəniyyəti ancaq Tanzaniyanın Olduvay düşərgəsində
aşkar edilmiş 1.5 milyon illik tarixi olan mədəniyyətlə
müqayisə etmək olar. Çünki Quruçay mədəniyyətinin
də məhz bu qədər tarixə malik olduğu sübut
edilib. Azıx mağarasının sakinləri ovçuluqla məşğul
olurdular. Mağaradan tapılmış 45 növ heyvan
sümüyü bunun əyanı sübutudur. Bəzilərinin
kökləri kəsilmiş bu heyvanların içərisində
nəsli indiyə qədər davam edən ayı və maral
xüsusi yer tutur. Bəzi mütəxəssislərin
düşüncələrinə görə ayı mağara
sakinləri üçün müqəddəs hesab olunub.
Alimlər bu fikirləri mağarada bir-birinin yanınca
düzülmüş ayı kəllələrinin
varlığı ilə sübut etməyə
çalışır. Hətta mağaranın adı da
bununla əlaqələndirilir. Çünki qədim türk
dillərində "azıx" -"ayı" deməkdir.
Azərbaycan adlı məmləkətin doğma
qucağında yerləşən Azıx ən böyük
insanlıq məskənidir. Azərbaycançılıq
ideologiyasına xidmət edən şəxslər onu
aşkarlayaraq bizə təqdim edib. Azıx
mağarasının Azərbaycan abidəsi olduğunu inkar etməyə
cəhd edən erməni alimlərinin cavabı alimlərimiz tərəfindən
yerindəcə verilir. Erməni alimi Ş.Mkrtçyan
Qarabağın tarixi memarlıq abidələrinə həsr
etdiyi əsərində qeyd edir ki, Azıx mağarasında
Aşel dövrünə aid erməni qadınının heykəli
var və onun hətta paltarı da müasir erməni
qadınlarının paltarına bənzəyir.
Ş.Mkrtçyanın əsərinə şərh yazan erməni
yazıçısı Sero Xanzadyan isə bildirir: "Azərbaycan
alimlərinin Azıx mağarasında apardıqları tədqiqatlar
göstərmişdir ki, düşərgənin ikinci salonunda
olan dirək həqiqətən də Aşel dövründə
yaşamış erməni qadınının heykəlidir və
geyimi də müasir erməni qadınlarının geyiminə
yaxındır".
Professor Əsədulla
Cəfərov isə Azərbaycanın arxeoloji abidələrinə
həsr etdiyi əsərində erməni aliminin bu fikrinə
münasibət bildirərək yazır": Bu, heç bir
elmi əsası olmayan cəfəngiyyat olmaqla bərabər,
tarixin əsassız olaraq saxtalaşdırılmasıdır.
Belə bir fikir söyləməklə Ş.Mkrtçyan erməni
xalqının tarixini Aşel dövründə (550-350 min il
bundan əvvəl) axtarmağa can atır. Birincisi, Azıx qədim
insan düşərgəsində qadına bənzər heykəl
yoxdur. Ş.Mkrtçyanın heykəl
adlandırdığı isə mağarada olan stalaqnat dirəklərdən
biridir. Azıx düşərgəsinin ikinci ən
böyük salonunda olan nəhəng stalaqnat dirək əhəngli
suyun qarışığından, təbii yolla təxminən
2 milyon il bundan əvvəl əmələ gəlib.
Bütün təbii karst mağaralarında belə dirəklərə
və ayrı - ayrı stalaqnat daşlara rast gəlinir.
Azıx düşərgəsinin ayrı - ayrı
salonlarında belə dirəklər daha çoxdur. Arxeoloji və
geoloji ədəbiyyatlarda mağaraların əmələgəlmə
xüsusiyyətləri şərh olunur və orada stalaqnat dirəklərin
formalaşmasının təbii yolları ətraflı izah
olunur. İkincisi, Aşel dövründə heç bir yerdə
müasir insanın əcdadı yaşamayıb. Bu dövrdə
ancaq pitikantrop, sinantrop tipli ibtidai adamlar yaşayıb,
heç bir millət və xalq olmayıb". Erməni
yalanını ifşa edən tarixi bir açıqlamadır Əsədulla
müəllimin fikirləri.
Məlumdur ki, Azərbaycan
1991-ci ildən YUNESKO-nun üzvüdür. İndiyə qədər
bir neçə abidəmiz, o cümlədən də
aşıq sənəti, muğam sənəti bu qurumun qorunan
qeyri-maddi irs siyahısına salınıb. Azıx
mağarasının da YUNESKO-nun siyahısına
salınması təşəbbüsü ilk olaraq
"Bakı-Xəbər"in səhifələrindən gəlib.
Bu ideyanın müəllifi mərhum professor, Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü,
Bakı Dövlət Universitetinin folklor kafedrasının
müdiri Azad Nəbiyev olub. Azad müəllim təklif edirdi
ki, dövlət təşkilatlarının xəttilə
Azıxantrop YUNESKO-nun qorunan maddi irs siyahısına
salınsın: "Çox istəyirəm ki, aşıq sənəti,
muğamlarımız, xalçalarımız və s. kimi
Azıxantrop da YUNESKO-nun qorunan maddi irs siyahısına
salınsın. Qarabağ-Füzuli rayonunun dünyanın 5 qədim
insan yaşayışı məskənlərindən,
zonasından biri olması böyük faktdır. Azıx
mağarasının özünün Qafqazda analoqu yoxdur".
Professor Azad Nəbiyev bildirirdi ki, bu abidənin YUNESKO-nun
siyahısına salınması həm dünyaya bu abidənin
bizə məxsus olduğunu sübut edər, həm də abidəyə
münasibətimiz gənc nəsli milli ideologiya ətrafında
birləşdirər. Azad müəllim deyirdi ki, azərbaycançılıq
ideologiyasının geniş yayılması dəyərlərimizə
sayğıdan keçir. Professorun Azıx və
Azıxantropun YUNESKO-nin siyahısına salınmasını təklif
etməsi həm də ondan qaynaqlanırdı ki, dünya erməni
yalanına uymayıb, bizim həqiqətimizi dəstəkləsin:
"Azərbaycan abidəsinin, qədim yaşayış məskəni
olan bir yerin və buradan tapılan dəyərlərin təbliğatı
dünya üzrə aparılmalıdır. Azıx və
Azıxantrop YUNESKO-nun siyahısına salınmalıdır
ki, bu bizim ideologi müharibədə erməniləri üstələməyimizə
gətirib çıxarsın. Azərbaycan xalqı öz dəyərlərilə
fəxr edib həmişə. Hesab edirəm ki, Azıx və
Azıxantropun YUNESKO-nin siyahısına salınması azərbaycançılıq
ideologiyasının inkişafına mühüm töhfə
olacaq".
Azərbaycançılığın
izləri, milli ideologiyamızın təşəkkülü
Azıx tipli abidələrin adı ilə də bağlı
olur hər zaman. Azıx və Azıxantrop abidəsinin
YUNESKO-nun siyahısına salınması istiqamətində
böyük işlər aparılmalıdır. Elm
qurumlarından tutmuş dövlət qurumlarına, mötəbər
beynəlxalq təşkilatlara qədər bu işə cəlb
edilməlidir. Beynəlxalq səviyyəli tədbirlərdə,
elmi konfranslarda, rəsmi görüşlərdə Azıx və
Azıxantrop məsələsinə xüsusi yer
ayrılmalıdır.
Qədim insanın vətəni
Azərbaycanın Azıx kimi sərvətinin mövcud
olması bir xalq kimi başımızın
ucalığıdır. Hesab edirik ki, təbliğat işində
xaricdəki diaspora qurumları da böyük işlər
görməlidir. Bu Azərbaycan və azərbaycançılıq
ideologiyası ətrafında sıx birləşmək və
həqiqətimizi dünyaya bəyan etmək baxımından
vacibdir.
İradə SARIYEVA
Bakı xəbər .- 2012.- 14-18
sentyabr. - S.15.